Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Müsahibələr » “Hakim partiyanın seçdiyi yol da prosesə aktivlik verəcək”
23.09.10 15:48

Millət vəkili Əli Məsimli hər dairədə ciddi rəqabətin müşahidə olunacağını proqnozlaşdırır

Artıq parlament seçkiləri kampaniyasına rəsmən start verilib. Ayrı-ayrı fərdi namizədlər, siyasi partiyalar, siyasi partiyaların yaratdıqları seçki blokları namizədlərin irəli sürülməsinə başlayıblar. Hakim Yeni Azərbaycan Partiyası müdafiə edəcəyi namizədlərin siyahısını təsdiqləyib, AXCP ilə Müsavat da namizədlərin razılaşdırılması prosesini davam etdirirlər. Bundan əlavə, müxalifət düşərgəsini təmsil edən partiyalar əlavə dörd seçki bloku da yaradıblar. Seçkiyə həm də çoxlu sayda bitərəf namizəd qoşulmaqdadır. Belə namizədlərdən biri də 5 il əvvəl parlament seçkilərinə «Yeni siyasət» blokunun namizədi kimi qoşulan iqtisadçı millət vəkili Əli Məsimlidir. Onunla söhbətimizdə seçkiqabağı durum və hansı qüvvələrin şanslı olmasına toxunduq. 

- Artıq seçkilərə rəsmən start verilib. Seçki mühiti ilə bağlı ilkin təsəvvürləriniz necədir?

- Ümumi seçki prosesi barədə rəy vermək çətindir. Çünki seçki prosesi bir neçə mərhələdən ibarət olur. Hələlik biz başlanğıc mərhələdəyik. Getdikcə digər mərhələlərə də start veriləcək və seçki ab-havası da çox hiss olunacaq. Deputatlığa namizəd olmaq istəyənlər imza vərəqələrini təhvil verib namizəd kimi qeydə alınandan sonra çox şeyə aydınlıq gələcək. Şəkililər demiş oktyabrın 15-dən seçki prosesi tamamilə qızışacaq. Hələlik həmin vaxta bir az var. Bu səbəbdəndir ki, hələlik seçki ab-havası da o qədər hiss olunmur. Tədricən fəallıq artacaq. Mənim fikrimcə, bütün dairələr üzrə çox ciddi mübarizə gedəcək. Seçkilərdə seçiciləri öz platforması ilə maraqlandıra bilən dinamik namizədlər qalib gələcək.

- Əli müəllim, artıq seçkinin əsas favoriti olan Yeni Azərbaycan Partiyası namizədlər siyahısını açıqlayıb. Siz həmin siyahını necə qiymətləndirirsiniz?

- Mən həmin siyahını çox normal qiymətləndirirəm. Siyahıda xeyli yeni sima var. Bu da səbəbsiz deyil. Beynəlxalq praktikada da var ki, daim dinamikliyi qorumaq, yeni ab-hava gətirmək üçün yeni nəfəsə ehtiyac var. Adətən inkişaf etmiş ölkələrdə də belə edirlər. 10 namizəddən 7-sini saxlayıb 3-nü yenisi ilə əvəzləyirlər. Həmin o 3 nəfər siyahılara bir yenilik gətirir. Məncə hakim partiyanın seçdiyi yol da prosesə bir aktivlik gətirəcək, impuls verəcək. Namizədlərin strukturuna gəlincə, siyahıya baxanda görürük ki, burada uzun müddət Yeni Azərbaycan Partiyasına xidmət edən insanlarla yanaşı, onların yanında təcrübə keçmiş, müəyyən bir səviyyəyə çatmış insanlar da var. Bəzən siyahıda xanımların və gənclərin çoxluq təşkil etdiyi vurğulanır. Bu, doğrudan da belədir. Görünür, hakim partiyanın rəhbərliyi bu məqamlara xüsusi diqqət yetirir. Ümumilikdə götürdükdə Yeni Azərbaycan Partiyasının siyahısını optimal seçim kimi qiymətləndirmək olar.

- Artıq  müxalifət düşərgəsində də bloklaşma başlayıb. Siz bu düşərgədəki prosesləri necə qiymətləndirirsiniz?

