Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Şuranın layihəsi ilə orta məktəbdə “Ekoloji dərs” saatı təşkil olunub
28.04.11 03:34

“Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Bakı şəhərində ekoloji maarifçiliyin dəstəklənməsi” layihəsinin icrası çərçivəsində Bakı şəhəri, Binəqədi qəsəbəsi 182 saylı orta məktəbdə “Ekoloji dərs” saatı təşkil edib. “KƏLAMİNFO” xəbər verir ki, şagirdlər qarşısında çıxış edən layihə rəhbəri Niyaz Niftiyev QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən layihənin məqsədlərindən danışıb. Layihə rəhbəri son illər planetimizi narahat edən problemlərdən birinin də dünyada ekoloji gərginliyin artması və ekoloji tarazlığın pozulması olduğunu bildirib. N.Niftiyev həyata keçirilən layihənin məqsədinin də elə məhz ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi işini təşkil etməkdən ibarət olduğunu bildirib. O, qeyd edib ki, ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəldilən Dövlət və Milli proqramların yerinə yetirilməsi ilə bağlı görülən işləri və mövcud problemləri mətbuatda təbliğ etmək layihənin əsas vəzifələrindən olub.“Ekoloji Tarazlığın Qorunması” İctimai Birliyinin sədr müavini Mübariz Aslanov ekoloji maarifçiliyin təbliğinin davamlılığında QHT-lər üzərinə böyük məsuliyyət düşdüyünü söyləyib. “Çünki, ətraf mühitin vəziyyəti əhalinin rifahına birbaşa və dolayı yolla təsir edir. Bunun üçün də maarifçilik işini genişləndirməklə həm əhalinin sağlamlığının qaydına qala, həm də ekoloji problemlərin qismən də olsa aradan qaldırılmasına nail ola bilərik”,-deyə M.Aslanov əlavə edib. Ekspert Azər Nuriyev respublikamızda 2003-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən tövsiyə edilən ekoloji siyasətə dair ilk sənəd kimi “Azərbaycan Respublikasının Ekoloji Konsepsiyası”ndan danışıb. A.Nuriyev bildirib ki, bu konsepsiyada respublikamız üçün ətraf mühitin mühafizəsi baxımından əhəmiyyətli olan problemlərin həlli üzrə əsas prinsiplər öz əksini tapıb. O, müstəqillikdən sonra ölkədə ətraf mühitin mühafizəsi sahəsində yeni ekoloji siyasətin formalaşmağa başladığını bildirib. Onun sözlərinə görə, bu həm də ekoloji məsələlərin ümumbəşəri bir problem kimi qəbul edilməsi ilə də izah edilə bilər. Dünyanın hər yerində olduğu kimi Azərbaycanda da ekologiya sahəsində müəyyən problemlərin mövcud olduğunu vurğulayan məktəbin direktor müavini Qoşqar Hümbətov ölkənin hazırda üzləşdiyi ekoloji problemlərin əksəriyyətinin iqtisadi inkişaf proseslərində ətraf mühitin davamlılığı məsələlərinin nəzərə alınmaması ilə bağlı olduğunu bildirib. O, ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ilin ölkəmizdə “Ekologiya ili” elan edilməsi ilə ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığı məsələlərinin nə qədər aktual olduğundan xəbər verdiyini qeyd edib. Dərs saatının sonunda şagirdlərə layihə çərçivəsində hazırlanan bukletlər paylanıb.
URL / WWW
http://kelam.az/article/a-3413.html