Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Şəfaət Mehdiyev-100
08.02.11 16:58

AMEA Rəyasət Heyətində Azərbaycanın görkəmli alimi, geologiya-mineralogiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, dövlət mükafatı laureatı, akademik Şəfaət Mehdiyevin anadan olmasının 100 illiyinə həsr edilmiş yubiley tədbiri keçirildi.
Foyedə AMEA Mərkəzi Elmi Kitabxanası tərəfindən təşkil olunmuş akademik Şəfaət Mehdiyevin həyat və yaradıcılığını əks etdirən kitab və şəkillərdən ibarət sərgi nümayiş etdirildi. Tədbiri giriş sözü ilə açan AMEA prezidenti, akademik Mahmud Kərimov akademik Şəfaət Mehdiyevin 100 illik yubileyinin ölkə Prezidentinin sərəncamı ilə keçirildiyini nəzərə çatdırdı. Akademik bunu dövlət başçısının Azərbaycan elminə, görkəmli elm xadimlərinə göstərdiyi diqqət və qayğı kimi qiymətləndirdi.
Şəfaət Mehdiyevin həyatı haqqında məlumat verən M.Kərimov bildirdi ki, o, 1910-cu ildə İranın Sarab qəzasının Şalqun kəndində anadan olmuş, dörd yaşında atasını itirdikdən sonra ailəsi ilə birlikdə Bakıya köçmüşdür. 1930-cu ilin aprelində o, Azərbaycan Sənaye İnstitutunun (hazırkı ADNA) geoloji-kəşfiyyat fakültəsinə daxil olmuş və 1934-cü ildə oranı bitirərək neft və qaz yataqlarının kəşfiyyatı üzrə dağ mühəndisi ixtisasına yiyələnmişdir. Hələ tələbəlik illərində “Kristalloqrafiya kursu” kitabını rus dilindən Azərbaycan dilinə tərcümə etmiş və bu kitabdan 25 ilə qədər Azərbaycan qruplarında tədris vəsaiti kimi istifadə olunmuşdur.
1932-1936-cı illərdə Sənaye İnstitutunun “Neft kadrları uğrunda” adlı çoxtirajlı, daha sonra “Gənc işçi” qəzetlərinin, “Gənc bolşevik” məcmuəsinin, “Azərbaycan idmançısı”, “Qala neftçisi” qəzetlərinin redaktoru işləmişdir. 1936-cı ildən Pirsaat neft mədənində, 1937-1938-ci illərdə Neftçala neft mədənində geoloq kimi çalışmış, daha sonra Azərbaycan Elmi-Tədqiqat Neftçıxarma İnstitutunda baş geoloq, direktor müavini vəzifələrinə irəli çəkilmiş, eyni zamanda, aspiranturaya daxil olmuşdur. O, 1941-1945-ci illər müharibəsinin ilk günlərindən hərbi xidmətə çağırılmış və 1944-cü ilin martında mühəndis-geoloq kimi arxa cəbhəyə göndərilmişdir. Ş.Mehdiyev yenidən aspiranturaya bərpa olunmuş, 1945-ci ildə “Abşeron yarımadasının neft yataqlarının geotermiyası” mövzusunda namizədlik, 1950-ci ildə isə “Lənkəran vilayətinin geoloji quruluşu və neftlilik perspektivliyi” mövzusunda doktorluq dissertasiya işini müdafiə etmişdir.
1954-1958-ci illərdə Geologiya İnstitutunun direktoru, 1958-1965-ci illərdə isə Azərbaycan Dövlət Universitetinin rektoru vəzifələrində çalışmışdır. 1965-ci ildə AEA-nın Geologiya İnstitutunun “Neft və qaz geologiyası” şöbəsinə rəhbərlik etmiş, 1967-1970-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı kafedrasının müdiri vəzifəsində çalışmışdır.
M.Kərimov neft geologiyası elminin inkişafı sahəsində mühüm xidmətləri olan, dünya şöhrətli alimin neft və onunla bağlı sahələrdəki araşdırmalarının istər respublikamızda (postsovet məkanında), istərsə də dünyanın ən nüfuzlu elm mərkəzlərində xüsusi olaraq dəyərləndirildiyini qeyd etdi.
