Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Qafqaz dindarları Bakıda
14.06.11 17:56

Bakı Qafqaz Xalqları Ali Dini Şurasının hesabat konfransına ev sahibliyi etdi

Mayın 16-da Qafqaz Müsəlmanları İdarəsinin böyük konfrans zalında Qafqaz Xalqları Ali Dini Şurasının hesabat konfransı keçirildi. İclasdan əvvəl konfrans iştirakçıları Fəxri Xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etdilər.
Şimali Qafqaz Müftiləri Əlaqələndirmə Mərkəzinin sədri, Qaraçay-Çərkəz Müsəlmanları Ruhani İdarəsinin sədri İsmayıl Berdiyev tədbiri açdıqdan sonra Təzəpir məscidinin axundu Hacı Faiz müqəddəs Qurani-Kərimdən ayələr oxudu. Sonra tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, Çeçenistanın mərhum prezidenti Əhməd Kadırovun və dünyasını dəyişmiş Şura üzvlərinin ruhuna dualar oxudular.

Millətlərarası və dinlərarası anlaşma
Qafqaz Müsəlmanları İdarəsinin və Qafqaz Xalqları Ali Dini Şurasının sədri, Şeyxülislam Allahşükür Paşazadə məruzə ilə çıxış etdi.
Qafqaz xalqları Ali Dini Şurasının növbəti hesabat konfransına təşrif gətirmiş bütün ali qonaqlarımızı salamlayan A.Paşazadə böyük mərhəməti ilə bizləri bir araya gətirən Allah-Təalaya şükür dualarını yetirdi: - Çox əlamətdar bir haldır ki, bu önəmli tədbirdə dərin hörmət bəslədiyim Qafqazın mötəbər din xadimlərini bir arada görürük. Bu bir daha sübut edir ki, Azərbaycan regionun taleyüklü məsələlərinin həllində mənəvi mərkəz rolunu davam etdirir, millətlərarası və dinlərarası münasibətlərin bərpası və inkişafında yüksək mövqe tutur. Qafqaz xalqları Ali Dini Şurasının bugünkü toplantısının əsas məqsədi hesabat xarakteri daşısa da, gələcək fəaliyyət dairəmizi müəyyənləşdirərkən biz təmsil etdiyimiz dövlətlərin və xalqların mənafeyi baxımından münasib olan birgə qərarlar verməyə davam etməkdəyik: çünki din xadimlərinin dünyaya bəyan etdiyi qlobal dialoq, dinc birgəyaşayış çağırışları həm bölgəmiz və həm də dünyamız üçün vacib və aktualdır. Qədim İslam ənənələrinə malik, tarixən dözümlülük prinsipləri ilə seçilən Azərbaycan bu gün də bütün etiqad və millətlərə ehtiramı ilə seçilən ölkə kimi tanınır. Əminik ki, inşallah, bu mötəbər tədbirin Bakıda keçirilməsi Azərbaycanımızın beynəlxalq nüfuzunu daha da artıracaq, iqtisadi uğurları ilə yanaşı, sülhsevərlik ruhunu, dinlərarası və millətlərarası dialoq sahəsindəki nailiyyətlərini bir daha təsdiq edəcəkdir.
Bu gün burada bir araya gəlməyimiz, şübhəsiz ki, Qafqazda mənəvi dialoq, qardaşlıq və əməkdaşlıq sahəsində qazandığımız uğurların nümunəsidir. Qafqazın əmin-amanlığı, rifahı bizim hər birimiz üçün həyati əhəmiyyət kəsb edir. Bölgədə yerləşən dövlətlərin siyasi tarazlığa, xalqların maraq və mənafelərinə uyğun apardıqları siyasət olduqca vacibdir. Belə bir siyasi uzaqgörənliyin əsasını zəmanəmizin görkəmli dövlət xadimi, Ümummilli liderimiz Heydər Əliyevin tarixi irsi təşkil edir. Ulu öndər ictimai-siyasi həyatın bütün sahələrində, o cümlədən, dövlət-din münasibətlərinin tənzimlənməsində, dini etiqad azadlığının təminatında, dini-mənəvi dəyərlərin qorunmasında, xalqlar arasında dostluğun möhkəmləndirilməsində müstəsna xidmətlər göstərmiş, bu sahədə böyük siyasi və dövlətçilik təcrübəsi miras qoymuşdur. Onun siyasi xəttinin davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyev cənabları ölkəmizin iqtisadi qüdrətini və beynəlxalq nüfuzunu yüksək səviyyədə nümayiş etdirməklə yanaşı, din-dövlət münasibətlərinin möhkəmlənməsinə və bölgə xalqlarının rifahına həssaslıqla yanaşır, Qafqazın gələcəyi üçün milli-mənəvi dəyərlərin inkişafına böyük önəm verir.
Biz, din xadimləri də hesab edirik ki, bu gün Qafqazın xoşbəxt gələcəyinə aparan yeganə yol millətlərarası və dinlərarası anlaşma, əməkdaşlıq, dinc qonşuluq münasibətləri, ərazi bütövlüyünün qorunub saxlanılmasından keçir. Bu istiqamətdə Qafqaz xalqları Ali Dini Şurasının yarandığı gündən bu vaxta qədər apardığı fəaliyyətin istiqamətləri barədə hesabat məruzəsindən sonra möhtərəm müftilərimizin də çıxışları dinləniləcək.

