Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » “Təbii bulaqlar muzeyi”-Naxçıvan
03.12.10 16:59

Bir vaxtlar akademik Mirəli Qaşqay dağ- mədən ehtiyatlarına görə Naxçıvanı "Azərbaycanın Uralı" adlandırıb.

5,3 min kvadrat kilometr ərazisi olan Naxçıvan torpağı ölkə ərazisinin cəmi 6,4 faizini təşkil etsə də, iqlim və relyefi, flora və faunası, Yerin təkindəki təbii sərvətləri ilə zəngindir. İqlimi quru və kontinental, relyefi əsasən dağlıq və dağ ətəyi ərazidən ibarət bu diyarın flora və faunası ilk baxışda yoxsul və çılpaq görünür. Amma ərazi cəhətdən bir o qədər böyük olmayan bu regionda ali bitkilərin 2963 növünə rast gəlinir ki, onların da 73-ü mədəni floraya daxildir. Heyvanların növ tərkibi və miqdarı isə siniflər üzrə Azərbayan faunasının 60-80 faizini təşkil edir. O ki qaldı bölgədə Yerin təkindəki və üzərindəki sərvətlərin bolluğuna, Azərbaycan elminin görkəmli nümayəndələrindən biri olan akademik Mirəli Qaşqayın dağ-mədən ehtiyatlarına görə Naxçıvanı "Azərbaycanın Uralı" adlandırmasını xatırlatmaq kifayətdir. Akademik Naxçıvanı həmçinin sərvətlərinin zənginliyinə görə torpaqlarımızın "şah damarı" adlandırıb.

Hər damlasında həyat nişanəsi olan bulaqlar
Geologiya-minerologiya elmləri ilə məşğul olan alimlərimiz bu diyarı “təbii bulaqlar muzeyi” adlandırıblar. Hələlik bu “muzeyin” 250-dən artıq eksponatı aşkar olunub. Onların gündəlik debiti də az deyil. Hesablamalara görə, gün ərzində regiondakı  mineral su mənbələri yer səthinə təxminən 24 milyon litr su axıdır. Onların da çox az bir hissəsindən istifadə olunur. Onu da deyək ki, hər damlasında həyat nümunəsi olan bu mineral bulaqlar (xüsusi ilə müalicə əhəmiyyətli sular) adamlara qədim zamanlardan  məlum olub. Yerli  əhali  həmişə  dirilik, şəfa suyu olan bu bulaqlardan bəhrələnib, onların müalicə qüdrətinə “tanrı ocağı”,-deyərək möhkəm inam bəsləyib. Elə o vaxtlardan da həmin mənbələrin ətraflarında yaşayış məskənləri salınıb. Sirab kəndi yaxınlığındakı Daşqala mağarasını buna missal göstərmək olar. Deyilənə görə, burada ibtidai icma dövrünün  adamları yaşayıblar. Badamlı kəndi yaxınlığındakı nekropol isə orta əsrlərə aid arxeoloji abidədir. 
Naxçıvan şəhərinin ilkin  adları olan  Naksuana və Naşəva sözləri də öz mənalarını bu “tanrı ocağı”ndan götürüblər. Sən demə, Naşəva farsca “xoş su” mənasını verdiyi kimi, Naksuana da türk dillərində “xeyirxah su yeri” deməkdir. Tarixən də Naxçıvan şəhərinin ətrafı həmişə  mineral su yataqları ilə zəngin olub.
İri cay vadilərində və onların yaxınlığında yerləşən mineral  bulaqlar heç də muxtar respublika ərazisində bərabər səviyyədə paylanmayıblar. Bu sarıdan  Şahbuz rayonun qismətinə daha çox pay düşüb.  Ərazisindəki  çay vadiləri boyu 40 kvadrat  kilometrlik sahədə 50-dək mineral su mənbəyi aşkar olunub. Culfa rayonunda isə 85 mineral su bulağı qeydə alınıb. Babəkdə isə 50 mineral-müalicə su mənbəyi öyrənilib.

