Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Müsahibələr » Jurnalist xərcləmədən 10 il maaşını yığsa belə, yenə ev ala bilməz
25.06.10 16:24

Sevil Yusifova: «Əgər bu gün jurnalistin normal bir mənzildə yaşamaq imkanı və şəraiti yoxdursa, biz ondan heç cür peşəkarlıq tələb edə bilmərik»

Milli mətbuatımızın yubileyi ərəfəsində söhbətləşdiyimiz həmkarlarımız daha çox jurnalistlərin sosial problemlərinin həll olunacağına ümid edirlər. Dövlət başçısının məlum Sərəncamına isə jurnalistlər ürəklərindəki arzuları gerçəkləşdirəcək mühüm sənəd kimi baxırlar.
“Həmkar” rubrikamızın növbəti qonağı Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının (AJQA) prezidenti Sevil Yusifova da bu fikirdədir:

Ümid dolu nəzərlər

- Milli mətbuatın qarşıdan gələn bayramından nə gözləyirsiniz? 

- Jurnalistlər milli mətbuatın yubileyini ümid dolu nəzərlərlə gözləyirlər. Söhbət sıravi jurnalistlərdən gedir. Mətbuatın 135 illiyində onlar üçün böyük sürprizlər olmalıdır. Əlbəttə, biz də buna inanmaq istəyirik. Jurnalist Qadınlar Assosiasiyası olaraq biz də öz adımızdan müraciətlər hazırlamışıq. Bilirsiniz ki, dövlət başçısı yubileyin keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Sənədə əsasən bir çox jurnalistlər fəxri adlarla, mükafatlarla təltif olunacaqlar. Biz də qadın jurnalistlərin siyahısını hazırlayırıq. Təqdim edəcəyik ki, həmin jurnalistlər əməklərinə görə qiymətləndirilsinlər. Eyni zamanda, jurnalistlərin sosial vəziyyətinin düzəlməsi yönündə də prezidentə müraciət edib xahiş edəcəyik ki, bu istiqamətdə hər hansı addımlar atılsın ki, jurnalistlərin sosial durumu yaxşılaşdırılsın. Biz həmçinin yubiley ərəfəsində təşkilatımızın jurnalist qadınlar haqqında hazırladığı ensiklopedik kitabın təqdimatını keçirəcəyik. Bu da bizdən onlara töhfə olacaq.

- Sizcə bu gün mətbuatın əsas problemləri nədən ibarətdir?

- Milli mətbuatda bir çox islahatlar aparıldı, mətbuatın inkişafı ilə bağlı bir sıra addımlar atıldı və bəzi addımların atılması da gözlənilir. Artıq KİV-in özünün hər hansı layihələrini gerçəkləşdirmək imkanları var. Düşünürəm ki, indi artıq jurnalistlərin özlərinin sosial probleminin həlli gündəmə gəlib.

-  Sizə elə gəlmirmi, bu gün ən böyük problemlərdən biri də jurnalistlərin əmək haqlarının azlığıdır?

