Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Dünya qadınları üçün bir ideal...
03.09.10 15:55

Xanım Fatimeyi-Zəhranın təqva və imana söykənən həyat tərzi, fədakar həyatının müxtəlif məqamları hər bir qadının “necə olmalıdır?”  sualına cavab verir.

Ataya necə qız olmalı? Ərə necə həyat yoldaşı olmalı? Övladlara necə ana olmalı? Cəmiyyətdə necə qadın olmalı?
Dünya və axirət xanımlarının seyyidəsi, Həzrət Mühəmməd (s) peyğəmbərin sevimli qızı Xanım Fatimeyi-Zəhra bütün bu suallara gözəl bir cavabdır. Qiyamətədək hər bir toplumun qarşısına çıxan bu sualları çözən bir cavab! Başqa sözlə, dünya qadınları üçün misilsiz bir ideal! Həzrət Fatimənin təvəllüd günü, heç şübhəsiz ki, hər bir müsəlman üçün bir sevinc günüdür.  Bu mübarək doğum günü bu il iyunun 3-ə təsadüf etmişdi. Bu gün Islam aləmində “Qadınlar Günü” kimi də qeyd edilir. Xanım Fatimeyi-Zəhra camadiəl-sani ayının 20-də Allah-Təala tərəfindən Məkkə şəhərində İslam Peyğəmbərinə hədiyyə olunur (Biharul-Ənvar, 43-cü cild, səh-2). Fatimə (ə) Həzrət Peyğəmbərin (s) dördüncü və ən kiçik qızı idi. O, Həzrət Mühəmmədə peyğəmbərlik verildikdən beş il sonra dünyaya göz açıb və rəvayətlərə görə, on səkkiz yaşında vəfat edib.  Peyğəmbər ailəsinin iftixarına sahib olan bu xanım, qız uşağına qarşı cəmiyyətdə formalaşmış stereotipləri kökündən məhv etdi. Cahiliyyət dövrü ərəb cəmiyyətində qız uşaqları diri-diri basdırılmaqla “paklanır”, dəyərsiz bir məxluq kimi qəbul edilirdi...
Zaman keçdikcə xanım Fatimeyi-Zəhra hiss edir ki, onun qarşısında ciddi vəzifələr dayanır. O, dərin imanı və təqvasıyla Peyğəmbər yardımçısı olmağa layiq bir övlad olur. Onun məsuliyyətini ata-anası da, ətrafdakılar da hiss edirdi. Hələ kiçik yaşlarından o öz mənəvi keyfiyyətlərilə ətrafdakılara nümunə olmağı bacarır və Islama iman gətirmiş hər bir kəsin sevimlisinə çevrilir.
Tarix, Mühəmməd Peyğəmbərin (s) öz kiçik qızına rəftarından heyrətə gəlib. Rəvayətə görə, Peyğəmbər ona nəvaziş göstərib əllərini öpərmiş. Qadına vəhşi münasibətin hakimlik etdiyi bir dövrdə ata öz qızının əllərini öpür! Bu, qeyri-insani mühitə vurulan inqilabi bir zərbədir!
Xanım Fatimeyi-Zəhra öz həyatını yalnız və yalnız Uca Allaha həsr etdi.  Allahın istədiyi kimi övlad, Allahın istədiyi kimi həyat yoldaşı, Allahın istədiyi kimi ana, Onun istədiyi kimi saleh bir insan nümunəsi oldu və ixlasla sürdüyü kiçik ömrüylə əbədiyyət qazandı! Fatimənin həyatı nümunəvi qadın obrazı yaratdı və o, Allaha doğru gedən yolda parlaq bir ulduza çevrildi...