Mineral  bulaqların  müalicəvi sirləri

Tədqiqatçıların fikrincə, mineral  bulaqların formalaşmasında  relyefin, çay şəbəkəsinin, yarandıqları geoloji mühitin, iqlimin böyük əhəmiyyəti olub. Alimlər həm də bu qənaətdədirlər ki, bu suların yüksək kimyəvi-balneoloji xüsusiyyətlərə malik olmalarında onların müxtəlif tərkibli və yaşlı çöküntülərdən  çıxması önəmli rol oynayır. Bu halda bulaq suları yeraltı suxurlarıln bütün müsbət keyfiyyətlərini özləri ilə bərabər yerin səthinə çıxarırlar.  Nəzərə alsaq ki, ərazidə ən qədim su suxurların yaşı 400 milyon illə 500-700 min arasında dəyişir, onda dediklərimizi xırdalamağa da bir o qədər ehtiyac olmur.
AMEA-nın Naxçıvan Bölməsinin əməkdaşı, kimya elmləri namizədi Fizzə Məmmədova deyir ki, mineral suların müalicəvi xüsusiyyətləri  onların tərkibindəki 6 əsas ionla müəyyən edilir: natrium, kalsium,  maqnezium, xlor, sulfat və hidrokarbonat. Bu suların tərkibinin müxtəlifliyi isə bu altı elementin müxtəlif nisbətlərdə birləşməsindən asılıdır. Əgər hidrokarbonat və natrium ionu suda üstünlük təşkil edirsə, təbii ki, bu halda onlar hidrokarbonatlı-natriumlu, yəni məhşur “Barjomi” tipli suları təşkil edir. Naxçıvandakı “Sirab”la yanaşı, “Gülüstan” (Culfa),  “Nəvi” (Ordubad), “Bicənək” (Şahbuz) mineral suları da bu tipə aiddir. “Narzan” tipli sularda isə maqnezium,  kalsium,  və sulfat ionlarının birləşməsindən əmələ gəlir. Şahbuz rayonun “Badamlı”, “Gicdəsər”, “Karvansara”, “Sələsüz”, Culfanın “Dingə”, “Nəsirvaz”, Babək rayonundakı “Qızılburun” bulaqları da onun anoloqudur.
“Əshabi-kəhf  mineral suyu da artıq öz sirrini açıb.  O,   radonla zəngindir. Bu su məhşur Pyatiqorsk (Şimali Qafqaz) suyunun anoloqu olmaqla yanaşı sinir, ürək-damar və revmatizm xəstəliklərinin müalicəsində səmərəlidir. Ötən ildən onun mənbəyində  adamların bu sərvətdən normal istifadəsi üşün köşk və kiçik hovuzlar düzəldilib. İndi hər on beş dəqiqədən bir qaynayaraq  qazlı halda  yerin səthinə çıxan su hovuzlara yığılaraq adamların istifadəsinə verilir, burada bolneoloji məqsədlə istifadə olunur.
Onu da qeyd edək ki, muxtar respublikada  mineral su bulaqlarının  və onların formalaşdığı mühütin-geologiyası və tektonikasının  öyrənilməsinə, hələ çarizm dövründən, daha doğrusu XIX əsrin ortalarından  başlanılıb. Su mənbələrində planlı kəşfiyyat işləri isə 20-cü yüzillikdən aparılır. Ötən müddət ərzində də müəyyən edilib ki, bölgədə  mineral suların 6 tipi, 16 sinfi və 33 müxtəlif növü mövcud olub. Onların isə 98 faizi  karbonqazlı olub, hidrokarbonat tipli sulara aid edilirər. Azərbaycan ərazisində mövcud olan karbon qazlı suların  üçdə bir hissəsi də bu regionun payına düşüb.

