Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Cənnət yolçuları
03.12.10 17:03

Noyabrın 23-də Bakı vaxtı ilə saat 19.50-də azərbaycanlı hacıları Həcc ziyarətindən gətirən avtobus Türkiyənin Sivas vilayətində qəzaya uğrayıb. Hadisə nəticəsində 5 hacı həlak olub, 27 nəfər xəsarət alıb. Həlak olanlar Əhmədov Səməd Nazir oğlu (28 yaş), Hacıxanım Əlicanova (66 yaş), Solmaz Baxşəliyeva (69 yaş), Zemfira Dadaşova (45 yaş) və Məhərrəm Kərimovdur (72 yaş). Avtobusda 31 Azərbaycan və 3 nəfər Türkiyə vətəndaşı olub. Qəzaya uğrayan hacıları Azərbaycana gətirən avtobus ikinci karvanda olub.

Hacıların meyitləri xüsusi təyyarə
ilə vətənə gətirildi

Türkiyənin Sivas şəhəri yaxınlığında avtobus qəzasında həlak olan azərbaycanlı hacıların meyitləri, habelə 20-dək yaralı “AzAL” tərəfindən Bakıdan Sivasa göndərilmiş xüsusi təyyarə ilə vətənə gətirildi. Bununla bağlı “AzAL”-a müraciət olunub və QSC prezidenti Cahangir Əsgərov Sivasa xüsusi təyyarə yola salınması barədə göstəriş verib. Sivas şəhərindən Bakıya gətirilən Solmaz Baxşəliyeva və Məhərrəm Kərimovun cənazələri Cəlilabad rayonunda və Mərəzədə torpağa tapşırılıb. Digər üç zəvvar - Səməd Əhmədov, Zemfira Dadaşova və Hacıxanım Əlicanova ilə Sahil qəsəbəsindəki məsciddə vida mərasimi keçirilib.
Qəza nəticəsində yaralanan zəvvarlardan üçü Bakıda xəstəxanaya yerləşdirilib. Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovanın verdiyi məlumata görə, Türkiyədə doqquz həmvətənimiz qalıb: “Onlardan 6-sı Sivasda, 1-i Kayseridə, 1 nəfər isə Adanada müalicə olunub. Aralarında ən ağır vəziyyətdə olan Adanaya yerləşdirilmiş xəstə olub. Bir zəvvarımız isə yaxın bir adamı yaralılar arasında olduğundan Türkiyədə qalmalı olub”. 
Qəza zamanı yaralanan və hazırda Sivas, Kayseri və Adanada müalicə alan zəvvarların səhhəti isə təhlükə altında deyil. Onlar 3-4 günə evə buraxıla bilərlər. Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin konsulu Şöhrət Mustafayev məlumat verib. Onun sözlərinə görə, 9 yaralının həyati təhlükələri yoxdur və müalicələri davam edir.

Şeyx zərərçəkənlərə yardım etdi

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Türkiyədə avtobus qəzasına düşmüş və hazırda orada müalicə olunan hacıların hər birinə 1000 TL (500 manat) məbləğində yardım edib. Şeyxülislam Sivasa səfər edərək yaralılarla görüşüb, Türkiyədə qalıb müalicəsini davam etdirən yaralı zəvvarlara maddi yardım göstərib: “Bu kimi “fors-major” hallarda QMİ tərəfindən zəvvarlara yardımlar göstərilir. Türkiyədə qalıb müalicə olunan yaralılara isə yardımlar davam etdiriləcək”.
R.Dadaşova əlavə edib. Sivas valiliyinin yaydığı məlumata görə, Sivasa gələn Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və Şeyxülislam Hacı Allahşükür Paşazadə vali Ali Kolatla görüşüblər. Azərbaycan nümayəndə heyətinə qəza və yaralıların xilas edilməsi istiqamətində görülmüş işlər barədə məlumat verilib. Daha sonra azərbaycanlı hacıların yerləşdirildiyi xəstəxanalara baş çəkilib. Bildirilib ki, qəzadan sonra Kayseridəki xəstəxanaya və Adana Çukurova Universitetinin Tibb Fakültəsi Xəstəxanasına yerləşdirilmiş 2 azərbaycanlı hacının vəziyyəti ağırdır. Həmin şəxslərin sağalana qədər Türkiyədə müalicə alması məqsədəuyğun sayılıb. Şeyxülislam qəzada dünyasını dəyişənləri din şəhidi adlandırıb və Türkiyə tərəfinə göstərdiyi köməyə görə minnətdarlığını bildirib: “Vaxtında kömək olmasaydı, daha çox itkimiz ola bilərdi. Allah Azərbaycan və Türkiyə arasındakı qardaşlıq əlaqələrini daha da yüksək etsin. Bizlər bir nəslin, bir kökün övladlarıyıq”.
Təcili olaraq Almaniyadan Türkiyəyə gələn Şeyxülislam Hacı Allahşükür Paşazadə geri qayıdıb: “Şeyx həzrətləri fövqəladə vəziyyət yarandığına görə müalicəsinin yarımçıq qoyub Türkiyəyə gəlmişdi. O, hazırda qısamüddətli məzuniyyətdədir”.

