Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə - 60 » Alimi-ruhaninin portreti
19.10.09 14:58

Ruhani dedikdə ilkin olaraq insan nəzərində Allah adamı – əqidə və iman heykəli ucalır. Həmçinin mənsub olduğu dinə – xüsusən də İslam dininə reallıqla, yəni Qurani-Kərim müstəvisində əməl edən şəxsiyyət durur. Ruhani müəyyən mənada zaman və məkan anlayışını nəzərə almaqla yanaşı, dinin qanunlarına yetərincə əməl etməlidir. O, yalnız haqqı-ədaləti sözdə və əməldə tərənnüm edərək şərəfli ömür yaşamalıdır. Qarşısına çıxdığı maneələr, dövrün amansız təqibləri onu yolundan azdırmamalıdır. Ruhani dövrünü və zəmanəsini tanımalı, zaman və məkan şəraitini nəzərə almalı, özünü və dinini təhlükəyə atmamalı, lakin bütün bunlarla bərabər haqq və ədalət prinsiplərini də unutmamalıdır. Hacı Mirəziz Seyidzadə yuxarıda ruhani üçün saydığımız bütün xarakterləri özündə cəmləşdirir. Hacı Mirəziz həyatda çox çətinliklərlə üzləşib. Əsasən də haqsızlıqla barışa bilmədiyindən uzun illər mübarizə aparıb. Haqqı isbat edə bilməyəndə isə razılaşmayaraq müəyyən zamana ehtiyac duyub. Bəzən də müəyyən dövr, zaman və məkan daxilində “Haqq incələr, üzülməz” kəlamını əldə rəhbər tutaraq özünə təsəlli vermək məcburiyyətində qalıb. Onun içindəki mübarizlik əhval-ruhiyyəsi heç vaxt sönməyib, əksinə, əməli nəticəyə çatmaq üçün daha da şölələnib. Elə bunun nəticəsidir ki, hər bir problemin həllində ədalətin bərpasına çalışıb, gec də olsa buna nail olub. Bu, hər şeydən əvvəl Hacı Mirəzizin səbr və qətiyyətinin sayəsində qazanılan nailiyyət, ən əsası isə Allah-Təalanın göstərdiyi haqq və ədalət yoludur. Bu əmanəti qorumaq və gələcək nəsillərə ötürməyi isə o insani keyfiyyət və şərəf borcu hesab edib. Bir ruhani-ağsaqqal kimi haqqı-nahaqqa verməyib.
İnamla deyə bilərəm ki, Hacı Mirəziz bu sayaq yaşayaraq ömür sürüb. Çünki başqalaşa bilməyib. El-obasının çətin günlərində ona həyan olub, tərəflərin kimliyindən asılı olmayaraq, haqqı-ədaləti qoruyub. Lakin təəssüflər olsun ki, bəziləri bunları dərk etmək istəməyib, yalnız və yalnız öz xeyrlərini düşünüb, son nəticədə Axirəti-Qiyamət məhkəməsini unudublar.
M.Seyidzadə heç vaxt dünyapərəst, şan-şöhrət əsiri olmayıb, sadəlik və təvozökarlığı ilə hamıdan seçilib. M.Seyidzadə bütün hərəkət və davranışı ilə hamıya örnək olmaqla nümunə göstərib. Həmişə çalışıb ki, ağsaqqal-ruhani sözü və nüfuzu daim inanc vasitəsi olaraq qorunsun.         Çətin günlər… M.Seyidzadə zaman-zaman təziqlərə məruz qalsa da ali məqsədindən dönməmiş, cəmiyyətin dini maariflənməsində yetərli rol oynamışdır. M.Seyidzadə elmdə, poeziyada, həyatda olduğu kimi dini fəaliyyətində də hər şeyə əxlaq çərçivəsindən yanaşmışdı. Onun problemə münasibəti həm əhatəli, həm də professionalcasına olur. Bir ruhani kimi münasibət bildirdiyi hər hansı bir dini məsələ də əxalq prinsipini unutmur. O, ölkədə mürəkkəb dini situasiyalarda belə əxlaq prinsiplərindən kənara çıxmamışdır.
