Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Müsahibələr » «Qayda pozuntularına qarşı həmişə ciddi mübarizə aparmaq lazımdır»
28.08.10 15:40

Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin əməkdaşı, polis polkovniki Vaqif Əsədov: «Bəzən yol hərəkəti qaydalarının pozulmasına və yol hadisələrinin baş verməsinə yalnız sürücülər deyil, həmçinin piyadalar da şərait yaradır»

- 2010-cu ilin birinci yarımilliyinə dair statistik göstəricilər barədə nə deyə bilərsiniz?

- 2010-cu ilin sentyabr ayının 7-nə olan göstəricilərə görə, 2010-cu ilin əvvəlindən bu günə kimi nəqliyyat vasitəsini sərxoş halda idarə etmə ilə bağlı 539, svetoforun qırmızı işığında hərəkətlə bağlı 676, qəza şəraiti yaratma ilə bağlı 71, nəqliyyat vasitəsini dövlət nömrə nişanı olmadan idarə etmə ilə bağlı 21, nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etmə ilə bağlı 736, 30 km/s-dan yuxarı surət həddini aşma ilə bağlı 497, «Giriş qadağandır», «Hərəkət qadağandır» yol nişanlarının tələbini pozma ilə bağlı 2118, səs siqnalından qadağan olunan yerlərdə istifadə etmə ilə bağlı 60, təhlükəsizlik kəmərindən istifadə edilməsi tələbinə riayət etməməklə bağlı 5386, piyadalarla bağlı 298, «Təmiz hava» aylığı ilə əlaqədar nəqliyyat vasitələrinin normadan artıq dəm qazı atması ilə bağlı 367 və avtoxuliqanlıqla bağlı 6 fakt qeydə alınmışdır. Beləliklə, göstərilən müddət ərzində 25.303 qanun pozucusu məsuliyyətə cəlb edilib.
Yol-nəqliyyat hadisələrinə gəlincə, göstərilən vaxt ərzində onların sayı 73 olub. Bu YNH-lər nəticəsində 24 nəfər ölüb, 70 nəfər isə müxtəlif dərəcədə bədən xəsarəti alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə, 1 hadisə, 2 ölüm faktı və 10 yaralı azalıb.

- Bildiyimiz kimi, 2010-cu ilin avqust ayında «Təmiz hava» aylığı keçirilmişdir. Onun nəticələri barədə nə deyə bilərsiniz?

- Məlum olduğu kimi, hər il Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə «Təmiz hava aylığı» keçirir. Göstərilən tədbirin keçirilməsinin əsas səbəbi ətraf mühitə zəhərli qaz və tullantıların atılmasının qarşısının alınmasıdır. Mütəxəssislərin hesablamalarına görə, hər il respublikamızda ətraf mühitə minlərlə ton zəhərli qaz atılır. Bu artıq dövlətimizdə göstərilən sahədə müşahidə edilən təhlükəli tendensiyalardan xəbər verir.
Təsadüfi deyil ki, «Təmiz hava» aylığının keçirilməsinin əsas məqsədi məhz göstərilən mənfi tendensiyanın qarşısını almaqdır. 2010-cu ildə «Təmiz hava» aylığı avqust ayının 1-dən 31-nə kimi davam etmişdir. Artıq tədbirin keçirildiyi ilk on gündə aydın oldu ki, Bakı şəhərində ətraf mühitə normadan artıq zəhərli qazlar atan yüzlərlə nəqliyyat vasitəsi vardır. Bunun səbəbi kimi köhnə nəqliyyat vasitələrindən istifadə və eyni zamanda, yanacağın keyfiyyətinin aşağı səviyyədə olmasını göstərmək olar. Bir çox hallarda atmosferin çirkləndirilməsində məsuliyyəti ayrı-ayrı istehsalat sahələrinin rəhbərləri və nəqliyyat vasitələrinin sahibləri daşıyırlar. «Təmiz hava» aylığının keçirildiyi vaxtda əməkdaşlarımız, yəni Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən reydlər zamanı çoxlu sayda belə nəqliyyat vasitələrinin sahibləri qanunamüvafiq qaydada cəzalandırılıblar. Biz bir daha sürücülərə texniki cəhətdən nasaz avtomobilləri istismar etməməyi məsləhət görürük. Hər bir sürücü nəqliyyat vasitəsini texniki tələblərə uyğun saxlamalıdır, yalnız belə olduğu təqdirdə atmosferə normadan artıq zəhərli qazların atılmasının qarşısı alına bilər.
Bakı şəhəri Xətai rayonunda sözügedən tədbirlə əlaqədar müntəzəm olaraq reydlər keçirilirdi. Hətta havaların isti keçməsinə baxmayaraq, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları öz vəzifə borclarını yerinə yetirməkdə davam edirdilər. Onlar texniki cəhətdən nasaz nəqliyyat vasitələrini saxlayaraq, sürücülərlə söhbət edirdilər. Bundan sonra qanun pozucuları məsuliyyətə cəlb olunur və onlar barəsində inzibati protokollar tərtib edilirdi. Reydlər zamanı sürücüləri maarifləndirməyə, daha doğrusu, onlara başa salmağa çalışırdıq ki, atmosferin çirkləndirilməsi insan ömrünün qısalmasına, eləcə də müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır. Çox vaxt bizim maarifləndirmə fəaliyyətimiz müsbət nəticələr verir. Ona görə, qeyd etmək istərdim ki, qayda pozuntularına qarşı həmişə ciddi mübarizə aparmaq lazımdır.
- Cari ilin iyul ayında keçirilmiş «Yol təhlükəsizliyi» festivalı haqqında nə deyə bilərsiniz?