Akademikin rəhbərliyi ilə 70-dən çox elmlər doktoru və namizədinin hazırlandığını qeyd edən M.Kərimov Ş.Mehdiyevin yazdığı kitab, monoqrafiya və dərsliklərin uzun illərdir ki, tələbə, alim və müxtəlif nəsil oxucular tərəfindən stolüstü dəyərli elmi vəsait kimi istifadə olunduğunu söylədi.
Sonra akademikin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
AMEA-nın vitse-prezidenti Akif Əlizadə akademik Ş.Mehdiyevin elmi fəaliyyəti ilə bağlı çıxış etdi. O bildirdi ki, Azərbaycanda geologiya elminin formalaşması və inkişafında misilsiz xidmətləri olmuş Ş.Mehdiyev hərtərəfli elmi biliyə, yüksək təşkilatçılıq bacarığına malik bir alim kimi bu gün də böyük hörmət və ehtiramla yad edilir. Onun xeyirxahlığı, insanpərvərliyi, sadəliyi, vətənpərvərliyi bu böyük şəxsiyyətlə təmasda olanların xatirəsinə əbədi həkk olunmuşdur. A.Əlizadə neftin mənşəyi problemi ilə dərindən məşğul olan Ş.Mehdiyevin hələ 1966-cı ildə neftin dərinlik-biogen genezisi hipotezini irəli sürdüyünü, sonrakı tədqiqatları ilə onu nəzəriyyə səviyyəsinə çatdırdığını və sonralar bu fikirin dünyanın bir çox alimləri tərəfindən qəbul edildiyini qeyd etdi. O, akademik Ş.Mehdiyevin 400-ə qədər elmi əsərin, 20-dən artıq monoqrafiyanın, Azərbaycanın geoloji və tektonik xəritələrinin, neft və qaz yataqları xəritələrinin redaktoru və tərtibçisi olduğunu və nəzərə çatdırdı.
Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, akademiklər Budaq Budaqov, Cəlal Allahverdiyev, Arif İsmayılzadə və başqaları çıxış edərək akademikin “Azərbaycanın geologiyası” adlı çoxcildli nəşrin ayrı-ayrı fəsillərinin və bölmələrinin tərtibində və redaktə işindəki böyük əməyindən, geologiya elminin fundamental istiqamətlərinin inkişafında əvəzsiz xidmətlərindən, Azərbaycanın geotermal şəraitinin, neft və qaz yataqlarının hidrologiyası və geoloji baxımdan rayonlaşdırılması və s. sahələrdə apardığı tədqiqatlardan və keçdiyi şərəfli yoldan danışdılar.
Sonda akademikin oğlu Aqşin Mehdiyev atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə ölkə Prezident İlham Əliyevə, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi. * * *
Bakı Dövlət Universitetində Azərbaycanın görkəmli alimi və ictimai xadimi, BDU-nun sabiq rektoru, akademik Şəfaət Fərhad oğlu Mehdiyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Öncə akademikin ailə üzvləri, tanınmış alim və ictimai-siyasi xadimlərin iştirakı ilə Geologiya fakültəsində barelyefinin və adını daşıyan tədris laboratoriyasının açılışı olub. Sonra tədbir universitetin böyük akt zalında davam etdirilib. Tədbiri açan BDU-nun rektoru, millət vəkili Abel Məhərrəmov akademik Şəfaət Mehdiyevin 100 illik yubileyinin Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən keçirildiyini bildirib və dövlət başçısına təşəkkür edib.Rektor deyib ki, Şəfaət Mehdiyev ensiklopedik biliyə və geniş erudisiyaya malik olan alim, tanınmış neftçi-geoloq, xeyirxahlığı, insanpərvərliyi, sadəliyi, vətənpərvərliyi ilə qəlblərdə özünə əbədi heykəl ucaltmış böyük bir müəllim idi. BDU-nun tarixindən, onun Azərbaycan elmi və təhsilində tutduğu roldan danışan rektor, xüsusilə bu ali təhsil ocağına rəhbərlik etmiş Abdulla Qarayev, Cəfər Xəndan, Yusif Məmmədəliyev və Şəfaət Mehdiyevin rektor olduqları 44-60-cı illərdən danışıb, bu dövrün milli kadrların yetişməsi mərhələsi kimi tarixə düşdüyünü qeyd edib. Akademik Abel