Ötən əsrin 80-ci illərində Astara “Cümə” məscidinin axundu işlədiyi zaman səlahiyyətlərindən istifadə edərək cəhalətə, fanatizmə qarşı çıxır, adamlara kor-koranə ibadət etməyin mənasızlığını izah edir, onları Allaha əsl bəndə olmağa çağırırdı. Bu 12 yaşından Yaradana sığınıb, Onun buyurduqlarına tərəddütsüz əməl edən bir ruhaninin peşə və həm də əqidə borcu idi. M.Seyidzadə ali və həm də ən müasir din olan İslamın eyni zamanda bitkinliyinin insanlar tərəfindən daha tez qavranılması üçün çalışır və təbliğat aparırdı. O, bu hərəkəti ilə dövrün İslama qarşı münasibətinin tam əksinə fəaliyyət göstərdiyini bilirdi. Dövrün hakimi-mütləqləri isə haqqında ittihamlar toplayır, onu elə “dindaşları”nın əli ilə amansız təqib edirdilər. Xəfiyyəçi mollalar xüsusi göstərişlə hər addımını izləyir, kölgəsini belə qılınclayırdılar. Dövrün “Qlavlit”li mətbuatında isə M.Seyidzadə haqqında felyetonlar yazdırır, sanki onun varlığını özlərinə ən böyük təhlükə hesab edirdilər. O, isə baş verənlərə əhəmiyyət vermir, bir sözlə, öz işi ilə məşğul olurdu.
Bədxahlar nəyin bahasına olursa-olsun, onu ləkələmək və ruhani kimi fəaliyyət göstərməsinin qarşısını almaq istəyirdilər. Bircə narahatlığı nahaqdan böhtana düşməyi idi. Nə qədər ehtiyatlı hərəkət etsə də, kabus tək onu izləyən əqidə düşmənlərinin caynağından xilas ola bilmirdi. Xilas olmaq üçün isə iki yol var idi: ya geri çəkilərək onlardan biri olmalı ya da mübarizəni davam etdirməli idi. Birinci yol M.Seyidzadənin xarakterinə və nəsil-şəcərəsinə zidd olduğu üçün bu haqda əsla belə düşünmürdü. İkinci yol isə onu uçruma sürükləyir, həyatda qalmaq ehtimalını belə sıfıra endirirdi. Lakin “Şeytan və onun şərikləri” öz işini görür, M.Seyidzadənin birdəfəlik çöküşü üçün hər nə lazımdırsa edirdilər. O, isə çıxış yolu axtarır, qarşılaşdığı haqsızlıqdan bir an olsun qurtulmaq istəyirdi. Qurtuluşu isə təbii ki, Allah-Təalanın əlində idi. Qurtuldu da. Təqiblərə sinə gərərək mətanət nümayiş etdirdi. Səbri, imanı, istedadı və alicənablığı onu əbədi qalib elan etdi.  
Bütün bunları, Hacı Mirəzizin çəkdiyi əzab-əziyyətləri, apardığı mücadiləni uzun müddət Nazirlər Kabineti yanında Dini İşlər İdarəsinin Baş inspektoru, sonra isə sədr müavini vəzifəsini icra edən Mustafa İbrahimov da təsdiq edir. Yadımdadır, bir dəfə M.İbrahimovla Azərbaycan dindarları, onların davranışları, cəmiyyətdə özlərini aparma qaydaları haqqında insanda o qədər də xoş təəsurat yaratmayan söhbətimiz oldu. M.İbrahimovun dediklərindən: “Saf dini fəaliyyətlə məşğul olan hər bir kəsə qarşı mənim obyektiv yanaşmam olub. Onların bir çoxu dünyasını dəyişib. Bu məsələ ilə əlaqədar sağ qalanlardan maraqlana bilərsiniz. Onların öndə gedəni Hacı Mirəziz idi. Onun özünə qarşı olan təzyiqlər zamanı imkanım daxilində mümkün qədər müdafiə etmişəm. Hacı Mirəziz Sovet dövründə ən çox təzyiqlərə məruz qalan din xadimlərimizdən idi. Kənardan onu istəyən və istəməyənlər, bir sözlə hamı onun sözünü danışır, təzyiq göstərirdilər. Dəfələrlə onu bəzi DTK-a