Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Müsahibələr » “Qarabağ münaqişəsində hazırkı status-kvonun dəyişilməsinə nail olacağıq”
31.05.11 19:48

Bahar Muradova: “Vasitəçilər israrlarını davam etdirsələr, Ermənistanı ciddi addım atmağa vadar edə biləcəklər”

Milli Məclisin vitse-spikeri, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova “KƏLAMİNFO”nun suallarını cavablandırıb.

- Bahar xanım, bu il Azərbaycan müstəqilliyinin 20 illiyini qeyd edir. Sizcə bu gün Azərbaycan dövlət quruculuğu yolunda hansı mərhələləri aşa bilib?

- Bu məsələdə bu gün Azərbaycan ən azı region ölkələri ilə müqayisə olunmaz mərhələyə çatıb. Əlbəttə, bu bir balaca şablon səslənə bilər, lakin bunun arxasında real faktlar var. Bu faktlara ən azı bu müddət ərzində, xüsusilə də son 10 ildə ölkədə həyata keçirilən ciddi islahatlar misaldır. Ona görə də bu islahatların keçirilməsinin şəffaflığı, əldə olunan nəticələrin yüksək səviyyədə olması baxımından Azərbaycan Qafqazda liderdir. Həmçinin nəinki Qafqazda, qonşu regionlarla müqayisədə Azərbaycan islahatlar baxımından öndə gedən ölkələrdəndir. Siyasi cəhətə gəldikdə isə biz ölkə daxilində vətəndaş cəmiyyətinin qurulmasına yönəlik siyasət yürüdürük. Ölkə xaricində balanslaşdırılmış, razılaşdırılmış və ilk növbədə Azərbaycanın maraqlarına xidmət edəcək siyasət qurmuşuq. Təbii ki, bunların bünövrəsini ümummilli lider Heydər Əliyev qoyub və bu gün dövrün tələblərinə uyğun davam etdirilir.
Sosial sahədə də bu müddət ərzində kifayət qədər nailiyyət var. Azərbaycan müstəqil olduğu andan sürəkli formada iqtisadi yüksəliş və siyasi uğurları ilə yanaşı, sosial investisiyalara da ciddi önəm verən ölkədir. Bu gün adambaşına düşən investisiyanın həcminə, pensiyaların orta aylıq əməkhaqqına nisbətinə və s. görə Azərbaycan bir çox ölkəni qabaqlayır. Bütün bunlar bu 20 il ərzində, xüsusilə də son 15 il ərzində həyata keçirilən düzgün, dolğun və vahid məqsədlərə yönəlmiş dövlət proqramlarının nəticəsidir.

- Azərbaycanın başlıca problemi olan Qarabağ münaqişəsinin də müstəqilliyimiz qədər yaşı var. Sizcə Qarabağ düyünü hələ çox açılmamış qalacaq?

- Burada ikili münasibət bildirmək olar. Əgər biz məsələyə problemin həlli baxımından yanaşsaq, beynəlxalq səylərin zahirən çevik tərəfini, beynəlxalq təşkilatların, xüsusilə də vasitəçi ölkələrin bəyanatlarını nəzərə alsaq, bu il Qarabağ münaqişəsinin həlli üçün dönüş ili olacaq. Deyərdim ki, hazırda bunun üçün şərti müddət də nəzərdə tutulub. Amma Ermənistanın qeyri- konstruktiv mövqeyini nəzərə alsaq, münaqişənin həlli ilə bağlı yetişən vaxta şübhə də oyana bilər. Lakin Azərbaycanın son səylərini nəzərə aldıqda bu problemi yaşayan, onun çətinliklərini duyan bir ölkə kimi biz siyasətimizi daha möhkəm yürüdürük və hazırkı status- kvonun dəyişilməsinə nail olacağıq. Bu fikir ilk olaraq elə Azərbaycan prezidentinin dilindən səslənib və boşuna da səslənməyib. ATƏT-in Minsk Qrupunun həmsədrləri də ardıcıl bəyanatlarla hazırkı status-kvonun dəyişilməsinin zəruriliyindən bəhs edirlər, yəni beynəlxalq təşkilatlar da sanki ayılıblar. Bütün bunlar Azərbaycanın yürütdüyü iti siyasətin nəticəsidir. Artıq Ermənistan çıxılmaz bir vəziyyətə düşüb. O, ya hazırkı şəkildə tələb olunan şərtlərə uyğun addım atmalıdır, ya da onun sülh istəməsi barədə mövqeyi şübhə altına düşəcək. Ümumiyyətlə, indi elə bir məqam yetişib ki, bütün vasitəçi ölkələr də daxil olmaqla iştirakçı tərəflər sülhün əldə olunmasında israrlarını davam etdirsələr, Ermənistanı ciddi addım atmağa vadar edə biləcəklər.

