Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Şimali Qafqazda üç gün
11.04.11 16:12

Xəbər verdiyimiz kimi bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə başda olmaqla Azərbaycan nümayəndə heyəti martın 15–17–də Kabarda–Balkar, Qaraçay–Çərkəz və Şimali Osetiya–Alaniya Respublikalarında səfərdə olmuşdur. Nümayəndə heyətinin üzvü, tarixçi professor Anar İsgəndərovun səfərlə bağlı yol qeydlərini dərc edirik.

Bismillahir-Rəhmanir-Rəhim
Sovet dönəmində təhsil aldığım Bakı Dövlət Universitetinin tarix fakültəsində ən az və xəsisliklə tədris olunan fənn Qafqaz tarixi ilə bağlı idi. Qafqaz xalqlarının tarixini, arxeologiyası və etnoqrafiyası kursunu bitirər-bitirməz, XIX əsrdə Şimali Qafqazda həyata keçirilən rus istilalarına bəraət tarixini az qala bizim hamımıza əzbərlətdirərdilər. Beləliklə, Qafqazın real tarixi unudulur və Qafqaz sirli bir diyar kimi öz tarixini hamıdan gizli saxlamağa məcbur edilirdi.
Mənim üçün Qafqaz iki dəniz arasında yerləşən, iki böyük dağ silsiləsini (Böyük Qafqaz və Kiçik Qafqaz) özündə birləşdirən geniş bir ərazidir. Qafqaz deyiləndə mütləq və mütləq Şeyx Şamil və Mirzə Kazımbəy yada düşür. Şeyx Mənsur da mənim üçün Böyük Qafqazlıdır. Həmişə elə bilmişəm ki, daha doğrusu, istəmişəm ki, Şeyx Şamillə bağlı, onun qəhrəmanlığı ilə bağlı hər şey olduğu kimi yazılsın. Ancaq Şeyx Şamilin milli mənsubiyyəti ilə bağlı heç nə yazılmasın. Sadəcə onun kimliyi ilə bağlı bütün Qafqaz xalqlarını razı sala biləcək belə bir cümlə yazılsın ki, müsəlman idi, həm də çox böyük müsəlman idi. Müqəddəs kitabımız olan Qurani-Kərimi əzbər bilirdi. Böyük Mirzə Kazımbəy vaxtilə yazırdı ki, hər bir rus Qafqazı düşünəndə Şamili xatırlayır.
Mənim üçün Qafqaz deyiləndə 1802-ci ildə Dərbənddə axund Hacı Qasımın ailəsində dünyaya göz açan Mirzə Məhəmmədəli Kazımbəy yada düşür. O Kazımbəy ki, 1859-cu il avqustun 25-də Qafqaz canişini knyaz Baratinskinin şərtlərini qəbul edərək özünün son sığınacağı Qunib aulunu ruslara təslim edən Şeyx Şamil qiyabi surətdə tanıdığı, əsərlərini oxuduğu, nəsli və ailəsi haqqında ətraflı bilgiyə malik olduğu məşhur şərqşünas alim, Peterburq Universitetinin Şərq dilləri fakültəsinin dekanı, professor Mirzə Kazımbəylə görüşməyə can atırdı.
Tarixi arayış: Qafqaz sözünün etimologiyası haqqında çoxlu fikirlərə rast gəlmişəm. Tarixşünaslığımızın banisi (onu da qeyd etmək yerinə düşər ki, Qafqazın tarixi ilə bağlı XIX əsrin ən böyük əsəri Abbasqulu Ağa Bakıxanova məxsusdur) Abbasqulu Ağa Bakıxanova görə  Qafqaz adı Qaf dağı və Qaspi (kaspi) tayfasının adından əmələ gəlmişdir. Qaf sözü bu gün də bir çox dillərdə yuxarı, uca dağ, hündür yer mənasında işlənir.
İlk dəfə Kavqaz (Qafqaz) dağları ifadəsini qədim yunan tarixçisi Esxil «Zəncirlənmiş Prometey» əsərində işlətmişdir. Əsərdə Qafqaz bütün dağların hökmdarı kimi verilmişdir. Orta əsr ərəb coğrafiyaşünasları da Qafqaz ifadəsinə üstünlük vermiş və beləliklə, Qafqaz sözü bu regionun adı kimi qəti möhkəmlənə bilmişdir.
Qafqaz dedikdə, şərqdə Xəzər dənizi, qərbdə Qara və Azov dənizləri, şimalda Kuma-Manıç çökəkliyi, cənubda Urmiya və Van göllərinə qədərki geniş ərazilər nəzərdə tutulur. Qafqazın ümumi sahəsi 600 min km2-dən artıqdır. Taman yarımadasından Dərbəndə kimi uzanan Böyük Qafqaz dağ silsiləsi Qafqazı iki yerə – Şimali Qafqaza və Cənubi Qafqaza ayırır. Sovet dönəmində bu təbii bölgüdən siyasi məqsədlər üçün istifadə olunaraq bu ərazilər fərqli bölgələr kimi təqdim olunur və bu ərazidə yaşayan xalqların ortaq tarixi, etnik-siyasi, iqtisadi və mədəni əlaqələrinin əhəmiyyəti isə kiçildilirdi.
Əslində Qafqazla bağlı (söhbət Şimali Qafqazdan gedir) tarixi oçerk yazmaq çoxdankı arzum idi. Amma nədənsə bu arzumu reallışdarmaq üçün imkan yox idi. Doğrudur, Qafqazı görmədən, Qafqazda yaşamadan Qafqaz haqqında  mütailə etdiyim  kitabların köməyi ilə maraqlı görünən bir şey yazmaq olarda. Ancaq Qafqaz haqqında min kitab oxumaqdansa, bir dəfə oranı rahat görmək daha yaxşı olardı. Mən də belə bir günü gözləyirdim. Uzun illər bundan əvvəl Qafqazın səfalı istirahət yerlərindən biri olan Jeleznovodskda olmuşdum. Bu kiçik şəhərə vurulmuşdum. İmkan tapıb Kislovodsk, Yesentuki və Pyataqorskini də ayaqüstü gəzmişdim. Ondn sonra isə Qafqaza yolum düşməmişdi.
Martın 14-də Qafqazın Şeyxi Allahşükür Paşazadənin rəhbərliyi ilə Şimali Qafqaza növbəti bir səfərə hazırlıq gedirdi. Məlum oldu ki, mən də nümayəndə heyətinin tərkibində varam. Səfərdə Qafqazın Şeyxi Allahşükür Paşazadə başda olmaqla Azərbaycan nümayəndə heyəti martın 15-dən 17-nə kimi Kabarda-Balkar, Qaraçay-Çərkəz və Şimali Osetiyada – Alaniya  müfti seçkilərində iştirak edəcək və bir sıra dini məzmunlu tədbirlərə qatılacaqdı. Doğrudur, bu maraqlı bir səfər olacaqdı. Şimali Qafqazla bağlı bir çox şeyləri, bir çox oxuduqlarımı gözlərimlə görəcəkdim. Amma bu səfərin o biri tərəfi də var idi. Çoxdan idi ki, Şimali Qafqazın sakit günləri arxada qalmışdı. Hər gün, hər saat bu ərazidə bombalar partlayır, insanlar öldürülür və onlarla din adamı qətlə yetirilirdi. Bizim Qafqaza səfərimiz belə günlərə təsadüf edirdi. Mətbuatda və müxtəlif televiziya kanallarında Qafqazda baş verən hadisələr haqqında qorxulu məlumat verilirdi. Şimali Qafqaza səfərə gedirəm ifadəsini çoxları həyəcanla qarşılayırdı. Amma bu səfərlə bağlı mənə ümid verən Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin bizim nümayəndə heyətinə rəhbərlik etməsi idi. Səfər haqqında məlumatı alandan sonra mənə səfərə hazırlaşmaq qalırdı. Ən əsası isə Qafqazla bağlı illərlə planlaşdırdığım yazını yazmaq üçün imkan yaranmışdı. Bu səfər çox məsul bir səfər idi. Hər üç respublikada dini rəhbər-müfti seçkiləri keçirilməli idi. Hər üç respublikada dini idarələrin qurultaylarının keçirilməsi nəzərdə tutulurdu. Hər üç qurultayda Qafqazın Şeyxi məruzə etməli və seçilən müftilərə öz xeyr-duasını verməli idi. Hər üç respublikanın dövlət və hökumət rəhbərləri ilə Şeyx həzrətlərinin görüşləri nəzərdə tutulmuşdu. Hər üç respublikanın dindarları ilə görüş, Kabarda-Balkarda isə yeni məscidin təməlqoyma mərasimində Şeyx həzrətlərinin iştirakı nəzərdə tutulmuşdu. Ən maraqlı görüşlərdən biri Şimali Osetiyada–Alaniyada Azərbaycan diasporu ilə olmalı idi. Nəzərdə tutulan görüşləri reallaşdırmaq üçün böyük Allahdan nümayəndə heyətinə can sağlığı diləmək və uğurlar arzulamaq qalırdı. Bu dualarımıza martın 15-də səhər saat 10 radələrində kiçik tutumlu fransız tipli təyyarəmiz Bakı hava alanından göyə qalxanda başladıq.
Tarixi arayış: Qafqaz regionunda 50-dən çox xalq və etnik  qrup yaşayır. Bu xalqlar üç böyük dil ailəsinə bölünmüşlər. Birinci dil ailəsi Altay dil ailəsi adlanır. Bu dil ailəsinə azərbaycanlı, qumuq, qaraçaylı, balkar, noqay, tatar, türkmən daxildir. İkinci dil ailəsi Qafqaz dil ailəsi adlanır. Bu dil ailəsinə kartvel – gürcü, acar, meqrel, svan, laz, xevsur, tuşin, pşav, gürcü dağlıları, Abxaz-adıgeyə – kabardin-adıgey, abxaz, çərkəz, abazin, Nax – çeçen, inquş, Dağıstan qrupları – avar, dargin, lak, qaytaq, ləzgi, azsaylı rutul, tabasaran, andi, arçi, aqul, axvaxtsi, beytin, qünzib, didoy, saxur, xınalıq, buduq daxildir. Üçüncü dil ailəsi Hind-Avropa dil ailəsi adlanır. Bu dil ailəsinə rus, ukrain, belarus, osetin, talış, tat, kürd, dağ yəhudiləri və b. daxildir.
Hazırda Qafqazın cənubunda üç müstəqil dövlət – Azərbaycan, Gürcüstan və Ermənistan Respublikaları mövcudur. Azərbaycan Respublikasının ərazisi 86.6 min kv.km., əhalisi 9 milyon 77 min (2011-ci ilin yanvar ayınını məlumatına görə), Gürcüstan Respublikasının ərazisi 69.7 min kv.km., əhalisi 4 milyon 630 min. (2008-ci ilin yanvar ayınını məlumatına görə). Ermənistan Respublikasının ərazisi 29.8 min kv.km., əhalisi 3 milyon 238 min (2009-cu ilin yanvar ayınını məlumatına görə) nəfərdir. Şimali Qafqaz Respublikaları isə Rusiya Federasiyasının tərkibində Respublika statusunda mövcuddur.
