Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Müsahibələr » “Hər həkimdə plastik cərrahlıq alınmır”
30.09.10 21:14

Xətai Estetik Klinikasında fəaliyyətə başlayan dünya şöhrətli estetik-cərrah Mortan Rezai Məzahiri insanları gözəlləşdirməkdən zövq alır

Son illər bütün dünyada olduğu kimi Azərbaycanda da estetik cərrahiyyəyə maraq xeyli artıb. Belə bir maraq və ölkənin sosial- iqtisadi inkişafı müxtəlif ölkələrdən Bakıya bu sahədə ixtisaslaşmış, görkəmli mütəxəssislərin səfərlərini çoxaldıb. Belə mütəxəssislərdən biri də bu günlərdə ABŞ-dan ölkəmizə işgüzar səfərə gələn və Bakıda olduğu müddətdə Xətai Estetik Klinikasında fəaliyyətə başlayan dünya şöhrətli estetik-cərrah doktor Mortan Rezai Məzahiridir. O, bizim müsahibimiz olub:
- Burada çox gözəl deyirlər: “mən fəxr edirəm ki, azərbaycanlıyam”. Mən də istəyirəm söhbətimizə elə buradan başlayam. Çünki, mən də əslən Cənubi Azərbaycandanam və inanmazsınız ki, qürbətdə olan şəxs üçün bu ifadə necə də inqilabidir. Bizə burada İran azərbaycanlısı deyirlər. Mən də 1935-ci ildə Təbrizdə doğulmuşam. Lakin, üç yaşımda biz Tehrana köçdük. On səkkiz yaşıma qədər ailəmlə birgə Tehranda yaşadım. Orta təhsilimi bitirdikdən sonra ali təhsil almaq üçün üz tutdum Almaniyaya. O zaman İran sakinləri üçün Almaniyaya getmək o qədər də çətin deyildi. Berlində Tibb Universitetinə qəbul oldum və yeddi il orada təhsil aldım. Təvazökarlıq etmirəm, amma deməliyəm ki, Almaniyada tibb sahəsində ali məktəbə qəbul olmaq çox çətin idi. Xüsusi istedada və marağa çox üstünlük verilirdi. Çünki, tibb sahəsinə qəbul olduqdan sonra təhsili dövlət özü maliyyələşdirirdi. Şansım elə gətirdi ki, mən də bu cür xoşbəxtlər sırasında oldum. Ona görə xoşbəxtlər deyirəm ki, o zaman üçün pulsuz təhsil, özü də ali səviyyədə, tibb sahəsində və Almaniya kimi elm mərkəzində əlçatmaz bir şey idi. Universiteti uğurlu nəticələrlə bitirdim və 4 il Almaniyanın müxtəlif şəhərlərində cərrahlıqla məşğul oldum. Bundan sonra ABŞ-da cərrahiyyə klinikalarında fəaliyyət göstərmək üçün giriş imtahanı verdim və uğurla keçdim. ABŞ-a gəldikdən sonra ardıcıl bir neçə ştatda əlavə olaraq 4 il ümumi cərrahiyə, 2 il də plastik cərrahiyə üzrə universal kurs keçdim. Bu, təxminəm 60-cı illərin əvvəlləri idi. Artıq 1970-75-ci illərdə ABŞ-da kifayət qədər tanınan plastik cərrah idim. Beləliklə, ünvanım ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhəri və dünyanın müxtəlif yerlərindən pasientlərim olmaqla 35 ildir plastik cərrahiyə ilə məşğulam. Mənə hərdən deyirlər, çətin sənətdir. Amma, mən deyirəm ki, gözəl və valehedici sənətdir. İnsanları gözəlləşdirməkdən də gözəl nə ola bilər axı?  Yüksək səviyyəli dövlət nümayəndələrindən tutmuş kino ulduzlara qədər pasientlərim olub. İndiyə qədər təqribən 50 min estetik cərrahi əməliyyatın müəllifiyəm, bunlardan təkcə 13 mini burun üzrə estetik əməliyyatdır. Bu sahədə olan şəxsi təcrübəm əsnasında hansısa hadisə nəticəsində qopub düşən insan bədəninin müxtəlif orqanlarını əməliyyat nəticəsində birləşdirmişəm. Bura qol, qıç, əl, ayaq və s. aiddir. 2006-cı ildə ABŞ Cərrahlar Konqresi tərəfindən I cərrah seçildim. Həmçinin Los-Anceles, Vircinya və digər bir neçə universitetdə məşğul olduğum sahədən dərs deyirəm. Özümün şəxsi estetik klinikam var ki, orada bu sahədə ciddi işlər görürlər. Eyni zamanda uşaqlıqdan rəssamlıqla da məşğulam və mənə elə gəlir ki, iki əkiz sənətin sahibiyəm.

