Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Vətəndaş alim
19.10.09 14:58

Onu təkcə əmim olduğu üçün deyil, dərin bilik, insan psixologiyasını duyan, kövrələn insan qəlbini almağı bacaran, zəngin dünya görüşü, geniş məlumat dairəsi olan bir insan – bir şəxsiyyət kimi püxtələşdiyi üçün sevirəm.
Hər 100 illikdə nadir alimlər, təfəkkür sahibləri yetişir.
Xalqına, millətinə şərəf gətirən, onu bir çox ölkələrdə tanıdan bu şəxsiyyətlərdən biri də Azərbaycanın görkəmli alimi fizikaşünas Muxtar Vəliyevdir. Çox zəngin daxili mənəviyyata malik olan bu insanın elmi-fəlsəfi düşüncələri, Azərbaycan elmində tutduğu mövqeyi, alimin elmi araşdırmaları söylədiklərimi təsdiq edər.Müqəddəs, kamil insan olan M.Vəliyevin xarakteri tamam müstəqil, hər hansı bir predmetə, obyektə, həyati hadisələrə oricinal şəkil, yeni məna, hadisələrə yeni məzmun və xarakter verirdi.
Muxtar İsmayıl oğlu Vəliyev 1926-cı ildə Qərbi Azərbaycanın Vedi rayonunun Şiddi kəndində anadan olmuşdur. O, 1934-cü ildə kənd orta məktəbinin birinci sinfinə daxil olub, 1942-ci ildə həmin məktəbin yeddinci sinfini bitirmişdir. 1942-44-cü illərdə Vedi rayon Avşar kənd orta məktəbinin 8-9-cu siniflərində təhsilini davam etdirmişdir. 1944-49-cu illərdə isə kolxozda işləmiş və 1950-ci ildə Avşar kənd orta məktəbinin 10-cu sinfini bitirmişdir.
Muxtar müəllim 1950-ci ildə J.Məmmədquluzadə adına Müəllimlər İnstitununun fizika-riyaziyyat fakultəsinə daxil olmuş və 1952-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir.
İnstitutu bitirdikdən sonra Naxçıvan Muxtar Respublikasının Noraşen rayonunun Yengicə kənd məktəbində müəllim işləmişdir.
Həmişə ona dahi bir şəxsiyyət kimi baxmışam. Bəzən adama elə gəlir ki, məşhur adamlar, tanınmış şəxsiyyətlər uşaq olmayıblar. Onları həmişə artıq şöhrətə çatdıqları, hamı tərəfindən ehtiram olunan qiyafədə təsəvvür edirik. Özlərini təsdiqləyənə qədər keçdikləri  çətin, mübarizəli, enişli-yoxuşlu yolları unuduruq.
Bu bir həqiqətdir ki, tarixdə yaradıcı insanlara, alimlərə həmişə böyük hörmət və ehtiram olub. Xüsusilə də Şərq aləmi, İslam dünyası kamil insanı hər zaman qiymətləndirərək, onun şərəf və ləyaqətini böyük ehtiramla əziz tutublar.
Təbii ki, belə şəxsiyyətlər insanların qəlbində həmişəlik məskən salırlar. Onlar bəşəriyyətin mənəvi təşəkkülü və inkişafı yolunda böyük zəhmətlərə qurşanaraq insanların hörmət və məhəbbətini qazana bilirlər.
Açığını qeyd edim ki, Azərbaycanda yaşayıb fəaliyyət göstərmiş bu adam öz kəşfləri ilə elmi fəaliyyətdə olan əksər alimlərin nəzərini çəkmiş, dövrü alimlərin həmişə diqqət mərkəzində olmuşdur.
Bu bir həqiqətdir ki, heç bir insan dünyaya alim olaraq gəlmir.
Muxtar Vəliyev də böyük çətinliklərə qurşanaraq elmi axtarışlarda olmuş, zaman-zaman klassikləri mütaliə etmiş, onların getdiyi elmi-axtarış yollarında gecəli-gündüzlü zəhmət çəkmişdir.
1959-cu ildən AMEA-nın Fizika istitutunda əvvəlcə kiçik elmi işçi işləmiş, 1968-ci ildə dissertasiya müdafiə etmiş, fizika-riyaziyyat elmləri namizədi adı almışdır. Beləliklə, ömrünün sonuna qədər orada fəaliyyət göstərmişdir.
Uşaqlıqdan fitri istedada malik Muxtar Vəliyevin ömür kitabını vərəqləyənlər onun heyratamiz elmi kəşfləri ilə tanış olmuşlar. Onun həyat salnaməsi, yazdığı elmi əsərlər böyük şəxsiyyətin mənalı ömür yolunun nişanvericisidir. Bu ömür yolu – ecazkar ilhamının çoxcəhətli uğurları, elmi tərəqqinin inkişafı yolunda gərgin mübarizə anları, xalqına, doğma yurduna sonsuz məhəbbətinin həmişəbahar çiçəkləri kimi sanki təravət gətirən bahara bənzəyir desək, yanılmarıq.
