Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Astana sammiti
03.12.10 16:59

Dekabrın 1-də Astananın Müstəqillik Sarayında ATƏT-in sammiti keçirilib. Bu, 11 illik fasilədən sonra ATƏT-ə üzv dövlətlərin dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən ilk sammiti kimi tarixi düşüb. 27 ölkənin prezidenti və Bosniya və Hersoqovina Rəyasət Heyətinin sədrinin qatıldığı sammitə parlament üsul-idarəli ölkələrin baş nazirləri də gəlib. Sammitlə bağlı Astanaya gələn qonaqların sayı 5 min nəfərə yaxındır. Tədbiri 1200-dən çox jurnalist izlədi.

İndi üçüncü mərhələ başlayır
Qazaxıstan prezidenti Nursultan Nazarbayev tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, sammitə toplaşan dövlət və hökumət başçıları xalqlarının təhlükəsizliyi naminə birgə fəaliyyəti davam etdirmək üçün toplaşıb. O, bu yolun 3 onillik bundan əvvəl (1975) başladığını bildirib: "ATƏT-in yaradılması ilə Avropa təhlükəsizlik prinsipi Vankuverdən Vladivastoka kimi bərqərar oldu. İndi üçüncü mərhələ başlayır, biz təhlükəsizlik və əməkdaşlıqda daha böyük koordinatlarda yeni səviyyəyə - okeandan okeana keçirik. Söhbət dörd okean sərhədində, Atlantik okeandan Sakit okeana və Şimal buzlu okeanından Hind okeanına qədər vahid təhlükəsizlik məkanının yaradılmasından gedir".

BMT-yə arxalana bilərsiniz

Ondan sonra söz alan BMT-nin baş katibi Pan Qi Mun bəyan edib ki, ATƏT regionunda bəzi həlli yubanan münaqişələr var və belə şəraitdə yaşayanlar məsələnin həllini gözləyirlər: “Və mən deyirəm ki, siz BMT-yə arxalana bilərsiniz”. 

Münaqişə həll olunmalıdır

Fransanın baş naziri Fransua Fiyon diqqəti Dağlıq Qarabağ münaqişəsinə yönəldib. Onun sözlərinə görə, Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yardım göstərməkdə tam olaraq qərarlıdır. Baş nazir vurğulayıb ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin Akvill və Muskoka şəhərlərində irəli sürdükləri təkliflər əsasında balanslaşdırılmış siyasi qərar qəbul etmək lazımdır: "Münaqişə balanslaşdırılmış qərar əsasında həll olunmalıdır. Qərar isə Akvill və Muskoka bəyannaməsində əksini tapan prinsiplərə əsaslanmalıdır. Bu prinsiplər vahid və bölünməz paket halında nəzərdən keçirilməlidir".

Qarabağ münaqişəsi üzrə danışıqlar...

Qarabağ məsələsi Almaniyanın federal kansleri Angela Merkelin də məruzəsində əsas olub. O da fransız həmkarı kimi qeyd edib ki, gələcəkdə münaqişənin həlli artıq razılaşdırılmış və əldə olunmuş məqamlara əsaslanmalıdır. Merkel Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) məsuliyyət zonasına daxil olan yubadılmış münaqişələrin həllini fəallaşdırmağa çağırıb. O bildirib ki, bundan sonra Qarabağ münaqişəsi üzrə danışıqlar prosesində irəliləyiş Astanada əldə olunacaq məsələlər əsasında davam etdirilməlidir.

Münaqişə bütün prinsiplər əsasında həll olunmalıdır

ABŞ dövlət katibi Hillari Klinton isə Dağlıq Qarabağ münaqişəsinin Helsinki prinsipləri və həmsədr ölkələrinin dövlət başçılarının Akvilldə bəyan etdiyi 6 prinsip əsasında həll olunmalı olduğunu bildirib. H.Klinton, ümumiyyətlə, münaqişənin ATƏT-in Minsk Qrupunun müəyyənləşdirdiyi əsas prinsiplər əsasında nizamlanmasına dair səyləri bərpa etməyin vacib olduğunu qeyd edib: "Münaqişənin həlli üçün müəyyən olunmuş prinsiplərdən hər hansı birini seçmək olmaz. Bu, münaqişənin həllinə imkan verməz. Münaqişə bütün prinsiplər əsasında həll olunmalıdır". O, həmçinin əlavə edib ki, ATƏT məkanında bir sıra münaqişələr həllini tapmamış qalır və ATƏT bu münaqişələrin həllində böyük rol oynamalıdır.

ATƏT ərazisində əsas münaqişə ocaqları bəllidir

“Əsas münaqişə ocaqları Dağlıq Qarabağ, Gürcüstan və Dnestryanı bölgədir”. Bunu isə ATƏT-in Astana sammitində iştirak edən İtaliyanın baş naziri Silvio Berluskoni bildirib. Dünyada təhlükəsizliyin ABŞ-la Rusiyanın yaxınlaşması hesabına güclənə biləcəyini deyən Berluskoni mövcud münaqişələrin həllinin, həmçinin mümkün münaqişələrin qarşısını almaq üçün profilaktik tədbirlərin vacibliyini vurğulayıb: “ATƏT ərazisində əsas münaqişə ocaqları bəllidir. Bu, Dağlıq Qarabağ, Gürcüstan və Dnestryanı bölgədir”.