əməkdaşlarının cəngindən xilas etmişəm. Bir dəfə gəldi ki, mən nə edim, bu təzyiqlərə dözə bilmirəm. Mən də dedim ki, Bakıya gəl, bəlkə bundan sonra vəziyyət sabitləşdi. Çünki rayonda göz qabağındasan, hər hərəkətin kimdəsə ikrah hissi yaradır. Bakı isə böyük şəhərdir, ümumi axına qarışıb dolanarsan. Hətta onun tərəfini saxladığım üçün mənə qarşı çox böyük eyhamlar olurdu. Üzümə deyirdilər ki, niyə onu müdafiə edirsən. Mən onları başa salmağa çalışırdım ki, gəlin insafla danışaq. Bu adam dövlətə qarşı çıxmayıb, əks təbliğat işi ilə məşğul olmayıb, ideologiyaya dönük çıxmayıb və s. Hacı Mirəziz haqqında erməni falçısı ilə bir sırada qəzetdə tənqidi yazı vermək nə dərəcədə düzgündür? Ona görə ki, M.Seyidzadə çox fəal idi. Zənnimcə bu məsələnin bir tərəfi. Bəs sonra? Təbii ki, kimsə kimsənin xoşuna gəlməyə bilər. Amma istər dünən, istərsə də bu gün biliyinə, danışığına, qabiliyyətinə, dünya görüşünə və ümumi durumuna görə mötəbər bir məclisə çıxarmaq üçün Hacı Mirəziz ən real namizəddir. Xüsusən də təqiblərə məruz qaldığı cavan vaxtlarında o geyiminə çox yaxşı fikir verirdi. Bu adam həm də yaxşı təcvidlə Quran oxuyur və bəlağətli danışıq keyfiyyətinə malikdir. Qısası, Sovet dövründə dini yaxşı bilən iki-üç adam var idisə, onlardan da biri Hacı Mirəziz idi. Son zamanlar isə mən Hacı Mirəzizdə daha dolğun keyfiyyətlər müşahidə edirəm.”            Kamil insan… Dünya yaxşılıqlardan xali deyil. Bütün canlılar yaxşılıqlardan bəhrələnməyə can atır. Bəhrələndikcə də gözəlləşir. Bu gözəllik ona həyatı və yaşamağı sevdirir, onu ülvi hislərlə əhatə edərək daha da kamilləşdirir. Gözəlliklər daim həyatın axarını nizamlayaraq pislikləri pərdələyir. İnsan mənəviyyatını ruhən və cismən qidalandıran, onu hər şeydən zövq almağa şövq edən bu gözəlliklər şəxsiyyətin formalaşmasında müstəsna rol oynayır. Təsadüfi deyil ki, Həzrət Mühəmməd buyurub: “Allah gözəldir və gözəllikləri də sevir.” Bu gözəlliklərin ülvi nümunəsi isə məhz insanın özüdür. Allah-Təala Qurani-Kərimdə daha gözəl buyurur: “Biz insanı ən gözəl biçimdə yaratdıq…”
Haqqında bəhs etdiymiz M.Seyidzadə də bütün insani keyfiyyətlərə malik şəxsiyyətlərdən biridir. O, bütün zamanlarda ən yüksək insani keyfiyyətlərə malik olmağa çalışıb. Qətiyyətlə deyə bilərik ki, buna da çox zaman nail olub. Sovet dövrü çətinliklərinə sinə gərən, təqiblərə məruz qalan, amma buna baxmayaraq mübarizə apararaq həyatda ləyaqətlə yaşamağı bacaran insan olub. Şübhəsiz ki, daxili gözəllik zahirdə də özünü təzahür etdirir. Belə insanlar öz xeyirxahlıqları ilə xalqa daha çox yayda verir və həyatını bu yola sərf etməkdən zövq alırlar.
M.Seyidzadə həm də ALİMdir. İslam dininin vacib əməllərindən olan Həccin sosial-fəlsəfi mahiyyəti mövzusunda dissertasiya müdafiə edib – fəlsəfə elmləri namizədi – alimlik dərəcəsi alıb. Hazırda Azərbaycanda mərsiyyə ədəbiyyatı mövzusunda doktorluq işi üzərində çalışır. Bir neçə kitabın müəllifi olan M.Seyidzadənin monaqrafiyaları ali məktəblərdə dərslik kimi də istifadə olunur.
