Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Şairin son gəlişi
19.10.09 14:58

O taylı dostum Cəmşiddən həzin bir xatirə
İstər cənub Astarası, istərsə də şimal Astarası eyni şəhər olub. Astara çayı isə bu doğma şəhəri alma kimi iki yerə bölmüşdür. Hər iki şəhər mülayim iqlimə malik olub, füsünkar gözəlliyi ilə hamını heyran edən səliqə-səhmanlı bir cənub şəhəridir. Təbiət bunlara heç nəyi əsirgəməyib. Yaşıl dona bürünən əzəmətli Talış dağları hər iki Astara üçün dayaqdırsa, Xəzər dənizi sanki bu gözəllikləri əks etdirən parlaq bir güzgüdür. Öz gözəlliyiynə heyranlıqla hər gün tamaşa edən mülayim təbiətli Astara şəhəri nədənsə bu gün sərt qışı xatırladan şimal şəhərlərinə bənzəyir. Bu gün doğma Xəzər sevincdənmi, ya kədərdənmi yeni il ərəfəsində, mart günlərində çox təlatümlü görünürdü. Xəzərin zəhmli dağları bəzən şəhər ətrafı yollara çıxırdı. Xəzərdən əsən xəzri küləyi ləpələri qova-qova sahilə yaxınlaşıb, iti ülgüc kimi adamın sifətinə toxunur və özüylə narın-narın sulu qar çiləyirdi – deyən həmsöhbətim İran Astarasında yaşayan qardaşımız Cəmşid Səfərniya danışdıqca sanki gördüyü və qəlbində əbədi xatirəyə dönmüş həmin günün mənzərəsini olduğu kimi mənə çatdırmağa çalışırdı:
- Mart ayının ilk günləri idi. Mən o vaxt «Peykan» markalı taksi sürücüsü işləyirdim. İran Astarasında Rus bazarı deyilən bir yer var. Oradan Şurəvi Azərbaycan tərəfi çox yaxşı görünürdü… Həmin o unudulmaz gündə maşınımda üç nəfər sərnişinlə birlikdə Rus bazarı adlanan yerdən keçirdik. Oraya çatanda gördük ki, bir nəfər uzaqdan tanımadığımız adam hündür yerə qalxıb şurəvi Azərbaycana tərəf kədərli həsrətlə tamaşa edir. Hava sərt xəzrili olduğu üçün, həmin şəxs paltosunun boynunu qaldırmışdı. Həmin yerin kənarında bir başqa taksi maşını dayanmış, içərisində sürücü oturub gözləyirdi. Biz sərnişinlərlə bu mənzərəyə xeyli tamaşa edəndən sonra yolumuza davam etdik. Sərnişinlərimi mənzil başına qoyub qayıdanda həmin şəxs yerindəcə dayanıb şimala tərəf tamaşa edirdi. Mən maşını saxlayıb yerə düşdüm. Həmin şəxsə yaxınlaşıb nə üçün bu soyuqda dayanmasını bilmək istədim. Aramızda 5-10 metr məsafədə bildim ki, bu şəxs hamının sevimlisi olan böyük ustad Məhəmmədhüseyn Şəhriyardır. Mən gözlərimə inanmadım və özümü itirdim. Axı Şəhriyar buralarda, bu soyuqda nə edir. Hamı deyirdi ki, ustad xəstədir, Təbrizdə öz evində yatır…
Ustada yaxınlaşıb salam verdim və onu qucaqladım. Şair, siz nə üçün bu soyuqda qalmısız, oturun mənim maşınıma gedək evimizə. Siz bizə gəlsəniz hamımız sevinərik, deyə ona yalvarmağa başladım. Şairin nurani, zəif bənizi soyuqdanmı, xəstəlikdənmi solmuş, qartal gözləri çuxura düşmüşdü. Açıq-aydın hiss olunurdu ki, şair böyük intizar və həsrətlə şimala – Bakı tərəfə baxırdı. Şəhriyar gözlərini şimaldan çəkmədən dedi:
- Bala, hər şeyə görə sağ ol. Mən Təbrizdən bax, o taksi maşını ilə gəlmişəm, özüm də xəstəyəm. Bilirəm ki, bu gəlişim son gəlişdir…
Uğursuz taleyimə Bakıya getmək nəsib olmadı, qardaşlarım M.Rahim, S.Rüstəm, S.Vurğun, Bəxtiyar və qeyriləri ilə görüşmək arzularım ürəyimdə qaldı… Bu gün bura ona görə gəlmişəm ki, o tayın və orada olan doğmalarımızın ətirli qoxusunu heç olmasa səba yelləri vasitəsilə duyum…
Beləliklə, şair nə maşınıma mindi, nə də evimizə gəldi.