ATƏT təşkilat kimi öz potensialını itirməyə başlayıb

Rusiya prezidenti Dmitri Medvedyev isə təşkilatın ünvanına sərt fikirləri ilə yadda qalıb. O, bəyan edib ki, ATƏT təşkilat kimi öz potensialını itirməyə başlayıb və təkmilləşdirməyə ehtiyac duyur: "Rusiya müntəzəm olaraq Helsinki prinsiplərinə yeni həyat verilməsinə, onların təcrübədə həyata keçirilməsinə tərəfdar olduğunu bildirir. Bunun üçün ATƏT-i, onun fəaliyyət stilini və formasını təkmilləşdirmək lazımdır". O qeyd edib ki, Rusiya münaqişələrin sülh yolu ilə həllinə tərəfdardır: “Gürcüstanda olduğu kimi münaqişələrin hərbi yolla həlli yolverilməzdir. ATƏT-in effektivliyi üçün dəqiqi hüquqi baza yaratmaq lazımdır”. Rusiya prezidenti ATƏT məkanında münaqişələrin vahid nizamlanma prinsiplərinin hazırlanmasının mühüm olduğunu və onların eyni zamanda istənilən vəziyyətdə işləməli olduğunu bəyan edib: “Ola bilsin ki, ən mühüm məsələ münaqişələrin vahid nizamlanma prinsiplərinin hazırlanmasıdır və hər hansı bir seçilmiş vəziyyətlərdə deyil, bütün böhranlı vəziyyətlərdə bu prinsipləri əsas götürmək lazımdır”. Onun sözlərinə görə, belə prinsiplər arasında – güc tətbiq edilməməsi, tərəflərin özləri arasında razılığın əldə olunması, razılaşdırılmış danışıqlar və sülhməramlı formatlara hörmət olunması, münaqişə zonasına düşən mülki əhalinin hüquqlarının təmin edilməsi – ola bilər.
"İsveç Ermənistan və Azərbaycanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səyləri fəallaşdırmağa çağırır". Bu bəyanatı isə İsveçin xarici işlər naziri Karl Bildt səsləndirib. Dağlıq Qarabağ probleminin Madrid prinsipləri əsasında tamamilə sülh yolu ilə nizamlanmalı olduğunu qeyd edən Bildt bu məsələdə irəliləyişin vacibliyini vurğulayıb: “ATƏT-in bugünkü sammiti Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ən yüksək siyasi səviyyədə işarə verəcək”.
“ATƏT iştirakçı ölkələrinin ərazilərində “dondurulmuş” münaqişələrin həllində güc tətbiqi qəbuledilməzdir”. Bu barədə Astanada sammitdə Rumıniya prezidenti Trayan Besesku deyib: "Güc tətbiq edilməməsi ATƏT-in üzv ölkələrinin ərazilərində başlıca münaqişələrə - Dnestryanı, Gürcüstandakı münaqişə və Dağlıq Qarabağ probleminə aiddir".
Avstriya Prezidenti Hayns Fişer isə vurğulayıb ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı üçün əsas çağırışlar təşkilata üzv ölkələrin ərazilərində həll edilməmiş münaqişələrdir. Onun sözlərinə görə, bu münaqişələrin həlli üçün onların nizamlanması prosesində münaqişəyə cəlb edilən bütün tərəflərin iştirakı lazımdır. ATƏT iştirakçı ölkələrinin ərazilərində həll edilməmiş münaqişələrə Dağlıq Qarabağ və Gürcüstandakı münaqişə də aiddir.