Bölgə iqtisadiyyatında gərəkli sahə

Sənaye üsulu ilə bölgədə mineral su istehsalına isə  altmış il bundan əvvəl başlanılıb. İlk əvvəl Badamlı mineral sular zavodu fəaliyyətə başlayıb. Uzun illər boyu “Azərbaycan Mineral Suları” İstehsalat Birliyi də Naxçıvanda fəaliyyət göstərib. Yeyinti sənayesi məqsədi ilə burada fəaliyyət göstərən 3 mineral sular zavodu da onun tabeliyində fəaliyyət göstərib. Planlı sovet iqtisadiyyatının hökmranlıq etdiyi illərdə  Naxçıvanda istehsal olunan mineral sular  dəmiryol nəqliyyatı vasitəsi ilə keçmiş ittifaqın uzaq  ünvanlarına yola salınırdı. 1979-cu ildə tikilib  istifadəyə verilən, istehsal gücü ildə 60 milyon ədəd 0,5 litrlik şüşə butulka olan Naxçıvan şüşə-qablar zavodu isə bu müəssisələri  fasiləsiz olaraq tara-qablarla təmin edirdi.  Amma nə gizlədək, köhnə iqtisadi mexanizmin qırılması ucbatından bu müəssisələr də öz fəaliyyətlərini dayandırası olublar. Ağır iqtisadi durum  və bölgənin düçar olduğu blokada şəraiti bu zavodların fəaliyyətini iflic halına salsa da, sonrakı illərdə regionların sosial iqtisadi inkişafının Dövlət Proqramı şərçivəsində həyata keçirilən tədbirlər nəticəsində müasirtipli müəssisələr qurulub.

Adı və tamı olan su - “Badamlı”

Adı dillər əzbəri olan, şəninə mahnılar bəstənilən "Badamlı" mineral su bulaqları füsunkar Şahbuz dağlarında, dəniz səviyyəsindən 1274 metr hündürlükdə çağlayır. Şəffaf və iysiz xüsusiyyətlərə malik olan bu su kimyəvi tərkibinə görə karbon qazlı, hidrokarbonatlı-xlorlu-natriumlu-kalsiumlu sular qrupuna aid olub. Elə o vaxtdan da bu sular adı və tamı ilə seçiliblər. 5 saylı quyudan çıxan suyun tərkibi isə Rusiyanın məşhur "Arşan" bulağının suyuna yaxın olub, "Narzan" tipli sular qrupuna aid edilib. Mineral suyun müalicə əhəmiyyəti tədqiq olunaraq müəyyən edilib ki, onu mədə-bağırsaq, sidik yolları və qaraciyərin bəzi xəstəlikləri zamanı içmək faydalıdır. Buruq quyularının bəzilərində isə suyun minerallaşma dərəcəsi az olduğundan süfrə suyu sayılır. Bu səbəbdən də "Badamlı" mineral suyundan süfrə və müalicə məqsədilə istifadə edilir.
Onu da qeyd edək ki, "Badamlı" mineral su yatağından Naxçıvan şəhərinə su xətti çəkib gətirmək heç də asan iş olmayıb. Bunun üçün 25 kilometr məsafədən iki su xətti çəkilib. Su süzgəcdən keçirilərək ionlaşdırıldıqdan sonra avtomatik üsulla butulkalara doldurulur. Burada suyun keyfiyyət göstəriciləri laboratoriya analizlərindən keçdikdən sonra yüksək ixtisaslı mütəxəssislərin nəzarəti altında tam avtomatlaşdırılmış avadanlıqlarla, əl dəymədən, gigeynik qaydalara əməl olunmaqla butulkalara doldurulur. Zavodun Almaniya avadanlığı ilə təchiz edilmiş laboratoriyaları məhsulun keyfiyyətli olmasına tam zəmanət verir.
Müəssisədə mineral suların qablaşdırılması xətlərinin dünyada bir nömrəli istehsalçısı olan Fransanın məşhur "SİDEL" şirkətinin avadanlıqları quraşdırılıb. İstehsal sahəsinin həcmi 3 min 600 kvadratmetrdir. İki axın xəttindən ibarət olan müəssisənin gündəlik istehsal gücü 300 min ədəd qabdır. Hələlik isə daxili bazarın tələbatına uyğun olaraq gün ərzində 15 min ədəd su buraxılır. İstehsal olunan məhsullar da polietilen və şüşə qablarda alıcılara göndərilir. İstehsal olunan məhsulların xeyli hissəsi "Mersedes" markalı avtorefrijeratorlar vasitəsilə İran ərazisi ilə Bakı şəhərindəki satış şöbəsinə göndərilir. Həmin satış şöbəsi məhsulun xidmət obyektlərinə çatdırılması, paylanması üçün lazımi sayda  örtülü yük maşını ilə də təmin olunub. Muxtar respublika daxilində də 5 ədəd bu cür maşının xidmətindən istifadə olunur.
Hələlik müəssisədə 60 nəfər işlə təmin olunub. Orta aylıq əməkhaqqı 250-300 manat arasındadır. Tələbat artdıqca burada iş üç növbədə aparılacaq, işçilərin sayı 200-ə çatacaqdır.
 