Separatçılara qarşı vahid mövqe nümayiş etdirmişik

A.Paşazadə çıxışında qeyd etdi ki, Qafqaz Xalqları Ali Dini Şurasının yaranması və əməli təcrübəsi dini qurumların fəaliyyətinə yeni təkan verməklə yanaşı, dinlərarası münasibətlərin inkişafına da böyük təsir göstərmişdir: - 2002-ci ildə MDB Dinlərarası Şurasının yaradılması postsovet məkanında dini inteqrasiyanın başlanğıcını qoydu. Şuranın həmsədri olaraq Qafqaz Müsəlmanları İdarəsi sədri kimi mənim seçilməyim Qafqazın müsəlman konfessiyalarının yüksək məqamlarda təmsil olunmasını təmin etdi. Bunun ardınca 2004-cü ildə Dinlərarası Sülhyaratma Forumunun, 2006-cı ildə dünya dini liderlərinin Moskva, 2010-cu ildə Bakı Sammitlərinin işində Qafqaz xalqları Ali Dini Şurasının üzvləri də fəal iştirak etdilər.
Bütün Qafqazın Şeyxi əlavə etdi ki, bu ali məclislərdə biz hər zaman dövlətlərin ərazi bütövlüyünə və təhlükəsizliyinə zidd olan separatçı qüvvələrə qarşı vahid mövqe nümayiş etdirmişik: - Biz əminik ki, ekstremistlərin, terrorçu qrupların fiziki və mənəvi təcavüz planlarının qarşısını dövlət rəhbərləri, ictimai-siyasi xadimlərlə dini birliklərin birgə fəaliyyəti sayəsində almaq olar. Bir sıra görüşlərdə Rus Pravoslav Kilsəsi qarşılıqlı müzakirələrə vasitəçilik etmiş və bu müzakirələrin mənəvi ilhamçısı olmuşdur. Biz birlikdə dövlət rəhbərlərinə müraciətlər qəbul etmiş, mübahisələrin sülh yolu ilə həll edilməsinə, əsir və girovların azad edilməsinə, qan tökülməsinin qarşısının alınmasına dair bəyanatlar vermişik. Sülhməramlı niyyətlərimizin dünya ictimaiyyətinə çatdırılması üçün biz 2003-cü ildə Zati-müqəddəsləri Patriarx II Aleksinin və Patriarx II İliyanın iştirakı ilə keçirilən müzakirələrdə Qafqaz regionunun təhlükəsizliyi naminə milli və dini zəmində münaqişələrin dayandırılmasına çağırmışıq. Hesab edirəm ki, bu gün Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ münaqişəsi ədalətli sülh yolu ilə, ərazi bütövlüyü, qarşılıqlı anlaşma, bir milyon qaçqın və köçkünün öz doğma yurdlarına qaytarılması çərçivəsində həll olunmalıdır. Biz din xadimləri xalqlarımızın taleyi, övladlarımızın gələcəyi naminə münaqişələri aradan qaldırmaq yönündə səylərimizi davam etdirəcəyik, inşallah.
2006-cı ildə Din xadimlərinin Ümumdünya Moskva sammitində qəbul olunmuş yekun sənədinə əsasən BMT ilə əməkdaşlıq çərçivəsində birgə işlərin görülməsi, fəaliyyətimizin koordinasiya olunması qərara alınıb. Bildiyiniz kimi, BMT-nin nəzdində Dini Məşvərət Şurasının yaradılması və ilkin mərhələdə YUNESCO yanında Dinlərarası dialoq üzrə yüksək səviyyəli təşəbbüs qrupunun fəaliyyəti məsələləri reallaşmaqdadır. Biz ümid edirik ki, bundan sonra siyasi qərarların qəbul edilməsi prosesində din xadimlərinin də fikir və tövsiyələrinin nəzərə alınması bəşəriyyətin yalnız xeyrinə olar.
2009-cu ilin payızında mənim 60 illik yubileyimin yüksək səviyyədə keçirilməsi, dünyanın nüfuzlu din xadimlərinin, dövlət rəhbərlərinin bu tədbirdə iştirakı ölkəmizin dini həyatında mötəbər hadisəyə çevrildi. Bu münasibətlə təşkil olunmuş təntənəli mərasimdə mənə “Şərəf” ordenini Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri İlham Əliyevin şəxsən təqdim etməsini, Rusiya Federasiyasının Prezidenti Zati-aliləri Dmitri Medvedevin və Rus Pravoslav Kilsəsinin rəhbəri Zati-müqəddəsləri Kirilin məni ali ordenlərlə təltif etməsini, Çeçenistanın rəhbəri Ramzan Kadırovun tədbirə qatılaraq mənə ali təqdimatını, habelə Dağıstan Respublikası rəhbərinin iştirakını olduqca yüksək dəyərləndirirəm. Ümumən, yubiley tədbirinə Patriarxların qatılmasını, Vatikan, İran, Türkiyə, Özbəkistan, Belarus, Gürcüstan, Latviya, İordaniya və başqa dövlətlərin, habelə İKT, İSESKO, YUNESKO kimi nüfuzlu beynəlxalq və ictimai təşkilatların məni təltif və təbriklərini Qafqaz Müsəlmanları İdarəsinin mənəvi fəaliyyətinə verilən ən yüksək qiymət sayıram.