Məhərrəmovun sözlərindən məlum olub ki, akademik Şəfaət Mehdiyevin dövründə universitetdə təhsilin keyfiyyəti yüksəlib, elmə maraq artıb, tələbələrə müəllim qayğısı çoxalıb.AMEA-nın müxbir üzvü Vasif Babazadə isə böyük alimin mənalı və şərəfli ömür yolundan, elmi fəaliyyətindən bəhs edib, onun milli ideallara bağlı nəcib şəxsiyyət olduğunu vurğulayıb. V.Babazadə qeyd edib ki, Şəfaət Mehdiyev əsla qəyyum himayəsinə tapınan alimlərdən olmayıb, həyatda məqsədlərinə halal zəhmət, işgüzarlıq, əməksevərlik və məqsədyönlülüklə çatıb.Şəfaət Mehdiyevin nəcib müəllim keyfiyyətlərindən danışan geologiya fakültəsinin dekanı Adil Xasayev, eyni zamanda, onun şəxsiyyəti haqqında da bəzi məqamları tədbir iştirakçılarının diqqətinə çatdırıb.Təhsil naziri Misir Mərdanov akademikin yubileyi münasibətilə respublikanın müxtəlif elmi müəssisələrində keçirilən yubiley tədbirlərindən danışıb. Nazir 3 nəfər gənc BDU aliminin – Afaq Hacıyeva, Könül Yusifova və Gülay Rüstəmovanın Şəfaət Mehdiyev adına mükafata layiq görüldüyünü elan edib və qaliblər mükafatlandırılıb.30 il Şəfaət Mehdiyevlə çiyin-çiyinə çalışdığını deyən AMEA-nın vitse-prezidenti Akif Əlizadə isə akademiki talantlı insan, böyük təfəkkürə malik, xoş davranışlı şəxsiyyət kimi xarakterizə edib.Özünü Şəfaət Mehdiyevin tələbəsi kimi təqdim edən BDU-nun professoru Abuzər Xələfov isə daha çox akademikin insani keyfiyyətlərindən bəhs edib. Onu unikal, təvazökar, humanist, yüksək mənəviyyatlı şəxsiyyət kimi təqdim edən professor, çox insanlar kimi onun da həyatında Şəfaət Mehdiyevin rolunun olduğunu deyib. Bildirib ki, onun partiyaya üzvlüyündə, evlə təmin olunmasında, yaradıcısı hesab olunduğu kitabxanaçılıq şöbəsinin fakültəyə çevrilməsində də Şəfaət Mehdiyevin xüsusi əməyi olub.Coğrafiya fakültəsinin dekanı, professor Müseyib Müseyibov Şəfaət Mehdiyevin qorxubilməz adam olmasından, Azərbaycan elmi, təhsili üçün göstərdiyi fədakarlıqlardan bəhs edib.Tədbirin sonunda akademik Abel Məhərrəmov bildirib ki, 4 yaşından atasını itirən, buna baxmayaraq, ayaq üstə dayanmağı, tək başına yaşayıb-yaratmağı bacaran Şəfaət Mehdiyev həm də gözəl ailə başçısı olub. Rektor deyib ki, bu gün onun 4 övladı – akademik Arif Mehdiyev, Aqşin Mehdiyev, Fərhad Mehdiyev və Ülvi Mehdiyevin Azərbaycanın ictimai-siyasi, elm və təhsil həyatında xüsusi rolları və çəkiləri vardır. Rektor çıxışının yekununda Şəfaət Mehdiyevin 100 illik yubileyi münasibətilə onun irsinin öyrənilməsi mövzusunda keçirilən müsabiqənin qaliblərini elan edib və geologiya fakültəsinin tələbələri Elvin Qurbanov, Səmayə Bünyatzadə və Səməd Cəfərov fəxri fərmanla təltif olunublar.Ailə üzvləri adından çıxış edən alimin oğlu, Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyev yubileyin keçirilməsi ilə bağlı imzaladığı sərəncama görə Prezident İlham Əliyevə təşəkkür edib. Eyni zamanda Təhsil naziri Misir Mərdanova, BDU-nun rektoru Abel Məhərrəmova və tədbirin yüksək səviyyədə təşkili üçün əməyi keçmiş bütün insanlara minnətdarlığını bildirib.Qeyd edək ki, yubiley tədbirində Milli Aviasiya Akademiyasının rektoru, akademik  Arif Paşayev, Diplomatik Akademiyanın rektoru, professor Hafiz Paşayev, AMEA-nın prezidenti Mahmud Kərimov, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva, o cümlədən ictimai-siyasi xadimlər, millət vəkilləri iştirak edirdilər.
URL / WWW
http://kelam.az/article/a-2911.html