Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Toy və yas
07.05.10 22:33

Hər ikisində adət-ənənələr unudulur

“Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı “Azərbaycan xalqının unudulmuş və unudulmaqda olan milli adət-ənənələrinin öyrənilməsi və təbliği” layihəsini həyata keçirir. Layihə çərçivəsində Bakı kəndlərində adət-ənənələrin yaşadılması ilə bağlı araşdırma aparmışıq. 
Uzun illər ərzində müstəqilliyini itirmiş xalqın milli-mənəvi dəyərləri deformasiyaya məruz qalmış, tarixin yalnız şifahi yaddaşına çevirilmişdir. Bu ənənələrin şifahi daşıyıcılarının böyük əksəriyyəti dünyadan köçmüş, bəziləri isə unutmuşlar. İndi biz keçmiş ənənələri ən yaxşı halda kitablarda, bu və ya digər tədqiqatçıların əsərlərindən oxuya bilirik.    Azərbaycanın çoxlu qədim adət-ənənələri olub. Lakin bu adətlərin heç də hamısı xeyirli deyil. Məsələn, bu gün Bakı kəndlərinin əksəriyyətində artıq ənənə halını alan bəzi toy axşamlarının qumarsız keçməməsi cəmiyyətdə problemlərin yaranmasına səbəb olur. 

Harama doğru...

Harama doğru ilk addım da elə adət kimi yaddaşımızda qalan bu pis vərdişdən başlayır. Bəzən qumarda barter üsulundan da istifadə edilir. Uduzulan məbləğin geri qaytarılması isə müxtəlif yollarla ola bilər. Hökm deyil ki, uduzan tərəf uduzduğunu pulla qaytarsın. Ola bilər ki, adına olan evi, maşını udanın adına keçirsin. Deyilənə görə, əslində Bakı toylarında oynanılan qumardan hüquq-mühafizə orqanları heç də bixəbər deyil. Sadəcə, onların qumar oynayanlara dəyib-dolaşmaması üçün toydan bir neçə gün əvvəl toy sahibi kəndin sahə müvəkkilini “görməlidir”. Özü də əksər toy axşamlarında ev yiyəsi qonaqlarına bihuşedici təamlar da paylayı. Beləliklə toyun mahiyyəti korlanır və maraqlıdır, insanları buna vadar edən səbəb nədir?
AMEA-nın Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov deyir ki, Azərbaycanın toy adət-ənənəsində bəzi nöqsanlar var və onları mütləq aradan qaldırmaq lazımdır. “Məsələn, toyda şabaş kimi pul atmaq, qumar oynamaq və s. zərərli adətlərdir. Bu, toyun məzmun və mahiyyətini korlayır, ona böyük zərbə vurur. Belə şeylər həm Azərbaycanda toyun sosial mənasını, sosial funksiyasını təhrif edir, həm də ora gələn gənclərin mənəviyyatının pozulmasına şərait yaradır. Toyda qumar oynamağın heç bir adı yoxdur. Bunlar bir-birinə tamamilə zidd olan şeylərdir. Toy iki insanın həyatının birləşməsidir. Sünnət toyu isə insanın müsəlman aləminə qədəm qoymasıdır. İslamda bu kimi hadisələrə münasibət aydındır. Qumar oynamaq, spirtli içki içmək, narkotika qəbul etmək qadağan olunur. Müsəlman olan kəs bu işlərlə məşğul olmamalıdır. Toyda qumar oynayan insan toya nə üçün gəldiyini başa düşmür”. F.Qurbanovun fikrincə, bu kimi hadisələrin qarşısı alınmalıdır.
Müsahibimiz bunun hansı yolla olacağını deməyə çətinlik çəksə də, söylədi ki, ictimai nəzarət, yaxud hansısa qanunun qəbul olunması yaranmış durumun aradan qaldırılmasına kömək edə bilər: “Hər halda bunun aradan qaldırılması lazımdır. Ümumiyyətlə, müasir toy və mərasimlərdə mənəvi əxlaq məsələsinin, adətlərə uyğun olaraq, davranış qaydalarının bərpa edilməsini zəruri sayıram. Yadımdadır ki, uşaqikən toylarda aşıqlar oxuyar, dastan danışardı. İnsanlar xanəndələrə qulaq asar, söhbətlərini eşidər, ondan ibrət dərsi götürərdilər. İndi isə toya gedən qumar oynayan görürsə, oradan nə əhval-ruhiyyə ilə çıxa bilər?”
Azərbaycan cəmiyyəti ailə üzərində qurulub. Ailə modeli korlanırsa, sonucda bütün cəmiyyət eyni halı yaşamağa məcbur olur. Azərbaycan ailəsinin modernləşməsinin lazım olduğunu bilirik. Amma belə üsullar yaramaz. Toy ənənəsi bu cür mənfi detallardan təmizlənərək qorunmalıdır.
Çünki insanlar toyda iştirak etməyin əsl mahiyyətini başa düşmürlər. Kiminsə xoşbəxt gününü kədərə çevirməyin adı birdir və bu, hamıya məlumdur. Toy axşamlarında baş verən hadisələrdən ərazi üzrə məsul polis əməkdaşlarının xəbərdar olmasına gəlincə, bu cür sövdələşmələr azərbaycanlı adına, Azərbaycan cəmiyyətinə yaraşmayan şeylərdir.
 