Bakı Sammiti yeni bir mərhələnin başlanğıcı oldu

A.Paşazadə ikinci əlamətdar hadisə kimi 2010-cu ilin aprel ayında Din xadimlərinin Ümumdünya Sammitinin Bakıda keçirilməsini qeyd etdi. “Qloballaşma, din, ənənəvi dəyərlər” devizi ilə keçirilmiş Bakı Sammiti bütün dünyanın və bizim Qafqaz regionunun tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Millətlərarası və dinlərarası münasibətlərin bərpası və inkişafına xidmət edən bu tədbirdə sülh, qlobal dialoq, tolerantlıq və mədəni intibah çağırışları səsləndi. Dünyanın nüfuzlu dini mərkəzlərinin – Moskva və bütün Rusiya Patriarxının, Gürcüstan Patriarxının səlahiyyətli nümayəndəsinin, erməni Katalikosunun, Vatikan rəsmisinin, eyni zamanda, yəhudi, buddist, induist və digər dini cərəyan nümayəndələrinin iştirakı ilə keçirilən Bakı Sammiti hələ uzun illər tarixi fakt kimi diqqət mərkəzində olacaqdır. Əminəm ki, gələcəkdə bir sıra qlobal və regional problemlərin həllində Bakı Sammitinin Yekun sənədi və Bakı Bəyannaməsi əsas müddəa kimi istifadə ediləcəkdir.
Qafqaz bizim ümumi evimizdir. Bu məkanda baş verənlər bizi hər zaman narahat edir. Təəssüflər olsun ki, bu məkanda əmin-amanlıq hələ tam bərqərar olmayıb. Qafqazın dini liderləri bu hadisələrin həm canlı şahidləri və çox təəssüf ki, həm də bəzi qanlı terror aktlarının günahsız qurbanlarıdırlar. Bu günədək elə bir beynəlxalq və ya yerli miqyasda tədbir olmayıb ki, bölgədəki vəziyyət gündəmə gətirilməsin, burada yaşayan xalqların problemlərindən söz açılmasın. Son dönəmlərdə Qafqazın bir sıra dövlətlərinə - Dağıstana, Çeçenistana, Kabarda-Balkara, İnquşetiyaya, Qaraçay-Çərkəzə və digər yerlərə səfərlərimiz zamanı sabitliyin get-gedə təmin olunduğunu, şəhər və kəndlərin bərpasını, əhalinin ümid və inamla gələcəyə yol açdığını görürük. Xüsusən, Qroznının timsalında – xarabazarlığa çevrilmiş məkanda mərhum qardaşımın oğlu Ramzan Kadırovun rəhbərliyi ilə aparılan böyük quruculuq işləri, bərpa və abadlaşmanın şahidi olmaq Qafqazın gələcəyinə inamımızı daha da artırır.
Əminəm ki, dialoq və qarşılıqlı dəstək əsasında, hər bir ölkənin mədəni ənənə və xüsusiyyətlərini nəzərə almaqla dövlət və din arasında əlaqələrin optimal modellərini yaratmaq, sülh və sabitliyin möhkəmlənməsinə yönəldilmiş ideya və təşəbbüsləri reallaşdırmaq mümkündür. Aləmlərin Rəbbi Uca Allah-taala da bizlərə bunu əmanət etmişdir: “Xeyir işlər görün! Allah, Onun Peyğəmbəri və möminlər əməllərinizi görəcəklər... O da sizə nə etdiklərinizdən xəbər verəcəkdir!” (Tövbə, 105).