- Bu ilin iyul ayında «Demokratik İslahatçı Gənclər» İctimai Birliyi tərəfindən təşkil olunmuş «Yol təhlükəsizliyi» festivalı keçirilib. Layihənin həyata keçirilməsində başlıca məqsəd uşaq və yeniyetmələrimizə yol mədəniyyəti barədə məlumat verərək, düzgün və təhlükəsiz yoldan istifadə qaydalarının öyrədilməsidir. Sözügedən festivalda 9-12 yaş həddində olan 50 nəfər uşaq iştirak edib. Tədbirdə həmçinin Azərbaycan Respublikası DİN Dövlət Yol Polisinin, Azərbaycan Respublikası Gənclər və İdman, Təhsil Nazirliklərinin, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri, millət vəkilləri, ARGTMŞ-nin rəhbərliyi və gənclər təşkilatlarının rəhbərləri iştirak etdilər. Tədbirdə qeyd olunduğu kimi, bəzən yol hərəkətindən düzgün istifadə etməməyimizin nəticəsində yol hadisələrinin baş verməsinə sürücülər kimi piyadalar da şərait yaradır. Məhz bu səbəbdən respublikamızın bütün vətəndaşları yol hərəkəti qaydalarını bilməlidirlər. Valideynlər öz övladlarını maarifləndirməli və özləri də yol hərəkəti qaydalarına düzgün əməl etməlidirlər. Qeyd etmək lazımdır ki, layihənin ilkin mərhələsində uşaqlar arasında sorğu aparılmışdır. Bu, olduqca vacib bir tədbirdir, xüsusən də nəzərə alsaq ki, son dövrlərdə baş vermiş YNH-lərin sayı artmış və bunun nəticəsində xəsarət alanlar arasında uşaqlar da olmuşdur. Buna görə də bir daha uşaqları, yeniyetmələri, eləcə də onların valideynlərini yollarda diqqətli və ehtiyatlı olmağa və öz həyatlarını təhlükəyə atmamağa çağırırıq.
- Sizdən «Diqqət, piyada!» tədbirinin keçirilməsinə dair məlumat da almaq istərdik.

