Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Cənnət xanımlarının seyyidəsi
07.05.10 23:03

Əxlaqı, yüksək təqvası, daxili və xarici gözəlliyi ilə müsəlmanlara örnək olan qadınlardan biri şübhəsiz ki, peyğəmbərimiz Həzrət Məhəmmədin (s.ə.s.) qızı Fatimeyi-Zəhradır (r.a.). Bunu təsdiqləyən Quran ayələri və hədislər mövcuddur. Məsələn: Həzrət Fatimə (r.a.) ilə onun həyat yoldaşı Həzrət Əli (ə.s.), övladları Həsən (ə.s.) və Hüseyn (ə.s.) xəstələndiyi zaman, onların sağalacaqları təqdirdə oruc tutacaqlarını nəzir etmişdilər. Uşaqlar sağalanda Həzrət Fatimə (r.a.) ilə Həzrət Əli (ə.s.) qapılarına gələn yetim, miskin və əsirə bütün yeməklərini verərək üç gün ərzində tutduqları orucu iftarda yalnız su ilə açmışdılar. Onların bu təqdirəlayiq əməllərilə əlaqədar olaraq “əl-İnsan” surəsinin 7-9 ayələri nazil edilmişdir. Qurani-Kərimdə bəyan edilir: -“Onlar (Cənnətə nail olacaq müttəqilər) elə kimsələrdir ki, verdikləri sözü (etdikləri nəziri) yerinə yetirər və dəhşəti (aləmi) bürüyəcək (şəri hər tərəfə yayılacaq gündən (qiyamət günündən) qorxarlar”.
-“Onlar öz iştahaları çəkdiyi ( özləri yemək istədikləri) halda (və ya: Allah rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər”.
-(Və sonra da yedirdikləri kimsələrə belə deyərlər:) “Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən (bu ehsan müqabilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik”.
Hədislərin birində Fironun xanımı Asiyənin, İmranın qızı və Həzrət İsanın (ə.s.) anası Məryəmin, Həzrət Xədicənin (r.a.) və Həzrət Fatimənin (r.a.) yaşadıqları dövrdəki qadınların ən üstünü olduqları, həmçinin, Cənnətin yüksək dərəcəsilə şərəfləndiriləcəkləri haqqında Peyğəmbərin (s.ə.s.) öz qızına bildirdiyi bəyan edilməkdədir (Buxari. Mənakıb 25; Müslim. Fəzailüss-sahabə 97-99; İbn Macə. Cənaiz 64; İbn Hacər. Əl-İsabə 8/107).
Əhli-Beyti sevib onlara hörmət bəsləməyin vacib olmasında bütün İslam alimləri həmfikirdirlər. Beləki, Qurani-Kərimdə deyilənləri isbat edən açıq dəlillər bəyan edilməkdədir:
- …(Ya Peyğəmbər!) De: “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumlara məhəbbətdən (Əhli-Beytə sevgidən) başqa bir şey istəmirəm. …” (Əş-Şura, 23).
