Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Nigar Köçərli: “MKM-in növbəti dəfə keçirilməsi çoxları üçün gözlənilməz idi”
07.01.11 01:09

Hər il keçirilməsi planlaşdırılan Milli Kitab Mükafatının bu ilki hazırlıq mərhələsini öyrənmək üçün MKM-nin təsisçisi Nigar Köçərli ilə əlaqə saxladıq.

- Milli Kitab Mükafatına noyabrın 25-dən başlanılıb. Hazırda MKM hansı mərhələdədir?

- Yanvarın 10-a qədər əsərlərin qəbulu davam edəcək. Bundan sonra peşəkar ekspertlər əsərləri oxuyub qiymət verəcəklər. 2 ay 10 gün müddətində onlar əvvəlcə 20 ən yaxşı əsəri – “long list”i seçəcəklər, bundan sonra 10 gün müddətində isə 10 ən yaxşı əsəri – “short list”i səsləndirəcəklər. Beləliklə - “qısa siyahı”ya düşənlər – finalçılar martın 27-də məlum olacaq. Ondan sonra 17 nəfərlik Münsiflər Heyəti öz işinə başlayacaq və mayın 31-də mükafatlandırma mərasimi keçiriləcək. Birinci yerin sahibi 3 min manat, ikinci yerin sahibi 2 min manat, üçüncü yerin sahibi isə min manat qazanacaq. Bundan başqa belə bir yeni nominasiya olacaq: "Ən yaxşı bədii tərcüməyə görə". Amerika səfirliyi ingiliscədən Azərbaycan dilinə ən yaxşı tərcüməyə görə 1000 manat mükafat verəcək.


- Keçən il qalib seçilmiş əsər “A” romanı çoxlu müzakirələrə səbəb oldu. Qaraqanın birinciliyini bəzi yazarlar etirazla qarşıladı. Bu münsiflərin işinə nə dərəcədə təsir edəcək?

- Bu il münsiflərin sayı 12 yox, 17 nəfərdir. İstədik ki, Münsiflər Heyətinin tərkibi daha rəngarəng olsun. Həmin şəxslər cəmiyyətimizdə çox böyük nüfuza malik olanlardır. Münsiflər Heyəti professorlar Rafiq Əliyev, Cəmil Həsənli və Niyazi Mehdi, naşir Şahbaz Xuduoğlu, kinoşunas Ayaz Salayev və telerejissor Mehriban Ələkbərzadədən ibarətdir. Ancaq biz münsiflərin işinə qarışa bilmərik. Biz deyə bilmərik ki, bu il hansı əsər seçiləcək və o da böyük müzakirəyə səbəb olacaqmı?
Amma bu il keçən ildən fərqli olaraq münsiflər verdikləri balı açıqlayacaqlar. İstərdik ki, hansısa TV kanalı bu barədə münsiflərdən məlumat alsın. Əlbəttə, keçən il müsabiqədə yer tutmayanlar etiraz etdilər, bu həmişə olur.


- Müsabiqəyə hansı əsərlər götürülür? Konkret janr təyin olunubmu?

- Müsabiqəyə həcmi 40000 çap işarəsindən az olmayan bədii nəsr əsərləri (hekayə, povest, roman) təqdim oluna bilər. Şərtlərdə bəzi dəyişiklər var. Daha bir yenilik – onluğa düşən əsərlərin bir parçası bizim saytımızda yerləşəcək və elektron səsvermə aparılacaq. Biz istəyirik ki, ədəbiyyatımız müzakirə olunsun, diqqətdən kənarda qalmasın. Əgər biz istəyiriksə ki, cəmiyyətimizdə və ədəbiyyatımızda dəyişiklik olsun, bu cür layihələr həyata keçirilməlidir. Bu layihədə əməyi keçənlərin hamısının amalı budur.
Biz sadəcə danışmırıq, kiminsə zəhmətini yerə vurmaq üçün bəyanatlarla çıxış etmirik. Düşünürəm ki, MKM-nin növbəti dəfə keçirilməsi çoxları üçün gözlənilməz idi. Bir çoxları düşünürdü ki, bu Azərbaycanda keçirilən əksər layihələr kimi qısamüddətlidir. Ancaq söz verdiyimiz kimi MKM hər il baş tutacaq və bunun nəticəsi olaraq ədəbiyyatımızın inkişafı məsələlərini gündəmə gətirəcəyik, yeni imzalar axtaracağıq, ən yaxşı yazıçılarımızı müəyyənləşdirərək, geniş kütləyə tanıdılması istiqamətində əlimizdən gələni edəcəyik.
URL / WWW
http://kelam.az/article/a-2675.html