Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Sosial həmrəylik...
03.12.10 17:03

İndiki şəraitdə buna bizim ehtiyacımız var

Reallıq və reallığa münasibət həmişə əksər insanlar üşün müşkül görsənib. Həmişə xəyallarla uğraşan insan övladı bəlkə də öz xəyalları ilə yaşadığı reallıqlardan qat-qat çox dünyalar qurur, həyat yaradır. İnsanın mənəvi aləmini əsas götürsək müşahidə edərik ki, onun adi həyatında, daha dəqiq desək, sosial həyatında istənilən bir uğurun bünövrəsi elə xəyallarda yaranır. O zaman insanın müsbət xəyallarının real aləmdə gerçəkləşdirən cəsarətin zəruriliyi danılmazdır. Zaman keçdikcə, həyat Yer üzündə sürətlə inkişaf etdikcə, sosial münasibətlərdən doğan təlabatlar insanı gerçək həyatda mübarizəyə daha sıx cəlb etməyə başlamışdır. Məhz belə mübarizələr insanlarda kollektivləşmə və həmrəylik münasibətlərinin yaranmasına təkan vermişdir. Bu baxımdan da sosial həmrəylik cəmiyyət üçün aktual məsələyə çevrilir. Axı cəmiyyət özü ayrı-ayrı fərdlərdən təşkil olunmuş ümumi bir sistemdir. Özü də elə bir sistem ki, artıq özündə birləşdirərək həm insanların həyatında, həm də bu fəaliyyətdən yaranan dövlətin fundamentində ən aparıcı rol oynayır. İctimai münasibətlərin inkişafı fərdlər arasında daxili həmrəylik ehtiyacını böyütməyə başladı.
Bunun üçün də nəhayət insan öz sosial mühitini hər an inkişafda saxlamaqdan ötəri sosial həmrəylik zərurəti qarşısında qalır. Yəni nizamlı əlaqə şəklində sinfi, milli, dini, mənəvi birlik və ya ümumi uyğunlaşma formasında insanlar müəyyən tarixi proses ərzində yerləşdikləri müvafiq coğrafi mövqedə istənilən bir normal cəmiyyəti formalaşdıra bilir. Artıq sağlam sosial mühitə görə cəmiyyət insanın normal mübarizəsi və inkişafı üçün sosial meydan rolunu oynayır. İnsanlar arasında həmrəylik ən böyük cəsarət tələb edən ehtiyac mənbəyidir. Daha dəqiq belə demək mümkün olarsa, bir növ nə qədər normal həyat səviyyəsi (ictimai, mənəvi, iqtisadi, siyasi) üçün insanların stabil inkişafa malik cəmiyyətə ehtiyacı varsa, o qədər də güclü cəmiyyətin insanlar və sosial birliklər arasında zəruri sosial hadisələr üçün vacib olan həmrəyliyə ehtiyacı var. Fransız sosioloqu Emil Durkheym “insanları bir-birinə birləşdirən, həmrəy edən nədir?” sualına cavaba belə bir maraqlı izah vermişdir: ”İnsanları cəmiyyıtdə nəinki iqtisadi həyat, həm də “daxili həmrəylik” birləşdirir.
Maddi mübadilə zamanı bir fərdin digəri ilə təması qeyri-sabitdir, müvəqqətidir. Nəticədə mənafelər uyğunluğu gizli münaqişə ilə əvəz olunur. Həmrəylik-adi əxlaqi prinsip, universal dəyərdir. İstənilən normal cəmiyyətdə əmtəə mübadilərinin, iqtisadi inkişafın təmin edilməsinin əsasında bu meyar durmalıdır.”
