Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Lütfi Zadə əlçatmazlığı
08.02.11 17:03

Dünya şöhrətli alim Lütfi Zadənin 90 yaşı tamam olur. Yaratdığı nəzəriyyələrlə dünya elmində inqilabi çevriliş edən və dünyanın ümumi mənzərəsini dəyişdirən görkəmli alimin yubileyi Bakıda da qeyd olunacaq.

Lütfi Zadə Bakıda doğulub. Lütfi Bakıda 16 saylı məktəbdə oxuyub və ömrünün 10 ili bu məktəblə bağlı olub. Onun uşaqlığı  həmyaşıdlarından olduqca fərqlənirdi. Anası Fanni xanım oğlu ilə bağlı verdiyi müsahibələrin birində deyib: “Lütfinin 5 yaşı tamam olan günü qohum-əqrəbalarımız gələrək onu təbrik etmək istəyirdi. Lakin o, bütün qonaqların ona görə gəlməsini sanki görmür, küncə çəkilərək kitab oxumaqda davam edirdi. Onun otağında iki mindən çox kitab var idi ki, onların da əksəriyyəti rus dilində idi. Lütfinin 12 yaşı olanda isə otağı üzərində “TƏK”(bu onu oxuyan zaman narahat edilməməyi üçün idi) yazılmışdı”.
Uşaqlıq illərindən söhbət düşəndə böyük alim danışır: “Azərbaycanı doqquz yaşımda tərk etməli olmuşam. 19 yaşıma qədər isə Tehranda yaşamışam. 1932-ci ildə sovet hakimiyyəti İran vətəndaşları olan azəbaycanlılarla bağlı yeni qərar qəbul etdi. Bu qərara görə, biz iki yoldan birini seçməli idik, ya sovet Azərbaycanında qalıb buranın vətəndaşlığını qəbul etməli, ya da ölkəni dərhal tərk edib getməli idik. Ailəmiz İrana qayıtmaq qərarına gəldi. Azərbaycanı tərk etdikdən sonra təhsilimi Tehranda Amerika tipli Alborz Kollecində davam etdirdim. Bu, missioner məktəbi olduğundan hər səhər kilsəyə getməli idik. Bura sovet ateist məktəbindən çox fərqli idi. Lakin mən sovet ateizminə, protestantlığa, müsəlman fundamentalizminə qarşı çox tolerant idim. Eyni zamanda, etiraf etməliyəm ki, bu mədəniyyətlərdən müəyyən fayda da əldə etmişəm. Bu, mənə geriyə baxarkən aydın olur”.
L.Zadə orta təhsilini tamamladıqdan sonra Tehran Universitetinin Elektrik Mühəndisliyi fakültəsinə daxil olur. Görkəmli alimin Amerika həyatı isə 1944-cü ildən başlayır.
L.Zadə Tehran Universitetini böyük uğurla başa vurduqdan sonra Amerika Birləşmiş Ştatlarına gəlir və təhsilini Massçusets Texnologiya İnstitutunda davam etdirir. 1947-ci ildə valideynlərini də öz yanına gətirən alim artıq bu vaxt Kolumbiya Universitetində çalışırdı. O, 1948-ci ildə Kolumbiya Universitetində elektron mühəndisliyi üzrə magistr, 1957-ci ildə isə professor dərəcəsi alır. Həmin vaxt L.Zadə məşhur alim, kibernetikanın atası hesab olunan Norbert Vinerin tövsiyyəsi ilə Kaliforniyaya, bu ştatdakı Berkli Universitetinə gəlir. Burada ilk vaxtlar bir qədər çətinliklər çəkən böyük alim sonralar şəraitə uyğunlaşır. “Azərbaycan mühiti məndə tərslik və inadkarlıq xarakteri formalaşdırıb. İstənilən polemikada hansısa məqamda çaşmaqdan və ya ilişməkdən qorxmamaq – bu, daha  çox türklərə məxsus xarakterdir. Və mənim xarakterim də məhz belədir. Mən çox inadcıl ola bilərəm. Ola bilsin ki, belə bir xarakterə malik olmağım qeyri-səlis məntiqin inkişafında faydalı oldu” deyə görkəmli alim bildirib.