- Cənab Rezai, necə oldu ki, kifayət qədər müxtəlif tibbi və qeyri məşğuliyyətlərinizin içərisində ali peşə kimi bu qədər incə və ciddi olan plastik cərrahiyyəni seçdiniz?

- Mən təqribən 3-4 yaşlarımdan rəssamlığa böyük həvəs göstərirəm. İnsanların zahiri cizgiləri və estetik quruluşları daim maraq obyektim olub. Hələ erkən yaşlarımda çəkdiyim rəsmlər və düzəldiyim heykəllər üzərində öz estetik fantaziyalarımı reallaşdırırdım. Ondan sonra da gələcək həyatımda tibb sahəsində təhsil almağım və içimdə olan maraq məni də bura çəkdi. Bilirsiniz, bizim digər ümumi cərrahlardan fərqimiz nədir? Bizim cərrahi bıçağımız adi bıçaq deyil, o sanki rəssam fırçasıdır. Biz həkimlər tabloda yox, həyatda insanlar üzərində cizgiləri gözəlləşdirməyə çalışırıq. Onu da deyim ki, hər həkimdə plastiki cərrahlıq alınmır. Bu diş çəkmək, iynə vurmaq kimi adi və sıradan əməliyyat deyil. Burada fantaziyalarla işləmək lazımdır. Digər sahələr də kifayət qədər dərin və ciddidir. Amma, estetik cərrahiyyədə peşəkar həkim olmaqla yanaşı, peşəkar rəssam da olmalısan. Başqalarını deyə bilmərəm, məndə bəlkə də uşaqlıqdan rəssamlığa olan maraq olmasaydı estetik əməliyyatları bu qədər bacarmazdım. Burada həddindən artıq çox düşünmək lazım gəlir. Mən məhz buna görə Almaniyadan ABŞ-a getmişəm. Mən cərrahiyyənin bu bölümünə məhz elə Birləşmiş Ştatlarda yiyələndim. İyirmi ildir ki, sırf plastik cərrahiyyədən ABŞ-ın bir- neçə universitetlərində dərs deyirəm. Bu sahədə Los-Ancelesdə fəaliyyət göstərən xüsusi klinikam kifayət qədər şöhrət də qazanıb. Həmçinin dərs dediyim universitetlərin tələbələri arasında artıq plastik cərrahiyyə sahəsində peşəkar həkim kimi fəaliyyət göstərən onlarla şəxs var. Bu elə bir sahədir ki, burada daha çox axtarışda olmaq lazımdır. Məsələn, mən daha çox Kaliforniyaya ona görə üstünlük vermişəm ki, burada estetik əməliyyatlara Hollivudun ulduzları tez-tez müraciət edir. Mən onların əksəriyyətini əməliyyat etmişəm. Bu da mənim üçün ona görə əlverişlidir ki, nəzəriyyə ilə təcrübəni asanlıqla birləşdirmək fürsətim olur. Bu mənim ixtisaslaşmama da kifayət qədər kömək edib. Mən sözün əsl mənasında işimdən zövq alıram. Bu, sizə demək üçün işlədilən ifadə deyil, həqiqətdir.

- Zahiri görkəmin dəyişdirilməsi çox həssas məqamdır. Bu sahədə fəaliyyətinizdə məsuliyyət məsələsi necə həll olunur?

