Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bu gün Azərbaycanda Milli mətbuat günü qeyd olunur
23.07.10 02:08

Bu gün Azərbaycanda Milli mətbuatın yaranmasından 135 il ötür. KƏLAMİNFO xəbər verir ki, 135 il öncə dövrünün görkəmli ziyalısı Həsən bəy Zərdabi 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olub, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirib. “Əkinçi” qəzeti xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb. Qəzet öz ətrafında Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və digər qabaqcıl fikirli, demokratik əqidəli maarifçiləri toplamışdı. Azərbaycanın milli mətbuatı XIX əsrin sonunda, XX əsrin əvvəlində milli şüurun formalaşmasına əhəmiyyətli təsir göstərib ki, bu da əlbəttə ki, öz növbəsində Şərqdə ilk demokratik respublikanın yaradılmasına təkanverici bir qüvvə olub. Çox ciddi senzura altında cəmi 56 nömrəsi çapdan çıxan “Əkinçi” qəzetinin nəşrinə 1877-ci ildə qadağa qoyulub. Buna əsas səbəb kimi Rusiya-Türkiyə müharibəsinin başlanması və qəzetin siyasi mövzulara da toxunması olub.XX əsrin əvvəllərində mətbuat orqanları Azərbaycanda milli-azadlıq hərəkatının əsas istiqamətverici qüvvəsini təşkil edib, milli oyanış, milli özünüdərk proseslərinin aparıcı vasitələrindən biri olub. Milli siyasi mətbuatın təşəkkül dövrü adlandırılan 1905-1907-ci illərdə KİV-lər Azərbaycan cəmiyyətinin siyasi və ideoloji fəallığının artırılmasında mühüm rol oynayıblar. “Şərqi-rus”, “Həyat”, “Füyuzat”, “Təzə həyat”, “Şəlalə”, “Açıq söz”, “Dirilik” və digər qəzetlər xalqın milli özünüdərk hissinin formalaşmasına çalışıblar. Tez-tez dördüncü hakimiyyət adlandırılan mətbuat Azərbaycanda bir çox proseslərin şəffaflığına və hakimiyyətin üç “klassik” qolunun (icra, qanunverici, məhkəmə) fəaliyyətinin yaxşılaşdırılmasına səbəb olur. Ümummilli lider Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Bu fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, onların rasionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən edib. Bu gün ölkədə 1000-dən çox kütləvi informasiya vasitəsi qeydiyyatdan keçib. Onların bir hissəsi daimi olaraq nəşr olunur. Azərbaycan artıq qlobal informasiya sisteminə qoşulub. Bir çox demokratik ölkələrdə olduğu kimi, Azərbaycanda Mətbuat Şurası, KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb və “Mətbuat haqqında” Qanun qəbul edilib. Azərbaycan Respublikası insan hüquq və azadlıqlarının təmin olunması üzrə bir sıra Beynəlxalq Konvensiya və Sazişlərə qoşulub.
URL / WWW
http://kelam.az/article/a-1689.html