Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Mənəviyyatsız verilişlər bizləri hara sürükləyir…
22.05.10 02:06

Hər bir ölkədə müasir informasiya-kommunikasiya texnologiyalarının inkişafı nə qədər müsbət keyfiyyətlər əxz etsə də, onun mənfi təsirlərindən də yan keçmək olmur. İnsanlar öz mənəvi dəyərlərini və mental əxlaqi prinsiplərini müasirliklə əvəzləyərək zamanın acımasız qasırğasına qurban veririrlər.

Tarixə ekskurs etsək heç zaman adət ənənələrimizin və milli mənəvi dəyərlərimizin son illərdəki kimi sürətlə müasirləşməyə meyilləndiyini müşahidə edə bilmərik. Bəlkə də bu daha çox keçmişdə informasiya-kommunikasiya texnologiyalarının olmaması ilə əlaqədar idi. 
Əlbətdə, indi gözəl zamanda yaşayırıq. Zamanın günahı nədir ki? İnsan yalnız aciz olanda uğursuzluğunu zamanın, mühitin və nə bilim daha nələrin üzərinə atır. Amma... Hə, deyirəm, kaş bu əmma olmasaydı… Bəlkə kimlərsə məni nostalji hisslərə qapılmaqda ittiham edə, hətta bir çoxlarınız da bir az da irəli gedərək bəndənizə “keçmişin mirası” kimi baxa bilər. Amma yüzdə-yüz əminəm ki, hər bir oxucu mənim yazdığım bu fikirlərlə razıdır.
Neçə-neçə nəsillərdən günümüzə çatan adət-ənənələrimizi göz görə-görə məhv edən televiziya kanallarımız sarı rəngə boyanıb. Onların efirlərini zəbt edən “şou-biznes” və “maqazin” proqramları artıq həzm edilməyəcək həddə çatıb. Daha bundan sonrasının olmayacağını düşünürəm. Çünki bir çox “maqazin” proqramları, əllərinə qılınc alıb mənəvi dəyərlərimizi qırıb çatmaqla məşğuldurlar. Bu bir faktdır və bunu inkar etməyin yeri yoxdur.
Bəs, KİV orqanlarımız nə qədər millidir? Populyar jurnal və internet portalları TV-lərə məxsusdur. Telekanallar daha çox şou-biznesə xidmət göstərir. Təəssüf ki, onların milli-mənəvi dəyərlərə xidmətindən daha çox ziyanı barədə danışa bilərik. Millət üçün milli-mənəvi dəyərlər onun immunitet gücü qədər mühüm məsələdir. Millətləri yalnız onun milli dəyərlərini sarsıtmaqla dəyişmək və sıradan çıxartmaq mümkündür. 
Bu gün sanki bizə qarşı belə bir hucumun olması qənaətindəyəm. Dövlət rəsmiləri, yazılı media orqanları dəfələrlə həyacan təbili çalsalar da bir çox elektron mediya, milli telemaqnatlarımız milli-mənəvi dəyərlərimizi qorumaq əvəzinə, onlara qənim kəsilirlər.
Hərdən onlarda bu gücün haradan qaynaqlandığını fikirləşirəm. Milyonlarla insanın baxdığı efirlərdən ət tökən, əndazəni aşan mənəviyyatsız verilişlərlə bizləri hara sürükləyirlər. Ata-anasını belə tanımayan nakəsləri millətin “ulduzu” kimi təqdim etməkdə məqsəd nədir? Amma nə fayda.
Ekranlardan insanlara “şou-biznes” adı altında riyakar və mənəvi dəyərləri ayaqlar altına atan təbliğat kampaniyası aparılır. Dəhşətlisi odur ki, televiziyaların milyonlarla insana sırıdığı əksər “şou-biznes ulduzları”nın bir çoxu musiqiçi olduqlarını iddia etsələr də Dövlət Himnimizin sözlərini yazanın, müsiqiçisini bəstələyənin kim olduğunu, hansı janrda oxuduqlarını belə bilmirlər. Bizlər nə edirnik? İstər evimizdə, istərsə də dəvət edildiymiz məclislərdə ağzımızı açıb onlara tamaşa edirik, feyziyab oluruq.
Onlar da feyziyab olurdular. Yəni 20-30 il bundan əvvəlin Azərbaycan tamaşaçısını nəzərdə tuturam. Yaxşı mənada adamın onlara paxıllığı tutur. Nədən ki, onlar Bədii Şura adlandırılan bir qurumun senzurasından keçmiş nəhəng sənətkarları dinləyir, mənəvi qida alırdılar. İndi nə Bədii Şura var, nə də senzura? Nəticəsi də göz önündə...
İndi özümüz də bilmədən oxuya-oxuya gedirik: Kimə? Hara? Niyə? Hal eynidir. İsimlər həqiqətləri dəyişdirməz. Sözlərə deyil, həqiqətlərə baxılar.

Bu yazı “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı “Azərbaycan xalqının unudulmuş və unudulmaqda olan milli adət-ənənələrinin öyrənilməsi və təbliği” layihəsi çərçivəsində hazırlanıb. 


Vüqar VƏLİYEV
URL / WWW
http://kelam.az/article/a-1300.html