Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Adət-ənənələr öz çevrəsindən çıxır
13.05.10 17:47

Milli adət və ənənələrin öyrənilməsi və onların mənəvi dəyərlər sistemindəki rolunun tədqiqi həmişə aktualdır. Çünki milli adət və ənənələr tarixin bütün mərhələlərində ictimai-mədəni tərəqqinin əsas göstəricisi kimi nəzərə çarpır. Cəmiyyət dəyişdikcə adət və ənənələr də dəyişmələrə məruz qalır. Bu dəyişmələr millətin, xalqın yaradıcılıq nümunələrində yaşayır və elə bu şəkildə də nəsildən-nəsilə ötürülür. Yeni yaranan hər bir mənəvi dəyər isə tarixi ənənələrimizin varisi kimi təşəkkül tapır. Bu səbəbdən də bütün dövrlərin adət və ənənələrində baş verən yeniliklərin öyrənilməsinə böyük ehtiyac var. Milli adət-ənənə geniş anlayışıdır. Bu sırada bayram adətləri, qonaqpərvərlik, milli geyimlər, rəqslər, ailə münasibətləri, toy və yas mərasimlərinin adət-ənənəyə uyğun təbliğinə böyük ehtiyac var. Çünki, hər bir insanın gündəlik həyatında rastlaşdığı və artıq ənənəliyini itirən adətlərimizin öyrənilməsinə və təbliği günümüzün vacib problemlərindəndir.
Son illərdə bu mərasimlərdə bir bayağılaşma, milli dəyərlərdən, xalqın tarixi mental baxışlarından uzaqlaşma hiss olunmaqdadır. Hətta milli yaddaşımız olan bu ənənələrin bəzi rəmzləri belə unudulmaqdadır. Bunların bəzilərini, daha doğrusu gündəlik həyatımzda rastlaşdığımız bəzi ənənələrimizə toxunmaq niyyətindəyik.
Müasir dövrümüzdə toy mərasimləri ilə bağlı xalqımızın əsrlərdən qoruyub bizlərə miras verdiyi adət-ənənələr öz çevrəsindən çıxmaqdadır.
Bu gün toylarda əksər gəlinlərin geyimini görəndə adam utanc hissi keçirir. Bir evdən digər evə namus, abır-həya aparmalı olan bir gəlinin geyimi də ciddi diqqət yetirilməli problemdir.
Bildiymiz kimi, Azərbaycan milli geyimləri xalqın maddi və mənəvi mədəniyyətinin çox çətin və uzun çəkən inkişaf gedişi nəticəsində yaranıb. Çünki geyim xalqın tarixilə çox sıx əlaqədardır. Belə ki, geyim həm də xalqın maddi mədəniyyətini, xalqı xas olan xüsusiyyətləri daha çox əks etdirir və xalqın sarsılmaz etnik nişanələrinə aiddir. Milli geyimlərin bu gün hansı vəziyyətdə olduğunu xüsusi vurğulamağa ehtiyac yoxdur. Çünki, geyimlərimiz milliliyimizi qətiyyən əks etdirmir.
Bu gün Azərbaycanda, xüsusən regionlarda yas mərasimləri heç bir adət-ənənəyə və mənsub olduğumuz dinin qaydalarına uyğun keçirilmir. İnsanlar bu tip mərasimlərdə həddən artıq ifrata yol verirlər. Bu da öz növbəsində xürafata və israfçılığa gətirib çıxarıb. Nəticədə insanlar mənəvi və maddi sıxıntılar yaşayır. Çoxluq təşkil edən imkansız insanlar qonşudan geri qalmamaq prinsipini əldə rəhbər tutaraq yas mərasimlərini xüsusi təm-təraqla keçirməyə məcbur olur. Bu məcburiyyət də öz növbəsində onu sonu yaxşı olmayan yollara əl atmağa vadar edir. Rəhmətə gedəninin məclis süfrəsini (ehsan) daha zəngin etmək üçün faizlə borca girir. Problem o qədər ciddiləşib ki, artıq ölkənin qanunverici orqanı olan parlament “Mərasimlər haqqında” AR Qanun layihəsini hazırlamaq qərarına gəlib. Deməli, problem var. Həm də o qədər ciddidir ki, parlament səviyyəsində də müzakirə tələb edib, hətta bu azmış kimi bu sahəyə nəzarət mexnizmini tətbiq etmək üçün xüsusi bir sənədin də qəbuluna ehtiyac yaranıb.
Yas mərasimlərində də adət-ənənələrimiz getdikcə çərçivədən çıxır. Dünyasını dəyişənin 3, 7 və 40 mərasimlərinin verilməsi əmr və hökm deyil. Dinimizdə ehsan məqsədilə dəbdəbəli süfrənin açılması günahdır. Adət-ənənəmizə görə insanlar yas mərasiminə oturub rahatlanmaq deyil, ölü yiyəsinin dərdinə şərik olmaq üçün gəlməlidirlər. Amma bu gün yas mərasimlərində baş verənlər tamam başqa mənzərəni göz önünə gətirir.
Bayramlarımızın (Novruz, Ramazan, Qurban) unudulmaqda olan atributları ciddi problemlər sırasındadır. Bu gün həmin bayramları yalnız süfrələrdə yaşatmağımız problemin nə qədər ciddi olduğundan xəbər verir. 
Ailədə ər-arvad, övlad-valideyn münasibətləri təhlükəli şəkildə milli ənənə formasında çıxaraq ünvanı bəlli olmayan “müasirliyə” inteqrasiya olunur. 

