Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Azərbaycanın incisi
11.04.11 16:03

Və ya Qoruq şəhəri olan Ordubad - o daha çox açıq səma altında bir muzeyi xatırladır

Xalqımızın ümümmilli lideri Heydər Əliyev tərəfindən “Azərbaycanın incisi“ adlandırılan Ordubad təkcə təbii gözəllikləri, relyefi, flora və faunası ilə öyünmür. Burada tarixilik baxımdan diqqəti cəlb edən qədim yurd yerləri və məskənlər, həmçinin tarixi abidələr rayonda məskunlaşmış etnosların yüksək mədəniyyətindən, mənəvi irsindən xəbər verir.  Qaynaqlarda Ordubad sözünün mənşəyi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Əsasən bu adın qədim türk dillərində “xan duşərgəsi”, “iqmətgah”, “qərargah” mənalarında işlədilən “ordu” və “abad” sözlərinin birləşməsindən əmələ gəldiyi göstərilir. Keçmişdə şəhərin adı Orduvar şəklində qeydə alınıb. Mahmud Kaşğari bu sözü “xaqanın  yaşadığı yer, iqamətgah” mənasında işlədib. Tədqiqatçı Ə.Hüseyni isə bu toponimin əvvəl "Orduvad" adlanıb, "Bəyin qalası" mənasını ifadə etdiyini bildirir. Onun fikrincə “Bəy qalası"  sonralar böyüyərək  şəhərə çevrilmişdir.
Yazılı qaynaqlarda Ordubadın orta əsrlərdə böyük şəhər oduğu göstərilir. Onun haqqında ərəb, türk, fars, gürcü, erməni və Avropa mənbələrində ətraflı məlumatlar verilir. Şəhərin  salındığı tarix dəqiq müəyyənləşdirilmsə də onun  adı ilk dəfə VII əsrə aid mənbələrdə çəkilir. Yepiskop Sebeos həmin dövrdə ərəb istilalarından danışarkən “işğalçıların  buradan keçməsini” göstərmişdir. Səfəvi tarixçisi İsgəndər Münşi Ordubadın gözəl meyvə bağları ilə əhatə olunduğunu qeyd edir. XIX əsrdə yaşamış  etnoqraf və tarixçi, milliyətcə fransız olan  İ.İ. Şopen  Qafqazın, o cümlədən İrəvan və Naxçıvan xanlıqlarının  tarixinə həsr etdiyi əsərində  buranı “bütün Qafqazın  ən şairənə, dilbər guşələrindən biri” adlandırır.
Bu böyük şəhər orta əsrlərdən ərazisinə görə “Ambaras", “Kürdata”, “Üçtürləngə”, "Mingis", "Sərşəhər” kimi bir neçə böyük məhəlləyə bölünüb. Ancaq onu da deyək ki, şəhərdə “Qaraçanaq”, “Dilbər”, “Əngəç”, “Qarahovuz başı”, “Əsgərxan”, “Körpübaşı”, “Bəylər”, “Qoşqar” və bu kimi kiçik məhəllələr də mövcuddur.
Rayon ərazisi  bəşər sivilzasiyasının ilkin insan məskənlərindən biridir. Buradakı Kilid mağarası daş dövrünün abidəsi olmaqla, o dövrdə insanların yaşayış yeri, sığınacağı olmuşdur.
Onu da deyək ki, rayon ərazisində qeydə alınan 292 abidənin hər biri tariximizin dərin və sirli qatlarından soraq verir. Bu abidələrdən dördü dünya əhəmiyyətli hesab olunur. Qeyd edək ki, Muncuqlutəpə nekropolu Dəmir dövrünə aid arxeoloji abidədir, Xaraba Gilan və Plovdağda isə e.ə. II-I minilliklərə aid mədəniyyət qalıqları ilə zəngin olan yaşayış yerləri və nekropollar üzə çıxarılıb.
