Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Müsahibələr » “Bəzi dövlətləri indiki halda Azərbaycanın Qafqazda güclü dövlətə çevrilməsi qane etmir”
20.04.11 19:44

Fazil Mustafa: “Məsuliyyətsiz müxalifətin siyasi mühitdə normal çəkisi yoxdur”

Milli Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa suallarımızı cavablandırıb.

- Fazil müəllim, son müddətdə müxalifətin radikal qanadının artan aqressivliyi ərəb ölkələrində baş verənlərin bizim regiona transferi kimi qələmə verilir. Sizin məsələyə münasibətiniz necədir?

- Müəyyən qədər sosial problemlərimiz olsa da, bu gün beynəlxalq reallıqlar bizə başqa vəziyyəti diktə edir. Biz bu gün Cənubi Qafqazda ABŞ və Rusiya arasında razılaşdırılmış siyasətin yürüdüldüyünü müşahidə etməkdəyik. Ona görə də hər hansı bir super dövlətin birmənalı formada regionda vəziyyəti dəyişmək imkanları xeyli məhduddur. Bunu düzgün müşahidə etməyən qüvvələr Azərbaycanı da ərəb ölkələrindəki proseslərin içində düşünərək proqnozlaşdırılmayan addımlar atırlar. Əslində, bu, bütün hallarda Azərbaycan üçün yaxşı nəticə ortaya qoymur. Ona görə də bütün qüvvələr bu məsələyə məsuliyyət ilə yanaşmaq məcburiyyətindədir. Həqiqətən bu kartdan Azərbaycana qarşı hansısa bir şəkildə istifadə olunacağı istisna deyil və bütün ölkədaxili qüvvələr də bunu proqnozlaşdırmalıdırlar. Ona görə də hesab edirəm ki, hadisələrin ərəb ölkələrində baş verənlərlə müqayisə olunaraq ortaya çıxması ciddi yanlışlıqdır. Bu perspektiv ancaq qarışıqlıq vəd edir.

- Bu hadisələrdə xarici ölkələrin Azərbaycandakı diplomatik korpuslarının fəallığından söhbət gedir...

- Ümumiyyətlə, bir çox ölkə, xüsusən də ABŞ Azərbaycandakı diplomatik nümayəndələri vasitəsilə rəsmi Bakını yaxın müddətdə Ermənistan qarşısında ciddi güzəştə getməyə vadar etmək istəyir. Onlar bunun üçün ilkin variant kimi mitinqlər təşkil edən partiyalara dəstək görüntüsü yaradırlar. Burada real dəstəkdən söhbət getmir, sadəcə olaraq, hələ ki bu səfirliklər Azərbaycan hakimiyyətinə müvafiq təzyiqlər göstərmək üçün görüntü yaradırlar. Bu dövlətləri indiki halda Azərbaycanın Qafqazda güclü dövlətə çevrilməsi qane etmir. Əgər onların həqiqətən niyyətləri Azərbaycanda demokratiyanın inkişafına nail olmaq idisə, bunu ilk növbədə ciddi bəyanatlarla hazırkı iqtidarın özündən tələb edərdilər. Ən real yol budur.

- Bu təzyiqlərdə ABŞ-dan başqa konkret hansı ölkələrin adlarını çəkmək olar?

- Avropa Birliyinə daxil olan aparıcı ölkələrin hamısının burada əli var. Burada Fransanın adını xüsusi çəkmək olar. Çünki Fransanın Azərbaycan xalqının inkişafı ilə bağlı heç bir marağı yoxdur. Bu ölkənin Cənubi Qafqazla bağlı siyasətində prioritet amil Ermənistanı dəstəkləməkdir. Bunların arasında bizim maraqlarımızı tapdalamayacaq yeganə ölkə kimi ancaq Türkiyəni tanımaq olar. Digər dövlətlərin ölkəmizdəki nümayəndəliklərinin fəaliyyətindən isə biz daim ehtiyatlanmalıyıq. Onların indiyə qədər Azərbaycan üçün atdığı addımlarda xoş bir niyyət hiss olunmayıb.

- Sizcə hazırda Azərbaycanda həqiqi müxalifətin missiyası nədən ibarətdir?

- Azərbaycanda fəaliyyət göstərən məsuliyyətli müxalifətin məqsədi ondan ibarətdir ki, hazırkı iqtidar özü ölkədəki sosial-iqtisadi inkişafın müəllifinə çevrilsin. Burada söhbət xarici diplomatik nümayəndələrin fitvasına uyan müxalifətdən yox, özündə məsuliyyət hiss edən müxalifətdən söhbət gedir. Ona görə də iqtidar bu amilləri nəzərə alıb ölkədəki inkişafın axıra kimi müəllifinə çevrilmək məsuliyyətli müxalifətlə daim dialoqda olmalıdır. Həqiqi müxalifət o zaman üzərində olan məsuliyyəti yetərincə hiss edəcək. Əks halda bundan istifadə edən bəzi məsuliyyətsiz qüvvələr ölkə daxilində koalisiya yaradıb dağıdıcılıq ilə məşğul olacaqlar. Çünki həmin məsuliyyətsiz müxalifətin başlıca amalı iğtişaş yaratmaq, inkişafı dayandırmaqdan ibarətdir. Əslində, onların heç siyasi mühitdə normal çəkiləri də yoxdur. Lakin bunlarla yanaşı ölkənin gələcəyini zədələməyən, islahatlara təkan verən müxalifət də var.  Ona görə də hakimiyyət bütövlükdə müxalifət ilə dialoqa getməlidir ki, məsuliyyətsiz insanların əllərinə şans düşməsin.
URL / WWW
http://kelam.az/article/a-3361.html