Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Hər gün yeni adətlərlə rastlaşan Bakı kəndləri
25.04.10 22:30

“Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı “Azərbaycan xalqının unudulmuş və unudulmaqda olan milli adət-ənənələrinin öyrənilməsi və təbliği” layihəsini həyata keçirir. Layihə çərçivəsində Bakı kəndlərində adət-ənənələrin yaşadılması ilə bağlı araşdırma aparmışıq.  Azərbaycan mədəniyyəti və incəsənəti hələ qədim daş dövründən başlayaraq bəşər tarixinin bütün ictimai, siyasi, bədii-estetik xüsusiyyətlərini özündə əks etdirir. Pedaqoq-kulturoloq alim Ələkbər Məmmədovun təbirincə desək: “Milli adət və ənənələr, mərasimlər xalqımızın milli sərvətidir. Onları öyrənmək, öz əməli fəaliyyətlərində ləyaqətlə yaşatmaq hər bir tədris-tərbiyə müəssisəsinin, hər bir Azərbaycanlının müqəddəs borcudur”.
Azərbaycanın qədim adət-ənənlərini özündə qoruyub saxlaya bilmiş kəndlərdən biri də Bakının Əmircan kəndidir. Sahəsi 2,6 min kvadrat km, əhalisi 30 min olan bu kəndlə bağlı xeyli rəvayətlər var. Əmircan kəndi barədə daha geniş məlumat öyrənmək və əhalinin problemlərilə tanış olmaq üçün yolumuzu buradan saldıq. Məqsədimiz unudulmuş və unudulmaqda olan adət və ənənələri araşdırıb öyrənmək idi.
Araşdırmalarımız zamanı məlum oldu ki, Əmircan Bakının qədim kəndlərindən sayılır. Abşeron yarımadasının cənub-qərb hissəsində yerləşən kəndin ən qədim adı Xilə olub, sonradan isə dəyişdirilərək Əmircan qoyublar. On üç əsr ərzində dəyişikliyə uğramadan dövrümüzədək qalmış Xilə adının tarixi Azərbaycanın ərəblər tərəfindən istilasına gedib çıxır. A.Bakıxanov "Gülüstani-İrəm" əsərində öz doğma kəndinin adını "Əmir Hacan" yazıb. Tədqiqatçılar bu fikrə istinad edərək Məkkə ziyarətinə gedən zəvvarlara başçı təyin edilənə "Əmir hac" deyilişini kəndin adına şamil ediblər. 
XX əsrin əvvəllərinə qədər Əmircan gölündən məişətdə istifadə edilən duz yığırmışlar. Hər ilin iyul ayı duz yığımı mövsümü imiş. Bir növ ənənə halını alan duz yığımı hər il təkrarlanırmış. Hətta Abşeronun bir çox kəndlərindən duz toplamaq üçün bura – Əmircana gələrmişlər. Sonradan həmin duzu gəmilərə yükləyib Rusiya, Həştərxan, Türkmənistan, İran və başqa ölkələrə göndərirmişlər. XX əsrin 20-ci illərindən sonra duzun keyfiyyəti pisləşib, daha ondan istifadə etməyiblər.
Əmircanda bir neçə xalça karxanası və dabbaqxanalar olub. Burada toxucular, papaqçılar, dulusçular, dərzilər fəaliyyət göstərib. Əmircan oz qutabları ilə də çox məşhurdur (Xilə qutabı).
XIX əsrin sonu XX əsrin əvvəllərində kənddə 2 bazar olub. Onlardan biri Əmircanın mərkəzində “Meydan yeri” idi. Bu, gündəlik bazar idi. Bu bazarda ərzaq malları, göyərti, yerli bağların meyvəsi, yerli sənətkarların hazırladıqları məhsullar bir-biri ilə dəyişdirilirmiş.
İkinci bazar isə Əmircan yolu üstündə indiki Suraxanı küçəsində yerləşən “Həftə bazar”dı. Bu bazarda həftədə bir gün böyük alver olurmuş. İndi də bu bazar Bakının yeddi kəndini birləşdirən bazar olaraq qalır. 
Kənd sakinlərinin sözlərinə görə, Əmircanda adət-ənənə Bakının digər kəndlərində olduğu kimidir. Əmircan sakini Fəridə xanım deyir ki, kənddə əvvəllər toy-düyün mağarda keçirilirmiş: “Vaxtilə Əmircan toylarında Seyid Şuşiniski, İslam Rzayev, Rübabə Muradova iştirak edib. Ancaq indi kənddə 4 şadlıq evi var. Gənclər də toylarını daha çox sarayda etməyə üstünlük verirlər”.
Əmircan kəndində yas mərasimləri də əvvəlki kimi sadə deyil, təm-təraqla keçirilir. Bunu da yaşlı nəsil yaxşı qarşılamır. Onlar hüzr məclislərinin sadə keçirilməsinin tərəfdarıdırlar. Düşünürlər ki, belə olan təqdirdə varlı ilə kasıb arasında olan fərq də aradan götürülər.
Bizimlə söhbət edən kənd camaatının böyük əksəriyyəti Əmircana yaxşı olmayan yeniliklərin gətirilməsində kənddən çıxıb şəhərdə yaşayan insanları qınayırlar: “Onlar bir növ kəndin özünəməxsus adət-ənənələrinə qənib kəsiliblər.”  


