Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » İslam – sülh və tərəqqi dinidir
14.06.11 17:52

25-26 mayda Qroznıda Çeçenistan Respublikasının ilk prezidenti, Rusiya Federasiyasının qəhrəmanı Əhməd Kadırovun xatirəsinə həsr olunmuş “İslam – sülh və tərəqqi dini” adlı IV Beynəlxalq sülhməramlı forum keçirilmişdir. İndiki “İslam – tərəqqi və sosial ədalət dinidir” adlı forumun işinə 30-dan çox ölkədən dini və ictimai xadimlər qatılmışlar.
İştirakçılar qarşısında Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov çıxış etdi və Çeçen torpağında tanınmış dini, ictimai və siyasi xadimləri, alimləri görməkdən məmnun qaldığını bildirdi. O qeyd etdi ki, forum ildən-ilə özünə daha çox diqqət toplayır, nüfuzu artır, iştirakçılarının elmi məruzə və nəticələrinə maraq böyüyür. İştirakçılar təkcə hazırkı problemləri deyil, həmçinin onlardan effektiv çıxış yollarını da müzakirə edirlər. Respublika başçısı öz çıxışında vurğuladı ki, müharibə və zorakılıq anlayışları İslam üçün yad məfhumlardır, ölkələrdə sülh və inkişafı qorumaq üçün kimlərinsə xoşuna gəlməsə belə, həqiqəti demək lazımdır. “Hər bir müsəlman kimi məni də İslam aləmində baş verən faciəli hadisələr narahat edir. Pakistanda, Suriyada, Yəməndə, Liviyada və Fələstində günahsız insanlar ölür. Bu ölkələr iqtisadi cəhətdən inkişaf edən kimi, bunu bəyənməyən qüvvələr həmin anda zahir olur. Nəticədə bu gün həmin ölkələrdə qadınların, qocaların və uşaqların fəryad səsləri eşidilir, şəhərlər dağılır, çoxsaylı qaçqın dəstələri bir bölgədən digərinə axın edir”,– deyə R. Kadırov çıxışında bildirdi.
Respublika başçısı forum iştirakçılarını müsəlmanların vəhdət və birliyinə xüsusi diqqət ayırmağa səslədi. “Rəbbimizin yardımıyla öz dinimizi müdafiə edib, onun ləkələnməsinə izn vermədik. İndi bizim məscidlər, hafizlik məktəbləri tikməyə imkanımız var, biz Kunt-Hacı Kişiyev adına Ümumrusiya İslam institutunu açdıq. Bu işdə Rusiya hökumət rəhbəri, milli liderimiz Vladimir Putin də bizi dəstəklədi. Bu özü-özlüyündə çox şeyi ifadə edir. Çeçenistan Respublikasında vəhhabiliyə, ekstremizmə və terrorçuluğa yer yoxdur, bu da İslamın ölkəmizdə inkişafının təməlidir”,–deyə R.Kadırov bildirdi. Respublika rəhbəri forumun işinin məhsuldar olacağına, sülh və tərəqqi yolunda müsəlmanların vəhdətinin möhkəmlənməsinə təkan verəcəyinə əmin olduğunu vurğuladı.
Sonra Respublikanın Alimlər Şurasının sədri Hoc-Əhməd Kadırov gəldiklərinə və forumun işində iştirak etdiklərinə görə forum iştirakçılarına təşəkkür etdi. “Sizin diqqətinizi bu forumun adına yönəltmək istəyirəm – “İslam – sülh və tərəqqi dinidir.” Düz qeyd olunub ki, İslam sülh və sosial ədalət dinidir. İslamın təməlində Allaha inam dayanır və o, müsəlmanların əməllərini hər bir yalandan, bizi əhatə edən canlılara qarşı şiddət və nifrətdən paklamalıdır. Bu paklanmaya hər bir müsəlman səy göstərməlidir”,-deyə H.Ə.Kadırov dedi.
RF Prezidentinin administrasiyasının baş müşaviri Aleksey Qrişin forum iştirakçılarına müvəffəqiyyət və səmərəli fəaliyyət arzuladı. “Rusiya Prezidenti administrasiyası adından forum iştirakçılarını salamlayır və məhsuldar fəaliyyət arzulayıram. Bugünkü forumun mövzusu olduqca vacibdir. Burada Ramzan Əhmədoviç və digər çıxış edənlər vurğuladılar ki, Rusiyada ənənəvi İslamın düşmənləri çoxdur, onlar İslam ictimaiyyətinin sağlam qüvvələrinin birləşməsinə mane olmaq istəyirlər. Bu həqiqətən də belədir. Biz dünyadakı tendensiyaları da görürük. Çox işlər görməliyik. Biz, Rusiya rəhbərliyi olaraq İslam cəmiyyətinə yardım etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik. Yalnız gücümüzü birləşdirərək İslamı məruz qaldığı təcavüzdən xilas edə bilərik. Bu istiqamətdə çox işlər görülüb, hələ də görülməlidir”,-deyə A.Qrişin qeyd etdi.