* * *
Dünyanın müqəddəs panteonlarından sayılan, dəniz səviyyəsindən 3900 metrdən də artıq hündürlükdə yerləşən Qapıcıq dağının ətəyində, fantastik görünüşü ilə  insanı heyrətə gətirən, Gəmiqaya abidəsi də Ordubad ərazisindədir. Ulu öndər Heydər Əliyevin sözləri ilə desək, “o, təkcə təbiətin böyük bir abidəsi olmayıb, eyni zamanda min illərlə insan yaradıcılığının məhsuludur”. Minlərlə qayaüstü rəsmlərin  həkk olunduğu ərazidə  qədim yurd  yerlərinin qalıqları aşkara çıxarılıb. Sərt və sıldırım qayaların  üzərində  insan və müxtəlif heyvan rəsmləri, yay-oxla keçi ovlanması səhnəsi, piktoqrafik xarekterli rəmzi işarələr  və təsvirlər məharətlə həkk olunub. Türk xalqlarının  totemlərlə bağlı  təsvirləri də özünə geniş yer alıb. Səma cismləri ilə əlaqədar qazılmış təsvirlər ciddi maraq doğurur. Gəmiqaya təsvirləri  eramızdan əvvəl VI-I minilliklərdə yaşamış tayfaların həyat tərzini və mədəni inkişaf yollarını hərtərəfli izləməyə imkan  verir. O, bəşər sivilzasiyasının ikin yaşayış məskənlərindən biri sayılır. Məkrli erməni iddialarında  Gəmiqayanın adının tez-tez çəkilməsi də onların bu torpağa və tarixə sahiblik iştahalarından irəli gəlir.
Gilançayın  sahilində, təpələr və dağlar üzərində yerləşən Xaraba Gilan ərazisində antik dövrdə şəhər mədəniyyəti yaranmış, sonralar bu yaşayış yeri ölkəmizin mühüm ticarət  və sənətkarlıq mərkəzlərindən birinə çevrilmişdir. Şəhər xarabalıqları yüz hektardan artıq ərazini əhatə edir. Arxeoloji qazıntılar nəticəsində  daş, çiy və bişmiş kərpicdən tikilmiş yaşayış evləri, karvansaralar, türbələr, məscid, habelə sənətkarlıq ocaqları  və digər tikinti qalıqları aşkar edilmiş, XII-XIV əsrlərə aid gil qab və memarlıq fraqmentləri üzərində kufi, nəsx xətlərlə yazılara rast gəlinir.
Onu da deyək ki, Gilan sözünün etimologiyası haqqında da müxtəlif fikirlər səslənməkdədir. Bu söz qaynaqlarda “böyük”, “möhtəşəm”, “giləklərin yaşadığı yer” kimi göstərilsə də, böyük şərqşünas alim, akademik Bartold Gilan adının kadusi tayfalarının bir qolu olan “gellərin yaşadığı yer” mənasını ifadə etdiyini yazmışdır. Deyilənlərə görə, XIV əsrdə monqol  istilaları zamanı şəhər büsbütün dağıdıldığından onun xarabalıqlarına yerli əhali tərəfindən Xaraba Gilan adı verilib.
* * *
Ordubad qədim zamanlardan Şərqin memarlıq ənənələrini özündə yaşadan, zəngin milli ornamenti, özünəməxsus memarlıq üslubu ilə seçilən tarixi abidələri ilə də  məşhurdur. Bölgə ərazisindəki dünya əhəmiyyətli abidələrdən biri də orta əsr Ordubad şəhəri olub. Necə deyərlər, bütöv şəhər ərazisi arxeoloji abidə kimi qeydə alınıb.  Əldə olunan maddi mədəniyyət nümunələri də  orta əsrlərdən bəri formalaşan şəhər mədəniyyətindən xəbər verir. Arxeoloji  abidənin xeyli hissəsi  müasir tikililəri altında qasa da Came məscidinin təmiri zamanı üzə çıxarılan bir kitabə onun səkkizinci əsrdə mövcud olduğunu göstərib. Rayon mərkəzuində orta əsrlərə aid  yaşayış evlərinin  və memarlıq abidələrinin bir qismi isə bu günədək  qalmaqdadır. 
Özünəməxsus memarlıq quruluşu və tarixi abidələri ilə fərqlənən Ordubad 1977-ci ildə Azərbaycan hökumətinin  qərarı ilə  qoruq şəhərə çevrilib. O vaxt bu cür statusa malik olan yaşayış yerləri  sırasında İçərişəhər, Şuşa və Şəki şəhərləri  də olub. Onların hər birində də rayon və ya şəhər mədəniyyət şöbələrinin  tabeliyində tarix-memarlıq qoruğu yaradılıb. Bu qoruqların  qarşısında duran başlıca vəzifə isə ərazidəki abidələrinin mühafizəsi, onların təbliği ilə məşğul olmaqdan ibarət olub.