Muxtar Vəliyevi bir alim kimi, görkəmli şəxsiyyət kimi səciyyələndirən əsas keyfiyyətlərindən biri də onun çox bacarıqlı və istedadlı olması idi. O, çalışdığı hər bir sahənin fəaliyyət dairəsini gözəl bilmiş, oranın inkişaf prespektivlərini hərtərəfli müəyyənləşdirməkdə böyük fəallıq göstərmişdir.
Bütün bu cəhətlər indiki və gələcək nəsillər üçün böyük həyat, fəaliyyət məktəbi və örnəkdir.
Alim hələ gənc ikən insan qəlbinin ən dərin incəliklərini açmağa müvəffəq olmuş, bir zərgər dəqiqliyi ilə hər bir qəlbin əhval-ruhiyyəsini duymuş və bu da elmdəki fəaliyyətinin aydın mahiyyətini açmağa köməklik etmişdir.
Muxtar müəllimin həmkarı, AMEA-nın akademiki, Bahadur Tağıyevin əmim haqqında ünvanladığı xoş xatirələri də söyləməyi özümə borc bildim: «Fizika-riyaziyyat elmləri namizədi, böyük elmi işçi M.Vəliyevlə yaxından tanış olarkən onun yüksək mənəvi keyfiyyəti, nurani çöhrəsi, insana müraciət qabiliyyəti, müdrikliyi, yaşından, sosial vəziyyətindən asılı olmayaraq mülayim, isti münasibəti həmsöhbətini valeh edirdi.
Onun yazdığı kitab və məqalələr nə tarixi oçerk, nə də yazıçı təxəyyülüdür. Onun ərsəyə gətirdiyi əsərlərdə (İşıq, enerci, fotoqrafiya, rentgen şüaları, holloqrafiya və ifrat keçiricilik və s.) fiziki hadisələrin populyar izahı, onların elmdə, texnikada, təbabətdə geniş tətbiqi açıq-aydın özünü təzahür edir.
M.Vəliyevin və E.Salayevlə birgə yazdıqları (Lazerlər, bu günü və sabahı) monoqrafiyada yaqut lazerləri, şüşə lazerlər, qaz lazerləri, güclü malekulyar lazerləri, qazo dinamik SO2 lazerlər, yarımkeçirici lazerlər, induksiya lazerləri, dəyişən tezlikli lazerlər haqqında yığcam, sadə məlumatın verilməsi, onların hərbdə, tibbdə, sənayedə, kosmosda, geodeziyada, radiolokasiyada tətbiqlərinin populyar şəkildə izahı oxucu tərəfindən həvəslə mənimsənilir.
Muxtar müəllimin dövrü mətbuatda 400-dən çox elmi məqaləsi dərc olunmuş və radioda bu mövzuda mütəmadi çıxışlar edilmişdir.
Muxtar müəllimin müxtəlif aşqarlar vurulmuş selenin istilik tutumuna, elektrik keçiriciliyinə həsr olunmuş elmi məqalələri nüfuzlu elmi curnallarda dərc olunmuşdur. O, bir neçə müəlliflik şəhadətnaməsinin və potentin müəllifidir.
Muxtar müəllimin oxuculara təqdim olunan əsərləri içərisində görkəmli fizik, Azərbaycanda yarımkeçiricilər fizikasının əsasını qoyan, ona maraq yaradan, qısa bir müddətdə böyük uğurlar qazandıran, istedadlı alimlər ordusu yetişdirən, 13 il Elmlər Akademiyasına rəhbərlik edən, 1959-cu ildən ömrünün sonuna qədər fizika institutunda direktor olan, keçmiş SSRİ-nin əsas fizika üzrə elmi-tədqiqat institutunda Azərbaycan fizikasının şöhrətini ucaldan, SSRİ EA müxbir üzvü, sözün əsl mənasında böyük şəxsiyyət H.Abdullayevin həyat və yaradıcılığının bir hissəsinə həsr edilmiş «Həsən Abdullayev: Alim və elm təşkilatçısı» monoqrafiyası xüsusi yer tutur. Böyük məsuliyyət tələb edən bu işin öhdəsindən Muxtar müəllim şərəflə gəlmişdir. Müəllif Həsən müəllimin simasında Sovetlər İttifaqında elmin müstəqil bir bölməsinin fizikası sahəsinin yaradılması və onun bu gün dünya elmində qabaqcıl yer tutmasını elmi faktlarla təsvir etmişdir. H.Abdullayev məktəbindən 70-dən çox akademik və müxbir üzvü, 30-dan çox elmlər doktoru çıxmış, elmlər namizədlərinin sayı 100-ü keçmişdir. Muxtar müəllim akademik Həsən Abdullayevi oxucuya belə təqdim edir: 36 yaşında elmlər doktoru, 49 yaşında akademik, 52 yaşında EA-nın prezidenti, 60 yaşında dünya miqyasında tanınan, Respublikadı fizika məktəbinin yaradıcısı, 6 institutu təşkil edən alim və böyük fiziklər nəslinin tərbiyəçisi...