- Ümumiyyətlə, plastik cərrahiyyədə iki növ problem ola bilər. Birincisi, əməliyyat ərəfəsində pasientdə olan mənəvi çatışmazlıq, ikincisi də pasientin fiziki hazırlıqsızlığıdır. Əsl plastik cərrahiyyə həkimi bu iki mövzu ətrafında kifayət qədər hazırlıqlı olmalı və hər gün bu ətrafda öz elmi bazasını artırmalıdır. Bununla bağlı dünyada kifayət elmi nailiyyətlər və materiallar var. Öz üzərində işləyən həkim burada öyrənmək üçün qıtlıq çəkə bilməz. Eyni zamanda əməliyyatın məsuliyyətinin tam hissəsinin həkimin üzərinə düşməsini düzgün hesab etməzdim. Burada xəstənin özünün həkimdən də çox girdiyi əməliyyata inamı olmalıdır. Həmçinin, plastik cərrahiyyənin mahiyyəti və gedişatı haqqında müşavirə var və mən daim hər əməliyyatdan əvvəl onu öz heyətim ilə keçirirəm. Burada əməliyyata hazırlaşan xəstənin problemlərindən tutmuş, onun həmin anda olan düşüncələrinə qədər nəzərə alınır. Amma, insanlarda qəribə xüsusiyyətlər var. Yəni, onlar əməliyyatın uğurlu alınmasına baxmayaraq, yenə də uğurlu nəticənin içində nəsə axtarmaq istəyirlər. Belə hallar ən çox gözəlləşmək üçün estetik əməliyyat keçirən qadınlarda olur. Məsələn, mənə müraciət edənlər arasında bir qadın bərk fikir edirdi ki, zahirən gözəl olmadığı üçün həyat yoldaşı ona xəyanət edir. O, mənə üz nahiyəsindəki bəzi qüsurları aradan qaldırmaq üçün əməliyyat olunmaq istədiyini bildirdi. Biz onu plastik əməliyyat etdik və uğurlu da alındı. Əməliyyatdan sonra ilkin baxış zamanı qadın özü ayna qarşısında özünə az qala valeh olurdu. O, sevinirdi. Lakin, bir müddət keçdikdən sonra həyat yoldaşından yenə özünə qarşı diqqət görmədikdə o bizi günahlandırırdı ki, “siz məni yetərincə əməliyyat etməmisiniz və ona görə də ərim mənə xəyanət etməkdə davam edir”. (Gülür-red.). Ona görə də, təəssüf ki, bəzən əməliyyatdan öncə xüsusən də qadın xəstələr nə istədiklərini özləri üçün dəqiqləşdirmirlər.

- Son vaxtlar plastik əməliyyatların qurbanları haqqında çox söz- söhbət gəzir. Sizcə bu sahədə cərrah axtarmaq üçün ən yaxşı göstərici nə olmalıdır. Yəqin, Sizin xüsusi üslübünüz və istifadə etdiyiniz texnologiya var..