Rayon mərkəzinin  ümumi panoramasını yaradan yaşayış binaları onu digər  şəhərlərdən xeyli fərqləndirir. Küçələr boyu relyefdən asılı olaraq müxtəlif yüksəkliklərdə iki-üç, bəzən isə daha artıq meydan yerləşir. Hər bir  meydan özündə bir sıra elementləri əhatə edir. Bura kiçik məhəllə məscidi, kəhrizlər və meydanı öz çətiri ilə örtən çinarlar aiddir. Qoşa qanadlı çinarlar, qiymətli su mənbəyi olan kəhrizlər də buranın qədim tarixindən soraq verir. İlk baxışdan sadə görünsə də mürəkkəb quruluşa, “unikal” hidrotexniki qurğulara malik kəhrizlər əhalini təkcə içməli və təsərrüfat suyu ilə təmin etməmiş, həmçinin onlar memarlıq abidəsi kimi də tanınmışlar. Başqa bölgələrdən fərqli olaraq, burada kəhrizlər yeraltı tunellər şəklində tikilib. Onların bir çoxu isə qırx pilləlidir. Vaxtilə Qafqaza sürgün edilən böyük fransız yazıçı və səyyahı A.Düma bu gözəlliklərə heyran qaldığını bildirmişdir.
* * *
Ordubad şəhərində qürurla dayanan, qamətini itirməyən xeyli sayda tarixi-memarlıq abidələri var. Onların arasında məscidlər bir qədər çoxluq təşkil edir. Tariximizin orta dövrlərində yaradılan bu məscidlər yalnız namaz qılmaq üçün ibadətxana funksiyasını yerinə yetirməyib. Zaman keçdikcə məscidlər həm də sosial-siyasi və ideoloji mərkəzlərdən birinə çevrilib. Məscidlərdə tədris müəssisələrinin aşılması, onların mədəniyyət mərkəzləri funksiyalarını yerinə yetirməsi, dəftərxana işlərinin gürülməsi, eyni zamanda məhkəmələrin aparılması və ədəbi məclislərin də burada keçirilməsi deyilənləri sübutlayır. Məscidlər vaxtilə bir çox yerlərdə siyasi məsələlərin müzakirə edildiyi məşvərət məclisi rolunu da icra edib. Tarix elmləri doktoru, professor  Hacıfəxrəddin Səfərlinin sözlərinə görə, orta əsrlərdə Came məscidlərində sosial və iqtisadi məsələlər  həll olunmuş, sədəqə və hədiyyələr toplanılaraq elə oradaca ehtiyac içərisində yaşayanlara paylanmışdır. 
Şəhərin mərkəzi meydanında, Bərəkə dağının sinəsində ucalan 7 min nəfərlik Cümə məscidi də bu cür funksiyaları yerinə yetirib. O əzəmətli və nadir  memarlıq abidəsi kimi indi də qonaqları heyrətə salır. Memarlıq görkəmi ilə diqqəti cəlb edən obyekt XVII-XVIII əsrlərə aid abidələrin başlıca cəhətlərini özündə birləşdirir. Məscidin giriş qapısındakı lövhədə 1604-ci ildə Şah Abbasın nəsh xətlə farsca beş sətirlik fərmanının mətni yazılıb. Həmin fərmana əsasən qəsəbənin əhalisi bütün vergilərdən azad edilir.
Vaxtilə Ordubadın hakimi-kələntəri olan Həmzə bəy buranı özünün iqamətgahına çevirib. Məscidin yaxınlığında karvansaralar, dükanlar fəaliyyət göstərib. Obyektin daxilindəki həndəsi formalı ornamentlər Naxçıvanın qədim abidələrindəki  rəsmləri xatırladır. Ötən əsrin  ilk illərində məsciddə təmir işləri aparılarkən tapılmış bir kərpic üzərindəki yazıdan onun əsasının 729-cu ildə qoyulduğu göstərilib. 1980-ci illərin sonlarında isə burada  əsaslı təmir və bərpa işləri aparılıb.
Qədim şəhərin  böyük ibadətxanalarından biri də Mingis məscididir. Mingis “min kəs” mənasındadır. Yəni  həmin məsciddə min nəfər eyni vaxtda ibadət edə, namaz qıla bilərmiş. Vaxtilə giriş qapısının baş tərəfində qoyulmuş lövhə üzərindəki kitabədən aydın olur ki, o, 1677-ci ildə Səfəvi hökmdarı I Şah Abbasın baş vəziri olan Hatəm bəy Ordubadinin qardaşı oğlu Məhəmməd Hadi tərəfindən bərpa etdirilmişdir. M.Hadinin atası da şah sarayında mühüm vəzifədə çalışıb. Zaman keçdikcə dağıntıya məruz qalan abidəyə 2001-ci ildə yeni nəfəs verilib.