Hər iki mərasimdə adət-ənənələr unudulur

Bu gün cəmiyyətimizdə toy və yas mərasimləri daha çox insanların bir-biri ilə bəhs mərasiminə, yarış meydanına çevrilib. Birmənalı şəkildə demək olar ki, hər iki mərasimdə adət-ənənələr unudulur. Bu fikirləri Milli Məclisin Mədəniyyət məsələləri komitəsinin üzvü Jalə Əliyeva səsləndirib. Onun sözlərinə görə, hər iki mərasimdə israfçılıq son həddə çatıb. "Qadınlar yas mərasimlərinə gedəndə də yollarını öncə gözəllik salonlarından salırlar. Sanki toya gedəcəklər. Bu mənzərənin özüm şahidi olmuşam. Adam dəhşətə gəlir",-deyən millət vəkili vurğulayıb ki, hələ bu azmış kimi, qadınlar yas mərasimlərinə ən dəbdə olan zinət əşyalarını da taxır, hüzrdə özlərini sanki hansısa toplantıya gələn kimi aparırlar.
"Əvvəllər görmüşdük ki, adamlar hüzr yerinə gedəndə əzizlərini itirmiş insanlara başsağlığı verər, onları ovundurmağa çalışırdılar. İndi qadınlar yas mərasimində yalnız "oğluna kimi aldın", "qızını kimə verdin", "filankəs filan işi gördü" kimi məsələləri müzakirə edirlər. Dünyasını dəyişən heç yada da salınmır. Əvvəllər dünyasının dəyişənlərin yanında adam nəinki gülməyə, danışmağa belə ürək etmirdi. İndi isə tamam fərqli vəziyyət yaranıb. Bir sözlə, adət-ənənələr sürətlə unudulur",-deyə millət vəkili əlavə edib.
J.Əliyevanın sözlərinə görə, artıq elə bir vəziyyət yaranıb ki, heç kim bu xoşagəlməz vəziyyəti dəyişməyə ürək etmir. Bu gün toy və yas mərasimlərini əvvəlki adət-ənənələrimizə uyğun keçirmək üçün qabağa düşən yoxdur. Bu gün elə insanlar var ki, onlar yas mərasimlərini keçirməkdən ötrü xeyli borca düşməli olurlar. Sonra da bu borcun əlində qalırlar. Vəfat etmiş yaddan çıxır, mərhumun yaxınları borcu verə bilmirlər. Yasda verilən yeməklərin sayı isə toydakından fərqlənmir. Belə şey nə inteqrasiya etdiyimiz Qərbdə var, nə də öz milli ədət-ənənələrimizdə.
Heç kim toy və yas mərasimlərinin bu şəkildə keçirilməsinin tərəfdarı deyil. Toy və yas mərasimlərinin adət-ənənələrimizə uyğun şəkildə keçirilməsi üçün inzibati metoddan istifadə zərurəti yaranıb. Mütləq bu barədə Milli Məclisdə qanun qəbul edilməlidir. Yalnız inzibati metod məsələnin həlli üçün bəs etməz. Eyni zamanda buna paralel olaraq cəmiyyətdə bununla bağlı maarifləndirmə işinə də böyük ehtiyac var. Burada mətbuatın üzərinə daha böyük yük düşür.
Bu məsələdə də tanınmış və cəmiyyətdə böyük nüfuzu olan ziyalılarımız nümunə göstərməlidirlər. Bundan sonra cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri də bu yolu tutarlar.