- Bu yaxınlarda paytaxtda «Diqqət, piyada!» adlı tədbir keçirilib. Tədbir çərçivəsində piyadaların vurulması ilə nəticələnmiş yol-nəqliyyat hadisələrinin baş vermə səbəblərinin öyrənilməsi istiqamətində konkret profilaktik tədbirlər görülmüşdür. Bununla yanaşı, tədbir çərçivəsində Bakı şəhər rayon polis idarələrinin rəisləri qarşısında növbəti vəzifələr qoyulmuşdur: piyadaların hərəkət marşrutlarında, o cümlədən təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə yol şəraitini müayinə etmək; yol nişanlarının qoyulması, yararsızların yeniləri ilə əvəz edilməsinin həyata keçirilməsini təmin etmək; piyadaların yol hərəkəti qaydalarını pozmaları hallarına qarşı müntəzəm reydlərin keçirilməsini təşkil etmək; əhalinin maarifləndirilməsi və piyadalarla bağlı yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə kütləvi informasiya vasitələrinin, xüsusilə də televiziyanın imkanlarından geniş istifadə olunmaqla təbliğat işlərini gücləndirmək; nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin intensiv olduğu ərazilərdə təhlükəsizlik aylığına dair plakatlar vurmaq, kütləvi tirajda bukletlər hazırlayaraq hərəkət iştirakçıları arasında paylamaq; təhsil müəssisələrində, əmək kollektivlərində DYP əməkdaşlarının yol hərəkətinin təhlükəsizliyi mövzularında görüşlər təşkil etmək. Görülmüş işlərin nəticələri barədə artıq Bakı şəhər BPİ DYPİ-nə məlumat verilmişdir.
Bununla yanaşı, bu gün qarşımızda çox vaxt ölümlə nəticələnən yol-nəqliyyat hadisələrin qarşısının alınması istiqamətində konkret tədbirlər həyata keçirmək, ötmə qaydalarının pozulması, nəqliyyat vasitəsini yüksək sürətlə və sərxoş vəziyyətdə idarə etmək kimi inzibati xətaların aşkar olunması məsələsində daha tələbkar olmaq vəzifəsi durur.
- 2010-cu ilin, ümumiyyətlə, ilk 6 ayı ərzində keçirilən tədbirlər barədə nə deyə bilərsiniz?

- İlk növbədə qeyd etmək lazımdır ki, ötən yarımillik ərzində təhsil müəssisələrində yol hərəkəti qaydalarının profilaktik və tərbiyəvi təbliğatının aparılması üçün DİN BDYPİ tərəfindən hazırlanmış «Böyüklərə tövsiyə edirik», «Uşaqlar, diqqətli olun!», «Diqqət, piyada!» adlı plakatlar paylanılmışdır. Eyni zamanda, Xətai rayonu 245-saylı məktəbin şagirdlərindən ibarət Beynəlxalq yol hərəkəti təhlükəsizliyi layihəsinin qalib komandası, «Nur» Vətəndaş Təhsili Mərkəzi, «Gülüm» Uşaq Ekoloji Təşkilatı, «ELS» Müstəqil Araşdırmalar Mərkəzi, «Gənc Liderlər» Uşaq Təşkilatı və KİV nümayəndələrinin iştirakı ilə məktəbəqədər və təhsil müəssisələrində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üzrə tədris proqramları hazırlanmış və «Uşaq» avtoşəhərciyində əyani və praktiki olaraq məşğələlər, əyləncələr, oyunlar, viktorinalar təşkil edilmişdir.
Lakin əməkdaşlarımızın əsas xidmətlərindən biri 2010-cu ilin ekologiya ili elan olunması çərçivəsində ətraf mühitə zərərli qazlar atan nəqliyyat vasitələrinin aşkar edilməsi olub.
- Yol hərəkəti iştirakçılarının hüquqlarının müdafiəsi işində yol polisi əməkdaşlarının rolu nədən ibarətdir?

- Məlum olduğu kimi, polis insan və vətəndaşın hüquq və azadlıqlarına hörmət, qanunilik və insanpərvərlik prinsipləri əsasında fəaliyyət göstərir. Polisin fəaliyyətinin başlıca istiqamətlərindən biri ictimai asayişin qorunması və mühafizəsi, ictimai təhlükəsizliyin, eləcə də yol hərəkəti təhlükəsizliyinin təmin edilməsidir. İctimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polisin əsas vəzifələrindən biri hər bir insanın, hər bir şəxsin təhlükəsizliyini ayrılıqda təmin etməkdən ibarətdir. Yol hərəkəti haqqında qanuna əsasən, Dövlət Yol Polisi əməkdaşlarının əsas vəzifələri yol hərəkəti təhlükəsizliyini təşkil etmək, eləcə də yol hərəkətinə dair qayda, standart və texniki normaların işlənib-hazırlanmasında iştirak etməkdir. Bununla belə, yol hərəkəti təhlükəsizliyinin hüquqi və fiziki şəxslər tərəfindən təmin edilməsi sahəsində göstərilən strukturun əməkdaşları Azərbaycan Respublikasının «Yol hərəkəti haqqında» Qanununa riayət edilməsinə nəzarəti həyata keçirir.


Müsahibəni apardı
İskəndər Quliyev
URL / WWW
http://kelam.az/article/a-1869.html