Fatimeyi-Zəhra İslam Peyğəmbəri kimi atanın qızı, Əmirəl-möminin Əli  kimi həyat yoldaşı, İmam Həsən və İmam Hüseyn (ə) kimi pak və qəhrəman oğulların, Zeynəb  kimi qəhrəman qızın  anasıdır.  Peyğəmbər (s) nəslinin yalnız onun və əmirəl-möminin Əlinin vasitəsilə bu günə kimi bizə çatması çox mühümdür.  Peyğəmbərimizin (s) oğlan övladı olmadığına görə və nəslinin gələcəkdə kəsiləcəyi ehtimalını verməklə münafiqlər tərəfindən bəzən məzəmmətlər olunurdu.
Allah-Təala “Kövsər” surəsini nazil edir və surədə bu məsələ xüsusi vurğulanır. “Rəhman və Rəhim olan Allahın Adı ilə! Həqiqətən, biz sənə Kövsər bəxş etdik. Ona görə də Rəbbin üçün namaz qıl və qurban kəs! Düşmənin özü əbtər, sonsuzdur!” Həzrət Fatimeyi-Zəhra (ə) haqqında hədislər Xanım Fatimeyi-Zəhranın (ə) məqamı haqqında minlərlə hədislər var. Cəmiyyətdə qadına əşya kimi baxılanda, Xanım Fatimeyi-Zəhra evə daxil olduqda Həzrət bütün vücudu ilə ayağa durur, qızının əlindən öpür və onu öz yerində əyləşdirir (Biharul-Ənvar, 43-cü cild, səh-45).
İslam Peğəmbəri (s) ilk gündən bu övladına xüsusi diqqət və nəvaziş etmiş və onun haqqında həddən artıq fəzilət və kəramətlər zikr etmişdir: “Fatimə mənim vücudumun  bir parçasıdır. Hər kəs onu şad etsə, məni şad etmiş və hər kəs onu qəmləndirsə, məni qəmləndirmişdir. Fatimə mənimçün hamıdan əzizdir. (Əmali Şeyx Müfid, səh-24; Səhih Buxarı, 4-cü cild, səh-210, Müsənəd Əhməd, 4-cü cild, səh-326).
Müasir zamanda özünü sübhdən axşama kimi teleekranlarda açıq-saçıq şəkildə insanlara göstərən üzdəniraq qadınlar öz əməlləri ilə fəxr edirlər. Bəzi qəlbikorlar da onları cəmiyyətdə qadınlara nümunə kimi göstərməyə çalışır və meyar seçirlər. Paltar geyinməkdə özlərini onlara oxşatmağa çalışırlar. Amma Xanım Fatimeyi-Zəhra (ə) örpək tutmaqda o səviyyədə iffətə malik idi ki, bir gün Peyğəmbər (s) kor səhabələrdən biri İbn Məktumla birlikdə Xanım Fatimeyi-Zəhranın evinə daxil olur. Fatimə onu görcək tez örpəyə bürünür. Peyğəmbər (s) sonra soruşanda ki, nəyə görə kor kişini görəndə örpək tutdun, cavab verir: “Atacan! O məni görmür, mən ki, onu görürəm!” Peyğəmbər (s) bu sözü eşitdikdə, buyurur: “Həqiqətən, sən mənim vücudumun bir parçasısan!” (Şeyx Əbbas Qumi, Müntəhal-amal, 1-ci cild, səh-134)
Ayişədən nəql olunur ki, İslam Peyğəmbəri (s) həmişə Fatiməni (s.ə) nəvaziş edir və onunla görüşür, ondan cənnət ətrini aldığını bəyan edirdi. (Feyz Kaşani, Fatimətuz-Zahra, 1-ci cild, səh-255)
Həzrət Peyğəmbərdən (s) nəql edirlər: “Fatimə – dünya və axirət qadınlarının seyyidəsidir”, “Fatimə – mənim üçün insanların ən əzizidir”, “Fatimə – dünya qadınları arasında parlaq bir ulduzdur”. “Xanım Fatimeyi-Zəhra XXI əsrdə olsaydı nə edərdi?!” Zaman-zaman İslam üçün canlarından keçmiş şəxslərin anım mərasimi və doğum günləri qeyd olunur. Eyni zamanda onların şəxsiyyətləri öyrənilir və öyrədilir. Bu, tarixən belə olub və bu gün də belədir. İçərişəhər “Cümə” məscidinin axundu və icmanın sədri Hacı Surxay Məmmədli bizimlə söhbətində bildirdi ki, ötən il xanım Fatimeyi-Zəhranın ad gününü çox təntənəli şəkildə “Oazis” restoranında sivil şəkildə keçiriblər: “Şübhəsiz ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin təşəbbüsünü nəzərə alaraq biz bu tədbiri təşkil etdik. Təxminən 1000-ə yaxın insan orada iştirak etdi. Bu mərasim bizim əqidəmizdə və xüsusi olaraq xanımlarımızın ruhunda çox böyük bir dönüş yaratdı”.
