Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » BMK yerli İcra Hakimiyyətlərində apardığı monitorinqi başa çatdırıb
17.05.10 16:02

Beynəlxalq Mətbuat Klubu (BMK) Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yardımı ilə “Mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə KİV-lərin əməkdaşlığının gücləndirilməsi” layihəsinin icrasını davam etdirir. Bu barədə məlumatı KƏLAMİNFO-ya BMK-dan veriblər. 
Layihə çərçivəsində yerli İcra Hakimiyyətlərində internet xidmətlərinin fəaliyyəti ilə bağlı aparılan monitorinq başa çatıb. Monitorinqin əhatə dairəsinə Bakı şəhərinin rayonları daxil edilib. Veb-səhifəsi olmayan və yaxud da olub vaxtında yenilənməyən İcra Hakimiyyətlərinə tövsiyələr verilib.


Xətai rayon İcra Hakimiyyəti ictimai-siyasi şöbəsinin müdiri Kamran İsmayılov bildirib ki, hər hansı bir tədbir keçiriləndə mətbuatla əlaqə saxlayıb dəvət edirlər. Şöbə müdirinin sözlərinə görə, rayonun elektron saytı da var: “Saytda xəbər yerləşdirmirik. Sayt bizdə müqavilə ilə işləyir. Müqavilə dayandığından sayt da yenilənmir. Hazırda saytın üzərində iş gedir”.
Onun sözlərinə görə, saytda bəzi çatışmazlıqlar var. K.İsmayılov əlavə edib ki, saytda “com” domeni dəyişilərək “gov.az” olmalıdır.
K.İsmayılov rayonda keçirilən böyük tədbirlərə agentlikləri dəvət etdiklərini söyləsə də, kiçik toplantılar zamanı bunu etmədiklərini etiraf edib. “Bizim İcra Hakimiyyətində informasiya agentliklərinə o qədər də maraq yoxdur. Lazım olanda qazet, jurnal, televiziyanı dəvət edirik”,-deyə K.İsmayılov söyləyib.
Qeyd edək ki, Xətai rayon İcra Hakimiyyətinin rəsmi elektron saytı xatai.com.az adı altında fəaliyyətini dayandırıb. Elektron sayta son xəbər isə 30.12.2009-ci ildə yerləşdirilib. 

Əzizbəyov rayon İcra Hakimiyyəti ictimai-siyasi şöbəsinin müdiri Gülbala Qurbanov rayonda keçirilən tədbirlər barədə birbaşa Prezident Administrasiyasına məlumat verməklə kifayətləndiklərini vurğulayıb. G.Qurbanov rayon İH-nin rəsmi elektron saytının olduğunu bildirsə də, hər hansı bir xəbər yerləşdirmədiklərini etiraf edib. G.Qurbanov saytın dəqiq hansı ad altında fəaliyyət göstərməsindən xəbərsiz olduğunu söyləyib: “Onu bilirəm ki, ayda bir dəfə rayonda keçirilən tədbirlər saytda yerləşdirilir. Mətbuatla əlaqələrə gəlincə, biz ancaq Azər-Tacla işləyirik. Düzü, əvvəllər bir çox xəbər agentlikləri, qəzetlərlə işləyirdik. Lakin onlar bir çox hallarda bizim əleyhimizə xəbər verirdilər. Belə olan halda biz təkcə Azər-Tacla işləməyi qərara aldıq. Telefonla məlumat istəyən agentliklərə isə xəbər vermirik”,-deyə G.Qurbanov söyləyib. 
Monitorinq zamanı Əzizbəyov rayon İcra Hakimiyyətinin internet saytı barədə heç bir məlumat əldə edə bilmədik. Bu barədə yuxarıda adını çəkdiymiz şöbə müdiri də məlumatsız olduğunu etiraf etdi.

Yasamal rayon İcra Hakimiyyəti
ictimai-siyasi şöbəsinin müdiri Vaqif Məmmədov da bu günə qədər rəsmi elektron saytlarının olmadığını bildirdi. “İcra Hakimiyyəti sayt hazırlayır. Bununla bağlı rəsmi şəkildə Prezident Administrasiyası tərəfindən göstəriş də veriləcək. Saytların qurluşu, forması  eyni olmalıdır. Bunun üçün də işlər aparılır. Hazırda bizdə keçirilən tədbirləri Prezident Administrasiyasının rəsmi elektron saytında yerləşdiririk”,-deyə V.Məmmədov söyləyib. V.Məmmədov rayonda fəaliyyət göstərən Heydər Əliyev Müzeyinin rəsmi saytının olduğunu, bəzi məlumatların da orada yerləşdirildiyini bildirib. “Böyük tədbirlərimiz olanda televiziya və qəzetlərlə əlaqə saxlayırıq. Mütəmadi olaraq hansı KİV-lə əlaqə saxlayırıqsa, onlara istənilən məlumatı veririk”,-deyə V.Məmmədov söyləyib.
Monitorinq zamanı Yasamal rayon İcra Hakimiyyətinin rəmi saytının olmadığı müəyyənləşdi. 