Sirli və sehrli su- “Sirab”

“Sirab”- sirli, sehrli su mənasındadır. O qədim zamanlardan yerli əhali tərəfindən müalicə və süfrə suyu kimi  istifadə olunub. Sonrakı illərdə isə respublikamızda çıxan karbon qazlı müalicə sularının ən yaxşı nümunəsi hesab olunub. Təbiblərin fikrincə, o güclü şirəqovma təsirinə malik olduğundan hiperassit  qastritlərin müalicəsində yüksək səmərə verir.  Onun mədəaltı vəzinin funksional  vəziyyətinə təsiri də  təcrübə və kliniki üsullarla öyrənilib. Aydın olub ki, karbon qazlı suyun təsiri ilə pankreoduodenal sekresiyanın müddəti uzanır, mədəaltı vəzinin fəallığı artır. Bu suyun köməyi ilə öd kisəsinin ödqovma qabiliyyətini artırmaq, öd əmələ gətirmə funksiyasını da yaxşılaşdırmaq olur. O, həm də mədə və bağırsaqların fəaliyyətinin  aktivləşməsində əhəmiyyətli rol oynayır.
Sirabdakı mineral su yatağında əsasən üç mənbə var. Həmin mənbələr Kəlbəağıl, Şorsudərə və Kutandağ adlanan mineral su hövzələridir. Bu mənbələrdəki sular kimyəvi tərkiblərinə görə də bir-birlərindən fərqlənirlər. Kəlbəağıl hövzəsindəki su yerin 250 metr dərinliyindən çıxarılır. O kimyəvi tərkibinə görə az minerallaşmış, karbon qazlı, hidrokarbonatlı-kalsiumlu-natriumludur, məhşur “Borjomi” tipli sular qrupuna  aid edilir.
1999-cu uldən müstəqil zavod kimi fəaliyyətə başlayan müəssisə  2003-cü ildə acıq səhmdar cəmiyyətinə çevrilib. Ölkəmizdə sahibkarlığın inkişafına yaradılan şərait  burada  müasir istehsal texnologiyalarına əsaslanan yeni tipli müəssisənin yaradılmasına imkan verib. Əsas sexdə Rusiya və Türkiyə mənşəli olan avadanlıqlar hesabına iki axın xətti quraşdırılıb. Konveyr üsulu ilə işləyən  avadanlıqların istehsal gücü də az deyil. Hər iki axın xəttində saatda 7500 ədəd butulka doldurulur. Şüşə butulkalarla işləyən sexdə isə üc axın xətti quraşdırılıb. 0.33 və 0.5 litrlik qablar üçün nəzərdə tutulan bu axın xəttlərinin hər birində saatda 4 min ədəd butulka doldurularaq satışa göndərilir.
Onu da qeyd edək ki,  müəssisənin yarıməsrlik fəaliyyəti dövründə qazandığı ən böyük mükafat 2005-ci ildə onun İsveçrənin Cenevrə şəhərində yerləşən “İş təcrübəsində yüksək keyfiyyət uğrunda“ Beynəlxalq  Fondun Qızıl prizinə layiq görülməsi olub.
 