- İndiki dövrdə həkimlərin çoxu plastik cərrah olmaq istəyirlər. Bu, başadüşüləndir, bazar tələb edir. Hətta təəssüf ki, birbaşa bu işlə məşğul olmağa başlayanlar da var. Amma, bir fakt unudulur ki, bu sahədə xüsusi və kifayət qədər incə faktlar üzərində köklənən elmi kurslar var, bunu mütləq lazımı mütəxəssislər tərəfindən keçmək lazımdır. Məhz belə təlim keçməyən həkimlər var ki, onların təcrübəsiz əməliyyatları nəticəsində fəsadlar törəyir. Ona görə də, bu sahədə olan əməliyyatlardan narazılıqlar çoxalır. Çox hər insan həkim ola bilər, amma hər adam cərrah ola bilməz. Xüsusən də plastik cərrah. Mən şəxsən ABŞ-a köçdükdən sonra bu sahədə peşəkar əməliyyatlara başlayana qədər xüsusi kurslarla birlikdə 10 il təlim keçmişəm. Təəssüf ki, indiki dövrdə universiteti bitirən kimi cərrahlığa başlayanlar var. Təbii ki, belə təcrübəsiz yanaşmalar olanda qurbanlar da çoxalacaq. Bu sahədə universiteti bitirmək yetərli deyil. Xüsusi kursa böyük ehtiyac var və həkimin lazımi dərman ləvazimatları haqqında da yetərli məlumatları olmalıdır. Həmçinin, lazımi təlimlər sayəsində əməliyyatlara başlayan həkim bu sahədə geniş təfəkkürə malik olmalıdır. Burada təcrübə əsas amildir. Məsələn, mən təkcə burun üzərində indiyədək 13 mindən çox əməliyyat keçirməyimə baxmayaraq, indi də hər əməliyyata böyük ciddiyyətlə yanaşıram. Başladığım əməliyyatın sonu məni həyatım qədər düşündürür. Peşəmdə yeganə amalım xəstələrimin məndən tam razı qalmasıdır. Dünyada məni ölkədən-ölkəyə gəzdirən məhz budur. Mənim xüsusi texnologiyam elə budur. Məsələn, bu gün yanıma bir qız uşağı gətirilmişdi. Onun üst kiprikləri yox idi. O, üzdən keçirilən hansısa əməliyyat nəticəsində bu hala düşüb. Bu hal onda müəyyən mənəvi sarsıntılar da yaratmışdı. Mən onu müayinə etdim və yenidən əməliyyat edəcəyəm.

- Siz insult keçirən xəstələrin ağızlarının əyilməsi kimi problemləri də və eyni zamanda hansısa qəza nəticəsində qopub düşən əl- ayağın birləşdirilməsini də həll edirsiniz. Bu əməliyyatların hansı çətindir?

- Mənim üçün cərrahiyyədə xəstəliyin forması yox, insanların xarakteri çətinlik verir. Yəni, normal vəziyyətdə siz sadaladığınız hər iki halda əməliyyat mənim üçün heç vaxt çətin deyil. Mən cərraham və hər iki hala başdan hazıram. Amma, bəzən elə xəstələrə rast gəlirsən ki, cüzi bir əməliyyatı onda uğurlu başa vurmaq həkimə çox çətin başa gəlir. Hansısa məşhur bir rəssam eyni açıq təbii mənzərədə həm asanlıqla, həm də çətinliklə rəsm əsərləri yaradır. Eyni məkanda çətinliklə üzləşmək artıq təbiətin yağışlı və digər hallar kimi tünd xarakteri səbəb olur ki, rəssam çətinliklə üzləşir. Axı sakit havada o onu asanlıqla çəkib. Mən ona görə əvvəldə qeyd etdim ki, bu sahədə xüsusi təlimlərə ehtiyac var. Çünki, xəstələrin əksəriyyəti plastik əməliyyatlarda xaraktercə qəlizləşirlər. Çətinlik ancaq bu ola bilər.

- Bu illər ərzində əməliyyat otağınızdan yəqin ki, az məşhurlar çıxmayıb..

- Əlbəttə çıxıb. Mən həm yaşadığım, həm də fəaliyyət göstərdiyim şəhərdə Hollivud ulduzları çoxdur. Lakin, məsələ ondadır ki, onların əksəriyyəti əməliyyata girməmişdən əvvəl adlarının gizli saxlanması şərtlərini irəli sürürlər. Ona görə də mən onların adlarını çox vaxt açıqlaya bilmirəm. Əks halda onlar məni məhkəməyə verə bilərlər. Ancaq, bəzilərinin adlarını deyə bilərəm. Bunlar Hollivud ulduzlarından Jozef Keton, Patricia Ketrin, İtaliyan ulduzu Sofi Loren və həmçinin 1976-cı ildə ABŞ prezidentlərindən birinin həyat yoldaşı xanım Betty Forddur. Bunlarla yanaşı saysız-hesabsız modelləri və manekenləri plastik əməliyyat etmişəm. Lakin, onlar əməliyyatdan əvvəl adlarının məxfi saxlanmasını çox ciddi şərt kimi irəli sürürlər.

