Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » Qəzəl
17.05.10 18:02

Gedib canım-canımdan sanki canda dərdi-sər qalmış,
Nə təndə bir dözüm qalmış nə candan bir əsər qalmış.
Deyirlər guya ki, Məcnun qəmində məndən üstündür,
Əsil aşiq mənəm, amma həyatım binəzər qalmış.

Əgər aşiqdisə Məcnun qalaydı bircə əşarı,
Qəmin dəstan edib aləm, adından boş xəbər qalmış.

Dəyişmiş bisütun ilə məhəbbət əhdini Fərhad,
O da Şirin vüsalından heyif ki, bibəsər qalmış.

Züleyxanı cavan etdi Xuda, Yusif nə karadır,
Onunda izdivacından nə qalmışsa hədər qalmış.

Əgər əzra vüsalında cəfalar çox çəkib Vamiq,
Məhəbbət imtahanında onlardan müxtəsər qalmış.

Ölümdən Zeyd qorxurdu, qoyub tək Zeynəbi qaçdı,
Qoyub dildarı tək qaçmaq, məgər ondan hünər qalmış?

Bu ali eşq meydanın çox aşiq at çapıb keçdi,
Nə o eşq əhli var indi, nə bir at, nə yəhər qalmış.

Mənəm şahənşəhi eşqin, bəlalər təxti tacımdır,
Mənim əhvalıma indi müəttəl bu bəşər qalmış.

Üzümdən qan çəkər çeşmim görənlər vəhm edib qorxar,
Gözüm qərq olmuş al rəngə üzümdə rəngi-zər qalmış.

Adım əzbərdir dillərdə, deyirlər aşiqi-sadiq,
Xəbərsiz ahı naləmdən nə bir kənd, nə şəhər qalmış.

Cahanda varmıdır aşiq deyə hər kim sual etsə,
Camaat söz açıb məndən deyərlər bir nəfər qalmış.

Xəlayiq söyləyər «Can»sız necə qalmış Əziz Pünhan,
O «Can»ın intizarilə nəhayət birtəhər qalmış.
URL / WWW
http://kelam.az/article/a-1264.html