Şimali Qafqaza 12 nəfərlik Azərbaycan nümayəndə heyəti gedirdi. Səhər 10 radələrində təyyarədə hamı yerini tutdu. Şeyx həzrətləri hamı ilə görüşdü, daha doğrusu, biz hamımız Şeyx həzrətləri ilə görüşdük, bizim səfər hazırlığımızla maraqlandı, gənc jurnalistləri də diqqətlə nəzərdən keçirdi. Gülərüz və təmkinli Şeyx həzrətləri təyyarədə çox sakit görünürdü. Təyyarə göyə qalxanda belə sifətində heç bir narahatçılıq hiss olunmurdu. Şeyx həzrətləri öz təmkini ilə hamını bu narahatçılıq hisslərindən azad etdi. Mən bu sözləri göydə fikirləşirəm. Ona görə bu sözlərin səmiliyinə sizi də inandırmaq istəyirəm. İnanmaq da imandandır.
Şeyx həzrətləri çox böyük insandır, çox böyük şəxsiyyətdir. Onu təkcə islam aləmində yox, bütün dünyada tanıyırlar, təkcə tanımırlar, ona böyük hörmətlə yanaşırlar, onun fikirlərini qəbul edirlər, onunla hesablaşırlar. Şeyx həzrətləri çox böyük ziyalıdır. Onun bütün çıxışlarının ana xəttini müstəqil dövlətimizin möhkəmlənməsinə xidmət edən azərbaycançılıq ideologiyası, müsəlman aləmində isə heç bir məzhəbə xidmət etməyən müqəddəs islami dəyərlər təşkil edir. Bu mənada Şeyx həzrətləri çox böyük insandır. Mən əvvəldən əmin idim ki, bizim bu səfərimiz uğurlu olacaq. Çünki bu səfərin xeyr-duasını verən Şeyx həzrətləridir. Bu həmin Şeyxdir ki, onu öz duaları ilə böyük Allahından anası istəyib. Allah da bu böyük ananın dualarını qəbul edib, ona oğul bəxş edib. Ana da sözünə əməl edib, oğluna Allahaşükür – Allahşükür adını verib. Bu ana sıradan olan bir ana deyildi, cənnət belə anaların ayaqları altında olur-yazsam yanılmaram. Dünyaya gətirdiyi oğul da sıradan bir oğul deyildi. Allahın bu sevimli bəndəsi Əfqanıstanda müharibə gördü, hətta əlinə silah da aldı, yanında bomba partladı, mərmi düşdü, insan öldü, amma bu əməlisaleh insana heç bir zərər toxunmadı. Bu şəxs, bu vətən övladı 20 Yanvar qırğınını yaşadı, bu qətli törədənləri ifşa etdi, başsız qalan xalqına həm dini rəhbər, həm də siyasi rəhbər oldu. Rus gülləsindən, Moskvanın tənəsindən qorxmadı, geri çəkilmədi. Qarabağ savaşlarında təkcə bu ədalətsiz müharibənin bitməsi üçün dualar etmədi, lazım gələndə cəbhə bölgələrinə səfərlər etdi, soyuq Murovda əlinə silah alan əsgərləri qucaqladı, onların evlərinə sağ-salamat dönmələri üçün dualar etdi. Torpaq uğrunda həlak olanlara şəhid dedi və böyük Allahdan onlara cənnətməkanlıq dilədi. Hələ Çeçenistan səfərlərini demirəm. Qroznının ən dəhşətli günlərində Şeyx həzrətləri dəfələrlə bura səfərlər etdi. Rütbəsindən və vəzifəsindən asılı olmayaraq çoxlarına burda sui-qəsdlər təşkil olundu. Şeyx həzrətləri isə bütün çətinliklərə baxmayaraq, Allahın köməkliyi ilə bu səfərlərin hamısından sağ –salamat çıxdı. Təyyarədə Şeyx həzrətlərini kim qoruyur? sualın cavabını tapa bildim. Şeyx həzrətlərini bu səfərlərdə iki şey qoruyur: Birincisi, bütün dünyanı sülhə, ədalətə və mərhəmətə çağıran müqəddəs Qurani-Kərim Şeyx həzrətlərinin əlləri üstündədir və ürəyinin başındadır. Bu yüzdə-yüz belədir. İkincisi, bütün Qafqazın Şeyxi seçilən Hacı Allahşükür Paşazadə islam sevgisi və məhəbbəti ilə əhatə olunan bir insandır. Ona uzanan əllər ondan ədalət gördüklərinə görə, kömək gördüklərinə görə Yaradandan onun yaşaması üçün, fəaliyyət göstərməsi üçün dualarını əsirgəmirlər. Mən münəccim deyiləm, amma bilirəm ki, Qafqazda bu qədər sevgi qazanan bu insana heç kim əl qaldıra bilməz, hətta bir cahil bu fikrə düşsə belə, onun əli qalxmaz. Bu üç günlük səfər zamanı Qafqaz xalqlarından Şeyx həzrətlərinə olan dərin məhəbbəti gördüm və qürur hissi keçirdim.
Təyyarəmiz saat 12 radələrində Kabarda-Balkar Respublikasının paytaxtı Nalçik şəhərində yerə endi.
Tarixi arayış: Kabarda-Balkar Respublikasının sahəsi 12.5 min kv.km., 2005-ci ilin siyahıyaalmasına görə əhalinin sayı 896 min 900 nəfərdir. Paytaxtı Nalçik şəhəridir. 2001-ci ilin siyahıyaalınmasına görə paytaxtda 229 min əhali yaşayır. Kabardanın Rusiyaya birləşdirilməsi 1557-ci ildən hesablanır. Kabardanın sonuncu dəfə Rusiyaya birləşdirilməsi 1774-cü ilə təsadüf edir. Balkarlar isə 1827-ci ildə Rusiyaya birləşdirilmişdir. 1921-ci il yanvarın 9-da Kabarda Muxtar Vilayəti təşkil edilmişdir. 1922-ci il yanvarın 16-da Kabarda və Balkar muxtar vilayət statusunda birləşdilər. 1936-cı il dekabrın 5-də Kabarda-Balkar Muxtar Sovet Sosialist Respublikası adlanmağa başladı. 1942-ci ilin sentyabrında faşist Almaniyası muxtar respublikanın ərazisini işğal etdi.  1943-cü ilin yanvarında Kabarda-Balkar ərazisi düşmən qüvvələrindən azad edildi. Müharibə cəbhələrində fərqləndiyinə görə 15 mindən çox döyüşçü orden və medallarla təltif olundu, 25 nəfərə isə Sovet İttifaqı Qəhrəmanı adı verildi. 1944-cü ilin martında balkarlar Qazaxıstan və Orta Asiyaya sürgün edildilər. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1957-ci il 9 yanvar tarixli fərmanı ilə balkarların milli muxtariyyəti bərpa edildi. Balkarlara öz torpaqlarına qayıtmağa icazə verildi. Kabarda Muxtar Sovet Sosialist Respublikası Kabarda-Balkar Muxtar Sovet Sosialist Respublikası adlanmağa başladı.
Şimali Qafqazın elmə bəlli olan ilk sakinləri kimmer tayfaları olmuşdur. Şimali Qafqazın yerli əhalisi olan kimmerlərin bir hissəsi cənuba yürüş etmiş, öz torpaqlarında qalan kimmerlər isə e.ə.VIII-VII əsrlərdə massaget tayfalarının təzyiqi ilə onların torpaqlarına soxulan iskitlərlə qaynayıb-qarışmışlar.
VII əsrin ortalarından başlayaraq Qafqazda İslam dini yayılmağa başladı. Yazımın bu yerinə çatanda bir istinada ehtiyac hiss etdim. Çünki söhbət Qafqazda İslamın qəbul olunmasından gedir. Ona görə Qafqazı qarış-qarış gəzən, həm də Qafqazda İslamın qəbul olunmasını tədqiq edən Şeyx həzrətlərinin «Qafqazda İslam» əsərinə istinad edərək yazıram: «İslam futuhatının Qafqaz ərazisinə keçməsinin dayaq nöqtəsi İraqın Mosul və Kufə şəhərləri oldu. Hicrətin 17-ci ilində xəlifə Ömər ibn əl-Xəttabın hakimiyyəti dövründə ərəb-islam qoşunları bu şəhərlərdən hücum edib, əvvəlcə Key və Qəzvini tutdular və beləliklə də, özlərinə Qafqaza doğru yol açdılar».
«Qafqazda islam» 1991-ci ildə nəşr olunub. Bu kitabı oxumaq və ondan xüsusi qeydlər götürmək mənim üçün çox xoş oldu. Bu kitabda diqqətimi xüsusi cəlb edən bir məktubu sizinlə bölüşmək istəyirəm. Məktubun sahibi böyük peyğəmbərimiz Məhəmməd Səlavatullahidir. Məktub Sasani hökmdarına ünvanlanmışdır. Əslində bu məktub islamın Ərəbistan yarımadasında qalmayacağına, bütün dünyaya yayılacağına xoş bir müjdədir. Məktubda deyilir: «… Səni Əziz və Qadir Allahın dininə çağırıram. Həqiqətən, mən Allahın bütün insanlara rəsuluyam ki, sağ olan hər kəsə öyüd verəm. Kafirlər üçün belə bir söz haqlıdır: özünü (Allaha) təslim et, səlamət qalarsan! Boyun qaçırsan atəşpərəstlərin günahları üçün məsuliyyəti sən daşıyırsan». Peyğəmbərin məktubu ümumbəşəri gücə malikdir, düşündürəndir və inandırandır. Amma Sasani hökmdarı Yezdəgerdin xəlifə Ömərə yazdığı məktub isə bu gün bir kağız parçası kimi xatırlanır. Yezdəgerd yazanda ki, «dünyada bizim sarayımızdan daha çox adam tutan saray yoxdur, bizim xəzinəmizdən daha dövlətli xəzinə yoxdur, bizdə olan qədər silah heç kəsdə yoxdur» fikirləşirdimi ki, bir zaman gələcək onun öyündüklərindən heç nə qalmayacaq. Sadəcə tarix yaddan çıxmasın deyə, həm Yezdəgerd, həm də onun sarayları və xəzinəsi xatırlanır. Harda qaldı o saray, o xəzinə, o silahlar? Böyük Peyğəmbərin bizim üçün qoyduğu böyük İslam və böyük Qurani-Kərim əbədidir, əzəlidir. O heç bir bəndəsindən heç nə istəmir. Əksinə bəndəsinə hər şey verir ki, o böyük insan adını daşıya bilsin!
Qafqazın cənubunda islam dini daha tez və daha rahat qəbul olundu. Dağıstanın düzənlik hissəsində yaranmış Xəzər xaqanlığı ərəb qoşunları ilə fasilələrlə 100 illərlə davam edən müharibələr apardı. Ona görə də Qafqazın Şimalında islamın yayılması üzücü bir prosesə çevrildi. Amma o da bizə məlumdur ki, islam dini səbr etməyi, səbrli olmağı təbliğ edən bir dindir. Bizans dövləti Qafqaza olan xristian maraqlarını təmin etmək üçün ərəb yürüşlərinə qarşı bütün imkanlarından istifadə edirdi. Amma islamın qarşısını kəsmək mümkün deyildi. İslam bir ordu deyildi ki, o məğlub edilərək həmin ərazidən çıxarılsın. İslam bir çay da deyildi, onun məcrası dəyişdirilərək daşqının qarşısı alınsın. İslam Allahın öz bəndələrinə göndərdiyi yaşam tərzi idi. Onu heç bir qüvvə saxlaya bilməzdi. Təki səbr etməyi bacarasan!