Son zamanlar əqidə düşkünlüyü artıq dərəcədə mühitimizi çirkləndirdiyi bir vaxtda Allahtanımanı, “Tovhidi” elmi əsaslarla, Qurani-Kərim prizmasından sadə dildə şərh etməyə ehtiyac duyulurdu. Bu ehtiyacı ödəmək üçün din alimlərimizin sözdən əmələ keçməsi labud idi. M.Seyidzadə bu sırada da öndə oldu. O, İslam alimlərinin və eləcə də materialist düşüncə sahiblərinin əsərlərindən istifadə edərək bu mövzuda kitab yazmaq qərarına gəldi. Allahtanımanı Qurani-Kərim baxımından şərh etməyi qarşısına məqsəd qoydu. Beləliklə, uzun illərin bəhrəsi olan “Allahımı belə tanıdım” adlı kitab yazdı. İstər Azərbaycan, istərsə də bu sahədə daha təcrübəli olan İran alimlərinin fikir və məsləhətlərindən yararlandı.
Məsələn, Ayətullah Hacı Əhməd Sabiri Həmədani M.Seyidzadənin bu yöndə fəaliyyətini yüksək qiymətləndirir: “M.Seyidzadə bir dəfə mənə telefon edib yanıma gəlməyə icazə istədi. Hiss etdim ki, mühüm bir işi var. Baxmayaraq imkanım məhdud idi, lakin ona şərait yaratdım. Nə isə Ağa həyacanlı idi. Hal-əhvaldan sonra səbəbini soruşdum. Söhbətə belə başladı: “Həzrəti Peyğəmbərimiz (s) buyurub: “Hər kəsə öz mərifətinə görə qiymət verərlər.” Mən də öz mərifətim qədər uzun illərin məhsulu olaraq “Allahımı belə tanıdım” adlı bir kitab yazmışam. İstəyirəm bir Ayətullah və alim kimi ona rəy verəsiniz. Doğrusu çaşdım: həm sevinirdim, həm də çəkinirdim. Sevinirdim ona görə ki, Bakıda bir cavan ruhani tovhidə aid elmi əsər yazıb. Amma çəkinirdim ki, yazdıqları və dəlilləri zəif olsa, onu necə razı yola salaram. Çay süfrəsindən sonra kitabın mündəricatına baxdım. Başlıqlar xoşuma gəldi, yavaş-yavaş  müəyyən fəsillərdən oxutdurub qulaq asdım. Marağım get-gedə artırdı. Onun fəlsəfi fikirləri, məntiqi söhbətləri, məsələyə varid olmağı və yerli-yerində Qurandan və hədislərdən istifadə etməsi məni məmnun etdi. Demək olar ki, həmin gecə kitabın yarısını mütaliə etdik. Əsər xoşuma gəlmişdi. Məkkə səfəri üstündə olmağıma baxmayaraq bir neçə gecə hacıya qulaq asdım. Gələcək nəslə İslami-xidmət üçün əsəri axıra qədər dinlədim. Bəzi fikirləri sadə dildə anlatmağa kömək etdim. Hiss etdim ki, Seyyidzadə bu əsəri yazmaqdan əvvəl çox mütaliələr edib. Ayrı-ayrı idealist və materialist alimlərin elmi əsərlərindən istifadə edib…”
Beləliklə, M.Seyidzadənin kitabına yüksək səviyyədə rəy verildikdən sonra nəşr olunur və geniş oxucu kütləsinin istifadəsinə təqdim olunur.
Hacı Mirəziz bununla  kifayətlənmir. Belə ki, “İslami söhbətlər” adlı növbəti kitabını yazmağa başlayır. İki cilddən ibarət olan kitab bir neçə ilə başa gəlsə də, yüksək elmi çəkiyə malik əsər kimi qiymətləndirilir.
