Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Hacı Eldar - 55
08.02.11 16:58

Qafqaz Müsəlmanları İdarəsində (QMİ) tanınmış xalçaçı rəssam Hacı Eldar Mikayılovun 55 illik yubileyi ilə bağlı mərasim keçirilib. Mərasimdə din xadimləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən QMİ-i sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib ki, E.Mikayılov istedadlı sənətkar və milli-mənəvi dəyərlərə bağlı bir şəxsdir. A.Paşazadə qeyd edib ki, QMİ-nin təbliğində E.Mikayılovun əsərləri əhəmiyyətli rol oynayıb. “Bu gün dünyanın tanınmış şəxsiyyətlərinə, dövlət xadimlərinə təqdim olunan Şeyxülislam Ordeninin hazırlanmasında onun yaxından iştirakı olub. Hacı Eldarın rəssam kimi dini abidələrimizin bərpasında da danılmaz əməyi var. Bu gün biz Təzəpiri məscidlərimizin tacı hesab edirik. Dövlət başçısının qayğı və diqqəti sayəsində bu abidə yüksək səviyyədə təmir və bərpa olunaraq yenidən dindarların ixtiyarına verilib. Təzəpirin indiki görkəmi hamını valeh edir. Bu işdə sənətkar kimi Hacı Eldarın zəhməti böyükdür. O, İçərişəhərdəki Cümə məscidinin yenidən qurulmasında da xeyli əmək sərf edib. Hacı Eldarın təkcə Azərbaycanda deyil, ölkədən kənarda da tanındığı hamıya yaxşı məlumdur”,-deyən Şeyxülislam bildirib ki, Hacı E.Mikayılov uzun illər QMİ sədrinin müavini kimi də çox işlər görüb, bu idarənin gələcəyi üçün önəmli təkliflər irəli sürüb, mühüm qərarların qəbulunda yaxından iştirak edib. “Mən də bir Şeyxülislam kimi həmişə Hacı Eldarın məsləhətlərinə, təkliflərinə  diqqətlə yanaşmışam. Onun dindarlar və ziyalılar arasında böyük nüfuzu var. Bu da məni hədsiz dərəcədə sevindirir”,-deyən Şeyxülislam həzrətləri yubilyarın ömür yolunun heç də asan keçmədiyini xatırladıb: “Hacı Eldar həyatda çox çətinliklərlə qarşılaşıb. Hər dəfə də bu həyat imtahanlarından uğurla çıxmağı bacarıb. 55 yaşında çoxlarına nəsib olmayan müdrikliyə çatıb”,-deyən A.Paşazadə ona bir daha  uzun ömür, yaradıcılıq uğurları arzulayıb.  “Ümid edirəm ki, hacı Eldar hələ bundan sonra da xalqımız üçün, Qafqaz Müsəlmanları İdarəsi üçün faydalı işlər görəcək”,-deyən A.Paşazadə 
yubilyara Qurani- Kərim bağışlayıb.
QMİ  Elmi-Dini Şurasının sədri, akademik Vasim Məmmədəliyev qeyd edib ki, hacı E. Mikayılov gözəl sənətkar və xalqımızın dəyərli ziyalılarından biridir. “O, Azərbaycan xalçaçılıq məktəbinin nəhənglərindən sayılan Lətif Kərimov məktəbindən dərs alıb. Tam cəsarətlə demək olar ki, bu gün ustadının yolunu şərəflə davam etdirir. Hacı Eldar xalçaççılıq sənətini gözəl bilən və onu istehsalatda uğurla tətbiq edən görkəmli sənətkarlarımızdan biri kimi tanınması da təsadüfi deyil. Hacı Eldar dəyərli dostdur. Bu illər ərzində Qafqaz Müsəlmanları İdarəsinin ən çətin, gərgin və mürəkkəb zamanlarında onu Şeyxülislam həzrətlərinin yanında görmüşəm. Belə anlarda hacı Eldar özünü əqidəli və imanlı bir insan kimi sübut edə bilib. Hacı Eldar bu gün əsl kamillik dövrünü yaşayır. Ona uzun ömür, şəxsi işlərində, yaradıcılığında uğurlar arzulayıram”,-deyə V.Məmmədəliyev yubilyara xoş sözlərini ifadə edib.
Sənətşünaslıq doktoru, professor, QMİ Elmi-Dini Şurasının sədr müavini İsrafil İsrafilov qeyd edib ki, hacı Eldar dəyərli sənətkar kimi tanınır və təqdir olunur. “Üzərinə götürdüyü bütün işləri peşəkar kimi yerinə yetirməyə çalışır”,-deyə o əlavə edib.
Televiziya və Radio Akademiyasının rektoru, Bakı Slavyan Universitetinin kafedra müdiri Etibar Babayevin sözlərinə görə, hacı Eldarın “Şəbi-hicran” xalçası sübut etdi ki, o, xalçaçılıq sənətini dərindən bilən, xalqımızın klassik poeziyası ilə yaxından tanış olan sənətkardır. Onun sözlərinə görə, E.Mikayılovun təkcə Bakıda deyil, Avropanın müxtəlif ölkələrində sərgiləri keçirilib.
Yazıçı - kinossenarist Orxan Fikrətoğlu Hacı Eldarı ruhən tolerant insan kimi dəyərləndirib. Onun sözlərinə görə, Azərbaycandakı tolerantlığı real olaraq görmək üçün E.Mikayılovun əsərlərinə baxmaq kifayətdir.
Sonda çıxış edən Hacı Eldar Mikayılov onun yubileyi ilə bağlı təşkil edilən tədbirə və xoş sözlərə görə təşəkkür edib: “Çox şadam ki, ömrümün yarısı Qafqaz Müsəlmanları İdarəsi ilə bağlıdır. Bura gəlişim həyatımın axarını dəyişdi, gələcək həyatımı müəyyənləşdirdi. Əldə etdiklərimə və edə bilmədiklərimə görə həmişə şükür edirəm. Bu illər ərzində mənə göstərilən münasibətə görə Şeyxülislam həzrətlərinə minnətdarlığımı bildirirəm”,-deyə o münasibətini bildirib.
Qeyd edək ki, dünyanın müxtəlif ölkələrində E.Mikayılovun əsərlərinin sərgisi keçirilib. Həmçinin  müxtəlif ölkələrdə keçirilən Azərbaycanın mədəniyyət günlərində də rəssamın əl işləri nümayiş olunub və bu yaradıcılıq nümunələri böyük maraqla qarşılanıb. Araşdırma zamanı o da məlum olub ki, azərbaycanlı xalçaçı rəssam E.Mikayılova Roma Katolik Kilsəsindən xalça sifariş olunub və bu xalça 100 min manata satılıb.
URL / WWW
http://kelam.az/article/a-2912.html