Tarixi arayış: Ərəb – İslam ordusunun erməni vilayətinə ilk hücumları 640-cı ilin payızında baş verdi. İslam qüvvələri Dvin (indiki Türkiyə ərazisində) şəhərini tutdular. Erməni vilayət hakimi ərəblərə müqavimət göstərə bilmədi. 650-ci ildə Bizans imperatoru erməni hakiminə ərəblərə qarşı birgə mübarizə aparmağı təklif etdi. Amma islamın gücünü görən və erməni kilsə başçısının məsləhətinə qulaq asan erməni hakimi bu təklifi rədd edərək 652-ci ildə Xilafətlə müqavilə imzaladı. Müqaviləyə görə erməni vilayəti Xilafətin ali hakimiyyətini qəbul etdi. Müqaviləyə görə ermənilər xərac, cizyə ödəməyi, şəhərlərində və qalalarda ərəb qarnizonunu saxlamağı, ərəblər isə erməni kilsəsinin əmlakını qorumağı, erməni əhalisinin dini ayinlərini sərbəst icra etmələrini təmin etməyi öhdələrinə götürürdülər. Erməni kilsəsi Xilafət-Bizans ziddiyyətlərindən yararlanaraq Xilafətdən müstəqil kilsə kimi fəaliyyət göstərməyə icazə ala bildi. Erməni kilsə xadimləri Xilafət nümayəndələrini inandıra bildilər ki, onların Qriqoryan kilsəsi ilə Bizansdakı hakim pravoslav kilsəsi arasında böyk ziddiyyətlər mövcuddur. Bu məsələdə Xilafət onları müdafiə etməlidir. Böyük İslamdan güc alan Xilafət bunu etdi, ermənilərə hər cür köməklik göstərdi, əvəzində isə tarixin sonrakı məqamlarında ermənilərdən ancaq  və ancaq xəyanət, nifrət və insanlığa yaraşmayan sifətlər gördü. Bizans Qafqazda müəyyən mövqe qazanan kimi ermənilər ərəblərə xəyanət edərək Bizans ordusuna hər cür köməklik göstərməyə qərar verdilər. Bir azdan ərəblərə qarşı üsyana qalxdılar. Ona görə də 703-cü ildə Xilafət qüvvələri erməni üsyanını yatırmaqla yanaşı, erməni vilayətinin daxili müstəqilliyini də ləğv etdi.
736-738-ci illərdə xilafət qüvvələri Gürcüstanda ərəb idarəçiliyini bərqərar etdilər. IX əsrin 60-cı illərində xilafətin nüfuz dairəsindən azad olan ərazilərdən biri Tiflis müsəlman əmirliyi idi. IX əsrin sonunda Tiflis müsəlman əmirliyini idarə edən Cəfərilər sülaləsi müstəqil siyasət yürüdür, hətta öz adlarından sikkə də zərb edirdilər.
Tarixi arayış: X əsrdən başlayaraq Qafqazda yaşayan tayfalar və xalqlar Şərqi Avropanın ciddi siyasi qüvvəsinə çevrilən rusların basqınlarına məruz qaldılar. Beləliklə, Qafqaz Sasani, Bizans, Xilafət, Xəzər xaqanlığı kimi güclü dövlətlərin müharibə meydanına çevrildiyi kimi, rus hücumlarına da sinə gərməyə başladı. Bu proses çox davam edəcəkdi.
Şimali Qafqaz Çingiz xanın nəvəsi Batı xan tərəfindən 1237-ci ildə işğal olundu. Monqollar adıq (çərkəz) torpaqlarını ələ keçirib Kuban çayı və onun qolları boyunda yaşayan tayfaları özlərinə tabe etdilər. Monqol hücumları ilə əlaqədar qıpçaqların bir hissəsi Mərkəzi Qafqazda dağların arasında məskunlaşdı. Qıpçaqlar bu ərazidə daha əvvəldən yaşayan bulqarlar və digər türk tayfaları ilə qaynayb-qarışaraq qaraçaylı və balkar xalqlarının formalaşmasına səbəb oldular. Adıqlar və abazinlər isə şimal-qərbi Qafqazda – Kuban çayının yuxarı axarı boyunda məskunlaşmağa başladılar.
1441-ci ildə Qaraqoyunlu (Baharlı) hökmdarı Cahan şahın icazəsi ilə erməni katolikosluğunun mərkəzi Kilikiyanın Sis şəhərindən İrəvan bölgəsinə – Eçmiədzinə (Üçkilsə) köçürüldü. Bu hadisə İrəvan bölgəsində erməni təsirinin güclənməsinə səbəb oldu.
XVIII əsrin əvvəlində Kabardada 129 yaşayış məskəni mövcud idi və əhali 250 minə çatırdı. Kabardada böyük knyaz hakimiyyətinin seçkili olması çəkişmələrə və mərkəzi hakimiyyətin zəifləməsinə səbəb olurdu. Kabardadan qərbdə abazinlər yaşayırdı, onların sayı 12 minə çatırdı. Kabardadan cənubda isə balkarlar yaşayırdı, onların sayı 15-18 min arasında idi. Baksan və Kuban çaylarının yuxarı boyunda qaraçaylılar yaşayırdı. Onların sayı 3 minə qədər idi. Böyük Qafqaz dağlarının qərb yamaclarında və Qara dəniz sahili boyunda adıq (çərkəz) etnik qrupuna məxsus 18 tayfa yaşayırdı. Adıqların ümumi sayı 230-240 min nəfər idi.
XVIII əsrin əvvəllərində Rusiya Dağıstanı və Kabardanı özünə tabe etmək üçün müxtəlif planlar qururdu. Çar I Pyotr bu məqsədlə əslən kabardin olan Bekoviç – Çerkasskinin başçılığı ilə Şimali Qafqaza rus qoşunu göndərdi. Lakin 1711-ci ildə Prut çayı sahilində rusların Osmanlılara məğlub olmasından sonra I Pyotrun Şimali Qafqaz planı pozuldu. Rusiya Kabardanın daxili işlərinə qarışmamağı öhdəsinə götürdü.
1768-1774-cü illər I Rusiya-Osmanlı müharibəsi baş verdi. Bu müharibədə Osmanlı dövləti məğlubiyyəti qəbul edərək 1774-cü ilin iyulunda Kiçik Qaynarca adlı bolqar kəndində rus tərəfi ilə sülh müqaviləsi bağladı. Müqavilənin 21-ci maddəsinə görə Kabardanın tabeliyi Krım xanının ixtiyarına verildi. Bununla da Kabardanın Rusiyaya birləşdirilməsi başa çatdı.
1787-1791-ci illər yeni Rusiya-Osmanlı müharibəsi baş verdi. Bu müharibədə də Osmanlı dövləti məğlub oldu. 1791-ci ilin dekabrında Yassıda Osmanlı və Rusiya arasında sülh müqaviləsi bağlandı. Çarizm daha öncə özünə tabe etdiyi Kabarda, Balkar, Qaraçay və Osetiyanın işğalının Yassı sülhünün şərtlərinə görə Osmanlı dövləti tərəfindən tanınmasına nail oldu. Beləliklə, Şimali Qafqaz Rusiyanın işğalı altına düşdü. 1786-cı ildə Qafqaz Canişinliyi təşkil edildi. Rusiya Qafqazda mövqeyini möhkəmləndirmək üçün təktəsərrüfatlı rus ailələrini, təhkimli rus kəndlilərini və istefaya çıxmış hərbçiləri bu əraziyə köçürməyə başladı.
Martın 15-də təyyarəmiz günorta saatlarında Nalçik hava limanına endi. Nalçikdə günəşli bir gün var idi. Şeyx başda olmaqla nümayəndə heyətimiz çox mehribanlıqla qarşılandı. Nümayəndə heyətimiz hava limanından istirahət üçün ayrılmış yerə qədər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən müşaiyət olunurdu. Bizim səfərimizdən bir həftə qabaq Nalçikdə bir neçə terror hadisəsi baş vermişdi. Moskvadan gələn turistlər Elbrusda öldürülmüş, Elbrusun kanat yolu partladılmış, Nalçikin mərkəzində yerləşən Federal Təhlükəsizlik Xidmətinin binasına basqın təşkil edilmişdi. Ona görə də nümayəndə heyətimizin təhlükəsizliyinə xüsusi diqqət verilirdi.
Nalçik qış geyimindən hələ çıxmamışdı, küçələr təmizlənsə də, həyətlərdə hələ də qar qalırdı. Şəhərə yaxın hündür təpəliklər qarla örtülü idi. Şəhərin ən uzun və mərkəzi küçəsi proletariatın dahi rəhbəri V.Leninin adını daşıyır. Bəlkə də Leninə olan bu hörmət onun ata tərəfdən müsəlman olması ilə bağlıdır. Nalçikdə iki abidə diqqətimi cəlb etdi. Birinci abidə Kabardanın Rusiyanın tərkibinə daxil olmasının 400 illiyi ilə bağlı 1957-ci ildə Nalçikin mərkəzində ucaldılmışdır. Kabardanın Rusiyanın tərkibinə daxil olmasının tarixi Çərkəz knyazlarının 1552, 1555, 1557-ci illərdə Moskvaya elçiliklərinin göndərilməsi ilə hesablanır. İkinci isə, 1944-cü ilin fevralında Sovet dövləti tərəfindən deportasiya olunaraq öz vətənlərindən qovulan Balkar xalqının 1957-ci ildə bəraət alaraq yenidən öz torpaqlarına qayıtmasının şərəfinə qoyulmuş abidədir. Şimali Qafqaz xalqlarının faşist Almaniyası ilə ölüm-dirim müharibəsində göstərdiyi bütün qəhrəmanlıqlarına baxmayaraq, yerli əhali 1944-cü ilin fevralında öz evlərindən zorla çıxarılaraq Qazaxıstanın və Orta Asiyanın susuz səhralıqlarına və ilan mələyən çöllərinə sürgün edildilər. Maraqlı odur ki, hər iki abidə 1957-ci ildə qoyulub.
Keçən ilin dekabrında Kabarda-Balkarın müftisi Anas Pşixaçev öz evində naməlum cinayətkarlar tərəfindən qətlə yetirilmişdi. Bu gün Kabarda-Balkarın yeni müftisinin seçilməsinə həsr olunan qurultay, Nalçikdə Şimali Qafqazda ən böyük məscidin təməlqoyma mərasimi keçiriləcəkdi. Günorta namazından sonra Kabarda-Balkarın Prezidenti Arsen Kanokov başda olmaqla respublikanın bütün rəsmiləri və qonaqlar məscidin tikintisi üçün nəzərdə tutulan əraziyə toplaşdılar. Şeyx həzrətləri diqqət mərkəzində idi. Hamı onunla görüşməyə can atırdı. İnsanlar çox olduğu üçün bu görüş hər adama nəsib olmurdu. Şeyxlə görüşənlər fürsəti əldən verməyib onun əlindən öpmək istəyirdilər. Rəsmi tədbir başladı. Prezident Arsen Kanokov mərasimdə çıxış edərək Qafqazda dinlərarası dialoqun inkişafında Şeyxülislam Allahşükür Paşazadənin xidmətlərini yüksək qiymətləndirdi və bu çətin vaxtda Nalçikə gəldiyinə görə Azərbaycan nümayəndə heyətinə, onun rəhbəri Şeyx həzrətlərinə öz dərin minnətdarlığını bildirdi. Prezident Arsen Kanokovun giriş nitqindən sonra ilk söz Şeyx həzrətlərinə verildi. Bu mərasimdə Şeyx həzrətlərinin bir fikri daha təsirli oldu: «Bu gün bu məscidin təməlqoyma mərasimində hamı iştirak edir, amma bir nəfərdən başqa. O insan burda iştirak eləmir ki, bu məscidi tikmək onun ən böyük arzusu idi. O şəxs bizim şəhid qardaşımız Anas Pşixaçev həzrətləri idi. Mən əminəm ki, onun ruhu burdadır, bizim yanımızdadır, təməlini qoyduğumuz məscidin həyətindədir. Rəsmilər burda məlumat verdilər ki, bu məscid 2012-ci il martın 31-də istifadəyə veriləcək. Mən təklif edərdim ki, bu məscidə şəhid qardaşımız Pşixaçevin adı verilsin. Pşixaçev din yolunda şəhid olan qardaşımızıdır. Allah ona rəhmət eləsin».