- Televiziyada xəbər aparıcısı olan jurnalistin əmək haqqı 350 manatdır. Qəzetdə isə bu rəqəm dəyişkəndir. Əlbəttə, jurnalistin aldığı 350 və ya 400 manat bugünkü bazar münasibətləri ilə müqayisədə çox aşağıdır. Hələ jurnalistin istirahət etmək, ailəsi ilə başqa bir ölkəyə getmək və s. imkanlarından danışmağa dəyməz. Onun aldığı məvacib gündəlik tələbatını ödəməyə ancaq çatır. Bu cəhətdən vəziyyət acınacaqlıdır.  Elə bir vəziyyətə gəlib çıxmışıq ki, jurnalistlər özləri özlərinin sosial problemini həll etmək gücündə deyillər. Bu gün jurnalistlərin əmək haqqını bazar münasibətləri ilə müqayisə etsək, görərik ki, jurnalist aldığı aylıq əmək haqqına toxunmadan onu bankda toplasa belə 10-12 il ərzində özünə mənzil ala bilməz. Hər bir jurnalist eyni zamanda, bir ailə başçısı və ya üzvüdür. Demək onun qazandığı hər hansı məvacib ailənin gündəlik tələbatına xərclənir. Düşünürəm ki, bu məsələlərlə bağlı mütləq dövlət və hökumətə müraciət etməliyik ki, jurnalistlərin sosial durumunun yaxşılaşdırılması üçün dövlət proqramı hazırlansın. Bəzən jurnalistikada peşəkarlıq məsələlərini gündəmə gətiririk. Əgər bu gün jurnalistin normal bir evdə yaşamaq imkanı və şəraiti yoxdursa və o hər il daha ucuz mənzil üçün kirayə ev axtarırsa, biz ondan heç cür peşəkarlıq tələb edə bilmərik. Çünki yaradıcı insanların normal şəraiti, ayrıca iş otağı olmalıdır. Ancaq bu, jurnalistlər üçün sadəcə xəyallardadır. Jurnalistlər yalnız xəyal edirlər ki, nə vaxtsa onların bu arzuları gerçəkləşəcək. Söhbət daha çox mətbuatda çalışan jurnalistlərdən gedir. Sevindirici haldır ki, “Azad Azərbaycan”, “Lider” televiziyalarının rəhbərliyi jurnalistlərinin mənzil problemlərini öz resursları hesabına həll edə bildilər. Evləri olmayanlar mənzillə təmin olundular. Ancaq qəzetlərdə bunları etmək mümkünsüzdür. Çünki qəzetin daimi çapı, kollektivin saxlanması, qəzetin satışı və s. üçün kifayət qədər problemlər var. Biz artıq prezidentə belə bir müraciət hazırlamışıq. Düşünürük ki, bu cür müraciətlərin sayı çox olsa və yubileyə qədər gündəmdə saxlanılsa, dövlət rəhbəri məsələyə müsbət reaksiya verəcək. Biz bu məsələləri müzakirə edəndə gördük ki, istər Milli Elmlər Akademiyasının alimləri üçün prezident tərəfindən torpaqların, evlərin verilməsi məsələsində, istər mədəniyyət və incəsənət işçilərinin bir çoxunun evlə təmin olunması üçün prezident dəstək verib. Görünür, biz də bu məsələləri özümüz dövlətin diqqətinə çatdırmalıyıq. Problemi göstərməliyik ki, onlar da dərdimizə şərik olsunlar və bu sahədə bizə kömək etsinlər.

Həmkar qısqanclığı


- Qadın jurnalistlərin spesifik problemləri varmı?

- Əslində spesifik olaraq qabardılacaq bir problemləri yoxdur. Ancaq bəzən müəyyən çevrələrdə qadın jurnalistlərin yazılarına qarşı kişi jurnalistlər tərəfindən bir qısqanclıq var. Hər hansı mükəmməl araşdırma, tədqiqat, siyasi yazılarda qadın imzası varsa, kişilər mütləq onda bir nöqsan axtarmağa cəhd edirlər. Mətbuat Şurasının üzvlüyünə seçim olanda biz tanınmış qadın jurnalistlərin adını təqdim etdikdə kişi həmkarlarımız etiraz elədilər ki, onlar hansı fəaliyyətinə görə seçilməlidir. Mənə çox qəribə gəldi ki, onlar üzdə sanki dost kimi görünürlər. Ancaq Mətbuat Şurasına seçilmək məsələsi real olanda bu qısqanclıq artıq özünü göstərdi. Üzdə olmasa da, pərdə arxası bu problem var. Jurnalist qadınların rəhbəri kimi çox istərdim ki, Azərbaycanın televiziyalarında, dövlət qəzetlərində rəhbər vəzifələrdə qadınlar da olsun. Kifayət qədər yaradıcılıq imkanları geniş olan, istedadlı qadınlar sarsa, onların irəli çəkilməsi məsələsi gündəmə gəlməlidir. Biz bunun həmişə söhbətlərimizdə xüsusi vurğulayırıq və real nəticəsini görməyi arzulayırıq.

- Sizcə qadınlar vəzifədə daha çox irəli çəkilsə, hansı dəyişikliklər baş verə bilər?