Hadisənin baş vermə səbəbi

Türkiyənin Sivas şəhərində azərbaycanlı hacıları daşıyan avtobusun qəzaya uğramasının səbəbləri ilə bağlı ilkin rəy məlum olub. Yerli relyefi yaxşı tanıyan Sivasın valisi Əli Kolat hesab edir ki, qəza avtobus sürücüsünün yolu düzgün seçməməsi və avtobusdakı texniki nasazlıq üzündən baş verib. Valinin sözlərinə görə, qəzanın ilkin səbəbləri kimi 90 DS 393 dövlət nömrə nişanlı avtobusun sürücüsünün yolu düzgün seçməməsi və avtobusun texniki nasazlığı göstərilir: “Yol standartlara uyğun deyil. Kiçik minik avtomobilləri üçün uyğun olsa da, iritutumlu avtobuslar üçün məqsədəuyğun sayılmır. Bildiyimə görə, bu yol qısa olduğuna görə oradan gəliblər. Halbuki, daha geniş və münasib yollar var. Amma sürücü bu yolu seçib, nəticədə avtobus aşıb. Üstü açılıb və zəvvarlar altında qalıb”. Hadisənin şahidləri, yüngül xəsarət alan zəvvarlar isə qəzanın səbəbi kimi avtobusun əylənc sisteminin sıradan çıxmasını göstəriblər. Zəvvar qrupunun rəhbəri Məhəmməd Nəcəfli sürücünün avtobusu yüksək sürətlə idarə etmədiyini deyib: “Saatda 50-60-la gedirdik. Tormoz tutmadı. Avtobus yoldan çıxıb aşdı".
Səfir Faiq Bağırovun sözlərinə görə, Sivas şəhər prokurorluğunda hadisə ilə əlaqədar cinayət işi açılıb. “Qəzanın dəqiq səbəbi araşdırma başa çatandan sonra məlum olacaq. İlkin olaraq nəqliyyat vasitəsinin nasaz olması və yolların yağışdan sonra sürüşkən olması göstərilir”,-deyə Bağırov əlavə edib.
Səfir F.Bağırov Sivas bölgəsi rəsmilərinin hadisə ilə yaxından maraqlandıqlarını da vurğulayıb: “Xilasetmə dəstələri təxminən 3-4 saat müddətində çətin şəraitdə çalışıb. Yaralılara kömək göstərilib, onlar xəstəxanalara yerləşdiriliblər. Sivas valiliyi, digər qurumlar, habelə qonşu rayonların rəsmiləri tərəfindən də hər cür yardımlar edilib”.

Sürücü həbs edilib

Qəzaya uğrayan avtobusun sürücüsü həbs olunub. Qəza nəticəsində yüngül xəsarət alan Asif Babayev məhkəmənin qərarı ilə həbsxanaya göndərilib.
Qeyd edək ki, bu il Həcc ziyarəti zamanı azərbaycanlı zəvvarlar arasında itki böyük olub. Türkiyədəki qəzaya qədər artıq üç nəfər dünyasını dəyişmişdi. Onlardan biri-Şamaxı məscidinin axundu Mustafa Məmişov da yol qəzası zamanı həlak olmuşdu. Sivasdakı qəzadan sonra isə həlak olanların sayı 8 nəfərə çatıb.
Bu il Həcc ziyarətinə Azərbaycandan 2000 nəfər getmişdi.
Azər NURİYEV
URL / WWW
http://kelam.az/article/a-2460.html