Bu il də İçərişəhər “Cümə” məscidində xanım Fatimeyi-Zəhranın doğum günü qeyd olunub. S.Məmmədlinin fikrincə, bu gün Azərbaycanda qadınlar ictimai aktivlik və mənəvi cəhətdən çox böyük inkişaf ediblər: “Təbii ki, onlar xanım Fatimeyi-Zəhranın həyatını, onun kimliyini araşdırıb öyrəniblər. Bəli, zaman-zaman İslamdan kənar olan insanlar Həzrət Mühəmməd (s) Peyğəmbər və onun qızı haqqında çox xoşagəlməyən sözlər deyiblər. Bu da Peyğəmbər və onun övladları haqqında bilgilərin az olmasından irəli gəlib. Əgər xanım Fatimeyi-Zəhra haqqında bilgi çox olsaydı, onu cəsarətli, nümunəvi bir xanım kimi cəmiyyətə təqdim edərdilər”.
Axund bildirdi ki, xüsusilə İslam peyğəmbəri qadına çox böyük diqqət edib: “Zaman-zaman qadınlar istismar olunurmuş. Həzət Mühəmmədə (s) peyğəmbərlik verilən dövürlərdə ərəblər xüsusi olaraq qızaları öldürərdilər. Amma artıq o pərədlər qırıldı, o dalğlara getdi. Bu gün İslamı insanlar olduğu kimi dərk edirlər. Anlayırlar ki, ailə cəmiyyətin nüvəsidir. O nüvənin də parçalanmasına ən böyük səbəb olanlardan biri də anadır. Behişt anaların ayağının altındadır, Peyğəmbər (s) deyir. Hədislər var ki, Peyğəmbərimiz (s) səfərə gedərkən ilk olaraq xanım Fatimeyi-Zəhranı ziyarət edər, gələndə də ilk onun evinə dönər, onu qucaqlar və öpərmiş. Yəni bu, qadına olan hörmət və ehtiramdır”.
S.Məmmədlinin sözlərinə görə, indi Fatimeyi-Zəhra barədə yeni tədqiqatlar aparılır: “Əlimizdə kifayət qədər materiallar olsa da, bu, yetərincə deyil. Çünki xanım Fatimeyi-Zəhranın həyatı üç hissədən ibarət olub. Bir hissə insanlığa, məzlumlara yardım olub. Yəni günün bir hissəsini kimsəsizlərə köməyə etməyə ayırıb. Bir hissəsini ictimai işlərə ayırıb. Kişilər qadınlara, qadınlar kişilərlə naməhrəm olduqlarına görə Peyğəmbər (s) şəri məsələlərlə bağlı xanımları qəbul etməyi xanım Fatimeyi-Zəhraya tapşırmşdı. Üçüncü isə xanım Fatimeyi-Zəhranın ailəyə olan münasibət idi. Bu, xanım Fatimeyi-Zəhranın yolu, devizi, həyat tərzi idi. O, xalqa, cəmiyyətə bir daha sübüt etdi ki, qadınlıq siması, mücəssiməsi həmişə nurlu və əzəmətli olub. Xanım Fatimeyi-Zəhra cəmiyyətə bir nümunə göstərib. Buna görə onun doğum günü çox fərqli keçirilməldir. Xüsusilə həmin gün kişilər qadınlarına ehtiram göstərməlidirlər”.