Tarixi prosesin mərhələsinə uyğun olaraq müasir dövürdə sağlam cəmiyyət güclü dövlətçiliyin və normal həyat səviyyəsinin vacib təməllərindən hesab oluna bilər. Maraqlıdır, bəs sağlam cəmiyyətdə insanlar üçün inkişaf prinsipi etibarılə daha da həmrəy olmaq nə dərəcədə zəruridir? Cəmiyyətin tənzimlənməsində bu nə dərəcədə vacibdir? Biz indiki halda mümkün qədər çalışaq ki, bu suala Azərbaycan sosial mühiti ətrafında cavab verək. Hər şeydən əvvəl maraqlı olar ki, normal cəmiyyətlərə xas olan və onun inkişafını təşkil edən sosial qruplarda (sosial institutlarda) bizim mühitdə də insanlar necə formalaşmışdır. Keçmiş dövrlərdə bizim üçün mexaniki həmrəylik xas idi. Yəni burada artıq hansısa sosial qruplara ehtiyac olmur, fərdlər bir-birilə mexaniki bağlıdırlar. Şəxsi xüsusiyyətlər yox, kollektiv funksiyalar daha çox qabarıq olur. Burada cəmiyyət xırda hissələrə bölünür, qarşılıqlı asılılıq yox dərəcəsində olur. Əmək bölgüsü inkişaf etmir, ictimai təşkilin əlaqələri əsasən icma və qohumluluq əlaqələridir. Mədəniyyət qapalı, öz hədlərində qalır. Hüquqi qanunlar cəzaverici xarakter daşıyır - qanunu pozan mütləq cəzasını almalıdır. Belə cəmiyyətin başlıca xüsusiyyəti kollektiv, ümumi şüurdur. Bu da güclü inanclara, radikal adət-ənənələrə sıx bağlı olur ki, burada fərdi xüsusiyyətlərin  qabarması imkanları çox az olur. Zəngin və qədim irsimiz, mədəniyyətimiz olmasına baxmayaraq vaxtilə belə bir xüsusiyyətlərə malik olmağımiz cəmiyyətimizin zamana uyğun inkişafına böyük əngəl olmuş və bəlkə də bunun nəticəsidir ki, kifayət qədər mənəvi gücümüz olmasına baxmayaraq müəyyən dövrlər ərzində qonşu dövlətlərin əsarətində olmuşuq. Təxminən bu dövrləri yaşamış A.Bakıxanov, M.F.Axundov, H.Zərdabi, M.Ə.Sabir, C.Məmmədquluzadə, B.Vahabzadə və s. mütəfəkkirlər bunu dəfələrlərlə qeyd etmişlər.
Amma son zamanlar dünyada baş verən ictimai-siyasi dəyişikliklər və bundan Azərbaycan dövləti, artıq uzun illərin təcrübəsini keçərək, bacarıqla istifadə etməsi indi cəmiyyət üçün bir sıra şanslar yaratmışdır. Ən azından siyasi, iqtisadi cəhətdən müstəqildir, zəngin sərvətləri özünə məxsusdur, dünyaya normal inteqirasiya imkanları yaranıb. Artıq açıq vətəndaş cəmiyyəti təşkil olunub. Daha əvvəlki dövrlərdəki kimi ümumi şüur yox, şəxsi xüsusiyyətlərə geniş yol açılıb. Belə cəmiyyət canlı orqanizm kimidir, çünki burada hər bir fərd öz xüsusi sosial vəzifəsini yerinə yetirə bilir. Dərinləşən əmək bölgüsü nəticəsində şəxsin qabiliyyət və istedadının inkişafı üçün hər cür şərait yaranır və nəhayət cəmiyyətimizin üzvləri üzərində böyük məsuliyyət düşür. İndi daha kortəbii şəkildə ümumi mexaniki yox, sosial həmrəylik formasında cəmiyyətdə daha güclü birlik yaratmaq şansı var. Axı istənilən halda fərd öz istedad və bacarığını təklikdə yox, nizamlılıq prinsipilə formalaşan kollektivdə yoxlayıb nəticə verə bilər. Vaxtilə alman filosofu Kant insanın fəliyyəti barədə hesab edirdi ki, “insanın həyat tərzi və gələcəyi onun tarixi-insan əməllərinin nəticəsidir. İnsan öz varlığının dramını işləyib hazırlayır”. Yəni hər bir cəmiyyətdə ayrı-ayrı fərdlərin potensiyaları böyük əhəmiyyət kəsb edir və bunun istiqamətlənməsi üçün də zəruri şərait lazımdır. Bununla da insanın istedadı və qabiliyyətinin