Şair pıçıltı ilə deyirdi: Ay göyərçin, ağ qanadın açarsan,
Danı – divardan bir qovzanıb uçarsan,
Ulduzlanıb, Bakı deyə qaçarsan,
Öpüşləri Süleymanla, Bəxtiyara səpərsən
Qardaşların bal dodağın öpərsən. Qardaşların gözündən öp,
Bəxtiyarın üzündən öp,
Səmədin də üzündən öp,
Mən də təkəm sizə qurban,
Xəstə canım hamınıza qurban. Bu vəsiyyətdən sonra mən maşınımı şəhərin mərkəzinə sürüb, hay saldım ki, ustad Şəhriyar bizim Astaradadır…
Camaat bunu eşidən kimi hamılıqla unudulmaz şairin görüşünə, Rus bazarı deyilən yerə axışdılar. Deyən Cəmşid, demə şairin son gəlişi imiş kövrələrək gözləri doldu…
Bəli, bu gün bütün Azərbaycan xalqı unudulmaz Şəhriyarın yubileyinə hazırlaşdıqları bir zamanda, cənubdan olan qardaşımız Cəmşid Səfərniyanın həzin xatirələrini əziz oxucularımıza çatdırmağı özümə vətəndaşlıq borcu hesab edirəm.
Böyük Nizamini, Xəqanini, Füzulini, S.Vurğunu yetişdirən Azərbaycan xalıq bu gün öz Şəhriyarı ilə fəxr edir. İndi Şəhriyarı yalnız ədəbi ictimaiyyətimiz deyil, öz doğma ədəbiyyatına maraq göstərən hər bir azərbaycanlı yaxşı tanıyır. Şəhriyarın lirikasının gücü onun xəlqliyindədir. Şairin ümumxalq məhəbbətini qazanmasının əsas səbəbi ondandır ki, o sözün həqiqi mənasında xalqı ilə yaşamış, onunla sevinmiş, onunla birlikdə kədərlənmiş və xalqın deyə bilmədiyi arzu və istəklərini tam cəsarətlə və inamla öz qələmi ilə tərənnüm etmişdir. şəhriyar yalnız cənubi Azərbaycanın deyil, indi bütün şərq aləminin böyük əbədi siması və qeyrət şairidir.
Şəhriyar dərdi deyib sızlayan, zülmü, haqsızlığı görüb ağlayan şairlərdən deyil. O, dərdə dərman axtaran, zülmü kökündən qırmaq, yıxmaq yolunu tapıb göstərən, qaranlıq içində özünü itirməyən, işıq gələn səmti hamıdan tez görən, nurlu gələcəyə hamıdan möhkəm inanan nikbin şair olmuşdur. Şəhriyar xalqını birliyə çağırır, birlikdə mübarizə aparmağı vəd edir. Heydər baba, göylər bütün dumandır,
Günlərimiz bir-birindən yamandır,
Bir-birinizdən ayrılmayın amandır,
Yaxşılığı əlimizdən alıblar,
Yaxşı bizi yaman günə salıblar. Deyərək, haray salır. Öz dərin məzmunu, yüksək sənətkarlığı ilə xalqının dərin rəğbətini qazanmış, unudulmaz şairin əziz xatirəsi hər bir azərbaycanlının qəlbində əbədi yaşayır və dünya durduqca yaşayacaqdır.
Şirvan ƏBİLOV
YAP Siyasi Şurasının üzvü,
Prezident təqaüdçüsü,
Qızıl Qələm mükafatı lauratı
URL / WWW
http://kelam.az/article/a-30.html