Təməlqoyma mərasimindən sonra şəhərin mərkəzində qurultayın keçirilməsi üçün nəzərdə tutulan saraya gəldik. Qurultayda da ən maraqlı məruzələrdən birini Şeyx həzrətləri etdi. Qurultayda Pşixaçevin atası təsirli bir çıxışı etdi. Yaşlı ata şəhid oğlundan danışdı. Bir fikri daha kədərli oldu: «Mənim ümidim o idi. Fikirləşirdim ki, mən öləndə onun çiynində qəbr evinə gedərəm. Amma tale elə gətirdi ki, o mənim çiynimdə getdi». Bilirdim ki, Şeyx həzrətləri bir ay bundan əvvəl də Nalçikdə olmuş, mərhum Pşixaçevin evinə getmiş, atası ilə görüşmüş, müsəlman qaydalarına uyğun bu ailəyə hər cür yardım göstərmişdi.
Qurultayda təşkilat məsələsinə baxıldı. Şeyx həzrətləri Anas Pşixaçevin qətlə yetirilməsindən sonra Kabarda-Balkarın müftisi vəzifəsini icra edən Həzrətəli Dzasejevin dini idarınin rəhbəri vəzifəsinə seçilməsini məsləhət bildi. Bu təklif qurultay nümayəndələri tərəfindən yekdilliklə qəbul olundu.
Kabarda-Balkarın müftisi seçiləndən sonra Çeçen Respublikasının müftisi Sultan Hacı Mirzəyevin qısa bir çıxışı oldu. O dedi: «Mən müfti seçilən axşamı o zaman Kabarda-Balkarın müftisi Anas Pşixaçev mənə zəng edib soruşdu ki, qardaş, səni təbrik edim, ya sənə baş sağlığı verim? Mən də dedim ki, ikincisini qəbul etməyə hazıram». Çox təsirli sözlər idi. Şimali Qafqazda çoxlu sayda din adamı öldürülüb, çoxlu qurbanlar verilib. Saylarını dəqiq bilmirəm. Amma onu bilirəm ki, bu xəmir hələ çox su aparacaq.
Qurultaydan sonra çoxsaylı nümayəndələr üçün Qafqazın Şeyxi Allahşükür Paşazadənin adından ehsan süfrəsi açıldı. Bizim nümayəndə heyəti də Şeyxin adından verilən ehsandan Kabarda-Balkarın yeməklərindən təam etdi. Dualarımızda Kabarda-Balkar xalqına əmin-amanlıq və ehsan süfrəsini təşkil etdiyinə görə Şeyx həzrətlərinə can sağlığı arzuladıq.
Sabahkı tədbirimiz Qaraçay-Çərkəz Respublikasında baş tutmalı idi. Qaraçay-Çərkəzdə hava limanı olmadığı üçün Nalçikdən Minvod hava limanına uçduq. Minvod hava limanından xüsusi avtomobil karvanı ilə Qaraçay-Çərkəzin paytaxtı Çerkask şəhərinə yola düşdük. Axşam saat 9 radələrində Çerkask şəhərinə çatdıq.
Tarixi arayış: Qaraçay-Çərkəz Respublikasının paytaxtı Çerkessk şəhəridir. 1922-ci il yanvarın 12-də Qaraçay-Çərkəz Muxtar Vilayəti yaradıldı. 1926-cı ildə Qaraçay muxtar vilayəti və Çərkəz milli dairəsinə ayrıldılar. 1928-ci ildə Çərkəz milli dairəsi Çərkəz Muxtar Vilayətinə çevrildi. 1942-ci ilin avqustundan 1943-cü ilin fevralınadək Qaraçay-Çərkəz ərazisi faşist işğalı altında olmuşdur. Faşizmə qarşı mübarizədə igidliyinə görə 15 minədək əsgər və zabit orden və medallarla təltif edilmiş, 14 nəfərə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. 1943-cü ilin oktyabrında Çərkəz Muxtar Vilayəti ləğv edildi. 1943-1944-cü ilin fevralında muxtar vilayətin müsəlman-türk əhalisi Qazaxıstan və Orta Asiyaya sürgün edildi. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1957-ci il 9 yanvar tarixli Fərmanı ilə qaraçaylıların milli muxtariyyəti bərpa olundu, birləşmiş Qaraçay-Çərkəz Muxtar Vilayəti təşkil olundu. 1991-ci ildə SSRİ-nin dağılmasından sonra Rusiya Federasiyasının tərkibində Qaraçay-Çərkəz Respublikası kimi fəaliyyət göstərir.
Respublikanın əsas yerli əhalisi qaraçaylı, çərkəz, abaza və noqaylardan ibarətdir. Qaraçay və noqaylar türkdillidirlər. Çərkəz və abazalılar isə iber-Qafqaz dil ailəsinə mənsubdurlar.
Əvvəldən nəzərdə tutulan mehmanxanada yerləşdik. Axşam yeməyinə ehtiyac duymurduq. Amma Şeyx həzrətləri ilə görüşmək istəyənlərin sayı çox olduğuna görə mehmanxananın həyətindəki restorana yığışdıq. Mehmanxanaya qoyulan ad diqqətimi çəkdi: «Edelveys». Dəqiq bilirəm ki, bu adın Şimali Qafqazla heç bir bağlılığı yoxdur. Edelveys Alp dağlarında bitən sarımtıl-ağ çiçəkli çoxillik bitkinin adıdır. Bu məlum. Məlum olmayanı və az məlum olanı odur ki, faşist Almaniyasının Qafqaza hücum planı «Edelveys» adlanırdı. Hitlerin Qafqazı Alp dağlarında bitən çoxillik çiçəyə bənzətməsi çox maraqlıdır. Sağlıq olsun, gələcək səfərlərimizdə buna da aydınlıq gətirməyə çalışacağıq. Hitlerin bu işğalçı planının adı Qaraçay-Çərkəzdə nə üçün əbədiləşdirilib? Bu sualı heç kimə ünvanlamadım. Çünki Qaraçay-Çərkəzə «Edelveys»ə görə səfər etməmişik. Nalçik kimi olmasa da, Çerkasskda da əli silahlı adamlara rast gəlmək adi hal idi.
Ümumiyyətlə, Şimali Qafqazın təmiz havası və yaşıllığı heç kim üçün sirr deyil. Burada da qar var idi, amma bu qarın soyuğu hiss olunmurdu.
İlin axır çərşənbə axşamını "Edelveysdə" keçirməli olduq. Səhərisi, yəni çərşənbə günün səhər yeməyinin yadda qalan bir tarixçəsi oldu. Səhər yeməyini fərdi qaydada otaqlarımıza gətirdilər. Amma buna ehtiyac olmadı. Nümayəndə heyətimizin üzvü Hacı Səxavəddin bizim hamımızı Bakıdan gətirdiyi bayram süfrəsinə qonaq etdi. Süfrəni Azərbaycanın dadlı, ləzzətli yeməkləri bəzədi. Hacı Səxavəddin mehmanxananın işçilərini də yaddan çıxarmadı. Onları da şəkərbura, paxlava, qoğal və başqa dadlı yeməklərə qonaq etdi.
Saat  11 radələrində Qaraçay-Çərkəz Müsəlmanları Ruhani İdarəsinin səkkizinci qurultayı öz işinə başladı. Qurultayın rəyasət heyətində  Qafqazın Şeyxi Allahşükür Paşazadə ilə yanaşı, Müstəqil Dövlətlər Birliyi Himayəçilər Şurasının həmsədri Abbas Abbasov və Şeyxin I müavini Hacı Salman Musayev təmsil olunurdu. Qurultayda Şeyx həzrətlərinin maraqlı bir çıxışı oldu. Bu çıxış bir neçə dəfə alqışlandı. Əslində Şeyx həzrətlərinin çıxışında Qurani-Kərimdə insana, insanlığa verilən qiymətə münasibət var idi. Şeyx həzrətləri "Allahın yaratdığını insan öldürməməlidir, ona işgəncə verməməlidir, onun əmlakını yandırmamalıdır, onun torpağını işğal etməməlidir" – fikrini qurultay iştirakçılarına çatdırdı. Şeyx həzrətləri xalqımızın Qarabağ müsibətindən danışdı, Şimali Qafqazın müsəlman qardaşlarına 9 yaşlı Farizin erməni cəlladları tərəfindən snayper gülləsi ilə qətlə yetirilməsini də  ürəkağrısı ilə bildirdi. Bir din xadimi kimi Qarabağ probleminin sülh yolu ilə həll olunması üçün əlindən gələni əsirgəmədiyini və bundan sonra da bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini bəyan etdi.
İslam öldürməyi qəbul etmir, islam başqasının torpağını işğal etməyi də məqbul saymır, islam, eyni zamanda, torpağı işğal altında qalan insanlara da sakit dayanmağı məsləhət bilmir. – Bu fikri də Şeyx həzrətləri dilə gətirdi.
Qurultayın rəyasət heyətində Şimali Qafqazın bütün respublikalarının müftiləri təmsil olunurdu. Təkcə Buxara papaq onları birləşdirmirdi, onları həm də vahid islam və vahid məzhəb birləşdirirdi. Lakin Şimali Qafqazda məzhəb müxtəlifliyi həmişə qardaş qırğınına və çoxsaylı günahsız insanların qətlə yetrilməsinə gətirib çıxarmışdır.
Şimali Qafqazda məzhəb müxtəlifliyi həmişə olmuşdur. Ancaq bu məzhəb müxtəlifliyindən istifadə edən qüvvələr qafqazlılara xoş günlər vəd etsə də, onlara ölüm-itim bəxş etmişlər. Şimali Qafqaz deyiləndə müridizm sözü diqqəti cəlb edir. Çar Rusiyası bu sözə qarşı, bu ideyanı daşıyanlara qarşı yarım əsr vuruşdu, onu tənqid etdi, bu sözə olmazın böhtanları atdı, amma bu sözdən doğan hikməti aradan qaldırmağa müvəffəq olmadı. Çarizmin qəsbkarlıq, müstəmləkəçilik siyasətinə qarşı etiraz qafqazlıları məntiqi şəkildə müqəddəs müharibəyə - cihad ideyasına gətirib çıxardı. Bundan sonra qafqazlılar üçün yalnız Allahın göstərdiyi həqiqət yolunu – təriqəti tapmaq və din başçısının çağırışını qəbul etmək qalırdı. Qafqazlıların bu əhval-ruhiyyəsini vaxtında müşahidə edən, ondan yararlanan Şeyx Şamil müridlərini düşmənə qarşı qəzavətə yönəltməyi ustalıqla bacardı. XIX əsr Şimali Qafqaz xalqlarının həyatında xüsusi bir mərhələdir. XIX əsr Qafqaz xalqlarının tarixini hərə özünə sərf etdiyi formada yazıb və yazır. Amma əsl həqiqəti, daha doğrusu, Qafqazın  ədalətli tarixini iki böyük şəxs daha dürüst yaza bilmişdir. Bunlardan biri bu tarixi yaradan Şeyx Şamildir. İkinci şəxs isə, bu tarixi yazan professor Mirzə Kazımbəydir.