Dünyanın nadir mineral sularından biri - “ Darıdağ”    

Təbiətin  Naxçıvana bəxş etdiyi nemətlər içərisində Darıdağ arsenli mineral suyu xüsusi çəkiyə malikdir. O, çox komponentli mürəkkəb duzlu məhluldur, dünyada çox nadir təsadüf olunan mərgümüşlü  sular qrupuna daxildir. Qədim zamanlardan da  müalicə vasitəsi kimi istifadə edilib. Akademik A.Qarayev də suyun tərkibi haqqında danışarkən belə fikir söyləyib  ki, təbiət bu suyun komponent  tərkibini elə dəqiq hesablama ilə  tərtib edib ki, onun adi şəraitdə hazırlanması bəlkə də mümkün olmazdı. 1978-ci ildə mineral su yatağının əsasında  balneoloji müalicəxana yaradılıb.
Darıdağ  mineral suyu karbon qazlı, mərgümüşlü, yüksək minerallaşmış  xlorlu- hidrokorbonatlı- natriumlu sular  tipinə aid edilir. O, dəniz səviyyəsindən  800-900 metr hündürlükdə yerləşən 5 bulaq və 32 kəşfiyyat quyusundan ibarətdir. Yerin təkindən suyun 53-57 dərəcə C  temperatura malik qaynar halda çıxması onu termal sular qrupuna daxil edir. O, maddələr mübadiləsini yaxşılaşdırdığından ilk növbədə müxtəlif mənşəli  nevrologiya ağrılarında  yaxşı təsir göstərir. Bu cür balneoloji vannalar bel-oma radikuliti, revmatizm, poliatrit, ostoxandroz, dəri xəstəliklərində, eləcə də bir çox qadın xəstəliklərinin müalicəsində yüksək  səmərə verir.
Bir qədər də Darıdağ mineral suyunun dünyada şöhrəti yayılan digər arsenli sularla müqayisəsi barədə. Mütəxəssislərin fikrincə, ”Darıdağ” mərgümüşlü suyu isə bu qəbildən dünyada məhşur olan İtaliyadakı  “Cənubi Tirol”, “Ronçenyo”, Fransadakı “Lya-Bulbul” arsenli sularından həm keyfiyyətunə, həm də gündəlik debitinə görə xeyli üstündür. Bütün bunlar isə Naxçıvandakı mineral  suyu  Avropada olan mərgümüşlü sular içərisində ilk yerə çıxarır.
Regionların sosial-iqtisadi inkişafı  Dövlət Proqramına uyğun olaraq muxtar respublikada həyata  keçirilən  genişmiqyaslı quruculuq tədbirlərindən Darıdağ arsenli su müalicəxanasına da pay düşüb, burada yeni müalicəxana obyekti tikilib istifadəyə verilib. Hər gün onlarla xəstə bu balneoloji müalicəxanadan istifadə edir.

                                                      *    *     *

Bir sözlə, Uca Yaradanın Naxçıvan torpağına bəxş etdiyi nemətlər, sərvətlər çoxdur. Onların sırasında müalicəvi əhəmiyyətli mineral sular xüsusi yer tutur. Bu sular ölkəyə valyuta gətirmək qabiliyyətinə malikdir. Son illər Azərbaycanda, o cümlədən muxtar respublikada həyata keçirilən məqsədyönlü tədbirlər bunun üçün münbit şərait yaradıb. Qalır bu şəraitdən doğru-düzgün istifadə etmək. Düzdür, bölgənin blokada şəraitində yaşaması  bu arzunu həyata keçirməyə mane olur. Hələ də bir çox yüklər İran ərazisi vasitəsi ilə avtomaşınlarla daşınır ki, onun da özünəməxsus çətinlikləri var. Amma bununla belə Naxşıvanda istehsal olunan mineral sular bir çox xarici ölkələrə ixrac olunur. Bu istiqamətdə aparılan tədbirlər davam etdirilir. Keyfiyyətli məhsulun isə hər yerdə alıcısı var.
Məmməd MƏMMƏDOV,
Naxçıvan MR Ali Məclisinin deputatı,
tarix elmləri üzrə fəlsəfə doktoru,
əməkdar jurnalist
URL / WWW
http://kelam.az/article/a-2458.html