- Ümumiyyətlə, plastik cərrahiyyənin gələcəyini necə təsəvvür edirsiniz? Belə fikirlər var ki, bu əməliyyatlar müəyyən mənada Allahın işinə qarışmaq deməkdir..

- Bu sahənin gələcəyi mənim üçün elmi cəhətdən çox ümidli görünür. Burada bir çox nailiyyətlər tez bir zamanda ortaya çıxacaq. Məsələn, yaxın gələcəkdə hüceyrələr kəşf olunacaq ki, bu dərinin ağır yanığında uğurla istifadə olunacaq. Eyni zamanda ağır formaya düşmüş göz hüceyrələrinin bərpası və digər bu kimi məqamlar barədə yeniliklər olacaq. Bu da plastik əməliyyatların indikindən də uğurlu alınmasına zəmin yaradacaq. Bu sahədə bəzi problemlər də var ki, bu da əsasən xəstələrin geni ilə əlaqəli olur. Hazırkı elmi nailiyyətlərin yaxın gələcəkdə büruzə verən nəticəsi bu problemləri də aradan qaldırmış olacaq. Bundan başqa, hazırkı nailiyyətlər bəzi əməliyyatlar zamanı lazım olan hüceyrələrin əldə olunmasını asanlaşdıracaq. Bu ağır qəzalar zamanı qopub düşən bədən üzvlərinin bərpası zamanı lazım olan hüceyrələrdir. İndiyədək belə hadisələr zamanı biz həkimlər o hüceyrələrin tapılmasında çətinlik çəkirdik. Lakin, hazırkı elmi nailiyyətlər imkan verəcək ki, məhz qəzaya uğramış bədənin özündən belə hüceyrələri əldə edək. Əvvəllər, belə idi ki, lazım olan hüceyrəni əldə eləmək üçün həmin insanın qanından lazım olan maddəni alıb təcrübə üçün xüsusi saxlanmış heyvana vururdular və bunun nəticəsində heyvanda əmələ gələn hüceyrədən təkrar əməliyyatda istifadə edirdilər. Bu da çox hallarda uğurlu alınmırdı. İndi isə, bunun insanın özündə tapılması bu problemi aradan qaldıracaq. Bütün sadaladığım və digər bu kimi proseslərin üzərində işlənir ki, bu da bəşəriyyətin yaxın gələcəkdə insanla bağlı fəsadları aradan qaldırmasına kömək edəcək. O ki qaldı bütün bunların Allahın işinə qarışılması kimi qələmə verilməsinə, məncə, bu ifadə bir az sərtdir. Əslində Allah bu kimi dərdlərin əlacını çoxdan xəlq eləyib, sadəcə, bizim üçün bu indi agah olub. Allah bizim üzərində çalışdığımız dərdləri verəndə onlara dərman üçün bizi kimiləri yaradıb. Axı bizi və bizə bəxş olunan peşəni də Allah yaradıb. Bu dünya hər cürə sınaq meydanıdır. Yalnız, şeytan səbəb olur ki, bəzən bu problemlərin üzərində aparılan əməliyyatlar uğursuz alınsın. Yəni, Allahın verdiyi dərdə dərmanın çatmasına şeytan mane olur. Belə dərdlərə əlac edilməsini Allahın işinə qarışmaq kimi qələmə verənlər yanılırlar. Məntiqi düşünmək lazımdır. Allah nəqliyyatı yaratdı, insanlar uzaq məsafəyə getmək problemini həll etdilər, hərfləri və oxumağı yaratdı, insanlar lazımı bilgilərə asan malik olsun və s. O cümlədən bizə verilən qabiliyyət də bu sırada sadalana bilər. Bu elə Allahın özünün yaratdığı bir şeydir.

- Dediniz rəssamlığa da həvəsiniz olub. Bu xobbidir, yoxsa hazırkı peşənizlə bərabər ikinci peşə? Bu sahədə də nailiyyətləriniz olmamış olmaz.