Bu günlərdə isə M.Seyidzadənin “Elmin qapısı” adlı kitabı oxucuların istifadəsinə verildi. Kitabda İmam Əlinin (ə) həyatı, imamət dövrü, qəzavətləri, fəzilətləri, hikmətli kəlamları, ayrı-ayrı hökumət başçılarına, valilərə göndərdiyi məktub və fərmanları öz əksini tapıb. Tanınmış mötəbər din alimlərinin əsərlərində toplanmış sənədlər əsasında tərtib olunmuş bu kitab geniş oxucu kütləsi, tədqiqatçı alimlər, ali məktəb müəllimləri və tələbələri üçün nəzərdə tutulub.
Kitaba rəy verən ilahiyyatçı alim Hacı Sabir Həsənli “Elmin qapısı” elmi əsərini oxuduqca Mövla Əliyə (ə) məhəbbətinin, heyranlığının hər an artırdığını söyləyir: “Sanki İmam Əlini (ə) yenicə tanımağa başlamışdım. Bu elmi əsəri oxuqca yorulmaq bilmirdim. Maraq dairəm genişlənir, başladığım mövzunu sona çatdırmaq istəyirdim. Bu həvəs bir daha ondan irəli gəlirdi ki, kitab başdan-başa Mövla Əliyə (ə) məxsüs idi. Mövla ifadəsini ona görə işlədirəm ki, kitabın müəllifi Hacı Mirəziz Seyidzadə İmam Əliyə (ə) Mövla ifadəsilə xitab etmişdir.”
Digər bir tanınmış ruhani Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, müfti Hacı Salman Musayev isə bu kitabı müasirlərimiz, xüsusən də gənclərimiz üçün çox qiymətli bir elmi əsər kimi dəyərləndirir: “Elmin qapısı” kitabının müəllifinə, dostum, qardaşım Hacı Mirəziz Seyidzadə ağaya minnətdarlığımı bildirirəm, ona dünya və axirət səadəti arzulayıram. Sözün əsl mənasında belə bir sanballı elmi əsəri, ələlxüsus sənədlər əsasında, həm də tanınmış məşhur ravilərin yazdıqlarını eyni ilə xüsusi bir nizamla, gözəl tərtibatla cəmləyib ərsəyə gətirmək böyük zəhmət və səbr-dözüm tələb edir. Hacı Mirəziz məhz bütün bunlara qatlanmış, belə bir müqəddəs işi görə bilmişdir. 800 səhifəyə yaxın belə bir kitab yazmaq mən deyərdim ki həqiqətən qəhrəmanlıqdır. Ən əsası isə Hacı Mirəzizin böyük bir məsuliyyətli yükün altına girməsidir. Kitabın əsas ana xətti İmam Əlinin (ə) peyğəmbərin haqq vəsisi olması, onun vilayət məsələsini sübut etməkdir. Hacı Mirəziz özünün yazdığı kimi illərlə çəkdiyi zəhmətləri ayrı-ayrı ravilərin, xüsusən də əksəriyyəti əhli-sünnə alimlərinin toplaqıqları mütəvatir hədislərin dili ilə söyləməsi danılmaz həqiqətdir. Altı fəsildən ibarət olan bu kitab İmam Əlinin (ə) uşaqlıq, gənclik, cavanlıq, Peyğəmbərin (s) nubuvvət dövrü və Peyğəmbərdən (s) sonrakı dövrləri, həm də özünün xəlifəlik dövrünü özündə ehtiva edir. Hacı Mirəzizin istifadə etdiyi ədəbiyyatlar da İslam alimləri tərəfindən daimi mənbə kimi istifadə olunan kitablardır. Ən əsası isə Hacı Mirəziz Seyidzadə yaxşı İslamşünas alim olduğundan məzhəb məsələlərinə ehtiyatla toxunmuş, onlara ehtiramla yanaşmışdır. Hacı Mirəziz çalışmışdır ki, əsl İslamı qorusun, onu Qurani-Kərim baxımından təbliğ eləsin.”
M.Seyidzadə Əziz Pünhan təxəllüsü ilə ŞEİRLƏR yazır. 1968-ci ildən bədii yaradıcılığa başlayıb. Şeirləri, satirik əsərləri, novellaları və əsasən də tərcümələri dövrü mətbuatda dərc olunub. Zərbi-məsəl və atalar sözlərini, habelə hikmətli kəlamları, hətta “Kommunist” qəzetində – Çıraq səhifəsində vaxtaşırı dərc edilib. Əlbəttə, o dövr üçün belə tərcümələr maraqlı idi. Əsasən tərcümələri ərəb və fars dilindən olub. Bu gün də belə tərcümələri davam etdirir.
