Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Müsahibələr » K.Tahirov: “Milli Kitabxanaya gələn oxucuların sayı kifayət qədərdir”
01.09.10 17:07

M.F.Axundov adına Milli Kitabxananın direktoru, əməkdar mədəniyyət işçisi, tarix elmləri namizədi Kərim Tahirov KƏLAMİNFO-ya müsahibə verib.

- Kərim müəllim, bu gün Milli Kitabxanada oxucu problemi varmı?

- Milli Kitabxanada oxucu davamiyyəti var. Kitabxanamıza maraq böyükdür. Milli Kitabxanada oxucu problemi yoxdur. Amma bu o demək deyil ki, ümumiyyətlə oxucu problemi yoxdur. Milli Kitabxanaya həm tədqiqatçılar, alimlər, mütəxəssislər, həm də tələbələr gəlir. Bu baxımdan bizim oxucu problemimiz yoxdur. Amma onu da demək olmaz ki, Azərbaycanda oxucu problemi yoxdur. Azərbaycanda oxucu problemi onunla əlaqədardır ki, ölkə kitabxanalarının oxuculara verməyə yeni informasiya mənbələri, yeni kitabları azdır. Amma  yeni materiallarla təmin olunduğuna görə, deyə bilərəm ki, Milli Kitabxanaya gələn oxucuların sayı kifayət qədərdir. Kitabxanalarımızda yeni materiallar nə  qədər çox olarsa, bir o qədər də artıq oxucu müraciəti olar.

- Bəs, kitab oxumağa ictimaiyyətin marağı  hansı səviyyədədir?

- Ümumi ab-havadan deyirlər ki, guya kitab oxumağa maraq azalıb. Mən belə deməzdim. Mən deyərdim ki, son beş-altı ildə bu sahədə çox böyük canlanma var. Hesab edirəm ki, yetmişinci-səksəninci illərin əvvəllərində olduğu kimi, Azərbaycanda kitaba maraq xeyli artacaq. Mən bunu, tam əminliklə söyləyirəm.

- Kərim müəllim, bölgələrdə kitabxanaların sayının az olması hamımıza məlumdur. Bu, oxucu sayının azalması, yaxud ictimaiyətin oxumağa mağağının aşağı düşməsinə səbəb deyilmi?

- Cənab nazirin avqust ayında keçirdiyi müşavirədə irəli sürdüyü təklifə uyğun olaraq, mən elə bilirəm ki, Milli Kitabxananın Azərbaycanın bütün regionundakı mərkəzi kitabxanaları ilə əlaqəsi xeyli genişlənəcək. Yəni, rayonların mərəkzində yerləşən kitabxanaların hər bir oxucusuna  Milli Kitabxanının oxucusu qədər bütün imkanlardan istifadə etmək şəraiti yaradılacaq.

- Milli Kitabxana beynəlxalq əməkdaşlıq məsələlərinə də xüsusi yer ayırır. Bu sahədə hansı yeniliklər gözlənilir?

- Milli Kitabxana bir sıra beynəlxalq səviyyəli layihələrdə iştirak edir. İyun ayının sonlarında Vaşinqtonda oldum. Orada Dünya Virtual Kitabxanasının təqdimat mərasimi keçrildi. Həmin layihəyə dünyanın 64 ölkəsinin kitabxansı, o cümlədən Azərbaycandan Milli Kitabxana da qoşulub. Artıq Azərbaycanın Milli Kitabxanasının elektron məlumat bazası Dünya Elektron Kitabxanası vasitəsilə dünyaya yayılır. Yəni, bütün dünya oxucularının bizim məlumat bazasından birbaşa istifadə imkanları var. Hesab edirəm ki, bu, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində yeni bir pəncərədir.
Bundan başqa, sentyabrın 25-29-u tarixlərində Böyük Britaniyanın paytaxtı Londonda Azərbaycanın da 2002-ci ildən üzvü olduğu Avropa Milli Kitabxanalar Konfransı Təşkilatının növbəti toplantısı keçiriləcək. toplantıda iştirak edəcəm. Orada Avropa məkanında elektron məlumat bazasının yaradılması, vahid Avropanın virtual kitabxanasının yaradılması məsələsi müzakirə olunacaq. Avropa elektron kitabxansının kataloqu yaradılıb və artıq hazırdır. İndi Avropanın virtual kitabxanası, 48 ölkə kitabxanasının tam mətnli nəşrlərinin yaradılmsı məsələsi müzakirə olunacaq. Təbii ki, orada Azərbaycan da öz yerini tutacaq. Eyni zamanda həmin iclasda 2013-ci ildə Avropa Milli Kitabxana Konfransı Təşkilatının növbəti toplantısının ölkəmizdə keçirilməsi məsələsi də həll olunacaq. Cənab nazirimizin razılığı ilə artıq biz bu barədə təklif irəli sürmüşük. Təklifə təşkilatın İcraiyyə Komitəsində baxılıb və iclasda  48 ölkənin iştirakı ilə bu məsələ təsdiq olunacaq. Beləliklə, 2013-cü ilin sentyabrında Avropa Milli Kitabxana Konfransı Təşkilatının növbəti-27-ci toplantısının Azərbaycanda keçirilməsi qərara alınacaq.

