Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Müsahibələr » “Avtoxuliqanlıq edənlər kameralar vasitəsilə çox rahat aşkar edilir”
14.12.10 16:00

Mübariz Qasımovun sözlərinə görə, bir çox halda cinayətlə bağlı epizodları əldə etmək üçün tədqiqat orqanlarından onlara müraciət olunur

Müsahibimiz Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin idarə edilməsi şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mübariz Qasımovdur.

- Mübariz müəllim, bildiyimiz kimi, Bakı şəhərində yollardakı vəziyyətə 24 saat ərzində nəzarət edən kameralar quraşdırılıb. Həmin kameralar vasitəsi ilə qeydə alınan qanun pozuntuları haqqında bir qədər ətraflı məlumat verərdiniz.

- Şəhərin mərkəzi küçə və prospektlərinin kəsişmələrində quraşdırılan kameralar vasitəsilə sutkanın 24 saatı ərzində şəhərdəki nəqliyyat vasitələrinin hərəkətinə tərəfimizdən nəzarət edilir və kobud qayda pozan avtomobil sürücüləri aşkar edilərək, barələrində müvafiq tədbirlər görülür. Bununla yanaşı, bütün bunlar barədə gündəlik televiziya verilişlərində məlumat verilir. Həmin kameralar vasitəsilə yol hərəkəti qaydalarını pozan avtomobillər əməkdaşlarımız tərəfindən aşkar olunaraq, bu barədə fotoraportlar tərtib edilir və həmin avtomobil sürücüləri barəsində sonradan İnzibati Xətalar Məcəlləsinə müvafiq tədbirlər həyata keçirilir. Yol hərəkəti qaydalarını pozan bütün avtomobillər avtomatik olaraq operatorlar tərəfindən qeydə alınır və dərhal bu barədə fotomaterial tərtib olunur. Nəqliyyat vasitəsinin markası, dövlət nömrə nişanı və qeydiyyatda olduğu məkan belə fotomaterialda öz əksini tapır. Daha sonra bu fotomateriallar üzrə əməkdaşlarımız tərəfindən müvafiq inzibati araşdırmalar aparılaraq sürücü müəyyən olunur və məsuliyyətə cəlb edilir.


- Cari ilin 11 ayının yekunları ilə bağlı nə deyə bilərsiniz?

- Cari ilin 11 ayı ərzində yol hərəkətinin idarə edilməsi şöbəsinin operatorları tərəfindən 27532 yol hərəkəti qayda pozuntusu aşkarlanaraq, müvafiq qaydada fotoraportlar tərtib olunub. Şöbə əməkdaşları tərəfindən həmin fotoraportlar əsasında 7226 sürücü barəsində inzibati protokollar tərtib edilib və həmin sürücülər inzibati məsuliyyətə cəlb olunublar. Digər fotoraportlar da müvafiq olaraq tədbir görülməsi üçün sürücünün yaşadığı ərazilər üzrə polis orqanlarına göndərilib.


- Sükan arxasında telefonla danışmağa görə tətbiq edilən cərimənin məbləği kifayət qədər artırılıb. Sizcə bu artım belə qayda pozuntularının sayının azalmasına təsir edirmi?

- Əlbəttə ki, təsir edir. Bütün bu mübarizəmiz yol-nəqliyyat hadisələrinin azalmasına gətirib çıxarır. Ümumiyyətlə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2 iyul tarixində «Yol hərəkəti haqqında» qanuna və İnzibati Xətalar Məcəlləsinə edilən əlavə və dəyişikliklər artıq öz müsbət nəticələrini verir. Yol-qəza hadisələrinin baş verməsinə səbəb ola bilən diqqəti yayındıra biləcək əməllər, o cümlədən telefonla danışmaq, əlbəttə ki, hadisələrin sayının artmasına gətirib çıxarır. Belə halların qarşısını almaq məqsədi ilə təsirli tədbirlərin həyata keçirilməsi də öz müsbət nəticələrini verməkdədir. İlk növbədə, hər bir sürücü düşünməlidir ki, əldə telefon saxlamaqla ondan istifadə etmək yol-qəza hadisəsinin baş verməsinə səbəb olan haldır. İkinci tərəfdən, cərimənin həddindən artıq yüksək olması (50 manat) ailə büdcəsinə də öz mənfi təsirini göstərir. Bu da sürücüləri bu cür qayda pozuntularından çəkindirir.


- Avtoxuliqanlar konkret olaraq kimlər hesab olunur və onların qarşısını almaq üçün hansı tədbirlər həyata keçirilir?

- Bu barədə də «Yol hərəkəti haqqında» Qanunun 296-cı maddəsinə əsasən danışmaq olar. Cinayətkarın məkanı olmadığı kimi, avtoxuliqanın da cinsiyyəti məlum deyil. Sadəcə, qeyd etmək lazımdır ki, avtoxuliqanlıq edənlərin əksəriyyətini ictimaiyyətimizin gənc üzvləri, yəni cavanlar təşkil edir. Onlara qarşı Dövlət Yol Polisi əməkdaşları mütəmadi olaraq tədbirlər həyata keçirir və yuxarıda qeyd etdiyimiz kimi, avtoxuliqanlıq edənlər kameralar vasitəsilə çox rahat aşkar edilir və onların bütün əməlləri lentə alınır.


-  Cinayət işlərinin açılmasında kameraların rolu barədə nə deyə bilərsiniz?

- Kameraların həddindən çox üstün cəhətləri var. Onlar ilk növbədə sürücü və yol polisi əməkdaşları arasında hər hansı bir mübahisəyə son qoyur. Qeydə alınan hər hansı bir yol-qəza hadisəsinin konkret olaraq günahkarının tapılmasında, cinayətlərin açılmasında, o cümlədən vətəndaşlar tərəfindən müraciət olunan ərizə-şikayətlərin araşdırılmasında kameralar birbaşa köməklik göstərir. Onlar sutkanın 24 saatı işləyir və operatorların köməyi ilə kameraların qeydə aldığı bütün görüntüləri əldə etmək mümkündür. Kameralar vasitəsilə bütün yol hərəkəti qeydə alınır, arxivləşdirilir, kompyuter sisteminin imkanları daxilində yaddaş sistemində saxlanılır və müəyyən epizodlar lazım olduqda həmin arxivdən çıxarıla bilir ki, bununla da mübahisəli məsələlər öz həllini tapır. Kameralarla nəinki yol hərəkəti qayda pozuntularına, hətta parklarda belə hərəkətə nəzarət etmək mümkündür. Bir çox halda cinayətlə bağlı epizodları əldə etmək üçün tədqiqat orqanlarından bizə müraciət edirlər. Biz də öz növbəmizdə həmin epizodun videogörüntüsünü onlara veririk. Həmin videogörüntülər dəqiq sübut növü kimi araşdırılır və hadisənin kim tərəfindən törədilməsi aşkar edilməsinə köməklik göstərir.


İsgəndər Quliyev
URL / WWW
http://kelam.az/article/a-2541.html