Sonra məruzə ətrafında çıxışlar oldu. Çeçenistan Müsəlmanları Ruhani İdarəsinin sədri Soltan Mirzəyev, Dağıstan Müsəlmanları Ruhani İdarəsinin sədri Əhməd Abdullayev, MDB Dinlərarası Şurasının Qəyyumlar Komitəsinin həmsədri Abbas Abbasov, Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksandr, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan üzrə səlahiyyətli nümayəndəsi Əli Əliyev çıxış etdilər.
Çıxış edənlər Azərbaycanda dövlət və din arasında qarşılıqlı münasibətlərin möhkəmlənməsini, Qafqaz xalqlarının əmin-amanlığına diqqətlə yanaşması yüksək qiymətləndirdilər. Bildirildi ki, bu gün Azərbaycan təkcə iqtisadi inkişafına görə deyil, tolerantlığına və mədəniyyətlərin inkişafına verdiyi töhfələrə görə regionda nümunəvi dövlətdir.
Konfransın sonunda Qafqaz Müsəlmanları İdarəsinin sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli Qafqaz Xalqları Ali Dini Şurasının BMT-yə müraciətini oxudu və müraciət yetkinliklə qəbul olundu.
Müraciətdə deyilir ki, Qafqazın müsəlman ruhaniləri siyasi mübarizədə və millətlərarası münaqişələrdə dini ideyalardan istifadəni, eləcə də dövlətlərin daxili işlərinə müdaxiləni, bu və ya digər strateji məkana daxil olmağı yolverilməz hesab edir. “Beynəlxalq əməliyyatların obyektivliyi və ədalətliliyi heç kimdə şübhə doğurmamalıdır, əks halda İkinci Dünya müharibəsi vaxtlarından dünya miqyaslı yeganə təşkilatın nüfuzu ciddi ziyan görə bilər. Məhz belə yanaşma mövcud problemlərin səbəblərinin obyektiv anlaşılmasına gətirib çıxara bilər. Qafqazın dini liderləri kimi, biz BMT-nin bir sıra müsəlman ölkələrinə münasibətdə bu yaxınlarda qəbul edilən qətnamə və sanksiyaları dərhal yerinə yetirildiyi halda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş Azərbaycan topraqlarının qeyd-şərtsiz azad olunması haqqında dörd qətnamənin 20 il ərzində yerinə yetirilməməsindən narahatıq”,-deyə müraciətdə bildirilir.
Din xadimləri Qarabağ torpaqlarının da azad edilməsini tələb ediblər. “Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş torpaqların qeyd-şərtsiz azad olunması, BMT-nin 4 qətnaməsinin 20 il ərzində yerinə yetirilməməsindən narahatıq. Yaylım atəşlərinin sələri gələndə sözlər eşidilimir”,-deyə sonda qeyd olunur.
URL / WWW
http://kelam.az/article/a-3839.html