Qəzəllərində Allah-Təaladan tutmuş insana qədər bütün aləm tərənnüm olunur. Müxtəlif illərdə yazdığı şeirlərində Vətənə, Anaya məhəbbət ən yüksək poetik dillə nəzmə çəkilib. M.Seyidzadə bununla kifayətlənmir. Əlbəttə, ömrü boyu canla-başla xidmət göstərdiyi İslam dini, onun Peyğəmbəri, imamları mədh edən qəzəllər yazıb.
Ötən ilin sonlarında M.Seyidzadənin “Divan”ı işıq üzü gördü. Əziz Pünhan təxəllüsü ilə yazdığı şeirlərində, qəzəllərində cəmiyyətdə möcud olan ədalətsizliyə qarşı da poetik dillə cihad edir. Gənclik çağından qəzəl janrına müraciət etməyinin səbəbini isə Məhəmməd Füzuliyə olan şövqündən, ehtiramımdan irəli gəldiyini bildirir. Adını gizli saxlamaq üçün təxəllüsünü “Pünhan” (gizli) yazıb. Sonralar görüb ki, artıq üzə çıxmaq vaxtıdır, odur ki, adının bir hissəsini də Pünhan isminə əlavə edib və “Əziz Pünhan” təxəllüsü ilə tanınmağa başlayıb.
Görkəmli yazıçı Əlibala Hacızadə Hacı Mirəzizin “Divan”ını çox yüksək dəyərləndirir: “Ərəb, fars dillərini, klassik ədəbiyyatı və İslam tarixini mükəmməl bilən, Şərq şeirinin və xüsusilə Füzuli poeziyasının incəliklərinə dərindən bələd olan Əziz Pünhan öz yaradıcılığında bu ənənələrdən ustalıqla bəhrələnməyə çalışmış, o, nəhəng söz dünyasının zərif, şairanə gözəlliklərinə məftunluqla, qibtə ediləcək bir vurğunluqla yanaşmış, söz aləminə hakim kəsilmiş və nəticədə mənən, ruhən o əsərlərə yaxın, ancaq eyni zamanda, oricinal, qəlboxşayan, müasir dövrümüzün ab-havasını əks etdirən gözəl sənət nümunələri yaratmağa müvəffəq olmuşdur. Şairin əsərlərində tarixi keçmişlə müasir dövrümüz, dünənlə bu gün çox böyük məharətlə, gözəgörünməz, ancaq eyni zamanda çox aşkar şəkildə bir-birinə qaynayıb qarışmışdır. Bu cəhət onun xüsusilə qəzəllərində daha qabarıq nəzərə çarpmaqdadır. Şairin dili həm klassik, həm də müasirdir. Əziz Pünhan mənim nəzərimdə hər şeydən öncə lirik bir şairdir.”
Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev isə M.Seyidzadə haqqında hələ 1966-cı ilin baharında yüksək fikirdə olduğunu xatırlayır: “Astarada dostumla məscidə getmişdik. Bizi gülərüz, sifətindən nur yağan bir gənc qarşıladı. Tanış olduq. Məscidin axundudur – dedilər. Qulaqlarıma inanmadım. Ömrümdə birinci dəfə idi ki, belə gənc axund görürdüm. Söhbət etdik. Elminə, biliyinə, dünyagörüşünə heyran oldum. Mat qalmışdım. Həyatımda ilk dəfə idi ki, mövhumatdan, xurafatdan, cəhalətdən kənar din xadimi ilə rastlaşırdım…”
Q.Paşayevin yuxarıda söylədikləri 1966-cı ilə təsadüf edir. Professor o gün olduğu kimi, bu gündə Hacı Mirəziz haqqında yüksək fikirdə olduğunu onun kitabına yazdığı rəyi ilə təsdiq edir: “Böyük Yaradan ona az adama qismət olan bir pay da əta etmişdir. Hacı Mirəziz klassik poeziyamızın gözəl bilicisi və gözəl də şairdir. Bu, Mirəzizin “Bulud ağlamasa” kitabının Yazıçılar Birliyində təqdimatı zamanı (2006) klassik ədəbiyyatımızın biliciləri tərəfindən xüsusi vurğulandı və etiraf edildi. Xüsusən də tananmış tənqidçi Vaqif Yusiflinin kitaba yazdığı əhatəli giriş məqaləsində şairin yaradıcılığının məziyyətləri ortaya qoyulmuş, poeziyası layiqincə qiymətləndirilmişdir. Bədii yaradıcılığa keçən əsrin 70-ci illərindən başlayan Mirəzizin şeirləri, satirik əsərləri, novellaları, tərcümələri dövrü mətbuatda ardıcıl olaraq çap olunur…”