* * *

Bakı kəndlərini gəzərkən növbəti dayanacağımız Qala kəndi oldu.  Qalada söhbət etdiymiz ilk yaşlı müsahibimiz Qalanın bəy hamamları üçün darıxdığını söylədi. Onun sözlərinə görə, burada müalicəvi əhəmiyyətli suyu olan hamam da olub. İndinin özünə qədər mövcud olan bəy hamamı hələ də tarixi abidə kimi qorunur və istifadə edilir. Qalalılar danışır ki, Bakı kəndlərinə xas olan toy günü bəyi hamama aparmaq dəbi indinin özünə kimi bu ətraflarda yaşayır. Şüvəlandan, Mərdəkandan Qaladakı bəy hamamına gəlməyin özü bir tamaşadır. Toyu olan oğlan dostlarının əhatəsində hamama gəlir, dəstəni isə musiqiçilər müşayiət edirlər.
Kəndin arxeoloji abidələri sırasına daxil olan qədim tikililərdən biri də “Qum hamamı”dır. Böyük təpəlikdə yerləşən “Qum hamamı” uzun müddət diqqətdən kənarda qalıb. Təpəlikdəki ovuqlar zaman keçdikcə qumdan təmizlənib və məlum olub ki, bura yeraltı hamamdır. “Qum hamamı”nın daha bir özəlliyi isə burada ibadət etmək üçün ayrıca hücrənin olmasıdır. İbadət hücrəsi isə Abşeronda mövcud olan hamamların heç birində yoxdur. Ümumiyyətlə, Qala kəndinin əhalisi suyun qıtlığına baxmayaraq həddindən artıq təmizliyə fikir verən olub. Onlar bunu müsəlman adət-ənənələri ilə bağlayırlar.
Qalada unudulan adətlərdən biri də evin qız-gəlininin yığılaraq, boğça bağlayar və dəstə-tifaqla hamama getmələridir. Burada xınayaxdı mərasimi və sair ayinlər kənd adamlarının vaxtını çox aldığından hamam mərasimləri həftədə bir dəfə həyata keçirilirdi. Üstəlik, hamama getmək ictimai-siyasi bir hadisəyə bənzəyirdi. Oğul evləndirmək istəyən qız bəyənməyə, kəndin ağzıgöyçəkləri dedi-qoduya, yeniliklərdən xəbər tutmağa hamama gələrmişlər.
Hamam dəsgahı az qala günün yarısını adamların əllərindən aldığından Qala camaatı ev tikərkən onun mətbəx hissəsində hökmən sutökən deyilən kiçik bir bucaq da inşa edərdi. Təndirdən çıxan, mal-qara yemləyən adamlar ibadət üçün qalxanda İslam dininin tələb etdiyi təmizlik naminə burada başlarına bir dolça su tökər, yüngülvari yuyunardılar.
Abşeron kəndlərindən fərqli olaraq Qala kəndlisinin hər birinin evində sutökən olub. Qoruğun ərazisinə daxil edilmiş evlər olduğu kimi saxlandığından qədim yaşayışla tanış olanlar bir neçə əsr geri qayıdırlar.
Kəndin hər məhəlləsinin öz məscidi olub. Məhəllə sarıdan da ki, bütün Bakı kəndləri kimi Qala da bol olub: Qızılbaşlar, Balaverdi, Çəmbərəkənd, Qala dibi, Hacı Ramazan, Süleyman, Tərəkəmə. Bir sözlə artıq unudulmaqda olan beş məhəllə və hər məhəllənin öz məscidi. Daha bir məscid var Qalada - Cümə məscidi. Adi, dördbucaqlı bir tikilidi. Amma qapısından içəri ayaq qoyanda qədim bir saray canlanır insanın gözləri önündə...