Ambaras məscidi də Naxçıvan memarlıq məktəbinin  ənənələri əsasında inşa olunub. Plan quruluşunun həllində, eləcə də fasad hissələrinin qurulmasında tətbiq olunan memarlıq kompozisiyası üsulları onun XVII-XVIII əsr tikililərinə uyğun gəldiyini göstərir. El arasında  yerləşdiyi məhəllənin adı ilə adlandırılan Ambaras (yəni çoxlu ambarların yerləşdiyi məhəllə) məscidində tədqiq olunan kitabədən aydın olur ki,  bu məscid XVII əsrdə Ağa Mirzə Cəfər adlı şəxs tərəfindən inşa  etdirilib.
Malik İbrahim abidəsi isə bütöv bir abidə-kompleksdir. Burada məscidlə yanaşı pir, qəbirstanlıq da var. El arasında söylənilən fikrə görə, pirdəki qəbirdə şiələrin üçüncü imamı İmam Hüseynin Kərbəlada şəhid olmasından sonra onun qisasını almaq üçün VII əsrin sonlarından başlayan hərəkatın rəhbərlərindən biri olmuş sərkədə İbrahim Əjdərin oğlu Malik İbrahim burada dəfn olunub. Dini ədəbiyyatdan o da məlumdur ki, İbrahim Əjdər həlak oduqdan sonra onun övladları təqib olunmuş, bəziləri Azərbaycana gələrək məskən salmışlar. 2 hektardan artıq ərazini əhatə edən Malik İbrahim qəbirstanlığında bu gün də orta əsrlərə aid çoxlu sayda qəbirüstü xatirə abidələri qalmaqdadır.
İnşa tarixi  1714-cü ilə, Səfəvi hökmdarı Şah sultan Hüseynin hakimiyyəti dövrünə  aid olunan Ordubad mədrəsəsi isə zəmanəmizədək  salamat vəziyyətdə gəlib çatmış  yeganə klassik mədrəsə nümunəsidir. Mədrəsə orta əsrlərdə  ölkəmizin  ən mühüm mədəniyyət və təhsil müəssisələrindən biri olmuş,  dövlət aparatının yüksək vəzifəli adamları tərəfindən  himayə və idarə edilmişdir. Fəaliyyət göstərdiyi bütün dövrlərdə mədrəsə şəhərin sosial-iqtisadi həyatında əhəmiyyətli rol oynayıb. O, Naxçıvanda sovet hakimiyyəti qurulanadək fəaliyyət göstərib. Akademik Məşədi xanım Nemətin  yazdıqlarına görə, orta əsrlərdə Ordubad şəhərindən çıxmış və “Ordubadi” nisbəsi ilə tanınmış bir sıra  görkəmli şəxsiyyətlər də bu mədrəsədə təhsil almışlar. Onlardan biri də qüdrətli yazıçı-publisist və ictimai xadim olan Məmməd Səid Ordubadi olub.
* * *
Son illər regionların sosial-iqtisadi inkişafının Dövlət Prqoqramları çərçivəsində aparılan quruculuq tədbirləri Ordubadda memarlıq incilərini də ağuşuna alıb. Burada aparılan quruculuq işləri şəhərin əsas memarlıq üslubu saxlanılmaqla həyata keçirilir, tarixi-memarlıq  abidələri bərpa edilir. Bərpa olunan tarixi-memarlıq abidələri ilə müasir abidələr vəhdət təşkil edir, rayon mərkəzinə xüsusi gözəllik gətirir. Bərpa və təmir işlərindən sonra istifadəyə verilən  obyektlərdən biri “Qeysəriyyə”  abidəsidir. O, XVII əsrə məxsus tikilidir. Ümümi sahəsi 540 kv. metr olan bu abidə mərkəzi səkkizbucaqlı zaldan, onun üzərini bağlayan dairəvi günbəzdən, günbəzi künclərdə saxlayan mürəkkəb quruluşlu dörd ədəd dayaqdan və dayaqlarla kənar divar taxçaları arasında yerləşən keçidlərdən ibarətdir. Böyük günbəzdən və ona bitişik 16 kiçik günbəzdən ibarət olan bu bina gözəl memarlıq üslubunda tikilib. Abidənin bişmiş kərpicdən inşa olunmuş, günbəzi də daxil olmaqla ümümi hündürlüyü 8,5 metrdir.
