Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bakıda “Azərbaycan sahibkarlarının Avropa İttifaqına güzəştli şərtlərlə ixrac imkanları” mövzusunda seminarlara start verilib
18.11.09 21:24

Bu gün Bakıda, “Park İnn” otelində İqtisadi İnkişaf Nazirliyi Avropa İttifaqının “İqtisadi İnkişaf Nazirliyinə Dəstək Layihəsi” ilə birgə “Azərbaycan sahibkarlarının Avropa İttifaqına güzəştli şərtlərlə ixrac imkanları” mövzusunda seminarlara start verilib. KƏLAMİNFO xəbər verir ki, seminarı giriş sözü ilə açan İqtisadi İnkişaf Nazirliyinin Aparat rəhbəri Samir Vəliyev Azərbaycanda yaradılan əlverişli biznes mühiti və ölkəmizin ixrac potensialı barədə ətraflı məlumat verib. O, qeyri-neft məhsullarının xarici bazarlara çıxarılmasında “GSP+” Proqramının əhəmiyyətini vurğulayıb. S.Vəliyevin sözlərinə görə, “GSP+” proqramının tətbiqi Azərbaycan məhsullarının xarici bazarlara ixracının asanlaşdırılması və ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası baxımından vacibdir. Samir Vəliyev iş adamlarını seminarlarda fəal iştiraka dəvət edib.Avropa İttifaqının “İqtisadi İnkişaf Nazirliyinə Dəstək Layihəsi”nin rəhbəri Reyçl Makqovan isə layihə barədə ətraflı məlumat verib. Sonra Avropa İttifaqının “İqtisadi İnkişaf Nazirliyinə Dəstək Layihəsi”nin mütəxəssisləri “GSP+” proqramı ilə bağlı tədbir iştirakçılarını məlumatlandırıb, mənşə sertifikatının verilməsi, “GSP+” sisteminin əsas xüsusiyyətləri, sistemin ölkənin biznes ictimaiyyətinə potensial faydası barədə təqdimat keçirilib, sahibkarların sualları cavablandırılıb. İqtisadi İnkişaf Nazirliyinin Xarici ticarət siyasəti və Ümümdünya Ticarət Təşkilatı şöbəsinin müdiri Bəxtiyar Alışov “Azərbaycan sahibkarlarının Avropa İttifaqına güzəştli şərtlərlə ixrac imkanları” mövzusunda seminarların Sumqayıt və Gəncə şəhərlərində, Quba rayonunda da keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Şöbə müdiri “GSP+” Proqramı ilə bağlı sahibkarların məlumatlandırılmasının əhəmiyyətini nəzərə alaraq 2010-cu ildə digər regionlarda da bu cür seminarların keçirilməsinin planlaşdırıldığını vurğulayıb. Tədbirdə İqtisadi İnkişaf, Kənd Təsərrüfatı, Sənaye və Energetika nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Naxçıvan Muxtar Respublikasının İqtisadi İnkişaf Nazirliyinin və Muxtar Respublikanın Sahibkarlar Konfederasiyasının nümayəndələri, eləcə də sahibkarlar iştirak ediblər.
URL / WWW
http://kelam.az/article/a-302.html