İndi toylarımızda rus, fars, ərəb, hətta ingilis mahnılarının ifa olunması da geniş yayılıb. Amma bu heç də beynəlmiləlçiliyin göstəricisi deyil. Həm də 90%-i fonoqramla səslənir. Müğənnilər toylardan bir ətək pul qazansalar da disk qoyub “meymunluq” etməklə məşğul olurlar. Belə getsə, bir azdan Bakı toylarını disko-aparıcılar yola verəcək. Onsuz da Bakı toylarında millilikdən çox az əlamət qalıb.
Publisist Hafiz Mirzənin təbirincə desək, əgər kişilər-arvadlar eyni mərasimdə iştirak edirsə, yad nəzərlər qarşısında ərəb pritonlarına müvafiq gələn ritmlərlə yanlarını oynadaraq rəqs edirsə, bəylə-gəlin məclisdə qoşa oturursa, yanlarına sağduş, solduş buraxmırsa, qucaqlaşıb vals oynayırsa, Mendelsonun təntənəli marşı altında “ZAQS” olunursa,  gəlin şərab içir, tort kəsirsə və bu zaman gəlinin ikinci mərtəbəsi “letni” olursa, biz daha hansı milli toydan danışırıq?
H.Mirzənin qeydlərinə görə, milli adətə görə gəlinin əyninə ağ deyil, qırmızımtıl paltar geyindirilməli, başına duvaq salınmalıdır. Ağ rəng isə isə əslində kədər, hüzür əlamətləri daşıyır. Çünki həm qırmızı rəng, həm də duvaq bəd nəzərləri qovur. Duvaq həm də abır-həya pərdəsi rolunu oynayır. Bu duvağı götürməklə gəlinin üzünü-sifətini zifah otağında yalnız bəy birinci aça və onun gəlinlik simasını görən ilk kişi məhz toyun bəyi ola bilər.
Toy günü toy bəyinə öyrədilməli, başa salınmalı, izah edilməli çox məsələlər var. Bunu da əsasən sağduş həyata keçirməlidir. Amma indi toylarda sağduş olurmu? Nəticədə toy gecəsinin bir çox uğursuz məqamları gənclərin gələcək həyatına ləkə salır.
Toy mərasimi nə qədər mürəkkəb, nə qədər zəngin olarsa, bir o qədər faydalıdır. Toy zamanı hər bir hərəkətin öz məna çaları, açması, əlamətləri olmalıdır. Çünki müstəqil ailə həyatı qurulması çox mühüm məsələdir. Düzgün, qüdrətli, təmiz, milli ailə qurulması həm də eyni cür Dövlət qurulmasına bərabərdir. Şərq Dövlətçiliyinin təməl prinsipləri axı ailə təməlçiliynə əsaslanır. Qeyri-milli ailə qurulması elə Dövlətin gələcəyini də qeyri-milli əsaslara  bağlayacaqdır.

Unudulmuş unikal adət

Bütün dövrülərdə varlı-kasıb, borc verən, borc alan olub. Azərbaycan, xüsusən də Bakı kəndlərində unudulmuş ən maraqlı adətlərdən biri də borc alanda saqqaldan bir-iki tük çəkib girov saxlama adətidir. Əlbəttə, ilk baxışdan qəribə görünsə də, əslində bu adətin mənası hər iki tərəfdə rahatlıq yaradırmış. Belə ki, borc alan borcu qaytardıqdan sonra - girovunu yəni saqqalından çəkilmiş tükləri geri alırmış. Heç kəs bu adəti pozmur və hamı ona ciddi şəkildə əməl edirmiş. Əgər bunun əksi, yəni borc qaytarılmadıqda onu pozan şəxs namərd və namussuz hesab edilirmiş. Bundan sonra heç kim onunla alış-veriş, dostluq, yoldaşlıq etməzmiş.


İlham MƏMMƏDOV 
URL / WWW
http://kelam.az/article/a-1350.html