Qeysəriyyə sözünün mənası şahlara məxsus daş-qaş, ləl-cəvahirat satılması məqsədi ilə tikilmiş örtülü Şərq bazarı deməkdir. Sonrakı dövrlərdə bu abidə Zorxana kimi istifadə olunub. Burada idman yarışları keçirilərmiş. Zalın döşəməsi  nisbətən aşağılı olduğu üşün  döşək əvəzinə dağlardan yığılmış  gəvən kollarını toplayıb üstünə narın torpaq  tökərmişlər. İrandan, Türkiyədən, Həmədandan gələn pəhləvanlar yerli idmaçılarla birgə güclərini sınayarmışlar. Qalib gələnsə hökmdardan mükafat alarmış.
Qeysəriyyə çar  Rusiyasının hakimiyyəti dövründə ipək arıyan sexə çevrilib. Sovet hakimiyyəti illərində isə binadan müxtəlif məqsədlərlə istifadə olunub. Bir hissəsi mağaza-anbar,  mağaza, digər tərəfi isə aşxana kimi fəaliyyət göstərib. Ötən əsrin 70-ci illərinin axırlarında  aparılan təmir-bərpa işlərindən sonra rayon-tarix diyarşünaslıq muzeyi burada fəaliyyət göstərib.
Ötən il aparılan əsaslı təmir və bərpa işləri isə abidənin əvvəlki görkəmini özünə qaytarıb. Binanın daxili naxışlı kərpiclə bəzədilmiş, 200 kvadratmetr sahədə şəbəkə sistemi, daxili divarları bərpa olunmuşdur. Ekspozisiya zalında müasir  işıqlandırma sistemi yaradılıb. Hazırda muzeydə 3919 eksponat nümayiş olunur. Ordubadın qədim tarixini əks etdirən, arxeoloji qazıntılar nəticəsində tapılan mühüm elmi və tarixi əhəmiyyət kəsb edən əşyalar, dekorativ tətbiqi sənət nümunələri bura gələnlər tərəfindən maraqla qarşılanır. Ümummilli lider Heydər Əliyevə həsr olunmuş bölmədə Ulu öndərimizin həyat və fəaliyyətindən bəhs edən sənədlər, müxtəlif fotoşəkillər vardır. “Ordubadın görkəmli elm xadimləri”, “Ordubadın yetirmələri” bölmələrində üç yüz nəfərdən artıq görkəmli şəxs haqqında ətraflı məlumatlar verilir. Qeyd olunur ki, 150 nəfərdən şox elmlər doktoru, professor yetirən bölgənin 19 nəfər alimi AMEA-nın həqiqi üzvi seçilib. Yusif Məmmədəliyev, İsmayıl İbrahimov, Müzəffər Abutalıbov, Rəhim Rəhimov, Musa Rüstəmov, Əliqulu Fərəcov, Nəsib Məmmədov da bu cür elm xadimlərindəndir. Qüdrətli roman ustası M.S.Ordubadi, Əkrəm Əylisli,  yazıçı-publisist Əvəz Sadıq, naşir Əjdər Xanbabayev, ilk türkoloq alimimiz Fərhad Zeynalov haqqında toplanan materiallar da muzeyə gələnlərdə xöş ovqat yaradır.
“Heç kim unudulmur. Hec nə yaddan çıxmır” adlı guşədə isə ikinci cahan müharibəsində şücaət göstərən ordubadlıların qəhrəmanlıqlarından danışılır. Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyev, Buhenvaldın əfsanəvi döyüşçüsü Əkbər Ağayev, Polşada fəaliyyət göstərən “Avanqard” partizan dəstəsinin komandiri leytenant Məmmədhüseyn Kərimov, Mehdi Hüseynzazədinn “Ave” ləqəbli silahdaşı Əvəz Əliyev və başqaları da bu cür mərd, qorxmaz oğullardandır.  Başqa bir sənəddən isə aydın olur ki, qələbə naminə Sura Sadıqova, Madər Nəsirova, Tutu və Sara Rəfiyeva kimi qəhrəman qızlar da odlu-alovlu döyüşlərdə kişilərlə çiyin-çiyinə döyüşüblər. 