Zadə məntiqi

Bu gün dünya elminə L.Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda bu nəzəriyyələr elm və istehsalatda geniş şəkildə tətbiq olunur. L.Zadəyə dünya şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir. “Mən bilirdim ki, bu çox vacibdir. Lakin heç zaman bunun dünya şöhrətli fenomen olacağını istəmirdim. Mənim gözləntilərim daha çox təvazökar idi. Elmi araşdırmalarımın əsasında belə bir fikir dururdu: təbii dilə əsaslanan real insan mühakimələri ənənəvi riyazi formalizmlər çərçivəsində verilə bilməz. O zaman mənim novator ideyalarım müxtəlif elmi dairələrdə, xüsusilə «xalis riyaziyyatçılar» arasında ehtiyatla, bəzi hallarda isə soyuq qarşılanırdı”- deyə alim xatırlayır.
Lütfi Zadənin qeyri-səlis məntiqini obrazlı şəkildə belə izah etmək olar: “Züdə məntiqi dünyanı bütün çalarları ilə qavramağa imkan verir”.
L.Zadənin nəzəriyyələrinin meydana gəlməsində onun Qurani Kərimi dərindən bilməsinin də mühüm rol oynadığını düşünənlər var. Qeyri-səlis məntiq nəzəriyyəsi ilə hələ ötən əsrin 60-cı illərinin axırlarından tanış olmağa başlayan strateji raket qurğuları üzrə mütəxəssis Əlimuxtar Əkbərovun qənaətinə görə, bu nəzəriyyə məhz Quranın məntiqindən doğan bir elmi yanaşmadır.

Dünya şirkətlərinə uğur gətirən nəzəriyyə

Aparıcı dünya şirkətlərinə inanılmaz məbləğdə gəlir gətirən bu nəzəriyyə 1965-ci ildə işlənib hazırlanıb. Nəzəriyyə uzun müddət Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməsə də, ötən əsrin 80-ci illərində yapon alimlərinin diqqətini cəlb edib və yaponlar bu unikal nəzəriyyədən yararlanmaq qərarına gəliblər. Beləliklə, bu nəzəriyyə riyaziyyatın, kibernetikanın, informatika və hesablama texnologiyasının inkişafı tarixində yeni bir dövr açıb. Bu nəzəriyyə bütün dünyada elmə, texnika və texnologiyaya geniş nüfuz edib. L.Zadə nəzəriyyəsinin tətbiqi gündoğan ölkəyə milyardlar qazandırıb. Bu gün  Yaponiyanın "Mitsubishi", "Toshiba", "Sony", "Canon", "Sanyo", "Nissan", "Honda" və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq texnologiyasından foto və videokameralar, paltaryuyan maşınlar, vakuum kimyəvi təmizliyiciləri  istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər. L.Zadə 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat - "Honda" mükafatı ilə təltif olunub.  Danimarkada qeyri-səlis məntiq əsasında işləyən sement sobaları istehsal edilir. Avropada çoxlu sistem və qurğular, xüsusi "ağıllı" ekspert sistemləri hazırlanır.
Amerikalılar gec də olsa, L.Zadə nəzəriyyəsinin qiymətini anlamağa, ondan yararlanmağa başlayıblar. Bu gün bu nəzəriyyə Amerikanın "Generel Motors", "General Electric, "Motorola", "Dupont", "Kodak" və başqa şirkətləri tərəfindən istehsalatda geniş tətbiq olunur. Ümumiyyətlə, hazırda bu nəzəriyyədən iqtisadiyyatda, psixologiyada, linqvistikada, siyasətdə, fəlsəfədə, sosiologiyada, dini məsələlərdə, münaqişə problemlərində də istifadə olunur.  Lütfi Zadə deyir “Alimlərə və kompaniyalara mənim nəzəriyyələrimin onların işlərində nə dərəcədə faydalı ola bilməsini göstərməyə cəhd etmirdim. Belə şeyləri önə çəkmirdim. Əgər insanlar nə isə etmək istəyirlərsə, bu, çox gözəldir. Əgər istəmirlərsə, bu da yaxşıdır”.
L.Zadə eyni zamanda, "Təəssüratlar nəzəriyyəsi", "Sistemlər nəzəriyyəsi", "Sözlə işləyən kömpüter nəzəriyyəsi", "Optimal süzgəclər nəzəriyyəsi" kimi dünya elminin inkişafında, onun yeni əsaslar üzərində qurulmasında mühüm rol oynamış elmi kəşflərin müəllifidir.
Hazırda ABŞ-ın Berkli şəhərində İnformasiya Texnoligiyası üzrə Zadə İnstitutu yaradılıb – ZİFİT İnstitutu. L.Zadənin elmdə Z-çevirmə kimi tanınan işi diskret və rəqəmli idarəetmə, informasiya və kommunukasiya sistemlərinin yaradılmasının sistemlərinin yaradılmasının əsasını qoymuş bir elmi nəzəriyyədir. L.Zadənin məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarə olunma və müşahidə olunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir. Bu gün L.Zadə nəzəriyyələri nəticəsində milyardlar qazanan şirkətlər, böyük dövlətlər onu müxtəlif mükafatlar və fəxri adlarla təltif ediblər.
L.Zadə hazırda Berkli Universitetinin elektronika kafedrasının müdiridir. O, bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. L.Zadə dünyada əsərlərinə ən çox istinad edilən alim sayılır. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36000-dən çox istinad edilib. L.Zadə bir çox xarici ölkə akademiyalarının üzvüdür. O, çoxlu sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülüb, medallarla təltif edilib. Görkəmli alim onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktorudur Amma professor Lütfi Zadə şəxsiyyətini, Lütfi Zadə əlçatmazlığını müəyyən edən bu mükafatlar deyil, bir ömürdə beş elmi nəzəriyyə yaratması, dünya elmində inqilabi çevriliş edib onun ümumi mənzərəsini dəyişdirməsi ilə xarakterizə olunur.
Dünyanın bir çox akademiyalarının fəxri akademiki, universitetlərinin fəxri professoru olması və ayrı-ayrı yüksək mükafatlar, titullar qazanması ilə yanaşı, Lütfi-Zadə dünyada əsərlərinə ən çox istinad edilən alim sayılır. O, bir çox xarici ölkə akademiyalarının üzvüdür. Çoxlu sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülüb, medallarla təltif edilib. Lütfi-Zadə onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktorudur. Şöhrətinin dünyanı dolaşmasına baxmayaraq dahi alim: «Heç vaxt hiss etməmişəm ki, vacib insanam. Özümü başqaları kimi çox adi bir insan hesab edirəm»- deyə təvazökarlıqla bildirir.