Qeyd edək ki, İslamın inkişafında da xanım Fatimeyi-Zəhranın rolu əvəzsizdir. Həmsöhbətimiz dedi ki, xanım Fatimeyi-Zəhranın yaşadığı dövürdə qadınlarda ərlərinə və övladlarına qarşı bilavasitə etinasızlıq, biganəlik var idi: “Peyğəmbərimiz (s) xanım Fatimeyi-Zəhraya “Sənin üzərində xanımların xanımı olaraq böyük bir məsuliyyət durub. Necə ki, kişilərin üzərində mənim məsuliyyətim var”,-deyib. Məhz Fatimeyi-Zəhra xanımları ərlərinə qarşı münasibətdə soyuqqanlı olmamağa dəvət edib.  Eyni zamanda bekar olduğu zamanlarda peyğəmbrin tövsiyəsilə, məscidə gedib xanımlara dərs deyib, elm öyrədib”.
O qeyd etdi ki, Fatimeyi-Zəhranın bir çox cəhətləri var ki, bu gün qadınarımız ondan nümunə götürməlidirlər: “Bir anlıq fikirləşək ki, əgər XXI əsrdə xanım Fatimeyi-Zəhra olsaydı nə edərdi? Təbii ki, bu günləri bizim xanımların çoxu Avropaya meyillidir. Əlbəttə ki, bu gün Azərbaycan dünyəvi dövlətdir. Amma bu dünyəviliyin içində bəzi xanımlarımızda dinimizə və milliyimizə aid olmayan nüanslar görürük. Dünyəvi dövlət o demək deyil ki, xanımlarımız nənələrimizin, babalarımızın bizə qoyduğu mirasdan, fikirlərədən vaz keçməlidir. Xanımlarımzın birinci növbədə geyimlərini vurğulayıram. XXI əsr olmağına baxmayarq, onlar geyimlərinə çox diqqət etməlidirlər. Çünki onların üzərində İslam dini var. Yəni biz əgər nümunə olaraq xanım Fatimeyi-Zəhranı ana götürürüksə, anamız nə formada geyinmişsə, hansı tərzdə davranış etmişsə, biz o davranışı unutmamayılıq”.
Sosioloq və İslam mütəfəkkiri Doktor Əli Şəriəti öz çıxışında bildirir ki, Şərqin nümunəvi simaları var. “İlahi simaların arasında isə Peyğəmbərimiz Həzrət Mühəmmədin (s) qızı Həzrət Fatimə (ə) kimi müqayisəyə gəlməz şəxsiyyət var. Nəzərə çatdırılası əsas məsələ budur ki, İslamda qadına, elmə, cəmiyyətə, həyat tərzinə, ictimai təbəqələr arasındakı əlaqələrə, dünya görüşünə aid bütün suallara ən müasir və ən yetərli səviyyədə cavab verilmişdir. Sadəcə, bu cavabları araşdırıb ortaya çıxartmaq və əməl etmək qalır”.
“Həzrət Fatimə (ə) sadəcə nümunəvi övlad, ana, həyat yoldaşı olmamış, ictimai həyatda da qadın üçün normalar yaratmışdır. O Xanım (ə) ailədə, cəmiyyətdə, millətin taleyində özünü məsul hesab edən qadın nümunəsidir”,-deyə Ə.Şəriəti digər çıxışında bildirib.
Beləcə, bu Xanım, “Fatimə” kimi yaşadı, Fatimə kimi də dünyasını dəyişdi. Ölümündən sonra isə tarixdə həyat tapdı. Fatimə Islamın görmək istədiyi, nəzərdə tutduğu bir qadın nümunəsi idi. Onun heyranedici uşaqlığı, təqva və imana söykənən həyat tərzi, çox sürməyən fədakar həyatının müxtəlif məqamları hər bir qadının “necə olmalı?” sualına cavab verir.


 Fuad HÜSEYNZADƏ
URL / WWW
http://kelam.az/article/a-1911.html