Mirzə Kazımbəyin yazdığına görə, əslində 1832-ci ildə Qazi Mollanın ruslar tərəfindən şəhid edilməsindən sonra imamlıq Şamilə keçməli idi. Çünki Qazi Mollanın müridləri içərisində elmdə hamıdan daha artıq qabiliyyət göstərən, imama daha artıq dərəcədə sadiq olan 32 yaşlı Şeyx Şamil idi. Şəriət və təriqət fikirlərinə əməl etmək baxamından o rəqiblərinin hamısından üstün idi. Şamil öz mürşidinə olan sədaqətini müharibə meydanında da sübut etmişdir. 1832-ci ildə Qumri aulu yaxınlığında ruslarla döyüş zamanı Qazi Molla şəhid ediləndə son dəqiqəyə qədər onun yanından çəkilməyən yeganə mürid Şamil olmuşdur.
İslam tarixi haqqında müxtəsər məlumatı olanlar da bilirlər ki, islamın qapısı sayılan Həzrəti Əliyə də Peyğəmbər Səlavatullanın çox böyük sevgisi olmuşdur. Hətta 632-ci ildə Peyğəmbərimiz (s.ə.s.)gözlərini əbədi olaraq yumanda müsəlmanlar əmin idilər ki, peyğəmbərdən sonra islam dövlətini Həzrəi Əli (ə.s.) idarə edəcəkdir. Dindarlara o da məlumdur ki, Həzrəti Əli (ə.s.) müharibə meydanlarında tayı-bərabəri olmayan bir pəhləvan idi. Bəşəriyyətə  o da məlumdur ki, «Nəhçül-Bəlağə» səviyyəsində kitab yazmaq hər insana, hər elm sahibinə, hər Allah bəndəsinə nəsib olmur. Yaradanın bu sahədə şöhrətləndirdiyi müqəddəs bəndəsi Həzrəti Əli (ə.s.) olmuşdur.
Bir haşiyə: Şeyx Şamilin uşaqlıqda daşıdığı ilk ad Əli olmuşdur. Valideynlərinin Şamildən başqa oğlan övladları yox idi. Doğrudur, Şamilin bacısı var idi, lakin Qafqazda qız övladları yox, yalnız oğlanlar nəslin davamçısı sayılırlar. Peterburqda Mirzə Kazımbəyin Şamildən ailədə neçə uşaq idiniz sualına – Şeyx Şamil: mən tək uşaq idim – cavabını vermişdi. Şamil ilkin daşıdığı Əli adından imtinanın səbəblərini uşaqlıqda keçirdiyi xəstəliklə əlaqələndirmişdir.
Gələcək imam 12 yaşında təhsilə başlamış, on il ərzində islam tədrisində «Müqəddəmat» adlanan kursu başa vurmuş, ərəb dilinin qrammatikasına, məntiq və ritorikaya mükəmməl yiyələnmişdi. Bunun ardınca Şamil fəlsəfəni, Qurani-Kərimin şərhini, hədisləri və fiqh elmini (islam qanunşünaslığı) öyrənmişdir.
Qafqazın qartalı Şamilin həyatından bəzi maraqlı məqamları ona görə oxucularla bölüşmək istədim ki, Qafqazın qəhrəmanlıq tarixi xatırlananda Şamilsiz keçinmək olmur. Ona görə də ayağım Şimali Qafqaz torpaqlarına, vaxtilə Şamilin yaratdığı imamətə dəydiyi üçün Şeyx Şamili xatırlamağı özümə borc bildim.
Şeyx Şamil rus işğalına qarşı mübarizə apardığı illərdə müxtəlif aullara, öz müridlərinə göndərdiyi məktubları bu sonluqla bitirirdi: «Allahın qulu, Şərəfli Peyğəmbərimizin və İmam Qazi Mollanın nökəri, islamın şöhrəti üçün çalışan Şamil». Şeyx Şamil özünün imamlığa gedən yolunun bütün mərhələlərində Peyğəmbərimizi təqlid edirdi. Peyğəbərimiz öz peyğəmbərlik missiyasına hicrətdən başlamış, Məkkəni tərk edərək Mədinəyə gəlmişdi. İmamlığa doğru gedən yol Şamil üçün də hicrətlə başlamışdı. Qazi Mollanın ölümündən sonra o, Qumri aulunu tərk edərək Aşilti auluna gəlmişdi. Peyğəmbərimiz Mədinədə ona yoldaşlıq edib əzab-əziyyətlərə qatlanan ilk müsəlmanları mühacirlər adlandırmış və onları cənnətlə müjdələmişdi. Şamil də eyni ilə kafirlərin hakimiyyətindən qaçaraq müridlərin sırasına daxil olan və gələcək imamla birlikdə əzab-əziyyəti paylaşanları mühacirlər adlandırırdı. Peyğəmbərimiz bütpərəstlərin hökmü altında olanları islama tapınaraq mühacirlərin sırasına keçməyə dəvət etdiyi kimi, Şamil də rus əsarətində qalan dağlıları öz yanına – mühacirlər sırasına çağırır, bu yolu tutmayanlara hər iki dünyada əzab və üzqaralığı vəd edirdi. Peyğəmbərimiz ona yardımçı olan Mədinə sakinlərini ənsar adlandırırdı. Şamil də Aşilti camaatını və yardımına gələn digər dağlıları ənsar qismindən hesab edirdi. Peyğəmbərimiz kimi, Şamil də özünə ən yaxın bildiyi müridləri əshabələri sayırdı. Nəhayət, islamın banisi peyğəmbərimiz paralel olaraq bir neçə ad daşıdığı kimi, Şamilin də fərqli adları olmuşdur.
Rusların «vəhşi dağlıların başçısı» kimi həqarətli sözlərlə təhqir etdiyi Şeyx Şamil Mirzə Kazımbəylə Peterburqda görüşdükləri zamanı Şeyx Şamil sonuncu aulu Qunib ruslar tərəfindən tutularkən on illər boyu topladığı zəngin kitabxanasının yandırılmasından ürəkağrısı ilə danışıb. Mirzə Kazımbəy yazır ki, oğlu Cəmaləddinin ölümü haqqında danışarkən onu belə kədərli görmədim.
Yeri gəlmişkən onu da qeyd edim ki, Şeyx Şamilin də oğlunun adı  Məhəmməd idi. İslama hədsiz məhəbbət və inam ruhunda tərbiyə almış bu gənc dünyada mühüm və diqqətəlayiq nə varsa, hamısının ibadət etdiyi dinə – islama bağlı olmasını ürəkdən istəyirdi. Gənc Məhəmməd heyrətini gizlətməyərək soruşurdu: «Necə ola bilər ki, hər şeyi dərindən öyrənən və bilən Avropa alimləri hələ də müsəlman deyillər?». Oğlundan fərqli olaraq Şeyx Şamili heç nə ilə təəccübləndirmək mümkün deyildi. Mirzə Kazımbəy yazır ki, Şamili bir dəfə təəccüblənən gördüm. Şamili təəccübləndirən Kronştadtda (Sank-Peterburqda liman) lövbər salan rus hərbi gəmiləri olmuşdur. Şeyx Şamil öz heyrətinin səbəbini açıqlayaraq Kronştadt limanının ona tərk etdiyi dumana bürünmüş Qafqazın dərələrini, suda üzən gəmilərini isə sal qayaları xatırladığını söyləmişdir…
Qafqaza, onun təsvirolunmaz  dağlarına qayıtmaq ümidini birdəfəlik itirən Şamil sonda çarın icazəsi ilə Ərəbistan yarımadasına – Həcc ziyarətinə üz tutdu və burada bir zamanlar islamın yaşıl bayrağını yüksəkliklərə qaldırdığı, hər cəhətdən özünü bənzətməyə çalışdığı Peyğəmbərin vətənində haqqın dərgahına qovuşdu. Allah rəhmət eləsin!
Bu sətirləri qələmə alarkən ürəyimdən belə bir arzu keçdi. Kaş Qafqazın Şeyxinin rəhbərliyi altında Ərəbistan yarımadasına – müqəddəs Məkkə və Mədinə şəhərlərinə bir nümayəndə heyəti səfər edəydi. Müqəddəs torpaqlarda dəfn olunan Hacı Abbasqulu Ağa Bakıxanovun və Şeyx Hacı Şamilin qəbrlərini ziyarət etməyi Allah-Təala bizə qismət edəydi. Yəqin ki, haqqa qovuşan bu iki Qafqazlı ziyarətə gələnlərdən soruşmazdı: «Neçin gəldiniz?» Şeyx Şamil həmişə deyərmiş: «Səni ziyarət üçün gələnə demə ki, neçin gəldin, ya necə gəldin, de – xoş gəldin»!
Qafqazla bağlı çox şey yazmaq olar. Yazdıqlarım, mən əminəm ki, heç kimi yormaz. Qafqaz qəhrəmanlıq diyarıdır. Bir zaman onun hər daşı, hər kəsəyi, hər sıldırım qayası uğrunda təkrar-təkrar döyüşlər gedib, qanlar tökülüb, igidlər öz həyatlarını qurban veriblər. Ona görə də dünyaya göz açan hər bir qafqazlı qəhrəman doğulur. Yaradanımız hər bir qafqazlının qollarına ağlagəlməz güc verib. Qafqazlı gənc də həddi-buluğa çatan kimi öz gücünü vətənin azadlığına həsr edir, ya şahid olur, ya da şəhid. Qafqaz haqqında başqa cür düşünmək, başqa cür yazmaq olmur. Haqqa tapının ki, doğru adam olduğun üçün sənə də istinad etsinlər.
Qafqazın Şeyxi Qaraçay-Çərkəz müsəlmanlarının səkkizinci qurultayında Qafqazla bağlı çoxlu məsələlərə toxundu. 400 nəfərlik salon onu diqqətlə dinləyirdi. Bir azərbaycanlı kimi bu mənə xüsusi zövq verirdi. Şeyx həzrətləri İsmayıl Berdiyevin bir müfti kimi müsbət xarakterindən danışdı, onun yenidən müfti seçilməsini təklif etdi. Bu təklif birmənalı qəbul olundu.
Bir haşiyə: Mən Qaraçay-Çərkəzin müftisi İsmayıl Berdiyevi bir neçə ildir ki, tanıyıram. Bakıda Şeyx həzrətlərinin məclislərində görmüşəm. Keçən il aprelin 26-27-də Bakıda Dünya Dini Liderlərinin Sammiti keçirildi. Dünyanın əksər ölkələrindən müxtəlif dinləri təmsil edənlər Bakıda bir araya gəldilər. Hətta erməni katolikosu II Qaregin də Bakıya təşrif buyurmuşdu. Bununla bağlı yadıma bir hadisə düşdü.