- Diqqət yetirsək, müxalifət düşərgəsində çox maraqlı proseslər baş verir. Özü də bu proseslər 2005-ci ilin parlament seçkilərindəki proseslərdən bir az fərqlənir. Ötən seçkilərdə uzun müddətdir bir yolla addımlayan partiyalar bir blokda birləşdilər. Bunun nəticəsində «Azadlıq» bloku müxalifətin vahid bloku kimi formalaşdı. Eyni zamanda, cəmiyyətdəki tanınmış insanlar, ziyalılar, keçmişdə yüksək dövlət vəzifələrində çalışmış insanlar isə ayrıca bir seçki bloku – «Yeni siyasəti» formalaşdırdılar. Bu blokda son 20 ildə Azərbaycanın ictimai-siyasi arenasında olan ictimai-siyasi xadimlər, keçmiş parlament sədri, prezident səlahiyyətlərini icra edən şəxs, sabiq baş nazir, baş nazir müavinləri təmsil olunurdular. Yəni blok kifayət qədər ictimai nüfuza malik idi. Buna görə də bizim blok bütün seçki prosesi boyu diqqət mərkəzində oldu. Bu gün isə diqqət mərkəzində olan əsas blok AXCP-Müsavat blokudur. Yaradılan 4 blok isə o qədər də böyük elektorata malik deyil. Ümumilikdə götürsək, ötən seçki ilə müqayisədə bu dəfə müxalifətdəki bütün siyasi qüvvələri bir blokda birləşdirmək mümkün olmadı. Keçən dəfə «Azadlıq» blokunda təmsil olunan partiyalar bu dəfə seçkiyə ayrı-ayrı bloklarda gedirlər. Eyni zamanda, müxalifət düşərgəsində mərkəzçi mövqedən çıxış edən partiyalar da öz bloklarını yaradıblar. Amma ötən seçkilərdən fərqli olaraq mərkəzçi mövqedən çıxış edənlər bir deyil, bir neçə blokda təmsil olunurlar. Ola bilər ki, blokların çoxluğu seçki prosesində müəyyən problemlər yaradacaq. Amma ümumilikdə bunu demokratiyanın rəngarəngliyi kimi qiymətləndirmək lazımdır. Artıq indidən görünür ki, səsvermə prosesində çox maraqlı situasiyalar yaranacaq. Məsələ burasındadır ki, AXCP və Müsavat seçkiyə vahid blokda getmək qərarı versələr də hələ bütün dairələr üzrə namizədlərini razılaşdıra bilməyiblər. Namizədlərin razılaşdırılmadığı dairələrdə bu blok çox ciddi problemlərlə üzləşəcək. Bir blokun iki namizədinin olması istənilən dairədə səslərin parçalanmasına səbəb olacaq. Digər blokların namizədləri təbii ki, bundan istifadə edəcəklər. Bütün bunlar rəqib qüvvənin namizədinin uğur qazanması üçün gözəl şərait yaradacaq. Bir sözlə, indiki durum hakim partiyanın namizədlərinin seçkilərdə ciddi problemlərlə üzləşməyəcəyini deməyə əsas yaradır.

- Deməli, müxalifət düşərgəsində seçki bloklarının çox olması Yeni Azərbaycan Partiyasının xeyrinə olacaq.

- Əlbəttə ki belə olacaq. Təbii ki, müxalif elektoratın səsləri ayrı-ayrı bloklar arasında bölünəcək. Yenə də təkrar edirəm ki, hələ AXCP və Müsavat da namizədlərini tam razılaşdıra bilməyiblər. Məncə bu seçkilərdə bloklar arasında da mübarizə gedəcək. Təqribi hesablamalara görə yaradılan blokların adlarına görə onların namizədləri təxminən 5 faiz səs yığmaq imkanına malik olacaqlar. Ən yaxşı halda bloka görə namizədə verilən səs 15 faiz olacaq. Uğur qazanmaq üçün lazım olan qalan 35 faizi isə namizəd özü formalaşdırmalıdır. Yəni bu seçkilərdə namizədlərin fərdi keyfiyyətlərindən də çox şey asılı olacaq.
URL / WWW
http://kelam.az/article/a-2052.html