Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Misir Mərdanov məktəb direktorlarına ciddi xəbərdarlıq edib
21.05.11 02:31

Bakıda, 276 nömrəli tam orta məktəbdə ümumtəhsil müəssisələrindəki mövcud vəziyyətlə bağlı paytaxtın məktəb direktorlarının iştirakı ilə müşavirə keçirilib. Təhsil Nazirliyindən “KƏLAMİNFO”ya bildiriblər ki, müşavirədə təhsil naziri Misir Mərdanov, nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, idarənin məsul işçiləri və paytaxtın ümumtəhsil məktəbləri, eləcə də Təhsil Nazirliyinin bilavasitə tabeliyində olan təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər. Tədbiri təhsil naziri Misir Mərdanov açaraq başa vurmaqda olduğumuz tədris ili ərzində ümumi təhsillə bağlı bir sıra işlərin görüldüyünü diqqətə çatdırıb. Ölkəmizdə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha da gücləndirildiyini qeyd edən nazir bu məsələnin ölkə prezidenti İlham Əliyev tərəfindən xüsusi diqqətdə saxlanıldığını nəzərə çatdırıb. Bu gün nümunəvi məktəblərin, təşkilatçılıq qabiliyyəti ilə seçilən təcrübəli məktəb direktorlarının, yüksək savada və intellektə malik, daim öz üzərində işləyən yaradıcı müəllimlərin olduğunu qeyd edən təhsil naziri onların Azərbaycan təhsilinə başucalığı gətirdiyini bildirib. Nazir xüsusilə Bakı Avropa Liseyinin, "Zəngi" liseyinin, akademik Zərifə Əliyeva adına tam orta məktəbin adlarını çəkərək həmin təhsil müəssisələrinin əldə etdikləri uğurlardan söz açıb, digər tədris ocaqlarını onlardan nümunə götürməyə səsləyib. Ümumi orta təhsil sahəsində qazanılan nailiyyətlərlə yanaşı, bəzi problem və nöqsanların da olduğunu istisna etməyən nazir bunu təəssüf hissi ilə qarşıladığını, baş verən neqativ hallarla bağlı ciddi narahatçılıq keçirdiyini nəzərə çatdırıb. Təhsil naziri 2011-ci ilin yanvar - may aylarında Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə Bakı şəhərinin ümumtəhsil məktəbləri ilə əlaqədar daxil olan müraciətlər haqqında məlumat verib. "Qaynar xətt" xidmətinə 127 məktəbdəki neqativ hallar barədə 223 müraciətin daxil olduğunu qeyd edən M.Mərdanov bəzi faktları sadalayıb. O, adları qeyd olunan ümumtəhsil müəssisələrindəki mövcud vəziyyətlə bağlı öz iradlarını bildirib. Nazir, eyni zamanda məktəb direktorlarına ciddi xəbərdarlıq edib, göstərilən nöqsanların qısa müddət ərzində aradan qaldırılması və müşavirədə söylənilənlərdən nəticə çıxarılması ilə bağlı konkret tapşırıqlarını verib. Müşavirənin sonunda Misir Mərdanov Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyinə idarənin əməkdaşlarının Bakıdakı ümumtəhsil müəssisələrində olmaları, baş verə biləcək neqativ halların vaxtında aradan qaldırılması, məktəblə valideyn arasında daha sıx əlaqənin təmin edilməsi, şagirdlərlə səmimi ünsiyyət qurulması və digər məsələlərlə bağlı tapşırıqlarını verib.
URL / WWW
http://kelam.az/article/a-3632.html