Tarixi arayış: 1906-cı ilin fevralında Bakıda erməni-müsəlman qırğını baş verdi. Bir neçə gün ərzində mindən artıq insan qətlə yetirildi, əmlakları isə talan edildi. Erməni katolikosu qırğından bir il sonra çar hökumətinin ermənilərlə bağlı gördüyü tədbirlərlə yaxından tanış olmaq üçün Bakıya gəldi. Katolikos erməni kilsəsindəki çıxışından bir gün qabaq Təzəpir məscidinin tikintisi ilə tanış olmuşdu. Katolikosdan Bakı ilə bağlı təəssüratını soruşanda demişdi ki, Bakıya bir pud dərdlə gəlmişdim, min pud dərdlə qayıdıram. Mən elə bilirdim ki, Bakı da Tiflis kimi erməni şəhəridir, hər şey bizimdir, amma yox, Bakı müsəlmanlarındır. Bu dərd məni öldürəcək.
Mən əminəm ki, Bakıya təşrif buyuran II Qareginə hiss etdirə bildik ki, təkcə Bakı günü-gündən gözəlləşmir, onun milli ordusu işğal olunmuş torpaqlarımızın qaytarılması üçün bir əmrə müntəzirdir. Böyük Yaradanın köməkliyi ilə o gün tezliklə gələcək və Qarabağda uzun illər Qurani-Kərimin möcüzəli səsinə həsrət qalan ana torpaq və qəbr evində bu səsi gözləyən insanların intizarına son qoyulacaqdır. Məncə bu intizara son qoymağın vaxtı çatmaq üzrədir. Nə vaxta qədər erməni gülləsindən şəhid olan cavanlarımızın qohumlarının ah-naləsinin şahidi olacağıq? Bu günün bir sonu olacaqmı? Mən əminəm ki, II Qareginə hiss etdirə bildik ki, dünyanın bütün dini liderlərini Bakıya toplaya bilən bu xalq işğal olunmuş torpaqlarının düşmən əlində qalması ilə heç vaxt barışmayacaq. Tarixdə torpaqlarımıza qarşı çoxlu təcavüzlər olub, qanlar tökülüb, ancaq biz təslim olmamışıq, tökülən qanlara qanla cavab vermişik. Mən əminəm ki, II Qareginə anlada bildik ki, Milli Qəhrəman Mübariz İbrahimovun cənazəsinin vətənə qaytarılması, Təzəpir məscidinin mərasim zalında onun üçün yas mərasiminin təşkil edilməsi, Milli Qəhrəmanın Şəhidlər Xiyabanında dəfn olunması səbrimizin son saatlarından xəbər verir.
Şeyx həzrətləri işğal olunmuş torpaqlarımızın qaytarılması üçün, cəbhə xəttində düşmən tərəfində qalmış vətən yolunda həlak olmuş oğullarımızın cənazələrinin qaytarılması üçün, əsir götürülmüş mülki şəxslərin qaytarılması üçün, dini zəmində dözümlülüyün saxlanılması üçün, xaricdə yaşayan soydaşlarımızla, dünya müsəlmanları ilə əlaqələrimizi möhkəmləndirmək üçün əlindən gələni edir.
Mən də şahidi olmuşam ki, Qafqaz Müsəlmanları İdarəsinin Mətbuat Xidməti Şeyx həzrətlərini gündəlik qəzetlərin xülasəsi ilə tanış edir. Yəqin ki, elə bir gün olmur ki, Şeyx həzrətləri ilə bağlı nə isə yazılmasın. Əlbəttə, yazılar ikitərəfli olur. Şeyx həzrətlərinin fəaliyyəti haqqında obyektiv yazılarla yanaşı, böhtan xarakterli yazılar da olur.
Bir haşiyə: Yaxın illərin söhbətidir. Bakıda Nəriman Nərimanovla bağlı bir konfrans təşkil olunmuşdu. Konfrans başlanandan yarım saat sonra iştirakçılar iki cəbhəyə bölündü. Bir qismi N.Nərimanovu müdafiə edir, o biri tərəf isə N.Nərmanovu az qala vətən xaini elan edirdi. Mənə təsir edən o idi ki, N.Nərimanovun irsini tədqiq etmədən, onun haqqında yazılmış əsərlərdən xəbəri olmayan bir neçə gənc yazar məsələni belə qoyurdular: N.Nərimanov Zəngəzuru ermənilərə verdiyi üçün o, bizim xalqımızın oğlu sayıla bilməz və s. Bir dissertasiya naminə, 25 qramlıq bir namizədlik diplomu xatirinə N.Nərimanova böhtan atmaq olmaz. N.Nərimanovu tənqid etmək üçün heç olmasa, gərək onun, öz xalqı üçün etdiklərinin yarısını edəsən ki, sənin söz deməyə haqqın olsun. N.Nərimanov bir konfrans zalına sığan ziyalı deyil, N.Nərimanov 1921-ci il iyulun 4-də Qarabağın Ermənistana verilməsi haqqında Rusiya Kommunist (bolşeviklər) Partiyasının Qafqaz Bürosunun Plenumunun qərarına nəinki etiraz etdi, hətta iyulun 5-də plenumun yenidən çağırılmasına nail oldu. Plenum yenidən Qarabağ məsələsini müzakirə etdi və Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması qərarını qəbul etdi. Bax, N.Nərimanov belə bir kişi idi. Şübhəsiz, hər bir insanın səhvi olur, hər birimiz az və çox dərəcədə günaha batırıq. Qurani-Kərimin əl-Fatir surəsinin 45-ci ayəsində deyilir: «Əgər Allah insanları etdikləri günahlara görə cəzalandırsaydı, (yer) üzündə bir nəfəri belə (sağ) qoymazdı...» Həmin səs-küylü konfransda gənc vətənpərvərlərə N.Nərimanovun «Ucqarlarda inqilabımızın tarixinə dair» kiçik həcmli əsərini oxumağı məsləhət bildim. Bu əsər N.Nərimanovun şəxsiyyəti ilə bağlı çox şeyi üzə çıxarır.
Sarı mətbuat olduğu kimi, sarı tarix, yəni, qərəzli, böhtançı tarix də olub, çox güman ki, həmişə də olacaq. Şeyx həzrətlərinə böhtan atmaq böyük qəhrəmanlıq deyil. Azərbaycanda bolluca mətbuat var. Bu qəzetləri materiallarla yükləmək lazımdır, yoxsa qəzet ağ çıxmayacaq ki? Əlindən heç bir iş gəlməyənin cibindən müxbir vəsiqəsi çıxır. Belə səbatsız müxbir də əli çatmadığı, işini qiymətləndirə bilmədiyi insanlar haqqında böhtanlar yazır. Belələrinə elə gəlir ki, böyük şəxslər haqqında böhtan yazanda sən özün də böyüyürsən. Əslində bu yanlış düşüncədir.
Bir haşiyə: Qədim Yunanıstanda Herastrat tarixə düşmək üçün Efesdə Artemida məbədini yandırdı. Amma Herastratın arzusu ürəyində qaldı. Hərdən Şeyx həzrətləri səviyyəsində insanlara böhtan atanlara tarixi xatırladanda Herastrat yada düşür. Belə yada düşməkdənsə, düşməsə yaxşıdır! Şeyxlə bağlı böhtan yazanların əksəriyyəti ya sifariş yerinə yetirir, ya da Şeyxi yaxından tanımırlar. Əgər onlara Şeyx həzrətləri ilə yol yoldaşı olmaq nəsib olsa, onda Şeyxin nə qədər böyük bir şəxsiyyət oldunun şahidi ola bilərlər.
Şeyx həzrətləri mərd adamdır. Namərdlərin onunla bağlı yazdığı böhtanlara əhəmiyyət vermir. Bir də ki, bir böhtanın ki, adı sarı ola, bu sarı yaşıl rəngdə olan və paklığı ilə hamıya nümunə  olan  islam rənginə hansı böhtanı ata bilər. Atdığı böhtanın gücü nə qədər ola bilər? Şeyx həzrətləri bağışlayandır, ona böhtan atanları da bağışlayıb, ona nahaqdan hücum etmək istəyənləri də bağışlayıb, ona paxıllıq edənləri də bağışlayıb və bağışlayır.
Şimali Qafqaz müftiləri içərisində xarici görünüşcə ən cüssəlisi İsmayıl Hacıdır. Dünya Dini Liderlərinin Bakı Sammitində çoxlu sayda xatirə şəkilləri çəkilib (şəkillərin sayı beş mindən çoxdur). Bu şəkillərdə ən çox görünən İsmayıl Hacıdır. Mənə belə gəlir ki, İsmayıl Hacı bir az ötkəmdir. Şeyx həzrətləri İsmayıl Hacının müsbət keyfiyyətlərini qurultay nümayəndələrinə çatdırdı. İsmayıl Hacı yenidən beş illiyə Qaraçay-Çərkəzin müftisi seçildi.
Bir haşiyə: Çeçen müftisi Sultan Hacı bu qurultayda maraqlı bir çıxışı ilə yadda qaldı. O, dedi ki, bir neçə il bundan əvvəl Vatikanda təşkil olunmuş dini konfransa qatılmışdım. Rəyasət heyətində mənim yanımda İstanbuldan gələn bir xristian din xadimi oturmuşdu. Ona söz verdilər. Üzünü zala tutub məni göstərərək dedi ki, mən bu adamdan qorxuram. Ona görə ki, o müsəlmandır, o terrorçudur və s. Sonra mənə söz verildi. Üzümü ona tutub dedim ki, əziz qardaşım, müsəlman olduğuma görə məndən qorxma, bu zalda oturan başqa din mənsublarından da qorxma, sən bizi yaradan Allahdan qorx. Bu günə qədər sənin həyat yolun və moizələrin doğru olmayıb. Bütün zal Sultan Hacını alqışlayıb. Ona böhtan atan din xadimi isə hamının gözü qarşısında Hacı Sultandan üzr istəyib. Mənim Hacı Sultan ilə şəxsi tanışlığım yoxdur, ancaq bu günlər ərzində ən çox hörmət bəslədiyim din xadimlərindən biri Sultan Hacı oldu. İnşallah, Bakıda daha yaxından tanış olarıq.
Qurultay başa çatdıqdan sonra Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin adından tədbir iştirakçıları üçün ehsan süfrəsi açıldı. Allah qəbul eləsin!
Növbəti səfərimiz Şimali Osetiya–Alaniya Respublikasına idi. Şimali Osetiyaya getmək üçün Çerkasskdan avtobus yolu ilə Minvoda qayıtmalı idik. Oradan isə Minvod hava limanında bizi gözləyən təyyarə ilə Şimali Osetiyanın paytaxtı Vladiqafqaza yola düşməli idik. Çerkasskdan Minvoda qədər 80 km. yolu avtomobil karvanımız rahatca qət etdi. Minvoddan Vladiqafqaza qədər uçuşumuz çox da uzun çəkmədi. Vladiqafqaz hava limanında Azərbaycan nümayəndə heyətini və onun rəhbəri Şeyx həzrətlərini çox isti qarşıladılar. Rəsmi qarşılanma mərasimində dövlət və hökumət nümayəndələri ilə yanaşı, Azərbaycan diasporu da yaxından iştirak edirdi.