Nə etməli?


İlk növbədə Azərbaycanın qədim adət-ənənələrini öyrənmək, yaşatmaq və müxtəlif vasitələrlə yeni nəsilə təbliğ etmək günümüzün əsas problemlərindəndir. Bu zaman milli adət və ənənələrimizlə mədəni inkişafın vəhdətdə olduğunu, milli, dini, mədəni irsimizin formalaşmasına təsirini araşdırmaq və ictimaiyyətə çatdırmaq problemin qismən də olsa həlli yolunu qısalda bilər. Eyni zamanda müasir gəncliyimizin keçmişinə, kökünə baxışını dəyişmək, unudulan və unudulmaqda olan adət-ənənələri öyrənib gündəlik həyatında tətbiq etməsinə çalışmaq lazımdır. Bunun üçün də ənənəvi mədəniyyətin müasir inkişaf sferasında tutduğu mövqeyin dəqiqləşdirilməsinə, müasir mədəniyyətin inkişafında milli-ənənəvi xüsusiyyətlərin tətbiqinin öyrənilməsinə, mədəniyyət və təhsil müəssisələrində adət və ənənələrin təbliğinə, milli mədəniyyətlə bəşəri mədəniyyətin inteqrasiyasının bəzi aspektlərinin müəyyənləşdirilməsinə, adət və ənənələrin, milli bayram və mərasimlərin olduğu kimi tətbiqinə ehtiyac var. 
Artıq heç kimə sirr deyil ki, Azərbaycanın bir çox rayonlarında, xüsusən də Bakı şəhərində, Naxçıvan MR-da yas mərasimləri ictimai qınaqlarla tənzimlənib. Artıq sözügedən ərazilərdə dünyasını dəyişən mərhumun 3-ü 7-si, 40-ı, Cümə axşamı kimi günlər keçirilmir. Dünyasını dəyişən mərhumun qəbrinin üstündə “muzey kompleksi” tikilmir. Bu dəyişikliyin digər bölgələrimizdə maariflənmə yolu ilə təşkili yalnız insanlara fayda verə bilər. Bu işdə vətəndaş cəmiyyəti – QHT-dərin, mətbuatın, bilavasitə əyalət mətbuatının xüsusi rolu olmalıdır. Bölgənin ziyalı və imkanlı təbəqəsi, məmur kontingenti bu addımı atmaqla cəmiyyətin digər az təminatlı sferasına nümunə ola bilərlər. Onlar mətbuatda çıxış etməklə, bələdiyyə və digər qrup halında baş tutan toplantılarda bu cür mərasimlərin təmtəraqla keçirilməsinin qismən də olsa qarşısını ala bilərlər.  
Bu gün musiqi mədəniyyətimizdə adət və ənənələrimizin bərpasına çalışılır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Muğam Mərkəzinin yaradılması, bu sahədən olan insanlara qayğı ölkə əhalisi tərəfindən çox müsbət qarşılanır. Deməli, 21-ci əsrin azərbaycanlısı qlobal dünyaya qədim muğamı ilə də inteqrasiya oluna bilər. Problem adət-ənənələrdə və yaxud da onun qədimliyində deyil, problem onu yaşatmaq, nəsildən-nəsilə ötürmək istəməyən insanlardadır. Belə olan halda adət-ənənələrdə deyil, insanların zəkasında islahat aparmaq, çevriliş etmək lazımdır. Necə ki, bu gün muğam əvvəlki şöhrətini geri qaytarıb. Əyalətlərdən istedadlı muğam ifaçılarının axtarıb tapılması prosessi çox sürətlə həyata keçirilir. 
Bayramlarda, nə edərlər, hansı ənənəni yaşadıb gəncliyə təhvil verərlər. Əlbəttə, biz – müasir azərbaycanlılar nə yazıq ki, bunların heç birini etmirik. Bayramı xoş sözlərlə qarşılamırıq, dost-tanışa qonaq getmirik, qonşunun dalınca danışırıq, səfərə çıxırıq, ticarətlə məşğul oluruq, elçi gedirik, oruc tutmuruq - amma iftar süfrələrinin başında otururuq və s. Bəs, nə edirik? Yalnız bayram süfrəsi açıb qarnımızı otarırıq…

Bu yazı “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Azərbaycan xalqının unudulmuş və unudulmaqda olan milli adət-ənənələrinin öyrənilməsi və təbliği” layihəsi çərçivəsində dərc olunur.
URL / WWW
http://kelam.az/article/a-1226.html