Habelə namaz qılarkən təşəhhüddə Peyğəmbər (s.ə.s.) Əhli-Beytinə səlat və salam  oxumaq Şafii məzhəbinə görə fərz, Hənəfi məzhəbində isə vacibdir. Yəni Şafii məzhəbinə əsasən, təşəhhüddə Əhli-Beytə səlat və salam oxumamaq namazı pozur. Əhli-Beytdən xüsusilə Fatemeyi-Zəhranın (r.a.) Rəsulullahın (s.ə.s.) qəlbində müstəsna yeri var idi.  Peğəmbərimiz (s.ə.s.) övladlarından ən çox onu sevirdi. Fatimeyi-Zəhra (r.a.) digər bacı-qardaşlarından özəl xüsusiyyətlərilə fərqlənirdi. Məsələn: Həzrət Məhəmmədin (s.ə.s) digər övladları  onun sağlığında ikən vəfat etmiş, Həzrət Fatimə (r.a.) isə Peyğəmbərin (s.ə.s.) vəfatından sonra altı ay daha çox yaşamışdır. Anası, Fatimeyi-Zəhra (r.a.) çox kiçik yaşda olarkən  vəfat etdiyindən, Rəsulullah (s.ə.s.) çox erkən ana şəfqətindən məhrum olmuş qızına baxarkən gözləri yaşla dolar və ona xüsusi şəfqətlə yanaşardı. Bundan əlavə, Həzrət Məhəmmədin (s.ə.s.) bəzi  övladlarının uşaqları ya heç olmamış, ya da onlardan olan nəvələri kiçik yaşda ikən vəfat etmişlər. Belə ki, qızı Zeynəbdən (r.a.) doğulan Əli adlı nəvəsi və Ruqayyədən (r.a.) dünyaya gələn Abdullah kiçik yaşlarında ikən vəfat etmişlər. Ümmü Gülsümün (r.a.) isə ümumiyyətlə övladı olmamışdır. Peyğəmbərimizin (s.ə.s.) nəsli məhz Fatimeyi-Zəhranın (r.a.) övladları ilə davam etmişdir.  Rəsulullahın (s.ə.s.) oğulları vəfat etdikdə müşriklər sevinərək Həzrət Məhəmmədə (s.ə.s.) əbtər (xeyirdən və nəsildən məhrum olan) ləqəbini vermişdilər. Qeyd edilən hadisə “əl-Kövsər” surəsində bəyan edilməkdədir:
Adıçəkilən surədəki “əl-Kövsər”  sözü haqqında alimlərin  fərqli təfsirləri mövcuddur. Bəziləri bu kəlamla hidayətin (İ.L. Çakan, N.M. Solmaz. Kuran-ı Kerime göre peyqamberler ve tevhid mücadelesi, s.378), bir qismi də Cənnətdəki Kövsər bulağının nəzərdə tutulduğunu güman etmişlər (Vasim Məmmədəliyev. Qurani-Kərim məali, əl-Kövsər 1,3). Bir sıra müfəssirlər isə “əl-Kövsər” surəsini Allahın Peyğəmbərə  (s.ə.s.)  nəslinin Fatimeyi-Zəhra (r.a.) ilə davam edəcəyi mücdəsini verdiyi şəklində təfsir etmişlər (Alusi. Ruhul-Məani, c.9, s.465). Rəsulullahın (s.ə.s.) nəsli Həzrət Fatimənin (r.a.) oğulları Həzrət Həsən (ə.s.) və Həzrət Hüseyn (ə.s.) ilə davam etməkdədir. Həzrət Məhəmməddin (s.ə.s.) ən çox qızını sevdiyi hədislər vasitəsilə bilinməkdədir. Məsələn: Cəmi ibn Umeyr (r.a.) Peyğəmbərin (s.ə.s.) zövcəsi Aişədən soruşanda ki, “Rəsulullah (s.ə.s.) hansı qadını daha çox sevir?” Aişə belə cavab verdi: “Fatiməni” (Tirmizi. Mənakıb 3873).
Başqa bir misal: Peyğəmbər  (s.ə.s.) buyurub: “...Fatimə məndən bir parçadır. Onda ikrah hissi əmələ gətirən şey məndə də ikrah oyadır, ona əza verən şey mənə də əza verir” (İbrahim Canan. Hadis ansiklopedisi, c. 12, s. 407).
Həzrət Fatimə (s.ə.s.) atasının ziyarətinə gəldiyi vaxt xatəmül-Ənbiya (s.ə.s.) ayağa qalxar, qızını qucaqlayaraq yanaqlarından öpər, əlindən tutaraq öz yerini ikram edər, səfərdən qayıtdığı zaman da əvvəlcə  məhz onunla görüşərdi.