* * *

Nardaranda bir çox məşğuliyyət növləri və adət-ənənələr keçmişdən indiyədək qorunub saxlanılır. Nardaran Bakının ən qədim kəndlərindən biridir. Sabunçu rayonu ərazisində yerləşən bu yaşayış məntəqəsinin 8 min nəfərdən çox əhalisi var. O həm də Abşeronda dindarlığın ən güclü olduğu kəndlərdən birincisidir. Kəndin adının mənası barədə müxtəlif ehtimallar var: Nardaran - yəni mərd insanların məskunlaşdığı məkan, nur olan yer, qəlblər nuru və s.
Qədimlərdən nardaranlıların əsas məşğuliyyəti balıqçılıq, əkinçilik, gülçülük olub. Kənd sakinlərinin sözlərinə görə, ötən əsrin 70-80-ci illərində Nardaranda gülçülüyün inkişaf dövrü olub. Son illər kəndə verilən təbii qazın azaldılması istixanaların sıradan çıxmasına səbəb olub ki, bu da gülçülüyü tənəzzülə uğradıb.
Kənd ağsaqqalları deyirlər ki, Nardarana kənardan köçüb gələnlər yerli adət-ənənələrə riayət etməlidir. Yerli adət-ənənələrə və etik normalara riayət etməyənlərə qarşı kənd əhalisi daim etirazını bildirir.
Nardarandakı ənənələrdən biri də dərviş və aşıq toylarının keçirilməsidir. Nardaran toylarında qadın və kişilər ayrı-ayrı mağarlarda oturur. Kənd camaatı deyir ki, daha çox aşıq toylarına böyük maraq var. Yeni ailələr valideynlərin razılığı ilə qurulur. Əgər qız və ya oğlan razı deyilsə, onları evlənməyə məcbur etmirlər. Elə buna görə də kənddə boşanma halları demək olar ki, qeydə alınmır.
Bir müddət əvvəl rəhmətə getməsinə baxmayaraq bu gün də hamı Nardaranlı qəzəlxan, fizulişünas Hacı Maili adət-ənənələrin qorunmasında böyük xidmətləri olduğunu vurğulayır. İndinin özündə də Hacı Mail ocağında şeir məclisləri təşkil olunur, Həzrət Peyğəmbərin (s) mövludu günü şəhərdə yaşayan nardaranlılarda onun evinə təşrif buyurur, ədəbi məclis qurulur, ehsanat verilir.  
Nardaranın geyim mədəniyyəti heç dəyişməyib. Yaşlı və cavan nəslin nümayəndələri daha çox şəriətin buyurduğu geyimə üstünlük verirlər. Bu kənddə çox az adam tapılar ki, çoxluqdan fərqli geyinsin. Əgər belə adam varsa, deməli o Nardarana gəlmədir və yaxud da qonaqdır.


* * *

“Unudulmaqda olan adət ənənələr” silsiləsindən növbəti dayanacağımız hələ qədimdən xalq memarlığının mərkəzi sayılan Mərdəkan qəsəbəsi oldu.
Mərdəkan Bakının ən qədim kəndlərindən biridir. Onun adı “Mərdlər məkanı” kimi tərcümə olunur. Bu da yaşayış məskəninin qədim mard tayfaları tərəfindən salınmasına işarədir. Mardların adına isə ilk dəfə Qafqaz Albaniyasında yaşayan tayfaların sırasında rast gəlinir. Mərdəkan barədə xarici səyyahların salnamələrində də məlumatlar var.
Mərdəkandakı Heydər məscidi 1893-cü ildə yerli sakin Heydər Almazov tərəfindən tikdirilib. Deyilənə görə, onun arvadı rus olduğu üçün kənddə ona rus Heydər deyirmişlər. Bir gün Heydər Axund Ələkbərə deyir: “Nə edim ki, mənə “rus” deməsinlər?”. Axund Ələkbər buyurur: “Get, məscid tikdir”.
Kənd sakini Zeynəb Rəsulova deyir ki, vaxtilə Mərdəkanda mövcud olmuş adət-ənənələr unudulub. Onun sözlərinə görə, müasirlik qədim ənənələrimizi sıradan çıxarıb: “İndi köhnədən demək olar ki. Heç nə qalmayıb. Hər gün yeni adətlərlə rastlaşırsan. Əslində yeni olanlar da pis deyil”.
Bakı kəndlərini gəzərkən sadə insanlarla söhbətləşməyə üstünlük verməyimiz heç də təsadüfi deyil. Etiraf edim ki, bir neçə kəndin bələdiyyəsində olduq, amma istədiyimizi ala bilmədik. İnciməsinlər, onlar hansısa reket qəzetlərin Fəxri Diplomları ilə bəzədilmiş otaqlarında adlarından başqa heç nəyi xatırlamadıqlarını etiraf etdilər. Biz də çöl tədqiqatlarımız zamanı sadə insanlar, ağsaqqallar, məscid axundları və yaxud da elə yoldan keçən hər hansı bir adını da bilmədiymiz Bakı kəndlisi ilə söhbətləşməyə qərar verdik. Fikirləşdik ki, kənd icra nümayəndəsi və yaxud da bələdiyyə sədrinin ütülənmiş fikirlərindənsə, sadə Bakı kəndlisinin kəndin adət ənənəsi ilə bağlı söyləyəcəkləri reallığı daha çox əks etdirər.  
 


İlham MƏMMƏDOV
URL / WWW
http://kelam.az/article/a-1349.html