- Mən hətta 8 bədii- estetik kitabın müəllifiyəm. Bu, gözəllik və gözəl qalmanın sirləri haqqındadır. Rəssamlıq etməyim sadəcə həvəsdir. Amma, rəssamlığı mən özümə ikinci peşə hesab edirəm. Mən onunla qeyd etdiyim kimi lap uşaq yaşlarımdan məşğulam. Bununla bağlı 9 illik məktəb də oxumuşam. Almaniyada olanda rəssamlıqla bağlı jurnal da dərc edirdim. Orada əsasən çəkdiyim rəsmlər yer alırdı. İndiyədək minlərlə rəsm əsəri çəkmişəm ki, onların bəziləri bir sıra məşhur sərgilərdə nümayiş olunub. Son vaxtlar bəzi əməliyyatlarımdan çıxan insanları rəsmə almağı xoşlayıram. Bununla bağlı fırçamdan çıxan kifayət qədər portretlərim var. Rəssamlıqdan başqa mən həyatda digər işlərlə də məşğulam. Kaliforniyada mənim 2 şəxsi televiziya kanalım fəaliyyət göstərir. Onların təkcə birinin təqribən 90 milyondan çox tamaşaçısı var. Mən fürsətdən yararlanıb axşam saatlarında canlı efirdə plastik təbabət ilə bağlı tamaşaçılara məsləhətlər də verirəm. Həyata keçirdiyim plastik əməliyyatları televiziyam vasitəsi ilə yayımlayıram. Bundan başqa, mənim kiçik bir şirkətim də var ki, estetik ləvazimatların istehsalı və satışı ilə məşğuldur.

- Cənab Rezai, Sizin üçün insan cizgiləri üzərində işləmək cərrahiyyə otağında daha asandır, yoxsa rəssam tablosunda?

- Bir müəllif kimi mənim üçün heç biri asan deyil. Amma, məsələ burasındadır ki, cərrahiyyə nəticəsində insan gözəlləşir, rəssamlıq nəticəsində tablo. Birincidə məsuliyyət həyati xarakter daşıyır. Rəssamlıqda öz fikirlərinin tənzimlənməsi ilə məşğulsan, cərrahiyyədə isə xəstənin xarakteri də nəzərə alınır. Rəsm əsərinin fərqli cəhəti odur ki, o insanı həddindən artıq düşündürür. Əgər insanlar çox düşündürmək istəyirsənsə, tablonun üzərində də çox diqqətli işləməlisən. Nəticə etibarı ilə hər iksinin nəticəsində gözəllik əldə olunur. Siz əgər Los-Ancelesdə mənim klinikama gəlsəniz, oranı muzeyə bənzədərsiniz. Daha çox da əməliyyat etdiyim insanların rəsmlərini fırçamın məhsulu kimi divarlardan asmışam. Mən fantaziyaları sevirəm və zənnimcə gözəlliklə məşğul olan şəxsin fantaziyaları kifayət qədər güclü olmalıdır. Bir misal çəkim, ABŞ-da bir modelyer xanım estetik əməliyyatla bağlı mənə müraciət etmişdi. Onda qüsur yox idi, sadəcə sənəti ilə bağlı bir- neçə dəyişikliklər etmək istəyirdi. Bir-iki görüşdən sonra mən onu əməliyyatdan sona necə görmək istədiyimi fırçayla çəkim göstərdim. Mənim fantaziyam onun xoşuna gəldi və formaya düşmək üçün əməliyyata girdi. Əməliyyatımız uğurlu alındı. Həmin xanım indi Birləşmiş Ştatların bahalı modelyerlərindədir.

- Bakıda işləmək Sizin üçün çətin deyil?

- Bir insan kimi yox. Çünki, bura mənim vətənimdir. Bu mühitə mənim daxilimdə bir doğmalıq var. Ona görə də işgüzar fəaliyyətimdə hər şey mənim üçün asan olur. Öz həmvətənlərimə bildiklərimi bəxş etmək mənim üçün xoşbəxtlikdir. Öz təcrübəmi bölüşmək üçün burada olan həmkarlarımla təmənnasız əməkdaşlığa da hazıram.
URL / WWW
http://kelam.az/article/a-2096.html