- Milli Kitabxanada nə qədər kitab var və onun nə qədəri elektronlaşdırılıb?

- Çox təəssüf ki, Milli Kitabxanada olan 4,5 milyondan artıq kitabın çox hissəsi elektronlaşdırılmayıb. Ümumiyyətlə bu, mümkün də deyil. Dünya təcrübəsində kitabxana fondunun 30-40 faizinin elektronlaşdırılması ən ideal variant hesab olunur. Çünki kitabın elektronlaşdırılmasında müəllif hüququ və digər amillər, faktorlar var. Amma  təəssüflər olsun ki, biz bu işə az bir müddətdir ki, başlamışıq. Bu yaxınlarda cənab nazirimizin iştirakı ilə müşavirə keçirildi. Orada nazir Azərbaycanın Milli Elektron Kitabxanası layihəsinin yaradılması təklifi ilə çıxış etdi. Layihənin reallaşması üçün bu sahədə müəyyən təcrübəsi olan firmalar cəlb olunacaq. Burada  Mədəniyət və Turizm Nazirliyinin kitabxanalarının vahid avtomatlaşıdırılmış idarəetmə mərkəzində birləşdirilməsi və Azərbaycan kitabxanalarının vahid portalının yaradılması da nəzərdə tutulur. Bu barədə təkliflərimizi təqdim etmişik və hesab edirəm ki, yaxın gələcəkdə bununla bağlı geniş miqyaslı işlərə başlanılacaq.

- Milli Kitabxanada hansı sahəyə aid kitabların qıtlığı hiss olunur?

- Deyərdim ki, təkcə Milli Kitabxanada deyil, bütövlükdə Azərbaycanda elmi-kütləvi ədəbiyyatın, dərsliklərin, dərs vəsaitlərinin qıtlığı var. Təsəvvür edin, artıq 18 ildir müstəqil ölkəyik. Ancaq bu gün hələ də bizim ali məktəb tələbələrimiz kiril əlifbası ilə çap olunan, köhnə dərsliklərdən istifadə edirlər. Bu, əlbəttə, yaxşı hal deyil. Bu gün yeni ruhda, yeni ab-havada, yeni dünyanın tələbinə uyğun olaraq yeni dərslik və dərs vəsaitləri, elmi-kütləvi ədəbiyyata böyük ehtiyac var. Bu boşluğu doldurmaq üçün bizim alimlərimiz mütləq fikirləşməlidirlər.

- Xarici ədəbiyyatın tərcüməsi işi necə gedir?

- Bu istiqamətdə görülən işlər çox azdır. Ancaq bu da təbiidir. Orjinaldan tərcümə asan məsələ deyil. Bu sahədə mütəxəssislər olmalıdır. Hesab edirəm ki, bu işə başlanıb. Bu işdə əsasən türk və rus dilindən birbaşa tərcümlər bizim dadımıza çatır. Elə bilirəm ki, tezliklə bu məsələ də həll olunacaq. Birbaşa tərcümə həm effektli olur, həm də böyük səmərə verir.

- Yeri gəlmişkən, orjinaldan tərcümələrin səviyyəsi necədir?

- Deməzdim ki, yüksək səviyyədədir. Amma pis də deyil, yaxşı tərcüməçilərimiz var və bu işi görürlər. İnanıram ki, müəyyən xarici kitabların orjinaldan Azərbaycan dilinə tərcüməsinə nail olunacaq.
URL / WWW
http://kelam.az/article/a-1886.html