* * *
Rayonda tarixi abidələrin bərpası ilə yanaşı tədqiqinə də xüsusi diqqət göstərilir. Ötən il həyata keçirilən tədbirlər iki yeraltı abidəni üzə çıxardıb. Həmin abidələr XIX əsrin ikinci yarısında inşa olunub. Ordubadlı Mənsur Ağa tərəfindən inşa olunan binadan Çar Rusiyası dövründə poçt binası, Sovet hakimiyyəti illərində  isə bir tərəfi poçt binası, digər tərəfi “Pionerlər evi” kimi istifadə edilib. Sonralar bu bina da boş qalmış, uçub-sökülmək təhlükəsi ilə üz-üzə dayanmışdır. Əsası təmir və bərpa işlərindən sonra sahəsi 114 kv. metr olan, dəhliz və iki otaqdan ibarət olan abidə  yenidən  həyata qaytarılıb. Bərpa işlərindən sonra burada kiçik  xalçaçılıq sexi və foto-satış-sərgi salonu fəaliyyətə başlayıb. Xalçaçılıq sexində dörd nəfər işlə təmin olunub, onlar hədiyyəlik məhsullar istehsal edirlər. İstehsal olunan məhsulların bazar problemi də həllini tapıb.
İkinci yeraltı abidə isə  iri torpaq mülkiyyətçisi Tağı Nağıyevin vəsaiti hesabına inşa olunub. Sovet dönəmində bu binada əvvəlcə yaşayış evi, ərzaq anbarı kimi istifadə edilib, XX əsrin ikinci yarısından isə musiqi məktəbi kimi fəaliyyət göstərib. Ötən əsrin 90-cı illərindən baxımsızlıq ucbatından bu tikili də dağılmaq təhlükəsi ilə üzləşib. Amma nə yaxşı ki, aparılan genişmiqyaslı quruculuq tədbirləri bu abidəni də öz ağuşuna alıb. Hazırda burada xalq təbabəti mağazası ilə yanaşı, nəqqaş Cabir Cabbarovun dekorativ sənət nümunələrinin sərgi-satış  salonu fəaliyyət göstərir.
Ötən il bərpaçı mütəxəssislər tərəfindən əvvəlki görkəminə qaytarılan binalardan biri də qədim məbəd binası olub. Ümumi sahəsi 110 kvadratmetr olan abidənin daxilində, qüllə və günbəzlərdə böyük həə bərpa işləri aparılmış, fasad hissəsi  üzlənmiş, ətrafı abadlaşdırılmışdır. Hazırda burada həvəskar fotoqraf Rasim Bədəlovun rayonun təbiətinə, tarixi abidələrin və indiki gözəllik ünvanlarına aid  foto və rəsmləri nümayiş etdirilir.
Bölgədə tarixi abidələrin bərpası istiqamətində aparılan  quruculuq tədbirləri bunlarla bitmir. XVIII əsrə aid edilən, ümümi sahəsi 483 kvadratmetr olan  “Şərq hamamı”nda aparılan əsaslı təmir və yenidənqurma işləri də obyektə ikinci həyat bəxş edib. Obyekt iki zaldan, dörd otaqdan ibarətdir. Burada iki gümbəz vardır.
Böyük ədib, yazıçı-demokrat Məmməd Səid Ordubadinin, görkəmli alim Yusif Məmmədəliyevin  ev muzeyləri yenidən qurulub. Muzeylərin geniş ekzpozisiyasında mindən artıq  eksponat nümayiş etdirilir. Şəhərin ayrı-ayrı məhəllələrində yerləşən 3 kəhrizdə aparılan təmir işləri də sakinlərin ürəyincə olub. Əhalinin içməli və suvarma suyuna olan tələbatı daha da yaxşılaşıb.
Bir sözlə, ümümmilli liderimiz tərəfindən “Azərbaycanın incisi” adlandırılan Ordubad təbiəti, relyefi, təbii abidələri ilə bərabər  memarlıq inciləri ilə də öyünür. O daha çox  açıq səma altında muzeyi xatırladır.


Məmməd MƏMMƏDOV,
Naxçıvan MR Ali Məclisinin deputatı,
tarix elmləri üzrə fəlsəfə doktoru, əməkdar jurnalist
URL / WWW
http://kelam.az/article/a-3304.html