Tarixi arayış: Şimali Osetiya–Alaniya Respubikası, sahəsi 8 min kv.km., 2005-ci ilin siyahıyaalınmasına görə əhalisi 704 min 400 nəfərdir. Paytaxt Vladiqafqazda 310 min 600 nəfər yaşayır. Latınlar bu qəhrəman xalqı alanı, ərəblər əllan, ruslar yas, gürcülər os adlandırırlar. Alan tayfaları eramızın I əsrində Azov dənizi ətrafında və Şimali Qafqazda məskunlaşmışdılar. Alanların bir qismi Xalqların Böyük Köçü zamanı (bu xoşbəxtlik dünyanın bir neçə xalqına nəsib olub) Qalliyadan, İspaniyadan keçərək Şimali Afrikaya qədər getmiş, digər bir qismi isə Qafqaz dağlarının ətəklərində məskunlaşmışdılar. VI-VII əsrlərdə alanlar arasında xristianlıq yayılmağa başlamış, VIII əsrin 30-cu illərində isə alanlar islam dinini qəbul edərək Xilafətin tərkibinə qatıldılar.
X əsrdə Şimali Qafqazın mərkəzi ərazilərində Alaniyanın siyasi nüfuzu güclənməyə başladı. Alanlar 1211-ci ildə Didqori döyüşündə gürcü, qıpçaq və Qərbi Avropa səlibçilərinə qoşularaq Səlcuq qoşunlarını məğlub etdilər və 1222-ci ildə Tiflis şəhəri 400 illik müsəlman idarəçiliyindən sonra gürcülərin paytaxtına çevrildi. Lakin sonrakı əsrlərdə də Tiflisin idarə olunmasında, ticarət və sənətkarlıq işlərində yerli müsəlman əhalisi aparıcı rol oynamaqda davam edirdi.
XIII əsrdə Şimali Qafqazda monqol idarəçiliyi həyata keçirilsə də alanların və çərkəzlərin bəzi tayfaları monqol əsarətini qəbul etməyərək çətin keçilən ərazilərdə məskunlaşdılar. Monqol yürüşləri nəticəsində alanların bir hissəsi məhv edildi, başqa bir hissəsi Monqolustana aparılaraq hərbi yürüşlərə göndərildi, üçüncü bir hissəsi Mərkəzi Qafqaza çəkilərək, oradan da Dəryal keçidi ilə Gürcüstana – Böyük Qafqaz dağlarının cənub ətəklərinə köçməyə başladılar.  Osetin (alan) xalqı bu ərazilərdə formalaşmağa başladı.
1749-cu ildə Əlixanovun başçılığı ilə nüfuzlu şəxslərdən ibarət Osetin nümayəndə heyəti Peterburqa yola düşdü. Elçilik Osetiyanın Rusiya himayəsinə keçməsi məsələsini həll etmək üçün uzun müddət gərgin danışıqlar aparmalı oldu. Osmanlı dövlətindən ehtiyat edən Rusiya osetin nümayəndə heyətinə tam müsbət cavab verə bilmədi. 1774-cü ildə Osmanıl ilə Rusiya arasında bağlanmış Kiçik Qaynarca sülhünə görə Şimali Osetiya Rusiyanın tərkibinə daxil edildi. 1784-cü ildən etirbarən Mozdokdan Dəryal keçidinin Şimal girişinə qədər ərazilərdə istehkamların tikintisinə başlanıldı. Dəryal keçidinin şimal başlanğıcında Vladiqafqaz qalasının əsası qoyuldu.
1924-cü il iyulun 7-də Şimali Osetiya Rusiya Federasiyasının tərkibində Muxtar Vilayət kimi təşkil olundu. 1936-cı il dekabrın 5-də Şimali Osetiya Muxtar Respublikaya çevrildi. 1941-1945-ci illər müharibəsi dövründə Şimali Osetiya ərazisində ağır döyüşlər getmişdir. 1943-cü ildə Şimali Osetiya ərazisi faşistlərdən azad edilmişdir. Faşist işğallarına qarşı müharibədə göstərdikləri igidliklərinə görə 60 min nəfər döyüşçü orden və medallarla təltif olunmuş, 60 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
1991-ci ildə SSRİ-nin süqutundan sonra Şimali Osetiya – Alaniya adını bərpa edərək Rusiya Federasiyasının tərkibində respublika statusundadır.
Vladiqafqaz hava limanından birbaşa 2004-cü ildə Beslanda törədilən terror nəticəsində həlak olan məktəblilərin uyuduğu məzarlığa yollandıq. Bura çox təsirli yerdir. Erməni təcavüzü nəticəsində Azərbaycanın hər kənddə şəhid məzarlığı var, bu məzarlıqda hər yaşda insanlar dəfn olunub. Amma burada qətlə yetirilənlərin əksəriyyəti məktəb yaşlı uşaqlardır. Ən balacasının 8, ən böyüyünün isə 16 yaşı var. Qətlə yetirilən bu zavallıların heç bir günahı yoxdur. Günah siyasətdədir, günahkarlar isə siyasətçilərdir.
Şeyx həzrətləri də Beslan məzarlığında birinci dəfə olurdu. Baş verən faciəni təsəvvür etmək çox çətin idi. 6-7 yaşlarında məktəbli sentyabrın 3-də səhər tezdən dərsə gedir, amma gülləyə tuş gəlir. Beslanda qətlə yetirilən məktəblilərin sayı çoxdur. 2004-2006-cı illərdə Beslanda zərər çəkən və müalicəyə ehtiyacı olan insanlar üçün Bərpa Mərkəzi inşa olunmuşdur. Uzun müddət Vladiqafqazda yaşayan Tələt müəllimin dediyinə görə respublikada bu böyüklükdə ikinci bir tikili yoxdur. Həmin bərpa mərkəzində bu gün də çoxlu sayda insanlar müalicə olunur.
Beslan ziyarətindən sonra bizim üçün nəzərdə tutulan mehmanxanaya getdik. Azərbaycan diasporunun fəal üzvləri İsa İsayev, Şahin Məmmədov, Tələt müəllim və adını bilmədiyim bir çox insanlar bizi böyük sevgi ilə mehmanxanada yerləşdirdilər. Onlar Şeyx həzrətləri ilə birinci dəfə idi ki, üz-üzə, göz-gözə otururdular. Bizə ayrılmış səliqəli və rahat otaqlarda yerləşdik.
Alaniya torpağına ayağım dəyən kimi hiss etdim ki, Şimali Osetiya olduğumuz iki respublikadan xeyli irəlidir. Mədəni səviyyəsinə görə, həyat tərzinə görə, insanlara münasibətə görə Şimali Osetiya daha irəlidədir. Mehmanxananın birinci mərtəbəsində bizim üçün açılan süfrə də çox zəngin idi.
Nümayəndə heyətimizin tərkibində ANS telekanlının iki gənc əməkdaşı da var idi. Tural Bakı Dövlət Universitetini məzunu olduğu üçün onu yaxşı tanıyırdım. Öz işini yaxşı bilən telejurnalistlərdən biridir. Tural hər dəfə yemək stoluna gec oturmalı olurdu. Buna səbəb Turalın materialları operativ şəkildə Bakıya ötürmək üçün internet axtarışına çıxması olurdu. Onu da deyim ki, Kabarda-Balkar və Qaraçay-Çərkəz bu məsələdə çox geri qalıb. Ona görə də yeməyə oturub "Bismillah" eləməmiş Şeyx həzrətləri çox nəzakətlə soruşurdu ki, filankəslər niyə yoxdur, görün hardadılar, nə vaxt gələcəklər. İlk nəzərdə bu o qədər də böyük diqqət sayılmaya bilər, əslində isə bundan böyük qayğı ola bilməz. Şeyx həzrətləri yemək stolu arxasında çox sadə bir insan olur. Düzdür, özü, demək olar ki, çox az yeyir, amma bunu məclisə sezdirmir. Şeyx yemək stolu arxasında ciddi oturmur, çünki o, ciddi görünsə, hamı əlini süfrədən tez çəkməli olacaq. Mən bir neçə dəfə müşahidə etmişəm. Şeyxin süfrə arxasında oturmağı da, söhbət etməyi də, yeməklər haqqında fikir bildirməsi də xüsusi bir mədəniyyət nümunəsidir. Şeyx həzrətlərindən öyrənməyə dəyər.
Axşam yeməyi zamanı sabahkı görüşlərimizi bir daha dəqiqləşdirdik. Şeyx həzrətləri ilə xudafizləşib hərə öz otağına çəkildi. Axşam yol qeydlərimi edib, uzandım. Vladiqafqaz bizi mehribanlıqla qoynuna aldı.
Şeyx həzrətlərinin səhər yeməyi zamanı Azərbaycan diasporunun nümayəndələri ilə görüşü oldu, onların arzu, istəkləri və problemləri Teymuraz Mamsurov ilə yaxından tanış oldu. Məlumat var idi ki, Şeyx həzrətlərinin Alaniya prezdenti ilə təkbətək görüşü nəzərə tutulub. Martın 17-də səhər yeməyindən sonra müqəddəs bir yerin ziyarətinə getdik. Bu yer XX əsrin əvvəlində həmyerlimiz, neft milyonçusu Murtuza Muxtarovun Vladiqafqazın mərkəzində tikdirdyi əzəmətli məscid idi.
Tarixi arayış: Murtuza Muxtarov kimdir? Murtuza Muxtarov Bakının Əmircan (Xilə) kəndində anadan olub. Cavanlığında arabaçı olub, mədənlərdən çəlləklə şəhərə qara neft daşıyıb satırdı. Fiziki cəhətdən güclü və dözümlü, xaraktercə sərt və qorxmaz bir kişi olub. Bakı kəndlərində quyuları mexaniki üsulla qazmağa başlayanda Murtuza Muxtarov buruqda adi fəhlə işləyirdi. O zaman mədənlərdə pul qazanmaq üçün insandan dözüm və güclü iradə tələb olunurdu. Martov adlı bir rus sahibkarı Murtuzadakı bu dözümü görüb ona mexaniki alət və cihazların sirrini öyrədir, onu usta təyin edir, mədən emalatxanasını ona tapşırır. Murtuza quyu qazmaq üçün Kanadadan gətirilmiş dəzgahlarda bir neçə dəyişiklik edir, qazma zamanı quyularda alət və cihazları xilas edən usta kimi ad çıxarır, mühəndislərə maaş verib öz savadını və texniki biliklərini artırır, çertyoj  çəkməyi və sxem qurmağı öyrənir, Bibiheybətdə ilk neft avadanlığı zavodunu işə salır. Murtuza Muxtarov Bakı ilə yanaşı Maykop və Qroznıda neft mədən sahibləri ilə müqavilə bağlayaraq quyular qazır, tez-tez Şimali Qafqaza səfərlər edirdi.
Murtuza Muxtarov bir dəfə Osetiyada Beslan dəmir yolu vağzalında maraqlı bir hadisənin şahidi olur. Perronda çərkəzi libasda iki zabit yerə xalça salıb canamaz açırlar. Çərkəzi libasda yaşlı bir general həmin yerdə namaz qılmağa başlayır. Murtuza Muxtarov öyrənir ki, namaz qılan şəxs Vladiqafqazın tanınmış adamlarından biri olan general Tuqanovdur. Tanış olurlar, Murtuza generalın dəvətini qəbul edərək evinə qonaq gedir, sonralar generalın ortancıl qızı Liza xanımla ailə qurur. Beləliklə, Murtuza Muxtarov Vladiqafqazda müsəlmanlar namazlarını vağzallarda qılmasınlar deyə, 1904-1908-ci illərdə qırmızı kərpicdən gözəl bir məscid tikdirərək onlara bağışlayır.