“Azərbaycanlı olduğumu gizlətməmişəm”

Vətəni Azərbaycanda Lütfi Zadə şəxsiyyətinə daim diqqət göstərilir. Görkəmli alim haqqında "Müasir elmin korifeyi, "Dünya dahilərsiz yaşaya bilmir" adlı kitablar işıq üzü görüb. 1996-cı ildə rejissor Oqtay Babazadənin quruluş verdiyi “Uzaq və yaxın Lütfi Zadə” sənədli  filmi çəkilib. Filmdə böyük alimin bütün həyatı, elmi uğurları öz əksini tapıb. Hazırda L.Zadənin iştirak etdiyi bütün beynəlxalq konfranslar bu filmlə başlayır. Təşkilatçılar onun haqqında əlavə məlumat verməyə ehtiyac duymurlar. Çünki onların söyləyəcəklərini "Uzaq və yaxın Lütfi Zadə" filmi daha geniş şəkildə deyir. “Evimdə Azərbaycanın görkəmli bəstəkarları – Qara Qarayevin, Fikrət Əmirovun, Cövdət Hacıyevin, müğənnilərdən Şövkət Ələkbərovanın, Bülbülün, Lütfiyar İmanovun, Flora Kərimovanın kasetləri var. İmkan düşdükcə onları dinləyirəm. Azərbaycan dilini yaxşı başa düşürəm. Sadəcə, səhv edə biləcəyimdən çəkinərək doğma dildə də danışmıram. Azərbaycan dilində təmiz danışmağım üçün 3-4 gün azərbaycanlıların arasında qalmağım bəs edər. Heç zaman azərbaycanlı olduğumu gizlətməmişəm, əksinə bununla qürur duymuşam. Geriyə dönüb baxanda düşünürəm ki, belə mühitdə böyüdüyüm üçün necə xoşbəxt olmuşam”- deyə Lütfi Zadə bildirib. L.Zadə  Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədridir.
Ölkəmizdə Lütfi Zadə irsi və Süni İntellekt Assossiasiyası, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyası yaradılıb. Burada böyük alimin nəzəriyyələrinin tətbiqi ilə bağlı ciddi tədqiqatlar aparılır.
Dünya şöhrətli alim  43 illik fasilədən sonra – 2008-ci ildə  Bakıya gəlişində  istər doğma vətənə səfərindən, istərsə də, prezident İlham Əliyevlə görüşündən çox məmnun olduğunu bildirib: “İlk dəfə Bakıda 1965-ci ildə birgünlük səfərdə olmuşam. Lakin növbəti səfərim məndə çox böyük təəssürat yaradıb. Ötən dövr ərzində ölkə xeyli dəyişib. Bakıda böyük abadlıq və quruculuq işləri ilə yanaşı, elm və mədəniyyətin inkişafı da yüksək səviyyədədir”-deyə fərəhlə bildirib.


Təranə Məhərrəmova
URL / WWW
http://kelam.az/article/a-2916.html