Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Müsahibələr » Millət vəkili Jalə Əliyeva: “Birdə gördüm ki, özüm də hiss etmədən millət vəkiliyəm”
23.12.10 19:48

Artıq parlament seçkiləri arxada qalıb. Milli Məclisə keçirilən seçkilərdə 125 deputat yerinin yarıdan çox hissəsini təkrar seçilən millət vəkilləri tutdu. İndi cəmiyyət seçkilərdən deyil, seçilən deputatların qarşısında duran məsələrin həllini müzakirə edir. Müsahibimiz də təkrar seşilən deputat, filologiya elmlər doktoru Jalə xanım Əliyevadır.

Jalə xanım, parlamentdə Mədəniyyət komitəsində təmsil olunursunuz. Dəfələrlə bu sahədə kifayət qədər mövcud problemlərimizdən bəhs etmisiniz, o cümlədən efir məkanı ilə bağlı...

- Elədir. Ümumiyyətlə son zamanlar parlamentin Mədəniyyət komitəsində Azərbaycanın efir məkanı ilə bağlı məsələlər ən aktual müzakirə mövzularından olub. Çünki, biz bu məsələlərdə vaxtında sözümüzü deməliyik. Günü-gündən lazımsız verilişlərin sayı da artmaqdadır. Baxmayaraq ki, ötən il akademik Ramiz Mehdiyevin Azərbaycanın efir məkanı ilə bağlı məlum məqaləsi bu sahədə kifayət qədər həyəcan təbili çaldı. Bu məqalədən çox yararlanmaq olardı. Nəzərə alsaq ki, televiziya cəmiyyətdə aparıcı vasitələrdən biridir, o zaman bu gedişlə biz hara gedirik? Bilirsiniz, informasiya və texnologiyanın inkişaf elədiyi indiki dövrdə heç bir yeniyetmə gənci kitab oxumağa məcbur etmək olmur. Onlar üçün əsas informasiya mənbəyi internet, kütləvi halda da əsasən televiziyadır. Təbii ki, cəmiyyətimizin gələcəyinə həssas olmaq üçün bu məkanda gedən proqramları və informasiyaları müəyyən bir çərçivəyə salmaq lazımdır. Bu bizim bildiyimiz ənənəvi senzura deyil. Mədəni senzura deyilən bir anlayış olmalıdır. Biz gözübağlı şəkildə xarici ölkələrdən idxal olunan efir proqramlarının cəmiyyətimizə sırınmasına imkan verməməliyik. Təəssüf ki, indi efir məkanımızın böyük əksəriyyəti gənclərimiz arasında intellekt deyil, şou-ulduz axtarışındadır.

Məsələn, Sizi daha çox narahat edən televiziya verlişləri hansılardır?

- Əsasən evlilik verlişləridir. Mən onları heç cürə qəbul edə bilmirəm. Ən çox təəccüb doğuran da odur ki, bu verilişlərlə bağlı etirazlara rast gəlinir, lakin kütləvi bir qınağa rast gəlinmir. Dəfələrlə rastlaşırıq ki, ahıllar, evdar qadınlar buna normal baxırlar. Mən şəxsən belə proqramları qəbul edə bilmirəm. Çünki düşünmürəm ki, o proqramlar vətəndaşlarımız üçün müsbət nəsə verəcək. İki nəfər arasında baş verən daxili hissləri efir vasitəsi ilə ictimai müzakirəyə çıxarmağı anlamaq çətindir. Nəyə görə bu gün sadə xalq arasında hansı bir gəncdən yaxınlaşıb Azərbaycanın milli bayram günləri haqqında soruşduqda o susub qalır, amma istənilən bir şou müğənni haqqında ətraflı məlumata malik olur?! Bu, günümüz üçün adi hadisə ola bilər, amma gələcəyimiz üçün ciddi fəsad deməkdir. Televiziyalar indidən ciddi məsuliyyət daşımalıdırlar, çünki onlar hər evə “icazəsiz” “girib” hamının diqqətini çəkmək iqtidarına malikdirlər. Bu barədə artıq həyəcan təbili çalınıb və ölkənin ziyalıları, öndə gedənləri bu məsələdə bir nümunə olmalıdırlar.

Siz əminsiniz ki, məsələn, Siz evdə olmayan zaman övladınız evdə oturub həmin proqramlarla maraqlanmır?