Məscid qırmızı kərpicdən tikilib. Məscidin bir əsrdən artıq inşa edilməsinə baxmayaraq, o öz möhtəşəmliyini bu gün də qoruyub saxlaır. Məscid çayın kənarında inşa olunub. XX əsrin bütün sərt qadağalarına baxmayaraq, Murtuza Muxtarov məscidi Vladiqafqazın gözəl mədəniyyət abidələrindən biri kimi mövcuddur. Məscid inşa olunandan bu günə qədər təmir olunmayıb, ancaq hazırda məscidin təmir və bərpaya hava və su kimi ehtiyacı var. Məscid Vladiqafqazdakı bütün Azərbaycan diasporunu öz ətrafında birləşdirə biləcək gücə malikdir.
Şeyx həzrətlərinin məscidə ziyarət edəcəyini eşidən yüzlərlə azərbaycanlı bizi məscidin həyətində gül-çiçəklə qarşıladı. Şeyx həzrətləri başda olmaqla Azərbaycan nümayəndə heyəti və yerli dindarlar namaz qıldılar, dualar etdilər. Şeyx həzrətləri Azərbaycan haqqında, Qarabağ haqqında, səfərimizin məqsədi və məramı haqqında məscidə toplaşanların qarşısında maraqlı bir çıxış etdi. Verilən suallara çox təmkinlə cavab verirdi. Bir ananın Şeyxdən kömək istəməsi çox təsirli bir səhnə yaratdı. Qadın Şeyx həzrətlərindən övladlarına kəbin kəsilməsini xahiş etdi. İnanın, həmin ananın çıxışı o qədər təsirli idi ki, gözlərim doldu. Həmin ana deyəndə ki, Şeyx həzrətləri, bütün gecəni yatmamışam, səhər tezdən gəlib məscidin qapısını kəsdirib Sizi gözləmişəm ki, balalarımın kəbin problemini Sizdən xahiş edəm, mənə kömək edin. Mən balalarımın müsəlman adətində – kəbinli görmək istəyirəm. Hər işdə təmkin göstərən Şeyx həzrətləri bu işi çox ustalıqla yoluna qoydu. Söhbət islam dəyərindən, şəriətdən getdiyi üçün Şeyx həzrətləri qərar vermək üçün heç kimi gözlətmədi. Şeyx həzrətlərinin – Qarabağ problemi nə vaxt həll olunacaq? – sualına cavabı da maraqlı oldu. Şeyx həzrətləri dedi: "Qarabağ hamımızın dərdidir, Qarabağın Azərbaycana qaytarılması üçün hamımız əlindən gələni etməliyik. Dağlıq Qarabağ probleminin ədalətli şəkildə həll olunması üçün dövlətimizin başçısı əlindən gələni edir. Mənə verilən məlumata görə bu respublikada beş mindən artıq azərbaycanlı yaşayır. Siz burada elə bir birlik nümayiş etdirməlisiniz ki, respublikada hamı sizin yaxşı işlərinizdən, xeyirxah əməllərinizdən danışsın, sizi sevsinlər və Qarabağ problemində bizə yardımçı olsunlar. Mən istəyirəm ki, siz bu respublikada yaşayanlara nümunə olasınız. Qoy hamı görsün ki, azərbaycanlılar xeyirxah, işgüzar, qonaqpərvər, halal zəhmətlə dolanan və öz dinlərinə bağlı insanlardır. Mənim sizdən istəyim budur". Şeyx həzrətləri Qafqaz Müsəlmanları İdarəsi adından məscidə adına layiq bir ipək xalça bağışladı.
Mən bilirdim ki, Alaniyada kifayət qədər erməni yaşayır. Məscidə ziyarətə gələndə yolumuz erməni kilsəsinin yanından keçdi. Tələt müəllimdən ermənilər nə ilə məşğul olurlar sualına – onun cavabı çox qısa oldu: «Hər şeylə. Bizimkilər bazardan yapışıb durublar, ermənilər isə dövlət idarələrinə doluşublar. Gördüyünüz bu kilsəni ermənilər SSRİ dağılandan sonra bərpa ediblər, şəhərin ən gözəgəlimli binasına çeviriblər. Amma biz o gözəllikdə, o qədimlikdə məscidi bərpa edə bilməmişik».
Məscidin ziyarətindən sonra Alaniya müsəlmanlarının V qurultayı keçirilən zala gəldik. Şeyx həzrətləri böyük hörmət və izzətlə rəyasət heyətinə dəvət edildi. Qafqazın bütün müftiləri Şeyxin ətrafında cəm oldu.
Beləliklə, qurultay başladı. Alaniyanın yeni muftisini təklif edən də, ona ilk xeyr-duanı verən də  Şeyx həzrətləri oldu. Qurultay da Şeyxin bu təklifini böyük ruh yüksəkliyi ilə qəbul etdi – Qatsalov Hacı Murad Şimali Osetiya –Alaniya müsəlmanlarının dini rəhbəri vəzifəsinə seçildi.
Qurultayın gündəliyini əvvəldən paylamışdılar. Qurultay uşaq qrupunun çıxışı ilə başa çatmalı idi. Dini tədbirdə uşaq qrupunun nə çıxışı ola bilərdi? Amma mümkün imiş, hətta mən deyərdim ki, qurultayın dadı da, tamı da bu qrupun çıxışı ilə bağlı oldu. Qısası, 7-12 yaşlı çərkəzi paltarda olan oğlanlar və milli geyimli qızlar səhnəyə çıxdılar. İslami dəyərləri vəsf edən şeirlər söylədilər, dualar etdilər. Səhnəyə 7-8 yaşlarında arıq bir oğlan uşağı gəldi. Əllərini Yaradana uzadaraq dualar başladı. İlk duanı valideynləri üçün etdi, sonra vətəni üçün, xalqı üçün, ölkəsinin sərvətləri üçün dualar etdi. Allah-Təala onun valideynlərini müsəlman yaratdığı üçün dua etdi. Bir duası daha maraqlı oldu: "İlahi şəhər və qəsəbələrimizdəki spirt zavodlarını konditer sexlərinə çevir"! Bu kiçik uşağın arzuları çox idi. Hamı onu əzizlədi, ona mərhəba! dedilər. Mənim də ürəyimdən bunlar keçdi ki, Allah saxlasın, kaş bizim də bu yaşda uşaqlarımız dualarını belə başlayaydılar: "İlahi, Qarabağ torpaqlarının qayıtmasında bizə kömək ol! İlahi, xalqımızı qoru, halal zəhmətlə qazandıqlarımızı bərəkətli et! Namərdə fürsət vermə, əməl sahiblərinə meydan ver, xeyriyyəçilərimizin ürəyinə islam hərarəti sal ki, onlar da Dərbənddə, Vladiqafqazda, daha neçə-neçə şəhərdə bərpasını gözləyən məscidlərə yardım əlini uzada bilsinlər". Amin!
Qurultaydan sonra Şimali Osetiya-Alaniyanın prezidenti Teymuraz Mamsurov Şeyx həzrətləri başda olmaqla Azərbaycan nümayəndə heyətini qəbul etdi. Alaniya prezidentinin Qafqazın Şeyxinə xüsusi hörmətlə yanaşdığı heç kimin diqqətindən yayınmadı. Az sonra Şeyx həzrətləri ilə prezident  Teymuraz Mamsurov arasında təkbətək görüş oldu. Görüşün nəticələrindən ən çox qazanan Azərbaycan diasporu oldu.
İkinci gün idi ki, Tələt müəllim məni Vladiqafqazla tanış edirdi. Tələt müəllim Gürcüstanda doğulan azərbaycanlıdır. Valideynlərini görmək üçün ildə heç olmasa bir dəfə Gürcüstanda olur. Dediyinə görə gürcü kilsəsi gürcülər üçün toxunulmaz, onun katolikosu isə müqəddəsdir. Heç bir qəzet, heç bir siyasi dairədə katolikos tənqid olunmur, ümumiyyətlə belə bir fikir heç kimin ağlına gəlmir. Ermənilərdə də vəziyyət belədir. Katoliklər üçün Vatikanın müqəddəsliyi heç kimdə şübhə doğurmur. İşimlə əlaqədar arada bir Bakıda da oluram. Şeyx həzrətləri haqqında böhtan xarakterli yazılara rast gələndə çox narahat oluram. Belə yazı müəlliflərinə müsəlman demək olarmı? Biz iki gündür ki, həyatımızın ən xoşbəxt günlərini yaşayırıq. Qafqazın Şeyxi bizə qonaq gəlib, uğurlarımıza sevinir, problemlərimizi həll etməyə çalışır. Xeyli vaxt idi ki, vaxtilə məscid olan o tikilini geri almaq istəyirdik, vermirdilər. Amma Şeyx həzrətləri bu istəyimizi prezidentlə görüşündə bir dəqiqənin içində həll etdi. Şəhərin görməli yerində bir park salmaq istəyirdik, amma icazə ala bilmirdik. Şeyx həzrətləri onu da həll etdi. Allah-Təala Şeyx həzrətlərinə can sağlığı versin.
Vladiqafqazda hamı ilə xudafizləşib hava limanına üz tutduq. Yolda Beslandakı məscidə baş çəkdik, Şeyx başda olmaqla namaz qıldıq, dualarımızı etdik, məscidə Quran bağışladıq. Respublika rəhbərliyi və Azərbaycan diasporunun üzvləri bizi Vladiqafqaz hava limanından yola saldılar. Təyyarəmiz Bakı istiqamətində havaya qalxdı.
Biz təyyarədə olanda (həm gedəndə, həm də qayıdanda) Qafqazın səması çox aydın idi. Biz uçan hündürlükdə demək olar ki, bulud yox idi. Qafqaz göydən çox sakit və rahat görünsə də, əslində bu görüntü aldacı idi. Qafqazın bir neçə ərazisində hələ də qan tökülür, günahsız insanlar qətlə yetirilir, analar gözüyaşlı, körpələr yetim qalır. Qafqazda ən böyük müharibə ocağı erməni işğalı altında inləyən Qarabağdadır. Şeyx başda olmaqla vətənə qayıdan Azərbaycan nümayəndə heyəti  göyün ənginliklərində Qafqazın gələcəyi üçün dualar edirdi. İlahi, sən Qafqaza sülh, əmin-amanlıq əta et, qardaş qırğınına son qoy, Qarabağ probleminin ədalətli həllinə kömək ol. Amin!
Azərbaycan dövlətinin Dağlıq Qarabağ siyasəti məlumdur. Ermənistanla danışıqlarda Azərbaycanın ərazi bütövlüyündən söhbət gedə bilməz. Vaxtilə Ermənistana mümkün olandan da çox güzəştlər etmişik. Biz torpaqlarımızı erməni işğalı altında qoymayacağıq. Qafqazın Şeyxi də əlindən gələni edir ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunsun, Qafqazda müharibə ocaqları ləğv edilsin, insanlar qorxu içərisində yaşamasınlar. Qafqazın Şeyxi Qafqaz ailəsi üçün Qafqaz evini arzulayır, Qafqaz evini qurmaq üçün yollar axtarır. Bu yolda ona Allahdan can sağlığı arzulayırıq.
 Bakı – Nalçik – Çerkassk – Vladiqafqaz – Bakı.      15-17 mart 2011-ci il.


tarix elmləri doktoru, professor
Anar İsgəndərov
URL / WWW
http://kelam.az/article/a-3309.html