- Bu günlərdə ABŞ, Rusiya və Fransa prezidentləri də münaqişə ilə bağlı birgə bəyanat verdilər...

- Üçlüyün bu bəyanatı, burada Helsinki prinsiplərinin vurğulanması, bundan əvvəlki danışıqlara istinad olunması onu göstərir ki, Qarabağla bağlı beynəlxalq aləmdə ana xətt Azərbaycanın istədiyi kimi gedir. Çünki Helsinki prinsiplərinin tətbiqi nəzərdə tutulursa, mütləq ölkələrin ərazi bütövlüyü ilə millətlərin öz müqəddəratını təyin etməsi nisbəti burada Azərbaycanın xeyrinə göstərilir. Sona qədər əgər həqiqətən bu mövqedə dayanılarsa, o zaman Helsinki prinsiplərinin reallaşması yaxındadır. Fikrimcə, artıq ATƏT Minsk Qrupunun həmsədrləri də Azərbaycanın israrlı tələblərini nəzərə alaraq belə bir mövqe sərgiləməkdədirlər. Məhz bu mövqenin sərgilənməsinin özünü Ermənistana təzyiq kimi qəbul etmək olar. Bundan belə vacib olan odur ki, “üçlüy”ün bu bəyanatı təkcə bəyanat kimi qalmamalıdır, bəyanatda qeyd olunan prinsiplərin reallaşması üçün ciddi addımlar atılmalıdır. Siyasi, iqtisadi və digər təzyiqlər göstərilməlidir ki, Ermənistan bununla bağlı lazım olan addımı atsın.

- Məhz bu bəyanatdan sonra Ermənistanın xarici işlər naziri bəyan etdi ki, İrəvan Qarabağ münaqişəsinin həllində Bakı ilə birgə sülh töhfəsini verməyə hazırdır...

- Nalbandyanın “sülh töhfəsini verməyə hazırıq” deməsi ümumi söylənmiş bir fikirdir. Bu, heç kəsə də sirr deyil. Artıq münaqişə ilə bağlı danışıqlarda peşəkara çevrilmiş mütəxəssislər də bilirlər ki, sülh prosesinə baxışlarda Azərbaycanla Ermənistanın mövqeyi bir-birindən kəskin fərqlənir. Ermənistan hazırkı vəziyyətin qorunub saxlanması, de-fakto mövcud olan Dağlıq Qarabağın de- yure tanınmasını sülh yolu ilə əldə eləmək istəyir. Amma Azərbaycan öz torpaqları olan Qarabağı ərazisi çərçivəsindən kənar görməmək şərti, ona muxtariyyət verilməsi prinsipi ilə sülhə razıdır. Axı bu, başqa cür ola da bilməz. İndi bu fərqli mövqedə Ermənistan indiki halda bizimlə birgə sülhə necə töhfə verə bilər? Bunun üçün İrəvan hazırkı mövqeyini dəyişməlidir. Çünki neçə illərdir torpaqlarımızı işğal edən bir ölkə işğalçılığı davam etdirdiyi təqdirdə necə sülh istəyə bilər?! O zaman sülhün mahiyyəti dəyişir. Ona görə də Ermənistan xarici işlər nazirinin indiki vəziyyətdə belə bir bəyanat verməsi ümumi fikirlərdən başqa bir şey deyil.  Belə bəyanatların əvəzinə onlar yenilənmiş Madrid prinsiplərinə konkret fikir bildirməlidirlər. Əks halda onların sülh istəyi ilə bizim təsəvvürlərimiz tam başqadır.