O, həmçinin Çeçenistan Respublikası Ruhani İdarəsinin işini qeyd etdi: “Bildirmək istəyirəm ki, Çeçenistan Respublikasının müftiliyi Rusiyada nümunəvidir. Ruhani İdarəsinin apardığı işi görməmək və qeyd etməmək mümkün deyil.
Rusiya Federasiyasının Küveytdəki fövqəladə və səlahiyyətli səfiri Aleksandr Kinşak çıxış etdi. “Mən ilk dəfədir ki, Çeçenistan Respublikasına gəlirəm. Bu gün gördüklərim məndə böyük təəssüratlar oyatdı. Şəhər sürətlə inkişaf edir. Hiss olunur ki, şəhər canlıdır və insan burada yaşamaq istəyir. Şəhər təmiz və rahatdır, insanlar küçələrdə işləyirlər və bu təəssüratlar bir neçə il öncə mərkəzi televiziya kanallarında yayımlanan xəbərlərlə müqayisə edildikdə daha da güclənir. O kadrlarda savaş vardı, indisə bunun əksi göz oxşayır. Əlbəttə, burada respublika rəhbərliyinin böyük xidməti var. Belə inkişaf yoluna qədəm qoyduqlarına görə bütün çeçen xalqı üçün şadam. Bunun əsas şərti sülhün və milli birliyin əldə olunmasındadır və bu, bizim bugünkü konfransımızla həmahəngdir”,-deyə A.Kinşak dedi.
Daha sonra forum iştirakçılarına Hacı Əhməd Kadırovun ustadı, məşhur müsəlman alimi və maarifçi şeyx Muhammed Sadık Muhammed-Yusuf xitab etdi. “Bu konfrans İslamda sosial ədalət şüarı ilə keçirildiyi üçün böyük əhəmiyyət kəsb edir. Bugünkü dünyada, xüsusən də müsəlman aləmində sosial ədalətə böyük ehtiyac var və biz bu məsələni dərindən öyrənməliyik. Hesab edirəm ki, konfransda edilən çıxışlar İslam və müsəlmanlar üçün əhəmiyyətli olacaq. Çox şadam ki, konfrans ömrünü İslama və müsəlmanlara həsr etmiş Çeçenistanın ilk prezidenti Əhməd Kadırovun xatirəsinə təşkil olunub. O istəyirdi ki, İslam təlim prinsipləri onun vətənində və bütün müsəlman dünyasında yayılsın. Bu yolda o qəhrəmancasına həlak oldu. Qeyd etmək istəyirəm ki, həmin prinsip və təlimlər hal-hazırda Çeçenistan ərazisində yayılır, onun layiqli davamçısı Ramzan Kadırov da Rusiyada İslamın inkişafı və yayılması üçün əlindən gələni əsirgəmir. Ümid edirəm ki, konfrans iştirakçıları maksimum nəticə əldə etmək üçün bütün səylərini əsirgəməyəcəklər. Forumun uğur qazanması və müsəlmanların onun nəticələrindən fayda əldə etmələri üçün Uca Allaha dualar edirəm!”,-deyə M.Sadıkov dedi.