inkişafı cəmiyyətdaxili kollektivlərdə istiqamətlənir. Bu kollektivlər, sosial qruplar, sosial institutlardır - ailələr, uşaq bağçaları, orta məktəblər, ali məktəblər, müxtəlif iş yerləri və insan birlikləridir. Cəmiyyətin dinamik və güclü görsənməsi üçün onu təşkil edən belə qruplarda və onlar arasında düzgün inkişaf, eyni zamanda sağlam həmrəylik tələb olunur. Bu konteksdə Azərbaycan sosial mühitində tələblər daha çox hiss olunur. Çünki, eyni halda milli mədəniyyəti, adət-ənənələri unutmamaq, milli mənsubiyyətdən uzaqlaşmamaq şərtilə və bu psixologiyanı daim qorumaqla zamanın tələbinə uyğun sosial inkişafda həmrəylik göstərmək gənc müstəqil ölkənin vətəndaşlarından daha böyük məsuliyyət istəyir. Bu müəyyən bir təbəqədə də olsa əsrin sonlarında Azərbaycan mühitinin sərt dövrlərini yaşayan ziyalılarda dinamik təbliğə çevrilmişdir. Həmin dövrdə “Əkinçi” qəzetini təsis edib ictimai təbliğat vasitəsinə çevirən görkəmli mütəfəkkirimiz Həsən bəy Zərdabinin və digər o dövrki Azərbaycan ictimai xadimlərinin dəfələrlə etdikləri başlıca sosial problemlərdən biri də həmrəylik olmuşdur. Laikn yuxarıda qeyd etdiyimiz məlum tarixi sosial-siyasi proseslər ucbatından bunun mühitimizdə cəmiyyətdaxili proses olaraq formalaşması müəyyən zaman gecikmələrinə səbəb olmuşdur. İndiki real vəziyyət isə xalqımız üçün böyük şanslar verib. Əlbəttə ki, şüurlu vətəndaş olaraq.                                                                 
Vətəndaşların istənilən təbəqəsi cəmiyyətin bir üzvüdür və peşəsindən asılı olmayaraq hər bir kəsin mənəvi geriliyi, əxlaqi pozğunluğu və milli unutqanlığı sosial mühitdə onun özü qədər bir boşluq yaradır. Hər bir kəs onun yaşadığı cəmiyyətə və dövlətə qarşı edilən həqarəti və təzyiqi şəxsən özünə olunmuş kimi sanmalıdır. Ona görə ki, yaşadığı və mənsub olduğu cəmiyyəti və dövləti sarsıdılmış insanı kölə etmək demək olar cox asandır. Belə təhlükəni heç vaxt unutmaq olmaz. Mənsub olduğu cəmiyyətə və ya çalışdıgı kollektivə gələn təhlükədən sığortalanmağın yeganə yollarından biri sosal birlikdə sıx olmaqdır. Daha çox maariflənmək, keçmişini və mədəniyyəti haqqında bilgilərini çoxaltmaq və bir-birlərinin təssübünü çəkmək vətəndaşlar üçün kəsərli silahdır. Daha yuvarlaq deyə bilsək, öz cəmiyyəti və dövləti haqqında hansısa zəifliyə və unutqanlığa yol verən şəxs öz ailəsinin sabahkı taleyini hansısa bir boşluqla, təhlükə ilə üz-üzə qoyur. Dövlətinin, yaşadığı cəmiyyətin, gundəlik fəaliyyət göstərdiyi kollektivin ətrafında məsuliyyətlə həmrəy olan insan demək olar ki, ozünün və ailəsinin gələcəyi uğrunda inamlı addım atmış olur. Bu cür məsuliyyətin öhdəsindən Azərbaycan cəmiyyəti əslində bacarıqla gələ bilər. Çünki, o, tarixə və yaxın keçmişə nəzər salsaq, xalq olaraq, vətəndaş olaraq çox məhdudiyyətlər görmüş, gərgin və iztirablı sosial-siyasi hadisələr yaşamışdır. Bu cür tarixdən hər bir fərd gələcəyi üçün indiki sosial mühitində ətrafındakılarla həmrəy olaraq bəhrələnməlidir. Bəlkə də bu bir tarixi şansdır. Bu arada qərb filosofu Boklun sözü yada düşür: ”Kim ki, qaranlığı hiss etmir, o işığa müraciət edə bilməz.”
 

Mübariz ASLANOV
AMEA-nın Fəlsəfə, Hüquq və Sosialogiya
İnstitutunun aspirantı
URL / WWW
http://kelam.az/article/a-2462.html