Qaradağ rayon İcra Hakimiyyəti
ərazi idarəsi şöbəsinin müdiri İlham Musayev elektron saytlarının köhnə olduğunu, İcra başçı yeni təyin olunduğu üçün saytın da yenidən qurulmasına qərar verdiklərini bildirib.
“Rayonda keçirilən tədbirlər barədə Azər-Taca dərhal məlumat veririk, digər informasiya agentlikləri ilə əlaqə saxlamırıq. İcra Hakimiyyətinə rəsmi müraciət edən KİV-lərə lazım olanda xəbər veririk”,-deyə İ.Musayev bildirib.
İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Monis Bayramov isə rayon İH-nin elektron saytının adını belə bilmədiyini etiraf edib. M.Bayramov bununla heç maraqlanmadığını da bildirib. “Rayonda keçirilən istənilən tədbir barədə Azər-Taca məlumat verirəm. Biz dövlət orqanı olduğumuz üçün, dövlətin informasiya mənbəyini tanıyırıq. Başqa informasiya agentliklərini tanımaq istəmirik”,-deyə şöbə müdiri vurğulayıb.
Monitorinq zamanı Qaradağ rayon İcra Hakimiyyətinin rəsmi elektron saytının qaradagh.info adı altında fəaliyyətini dayandırdığı müəyyən olunub. 

Sabunçu rayon İcra Hakimiyyəti
ictimai-siyasi şöbəsinin müdiri Müslüm Mahmudov rəsmi elektron saytlarının olduğunu söyləyib. Onun sözlərinə görə, sayt müəyyən vaxt işlədikdən sonra fəaliyyətini dayandırıb. M.Mahmudov İcra başçısının göstərişinə əsasən saytın yaxın günlərdə öz fəaliyyətini bərpa edəcəyini vurğulayıb. O bildirib ki, istifadəçilərin rahatlığı üçün saytda bəzi dəyişkliklər ediləcək. “Rayonda keçirilən bütün tədbirlər barədə bizimlə əlaqə saxlayan KİV-lərə məlumat veririk. Azər-Taca isə rayonda keçirilən bütün tədbirlər barədə məlumat verilir”,-deyə M.Mahmudov söyləyib.
Monitorinq zamanı Sabunçu rayon İcra Hakimiyyətinin rəsmi elektron saytının sabunchu-hi.gov.az. adı altında fəaliyyətini dayandırdığı müəyyən olunub. Elektron saytın son xəbəri isə 18.06.2008-ci lidə yenilənib.

Binəqədi rayon İcra Hakimiyyəti
ictimai-siyasi şöbəsinin müdiri Natik Əliyev rəsmi elektron saytlarının olduğunu bildirsə də, iki ilə yaxındır yenilənmədiyini və fəaliyyətini dayandırdığını söyləyib. N.Əliyev bunun da səbəbini saytı işlədən firmanın bağlanması olduğunu bildirib. “Mayın 12-də icra başçısı rəsmi saytın yaradılması ilə bağlı tapşırıq verdi. Başçının göstərişi ilə elektron saytın fəaliyyəti yaxın 10 gündə bərpa ediləcək. Yeni firma ilə müqavilə bağlamışıq. Binəqədi rayon İcra Hakimiyyətinin elektron saytı yeni adda fəaliyyətə başlayacaq”,-deyə N.Əliyev əlavə edib.
N.Əliyev rayonda keçirilən hər hansı tədbir barədə KİV-ə məlumat verildiyini də bildirib. 
Monitorinq zamanı müəyyən olunub ki, Binəqədi rayon İcra Hakimiyyətinin rəsmi saytı bineqedi.az adı altında fəaliyyət göstərib.

Nəsimi rayon İcra Hakimiyyəti
ictimai-siyasi şöbəsinin müdiri Anar Tağıyev rəsmi saytlarının olduğunu vurğulayıb. Saytın hazırda fəaliyyət göstərdiyini bildirən A.Tağıyev portalın bir ay əvvəl yeniləndiyini söyləyib.
“Rayonda olan bütün tədbirləri saytda yerləşdirmirik. Saytda rayon haqqında ümumi məlumat var. Rayonda keçirilən tədbirlər barədə bir çox KİV nümayəndələrinə məlumat veririk”,-deyə A.Tağıyev söyləyib.
Qeyd edək ki, sayta baxış keçirərkən xəbər bölməsinin olmadığı ilə qarşılaşdıq.  Saytda yalnız rayonda aparılan ümumi abadlıq və yaşıllaşdırma işlərinin şəkilləri yerləşdirilib. Şəkillərin hansı tarixdə qoyulması haqda isə məlumat verilməyib. Nəsimi rayon İH-nin elektron saytının ünvanı isə nasimi.info adlanır.

Suraxanı rayon İcra Hakimiyyətinin
suraxani.info.az adı altında fəaliyyət göstərən saytı mövcud olsa da, aktiv deyil. Bu barədə sualları cavablandırmaq üçün İcra Hakimiyyəti ilə əlaqə saxlamaq mümkün olmadı. 

Abşeron rayon İcra Hakimiyyətinin
absheron.az adı altında fəaliyyət göstərən rəsmi saytı isə 06.03.2010-cu ildə yenilənib. İH-nin əlaqə telefonlarına zəng çatmır.


Nərimanov rayon İcra Hakimiyyətinin saytı narimanov-ih.gov.az adı altında fəaliyyət göstərir. Rayonun elektron saytında keçirilən tədbirlər barədə məlumat qoyulur. Monitorinq zamanı Səbail rayonu İcra Hakimiyyətinin sabail-ih.gov.az adı altında fəaliyyət göstərən rəsmi elektron saytının mütəmadi yeniləndiyinin şahidi olduq. Səbail rayon İH həmçinin keçirilən tədbirlər barədə KİV-ə dərhal məlumat ötürür.   


Amid İSBƏNDƏNOV
URL / WWW
http://kelam.az/article/a-1251.html