Azərbaycan ərazilərinin 20 faizi işğal altındadır

Ermənistan və Azərbaycan arasında davam edən hərbi münaqişə beynəlxalq və regional təhlükəsizlik və sabitlik üçün böyük təhlükə törətməkdədir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Astana sammitində çıxışı zamanı deyib: "Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal altındadır. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Ermənistan təkcə Dağlıq Qarabağı deyil, eləcə də Azərbaycanın digər yeddi rayonunu da işğal altında saxlamaqda davam edir", - Prezident bildirib. Dövlət başçısının sözlərinə görə, Ermənistan Azərbaycanın şəhər və kəndlərini, evləri, müqəddəs yerlərimizi, əcdadlarımızın məzarlarını və Azərbaycan məscidləri məhv edib. "Onlar Xocalıda hərbi cinayətlər törədib və soyqırım həyata keçiriblər, erməni silahlıları yüzlərlə mülki şəxsi qətlə yetiriblər. Yalnız ona görə ki, onlar azərbaycanlı idilər. Xocalının günahsız qurbanlarının yüzdən çoxu azyaşlı uşaqdır", - Prezident bəyan edib. İlham Əliyev qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınan tarixi ərazisidir. "Bu gün Ermənistan işğal etdiyi ərazilərə nəzarəti əlində saxlamaq və məcburi köçkünlərin öz evlərinə qayıtmasını əngəlləmək üçün əvvəlki kimi güc tətbiq etməkdədir", - Prezident vurğulayıb. Azərbaycan Prezidentinin sözlərinə görə, bununla belə, Azərbaycan əvvəlki kimi sülh danışıqlarına sadiqdir və danışıqların nəticə verəcəyinə ümid edir. Münaqişənin həlli, Prezidentin sözlərinə görə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə, ATƏT-in qərarlarına, Avropa Parlamentinin, Avropa Şurasının və digər beynəlxalq təşkilatların qətnamələrinə əsaslanmalıdır. "Lakin Ermənistan münaqişənin qısa zamanda həlli məqsədilə danışıqlar aparmaq əvəzinə, münaqişənin eskalasiyası yolu ilə getməyə üstünlük verir. Ermənistan daima atəşkəs rejimini pozur, işğal etdiyi ərazilərdə hərbi təlimlər keçirir, bizim şəhər və kəndlərimizin tarixi adlarını dəyişdirməyə çalışır", - İlham Əliyev deyib. Dövlət başçısının sözlərinə görə, Ermənistan işğal etdiyi ərazilərdə qanunsuz məskunlaşma siyasəti aparır və sülh prosesini mənasız prosesə çevirməyə cəhd göstərir. "Ermənistanın işğal olunumuş ərazilərdə qeyri-qanuni fəaliyyəti 2005-ci ildə ATƏT-in qiymətləndirmə missiyasının məruzəsində də öz əksini tapıb", - Prezident vurğulayıb. "Ermənistanın danışıqlar prosesində özünü necə aparması belə düşünməyə əsas verir ki, Ermənistan sülh istəmir, işğal etdiyi əraziləri azad etməyə can atmır, status-kvonu uzun müddət qorumaq və danışıqlar prosesini sonsuz etməyə səy göstərir", - Azərbaycan Prezidenti əlavə edib. İlham Əliyev vurğulayıb ki, ATƏT-in Minsk qrupu 1992-ci ildə yaradılıb, danışıqlar 20 ildir aparılır, lakin nəticə yoxdur. "Azərbaycan Minsk qrupunun həmsədrlərinin son altı il ərzində Praqa prosesi çərçivəsində hazırladıqları təkliflərini qiymətləndirir. Biz danışıqları davam etdirməyə və onları mümkün qədər tez başa çatdırmağa və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanan qərara nail olmağa hazırıq", - Azərbaycan Prezidenti əlavə edib. İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə və bütün qazax dostlara görüşün yüksək səviyyədə təşkil olunmasına, mehriban qonaqpərvərliyə və Qazaxıstanın bir il ərzində ATƏT-də sədrliyinə görə təşəkkür edib.

İkitərəfli görüşlər

Sammit çərçivəsində Prezident İlham Əliyevin Türkiyə Prezidenti Abdullah Gül, Almaniyanın federal kansleri Angela Merkel, Ukrayna Prezidenti Viktor Yanukoviç, Tacikistan Prezidenti Emoməli Rahmon, Niderlandın Baş naziri Mark Rutten, Yunanıstanın Baş naziri George Papandreun, Avstraliyanın xarici işlər naziri Kevin Radd, Gürcüstan Prezidenti Mixeil Saakaşvili, Avropa İttifaqının prezidenti Herman Van Rompey, Sloveniya Prezidenti Danilo Türk, Böyük Britaniya Baş nazirinin müavini Nik Kleq, Avstriya Prezidenti Haynts Fişer, Belarus Prezidenti Aleksandr Lukaşenko ilə ikitərəfli görüşü olub.

Yeri gəlmişkən

ATƏT-in sammiti ilə əlaqədar olaraq paytaxt Astana gücləndirilmiş mühafizə rejimində olub. Aşağı temperatur və güclü küləyə baxmayaraq, küçələrdə bir-birindən aralı məsafədə 7000 hərbçi və polis əməkdaşı növbə çəkib. Küçələrin kəsiyində isə zirehli texnika dayanıb. Dövlət müəssisələri və Prezident sarayına giriş və çıxış bağlanıb. Akkreditə olunmuş nümayəndə heyətləri və KİV nümayəndələri üçqat yoxlamadan keçib.
Sammitin özünə gəldikdə isə tədbir 11 milyon avroya başa gəlib. Bu məbləğin 1/3-i ATƏT, qalan hissəsi isə Qazaxıstanın öhdəsinə düşüb. Sammit təşkilatçıları qeyd edirlər ki, bu tədbir Qazaxıstanın özünəməxsus milli layihəsinə çevrilib. Ölkə üç ay fəal şəkildə sammitə hazırlaşıb. Lakin rəsmi şəxslərin bildirdiyinə görə, ilkin hazırlıq işləri hələ ötən ildən başlanıb.


Azər NURİYEV
URL / WWW
http://kelam.az/article/a-2452.html