Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Qazilər Şurası toplandı
03.09.10 15:55

Qafqaz Müsəlmanları İdarəsi din xadimlərinə fəaliyyətlərinə icazə verən vəsiqələr paylayacaq. Bu haqda QMİ-nin sədri Hacı Allahşükür Paşazadə Qazilər Şurasının son toplantısında məlumat verib.
Bütün Qafqazın Şeyxi qeyd edib ki, mollaların attestasiyadan keçirilməsi işi bütün regionlarda təşkil olunacaq.
Onun sözlərinə görə, axund, imam, rozəxan və amileyi-mut vəzifələri üzrə imtahandan keçən dindarlara vəsiqə veriləcək. Onların hansı vəzifə üzrə işləmələri həmin vəsiqələrdə qeyd olunacaq.Qeyd edək ki, mollaların attestasiyası ilə bağlı Qazilər Şurasının son iclasında idarə sədrinin səsləndirdiyi fikirlərdən sonra mətbuatda yer alan qərəzli, qeyri-obyektiv fikirlərə cavab olaraq QMİ açıqlama yaydı. Açıqlamada bildirilir ki, bütün sahələrdə çalışan mütəxəssislər arasında olduğu kimi, din xadimlərinin attestasiyası da onların öz vəzifələrini həyata keçirməyə yararlığını müəyyən etməyə xidmət edən idarədaxili tədbirdir.
“QMİ 1975-ci ildən etibarən mütəmadi həyata keçirdiyi attestasiya prosesini bundan sonra da davam etdirəcək. QMİ-nin Qazilər Şurasının son iclasında tövsiyə olunan attestasiyanın əvvəlkilərdən fərqi onun QMİ-nin səlahiyyətli komissiyası tərəfindən səyyar şəkildə bölgələrdə təşkil olunmasında və bu prosesdə əvvəllər attestasiyadan keçməyən yeni iddiaçıların iştirakının planlaşıdırılmasındadır. QMİ dini mərkəz olaraq bəzi üzdəniraq şəxslərin din xadimi adına xələl gətirən dələduz əməllərinin insanların heysiyyatına toxunmasını, habelə hörmətli din xadimlərinin nüfuzdan düşməsinə gətirib çıxarmasını milli mənəviyyatımız üçün zərər vuran bir hal kimi dəyərləndirir”,-deyə məlumatda əlavə olunub.
Attestasiyanın qərəzsiz, şəffaf keçirilməsi idarə tərəfindən təmin olunacaq. Bu baxımdan, attestasiya prosesi yalnız öz dini savadına arxayın olmayan iddiaçıları narahat edə bilər.
A.Paşazadə Qazilər Şurasının son toplantısında həmçinin bildirib ki, rəhbərlik etdiyi qurum mədrəsələrin lisey adlandırılmasını istəyir. O, bu istiqamətdə iş aparıldığını da bildirib.
Paşazadə əlavə edib ki, orucluq ayında yas mərasimlərində günorta vaxtı verilən ehsanlarda iştirak edən mollalar QMİ tərəfindən ciddi cəzalandırılacaq. "Orucluq ayında günorta vaxtı verilən ehsanlarda hansı molla iştirak edərsə, dua verərsə, həmin molla barəsində ölçü götürüləcək", - deyə Paşazadə vurğulayıb.
QMİ-nin sədri Hacı Allahşükür Paşazadə toplantıda onu da bildirib ki,  su basmış ərazilərdə yerləşən məscidlərin siyahısını hazırlayırlar. Şeyx bildirib ki, siyahı artıq Fövqəladə Hallar Nazirliyinə təqdim olunub. "Su basmış ərazilər köçürülərkən siyahıda qeyd olunan məscidlərin də köçürülməsinin nəzərə alınması nazirlikdən xahiş edilib",-deyə Paşazadə bildirib.
Bütün Qafqazın Şeyxi siyahıda nə qədər məscidin olduğu barədə məlumat verməyib.
URL / WWW
http://kelam.az/article/a-1910.html