- Şəxsən mən əminəm ki, mənim qızım o tip verilişlərə baxmır. Çünki, ən azı günün elə saatı evdə olur ki, o vaxt həmin verilişlər efirdə olmur. Olsa da marağı olmaz. Mən bunu özümdən demirəm, ən azı onun ətrafında topladığım məlumatlar əsasında bu fikirdəyəm. Ola bilər kimsə mənə irad tuta bilər ki, bu verilişlərdə heç nə yoxdur, nəticə etibarı ilə burda iki nəfər ailə qurur. Yəni, kimsə vaxtında evlənə bilməyib, “qapı döyə” bilməyib, artıq yaş keçib. Bunu başa düşmək olar. Amma, 20 yaşında qıza nə düşüb ki, gəlib efirdə özünə ailə axtarsın?! Mənə, bax bu çatmır. İnternet ilə evlənməyi başa düşmədiyim kimi, bunu da başa düşə bilmirəm. Burada da mən tək özümdən və öz mövqeyimdən yox, ətrafımda olan fikirləri ifadə edirəm.

Təmsil etdiyiniz komitənin son iclasında “Dil haqqında” qanunun yenidən işlənməsinin vacibliyini təklif etdiniz. Bu hansı zərurətdən irəli gəldi?

- Bilirsiniz, son illər əksər hallarda ölkədə Azərbaycan dilinin heç bir qaydasına, qramatikasına riayət olunmadığı müşahidə olunur. Narahatçılığım nədir? Məsələn, küçədəki reklamların dili, dükanların önündəki afişalar, televiziyalarda aparıcıların danışıq üslubu və s. bütün bunlarda qeydə alınan ciddi nöqsanlar Azərbaycan ədəbi dilinə xarici kəlmələrin yol açmasına imkan verib. Eyni zaman da neçə ildir müstəqil olmağımıza baxmayaraq, içimizdə xüsusən də rus dilinin özümüzə şan-şöhrət bilməyimiz, gündəlik həyatımıza çevirməyimiz qətiyyən yolverilməzdir. Xarici dili bilmək pis bir hal deyil, lakin ona Ana dilini qurban vermək ümumiyyətlə mənfi haldır. Problem bununla bitmir, məsələn, qanunların dilində nə qədər nöqsanlar müşahidə olunur. Düşünürəm ki, qanunların dili təkcə onları yazan üçün deyil, ümumiyyətlə hər bir təbəqə üçün anlaşılan olmalıdır. Yeri gəldi-gəlmədi anlaşılmayan terminologiyadan istifadə etmək insanların qanunu anlamasını əngəlləyir. Mənə elə gəlir ki, bütün bunların artıq qanunla tənzimləməyin vaxtı yetişib.

Hələ də ölkəmizdə rus dilinə meylin güclü olmasından danışdınız. Etiraf edək ki, bu daha çox ziyalı təbəqəsi, eləcədə əksər millət vəkilləri arasında geniş müşahidə olunur...

- Mənə elə gəlir ki, bu, təbəqəsindən asılı olmayaraq hər kəsin üzərinə düşən məsuliyyət məsələsidir. Mənə elə gəlir ki, məşğuliyyətindən asılı olmayaraq hər bir azərbaycanlı köhnədən yeniyə dəyişməyi birinci özündən başlamalıdır. Çünki, ilk növbədə başlanğıc kimi onun ailəsində övladı bu ənənəni ondan alır. Yəni, uşaq ilk olaraq ailədə dil açır. O gözünü açıb hamının rus dilində danışdığını görürsə, Ana dilinin hansı olduğunu nə zaman anlayacaq?! Haqlısınız, rayon yerlərində dil ilə bağlı bir o qədər problem yoxdur, nəinki paytaxtda və ya iri şəhərlərimizdə daha çox rast gəlinir. Razıyam ki, bu ənənəni aradan qaldırmaq üçün elə bu mərkəzi şəhərlərdən və müəyyən təbəqə ailələrdən başlamaq lazımdır. Məsələn, paytaxtımızda kifayət qədər uşaq bağçaları var ki, rus dilində fəaliyyət göstərir. Ümumi mənada mən buna etiraz etmirəm, biz tolerant ölkəyik. Amma, məsələ burasındadır ki, həmin baçğalardakı uşaqların böyük əksəriyyəti azərbaycanlı uşaqlardır. Təbii ki, burada da əksər uşaqlar ziyalı ailələrdən çıxanlar olur. Mənə elə gəlir ki, azərbaycanlı ailəsinin öz vətənidə rus dilində bağçaya, məktəbə getməsi arzu olunan hal deyil. Milli duyğular haqqında bol-bol danışmaqdansa, onu qabartmağı bacarmaq lazımdır. Biz azərbaycançılıq ideyasından hər yerdə danışdığımız kimi, onu birdəfəlik qavramağı da bacarmalıyıq.