Əməkdar Mədəniyyət işçisi, filologiya elmləri namizədi, tənqidçi Vaqif Yusifliyə görə isə onu Azərbaycanda tanımayan yoxdur. V.Yusifliyə görə, möhtəşəm bir din xadimi kimi Hacı Mirəziz Azərbaycan məkanında – hətta Şərq məkanında yaxşı tanınır: “Ona molla demək, adi din xadimi kimi dərk eləmək böyük Tanrının alovlu təbliğatçılarını – seçilmişlərini gözdən salmaq deməkdir. Tanrı sifətli bu seyyid övladı aldığı dini tərbiyə və yüksək təhsilə görə öz məqamına da yetişib: o, Allah kəlamlarını və İslamın məziyyətlərini şərh edən neçə monoqrafiyanın müəllifidir. O, Qafqaz Müsəlmanları İdarəsi Elm-təhsil şöbəsinin, Bakı İslam Universiteti Sumqayıt filialının rektorudur. Fəlsəfə elmləri namizədidir, elmi - ədəbi publisistik  “Kəlam” jurnalının təsisçisi və baş redaktorudur. Hacı Mirəzizin digər xidmətlərini də sadalamaq olar. Lakin mənim fikrimcə, Hacı Mirəzizin bir insan kimi məziyyətləri içərisində onun şairliyi daha önəmlidir. Bəzən din xadimlərini quru, soyuq təbiətli, təbliğ və təşviq etdiyi dini doktrinalardan kənara çıxa bilməyən insan və şəriət məddahı kimi qəbul edirlər. Amma belə deyil. Onların arasında lirik təbiətli, şair ürəkli insanlar az deyil. Hacı Mirəziz uşaqlıqdan şeirə-sənətə vurulub və indi yaşının ahıl çağında da bu gözəl divanəlik onu tərk etmir…”
Sözün əsl mənasında M.Seyidzadədə bir ZİYALI vətəndaş təəssübkeşliyi var. Mən bunu dəfələrlə müşahidə etmişəm. Ən yüksək elitar təbəqəyə malik ziyalılarımız belə onun haqqında hər zaman müsbət fikirdə olublar. Son söz əvəzi… M.Seyidzadə ondan çox şey öyrəniləsi ziyalılarımızdandır. Necə ki, biz ondan öyrənirik. Hacı Mirəziz mənim də daxil olduğum kiçik bir kollektivin – jurnalımızın qurucusu, Baş redaktorudur. Amma açıq etiraf edim ki, o bizimlə heç vaxt müdir kimi davranmayıb. Bir çoxlarından daha yaxşı tanıdığım üçün cəsarətlə deyə bilərəm ki, o, ünsiyyətdə səmimiyyəti xoşlayır. Hacı Mirəziz yüksək dərəcədə səbr və əxlaq sahibidir. Onun xarakterində qışqırmaq, təhqir etmək, hədələmək kimi cəza üsulları yoxdur. Mən bir neçə ildir yoldaşlığımız-dostluğumuz çərçivəsində buna heç təsadüf etməmişəm. Ədalət naminə qeyd edim ki, onun tənqidi daha çox tərbiyə xarakteri daşıyır.
Mən, 60 ildir iman, səbr, möhkəm iradə ilə yaşayan, bütün çətinliklərə ləyaqətlə sinə gərən, Allah-Təalanın bəxş etdiklərinə sədaqətlə sahib çıxan, onu hər pislikdən qoruyan Qazi Hacı Mirəziz Seyidzadəyə uzun və şərəfli ömür arzulayıram.
URL / WWW
http://kelam.az/article/a-22.html