Forumun ikinci günü Qafqaz Müsəlmanları İdarəsinin sədri, Qafqaz Xalqları Ali Dini Şurasının sədri Şeyxülislam Allahşükür Paşazadənin çıxışı ilə işinə başladı: “Qafqaz Müsəlmanları İdarəsinin sədri olaraq bu ali toplantıda iştirak etməyi özüm üçün şərəf bilirəm. Zati-aliləri Çeçenistan Respublikasının başçısı Ramzan Kadırova, hörmətli Rəyasət Heyətinə, möhtərəm müfti hacı Sultan Mirzayevə və forumun bütün iştirakçılarına dərin ehtiramımı çatdırmaq və Allahdan səadət diləmək imkanı yaratdıqlarına görə məmnunam. Eləcə də yaranmış imkandan istifadə edərək qardaş Azərbaycan xalqının və ölkəmizin başçısı Zati-aliləri prezident İlham Əliyevin səmimi salamlarını iştirakçılara çatdırmaqdan şadam. A.Paşazadə “İslam – tərəqqi və sosial ədalət dinidir” kimi vacib mövzuda dördüncü beynəlxalq forumun təşkilatçılarına təşəkkürünü bildirdi. “Həqiqətən də, İslam – sülh və tərəqqi dinidir. İslamın bəzən terror və şiddətlə əlaqələndirilməsi bizim üçün heç cür qəbuledilməzdir. Bu səbəbdən də İslamı əsassız hücum və ittihamlardan müdafiə etmək olduqca vacibdir. Bu forumu təşkil edən Çeçenistan Respublikası Ruhani İdarəsinə və Əhməd Kadırov adına ictimai fonda belə dəyərli təşəbbüslərinə görə minnətdarlığımı bildirirəm”,-deyə A.Paşazadə əlsvə etdi.
A.Paşazadə qeyd etdi ki, Çeçenistanda müşahidə edilən sosial-iqtisadi inkişaf Rusiya Federasiyasının rəhbərliyinin bütün Qafqaz regionunun, eləcə də Çeçenistan Respublikasının xoşbəxtlik və firavanlığı, sabitlik və tərəqqisi üçün görülmüş tədbirlərin nəticəsidir. Onun sözlərinə görə, Rusiyanın böyüklüyü ilk növbədə mənəvi-dini dəyərlərə bağlılığında və onlara xoş münasibət bəsləməsində təzahür edir. “Çoxmillətli və çoxkonfessiyalı dövlət kimi bütün ənənəvi dinlərin, eləcə də İslamın normal fəaliyyət göstərməsi üçün əlverişli şərait yaratmışdır. İslam mədəniyyəti, elm və təhsil Fondunun fəaliyyəti isə xüsusi qeyd edilməlidir. Fond mövcud olduğu dövr ərzində İslam tədqiqatlarının stimullaşdırılması, dini tədris müəssisələrinin fəaliyyəti, beynəlxalq, həmçinin bölgə forum və konfranslarının keçirilməsi, maarifləndirici ədəbiyyatların nəşr edilməsi üçün kifayət qədər vəsaitlər ayırmışdır. Bütün bunlar konfessiyalararası anlaşma və razılığın dərinləşməsinə xidmət edir, fərəhləndirici haldır və bizim tərəfimizdən də təqdir edilir”,-deyə Bünü Qafqazın Şeyxi əlavə edib.
Sonra Qafqaz Xalqları Ali Dini Şurasının sədr müavini, Çeçenistan Müsəlmanları Ruhani İdarəsinin sədri müfti Hacı Sultan Mirzayev İslamın Rusiya dövləti ərazisində necə inkişaf etməsi, həmçinin respublika və ölkə müsəlmanlarının həyatı haqqında çıxış etdi.
Moskva Patriarxlığının Kilsə və Cəmiyyətlə qarşılıqlı əlaqələr üzrə şöbəsinin mütəxəssisi, dyakon Roman Boqdasarov Rusiyada dinlərarası dialoqun möhkəmlənməsi rolundan danışdı. Forumda həmçinin Şimali Qafqaz Əlaqələndirmə Şurasının sədri, Qaraçay-Çərkəzin müftisi İsmail Berdiyev, “Mantanay” İslam mərkəzinin direktoru Əbdülrəhman Ronda (Filippin), Küveytin vəqflər və İslam işləri nazirinin müavini Ədl Əbdalla Əl-Fələh, Dəməşq dövlət universitetinin müəllimi Səfir Əhməd əl-Cərad, Marokkolu jurnalist Səid Cədidi, Tacikistan Respublikası İslam mərkəzi Fətva idarəsinin rəisi, üləmalar şurasının üzvü Davudxan Aloev, “Mədəniyyət vasitəsilə sülh” beynəlxalq Assosasiyasının prezidenti Auqustat Vilhelm (Avstriya), Ukrayna müftisi Şeyx Əhməd Təmim və b. çıxış etdilər.
“İslam - sülh və tərəqqi dinidir” IV Beynəlxalq Sülhməramlı Forumun iştirakçıları sonda yekdilliklə bəyannamə qəbul etdilər.
Forum çərçivəsində dəyirmi masa təşkil olundu. Dəyirmi masa ətrafında Rusiyada İslam bankçılığının inkişafı perspektivləri və xarici ölkələrin təcrübəsi müzakirə olundu.
URL / WWW
http://kelam.az/article/a-3832.html