- “Dovil” bəyanatının iyun ayında keçiriləcək Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin birgə görüşünə hansı təsirləri ola bilər?

- Prezidentlərin görüşü öncəsi bu bəyanat məsələnin həlli üçün bir diplomatik “baqaj”dır. Hətta “Dovil” bəyanatının sənədlərə istinad eləməsi Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşündə öz mövqeyini daha da möhkəmləndirir. Bu baxımdan ölkə başçılarının “Dovil” bəyanatını əhəmiyyətli hesab etmək olar. Yenə deyirəm ki, əsas şərt odur ki, Dovildə bəyanat verən ABŞ, Fransa və Rusiya prezidentləri öz bəyanatlarının sona qədər arxasında dursunlar. Nəzərə alsaq ki, Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşünə bir neçə gün qalıb, o zaman bu müddət ərzində vasitəçi ölkələr verdikləri bəyanatdan irəli gələn lazımi addımlar da ata bilərlər. Məsələn, Ermənistanı bu görüşdə mövqeyində dəyişiklik edəcək addımlar atması ilə bağlı.

- Bahar xanım, bu günlərdə Azərbaycan İndoneziyada “Qoşulmayanlar hərəkatı”nın növbəti konfransında təşkilata tam hüquqlu üzv oldu. Bir çox siyasi dairədə bu, Azərbaycanın NATO-dan, bununla da Qərbdən uzaqlaşması kimi dəyərləndirilir...

- Azərbaycan heç vaxt NATO-ya üzv olmaq kimi bir öhdəlik qəbul etməyib. Ümumiyyətlə, belə addımlarla bağlı Qərbdən olan heç bir təşkilat qarşısında öhdəliyimiz yoxdur. Azərbaycan həm Qərblə, həm Şimalla, həm də Cənubla sərbəst əməkdaşlıq edən bir ölkədir. Eyni zamanda balanslı siyasət yeridən bir ölkədir. Bizim hazırkı siyasətimizin motivi ondan ibarətdir ki, hansısa alyansa, təşkilata üzv olduqda digər əməkdaşlıqlarımızı da həmin təşkilatların tələblərinə görə qurmuruq. Belə məsələlərdə bizim yeganə maraqlarımız ondan ibarətdir ki, üzvü olduğumuz, tərəfdaşlıq etdiyimiz təşkilatlarla bərabərhüquqlu münasibətlər yaradaq. Ardıcıl olaraq bunu həyata da keçiririk. Ona görə də bu təşkilata üzv olmağımızın Qərbdən uzaqlaşmaq kimi qələmə verilməsi əsassızdır. Azərbaycanın “Qoşulmayanlar hərəkatı”na üzv olması Avropa ilə münasibətlərə heç bir təsir göstərə bilməz. Çünki biz Qərblə əməkdaşlıqda israrlıyıq, bunu müxtəlif səviyyələrdə həyata keçiririk və üzv olduğumuz yeni təşkilat da qarşımızda bizim Avropadan uzaqlaşmağımız kimi bir öhdəlik qoymayıb. Ona görə də hesab edirəm ki, “Qoşulmayanlar hərəkatı”na üzv olmaq Azərbaycanın yeritdiyi siyasətin mahiyyətinə tam olaraq uyğundur.
URL / WWW
http://kelam.az/article/a-3704.html