Muxtar müəllim 40 elmi məqalənin, 5 kitabın, Azərbaycan ensiklopediyasında fizikanın müxtəlif sahələrinə həsr olunan 60-dan çox məqalənin müəllifidir.
2006-cı ildə Muxtar Vəliyev AMEA-nın fəxri fərmanı ilə təltif edilmişdir.
Muxtar müəllim elmi fikirlərini, həyatı düşüncələrini həmişə həmkarları ilə bölüşür, məsləhətləşir, elmi-tərəqqi və ictimai proseslərə böyük diqqət yetirirdi.
Alimin ömür yolu təqdir edilməli cəhətlərlə zəngindir. O, Vətənin çox sədaqətli övladı kimi yetişmişdir.
Muxtar Vəliyev AMEA-nın həqiq üzvü, Milli Aviasiya Akademiyasının rektoru Arif Mircəlal oğlu Paşayevlə EA-nın Fizika İnstitutunda birgə çalışmışdır».
Söhbətimi yekunlaşdıraraq deyirəm:
Muxtar müəllim həm də əqidə sahibi idi. Hələ sovetlər dönəmində o, Allaha inanmış, heç vaxt ibadətindən qalmamışdır. Onun bir müqəddəs insan olması daxili inamından təzahür edirdi. Qurani-Kərimin tərcümələrini mütaliyə etdikcə heyrətini gizlədə bilmirdi. Həmişə deyərdi: «Qurani-Kərim bütün elmlərin mənbəyidir. Kosmik fəzanın kəşfi, səma cisimlərinin öyrənilməsi, bir sözlə fizika-riyaziyyat elmlərinin sirrlərinin açılması orada öz əksini tapmışdır. Kaş ömür kifayət edəydi, az da olsa Qurani-Kərimin elmi sirrlərinə bələd ola biləydim. O zaman daha yeni-yeni kəşflər edərdim»...
Hara getsən, sözün üstünə gəlirsən. Söz sirlərin açarıdır. Mərhum əmimin, əziz bir insanın haqqında fikirlərimi oxucularla bölüşməyimə şadam.
Düşünürəm ki, alim, xeyirxah bir şəxsiyyət M.Vəliyev ruhumda, ağlımda, yaddaşımda elə bir yüksəklikdə dayanmışdır ki, onun mənəvi portretini canlandırdıqca baxmaqdan doymuram.
Onu düşündükcə içimdə acılı-şirinli xatirələr məni çox uzaqlara aparır.
Təfəkkürdən başlanan yol insanların mənəvi aləminə cığır salır və onun mənə gətirdiyi əhval-ruhiyyənin ətəyindən yapışaraq düşünürəm ki, o portreti tamlıqla təsəvvür edə bilmədim. Onun haqqında danışarkən, fikirləşərkən düşüncələrim dumanlanır, sanki ona olan sevgim rəsam əli ilə çəkilmiş uca bir dağ tablosuna bənzəyir.
Nəzərimdə uzanan cığır bu dağın zirvəsinə qalxdıqca genişlənib dərinləşir, bu yolun sonsuzluğunu onun mənalı gözlərində tamlığımla dərk edə bilməyib yoruluram…
Hər kəs öz yaddaşında, ürəyində olan sözlərin yolu ilə getməlidir. İndi mənim qəlbim, ürəyim sevinclə kədərin arasındadır.
Ata əvəzi olan, varlığımızı qoruyan, gələcəyimizi düşünən bu şəxsiyyəti – M.Vəliyevi həmişə elə atamın özü kimi gördüm…
Muxtar müəllim bütün varlığı ilə xalqına, doğma torpağına bağlı idi.
Onda olan ilhamın mayası müqəddəs vətən torpağı idi. Alim bu torpaq adından, xalqı adından özünün elmi nailiyyyətlərinin dili ilə danışmağı bacarırdı.
Mən deyərdim ki, M.Vəliyev uzun elmi yaradıcılıq dözümünü aşaraq öz qabiliyyət və bacarığını daim inkişaf etdirərək alimliyin yüksək zirvəsinə qalxdığı anı yaşayırdı.
Məgər bu öz xalqını tanıtmaq arzusu deyildimi? 2007-ci il may ayının 2-də təkrarsız istedad sahibi, bütün həyatını elmə həsr edən bir insanın – M.Vəliyevin ürəyi döyünməkdən dayandı.
Mən inanıram ki, onun əziz xatirəsi, işıqlı çöhrəsi bu insanla bağlı olan hər bir adamın, onun elmindən bəhrələnən hər bir elm əhlinin  ürəyində əbədi olaraq yaşayacaqdır.


Vüsal VƏLİYEV
URL / WWW
http://kelam.az/article/a-25.html