- Söhbət balansdan gedir. Balansın pozulması qarşındakı peşəkar insanın haqqını tapdalamaq deməkdir. Bəlkə hansısa bir xanımın vəzifədə irəli çəkilməsi ilə, onun düşüncələri, ideyaları ilə nəsə dəyişəcək. Qeyd edim ki, bizim təşkilatda qadınlar toplandığı üçün ideya bolluğu da çoxdur. Çünki qadınlar yaradıcı olur. Ana da qadındır. Ona görə düşünürəm ki, müsbət tərəfə dəyişiklik çox ola bilər. Məsələn, Milli Məclisin üzvləri sırasında keçmişdə jurnalist işləyən qadınlar keçmişdə jurnalist işləyən kişilərdən hər cəhətdən daha aktivdir. İstər çıxışlarında, istər fəaliyyətlərində, istər islahatlara münasibətlərində, istərsə də yeni ideyalarında fərqli dərəcədə fəallıqları ilə seçilirlər.

- Ayrı-ayrı jurnalist təşkilatlarının mətbuatın problemlərinin həll olunmasında hansı rolundan danışmaq olar?

- Demək olmaz ki, jurnalist təşkilatları bu gün bütövlükdə jurnalistikanın və ya jurnalistlərin problemini həll edə bilər. Yalnız problemlərin bir qisminin öhdəsindən gələ bilər. Tək əldən səs çıxmaz. Əgər bir təşkilat treninq keçirirsə, dünyada oturuşmuş media-holdinqin mütəxəssislərini ölkəyə gətirə bilirsə və bizim jurnalistlər orada 2 saatdan artıq treninqləri dinləyə bilmirlər və lazım olan məlumatları almaq istəmirlərsə jurnalist təşkilatının bu cür problemləri həll edə biləcəyinə inanmaq doğru olmaz. Bu gün jurnalist təşkilatlarının özünün kifayət qədər problemləri var. Təşkilat üçün yer icarələmək, qrant almaq və s. məsələlər çox çətindir. Məsələn, bizim təşkilatımız bu cür problemlərlə üzləşsə də fəaliyyətimizi dayandırmamışıq. Fəaliyyətdə olmaq isə könüllülük və daxili imkanlar hesabına başa gəlir. Müsabiqələrin keçirilməsi, regionlara səfərlər, orada görüşlərin təşkili və s. hamısı daxili resurslar hesabına baş tutur. Hazırda jurnalistlərin pulsuz müayinəsi ilə bağlı layihə üzərində işləyirik.

Qeyri-peşəkarlıq


- Yeri gəlmişkən, bayaq jurnalistikada peşəkarlıq probleminə toxundunuz. Ümumi vəziyyəti necə xarakterizə edərsiniz?

- Sırf peşəkarlıq baxımından problemlər çoxdur. Bu problem qəzetlərdən çox daha çox televiziyalarda yaşanır. Jurnalistikada 5 ana sualın cavabı olmalıdır. Ancaq bu sualların cavabını onların “Xəbər” proqramlarında hazırladığı süjetlərin çoxunda görmürük. Söhbət gənc nəsildən gedir. İxtisaslaşmanın olmaması da peşəkarlığın zəif olmasına gətirib çıxarır. Yəni bu gün “hərşeyşünaslar”ımızın sayı çoxalıb. Bir jurnalist həm siyasətdən, həm sosial sahədən, həm tibbdən, həm də mədəniyyət sahəsindən veriliş aparır. Bir adamı efirdə beş dəfə gördükdə bu artıq səni verilişdən də usandırır. Artıq adamda həmin televiziya kanalına qarşı qeyri-ciddi münasibət formalaşdırır. Düşünürsən ki, telekanalda bundan başqa jurnalist yoxdurmu? Ona görə yeni insanları cəlb etmək lazımdır. Eyni vəziyyət qəzetlərdə də yaşanır. Bu da səbəbsiz deyil. Maliyyə vəziyyəti zəif olduğuna görə, redaktorlar məcburdurlar ki, bir jurnalisti 3-4 sahə üzrə işlətsinlər. İnanılası deyil ki, jurnalist bu sahələrin hamısı üzrə uğur qazana bilsin. 1-2-i yaxşı alınsa da, mütləq 3-cüdə axsayacaq. Ona görə də jurnalistin əmək haqqı normal olmalı və o, bir sahə üzrə ixtisaslaşmalıdır. Bu da mətbuatda peşəkarlığın artmasına səbəb olar.
URL / WWW
http://kelam.az/article/a-1507.html