 Sizin qızınız orta məktəbi hansı dildə oxuyub?

- Rus dilində... Məsələ də burasındadır ki, o rus məktəbinə gedəndə heç “da-neti” bilmirdi. Lakin, baxmayaraq ki, o axıra kimi rus məktəbini bitirdi, indinin özündə də Azərbaycan dilini qramatikasına kimi bilir. Bu ona görə deyil ki, mən filoloqam, ona təsir etmişəm. Ona görə ki, o ailədə rus kəlməsini eşitməyib. O, rus dilini ancaq məktəbdə eşidib. Artıq onun üçün rus dili bir xarici dildir və mən bir ana kimi fəxr edirəm ki, o rus dili ilə bərabər bir neçə dili də sərbəst bilir.

Bəs, səbəb nə idi ki, övladınızı rus dilində orta məktəbə göndərdiniz?

- Bilirsiniz, qızımın məktəbə getdiyi dövr Azərbaycanın müəyyən bir keçid dövrü yaşadığı vaxta düşdü. O zaman Azərbaycan dilində olan məktəblərdə təhsilin səviyyəsi ilə bağlı bir inamsızlıq, etimadsızlıq vardı. Yəni, o zaman rus dilli məktəblərdə təhsil, dünyagörüşü nisbətən daha yüksək idi, nəinki Azərbaycan dilində olanlarda. Bu 15 il bundan əvvəl idi. O zaman öz dilimizdə olan məktəblərdə lazım olan etimadı görə bilmirdim. Mən də bir ana kimi onun təhsilinin keyfiyyəti üçün bu addımı atmışdım. İndi artıq ölkəmizdə mükəmməl təhsil sistemi yaradılır, Azərbaycan təhsili artıq dünya təhsil sisteminə inteqirasiya edir.

Qızınız orta təhsili Bakıda alıb?

- Bəli, 6 saylı məktəbdə. Cənab Prezidentimiz də o məktəbin məzunudur. Yeri gəlmişkən mən xüsusi olaraq fəxr edirəm ki, mənim qızım cənab İlham Əliyevin bitirdiyi orta məktəbi bitirib. Bunun müsbət təzahürləri çoxdur. Tam məsuliyyəti ilə deyirəm ki, həmin məktəbdə rus dilində oxuyaraq, mənim qızım Azərbaycan tarixini, dilini mükəmməl mənimsəyib.

Jalə xanım necə düşünür, onun üçün ən yüksək post millət vəkili olmaqdır, yoxsa?

- Bu mənim üçün yüksək post deyil, lakin özümü görə biləcəyim və potensialımı bölüşə biləcəyim yerdir. Həyata keçirə biləcəyim bir yer kimi bu postu görürəm. Mən 22 ildir pedaqoji fəaliyyətlə məşğulam, filologiya elmlər doktoruyam. Yəni, müəllimlik cəmiyyətin ən yüksək postlarındandır. Vaxtı ilə dərs dediyim ali məktəbdən başlayaraq gənclər arasında sosial, mənəvi və s. problemləri görərək bu yolda öz potensialımı bölüşmək üçün millət vəkilliyini seçdim. Amma, yenə də bu posta qarşıma məqsəd qoyaraq çatmamışam. Cəmiyyətdə sadaladığım bütün bu və ya digər məsələlərlə bağlı düşündüyüm zaman, birdə gördüm ki, özüm də hiss etmədən millət vəkiliyəm. Yenə, deyirəm, mən öz potensialımı bölüşmək üçün burdayam. Əks halda şəxsi karyera üçün pedaqoji faəliyyətim də mənim üçün yetərli olar bilərdi.
URL / WWW
http://kelam.az/article/a-2609.html