Həzrət Fatimənin (r.a.) təvəllüdünə dair müxtəlif fikirlər vardır. Belə ki, Təbəri onun bisətdən (Həzrət Məhəmmədə (s.ə.s.) peyğəmbərlik verildiyi il) əvvəl beşinci, Mürucüz-Zəhəb Məsudi bisətdən sonra beşinci, Yəqubi isə qeyd edilən tarixlərin təqribən ortasında anadan olduğunu yazmışlar. O, yüksək mənəvi xüsusiyyətləri və əxlaqına görə təmiz mənasındakı Tahirə ləqəbi ilə anılan anası Həzrət Xədicə (r.a.) və atası Allah Rəsulu Məhəmməd (s.ə.s.) kimi təqvası ilə bütün İslam aləminə örnək təşkil edən mübarək insanların övladı olmuşdur. Fatimeyi-Zəhra (r.a.) indi “Mövlidi-Zəhra” adı ilə tanınan Səfa tərəfdə yerləşən Həzrət Xədicəyə (r.a.) məxsus evdə dünyaya göz açmışdır. Rəsulullah (s.ə.s.) hicrətin ikinci ilində sevimli qızını  Allahın əmrilə əmisi oğlu Əli ibn Əbu Talibə (ə.s.) nikahladı. Həzrət Məhəmmədin (s.ə.s.) əmrilə Həzrət Əli (ə.s.) toydan sonra yaşaması üçün kirayə ev tutdu (evliliyinə qədər o, Peyğəmbərin (s.ə.s.) evində yaşayırdı). Bu ev Məscidi-Nəbinin yanında olub Harisə ibn Nümana (r.a.) məxsus idi. Həmin ev Aişənin otağına bitişik idi.  Bu izdivacdan Həzrət Fatimənin (r.a.) Həsən (ə.s.), Hüseyn (ə.s.) adlı iki oğlu, Əqilə ləqəbli Zeynəbi-Kübra, Ümmü Gülsüm ləqəbi ilə məşhur olan Zeynəbi-Suğra və Sitti Ruqayyə isimli qızları dünyaya gəlmişdir. Adıçəkilənlərdən başqa Fatimeyi-Zəhranın (r.a.) Muhsin adlı oğlu da vardı. Bəzi mənbələrdə onun kiçik yaşda ikən vəfat etdiyi, digərlərində isə ana bətnində ikən düşdüyü bildirilir.
Həzrət Fatimənin (r.a.)  fəzilətindən xəbər verən bir sıra ləqəbləri olmuşdur:
1) “Zəhra”. Üzünün ağ və parlaq olduğuna görə, belə adlandırılmışdır;
2)“Bətül”. Dünya həyatına meyil etməyərək zühd (zahid) həyatı yaşayan təqvalı insan olduğuna görə,  ona tayı-bərabəri olmayan mənasında işlənən “Bətül” ləqəbi verilmişdir; 
3) “Fatimeyi-Kübra”. Həzrət Fatimə (r.a.) Fatimeyi-Kübra (böyük Fatimə), oğlu Həzrət Hüseynin (ə.s.) qızı isə Fatimeyi-Suğra (kiçik Fatimə) şəklində anılırlar; 
4) “Ümmi-Əbihə”. Bir dəfə Allah Elçisi (s.ə.s.) səcdədə ikən Ukbə ibn Əbu Muayt adlı müşrik dəvənin bağırsaqlarını Peyğəmbərin (s.ə.s.) kürəyinə atdı. Bunu görən Həzrət Fatimə (r.a.) dəvənin içalatını atasının kürəyindən götürərək müşriklərə bəddua etdi. Fatimeyi Zəhranın (r.a.) Rəsulullaha (s.ə.s.) olan bağlılığı və sədaqətini görənlər ona Ümmi-Əbihə (atasının anası) ləqəbini verdilər. 
5) “Binti-Əbihə”. Atasına bənzədiyindən Həzrət Fatiməyə (r.a.) Binti-Əbihə də (atasının qızı)  deyirdilər.
Fatimeyi-Zəhra (r.a.) hicri təqvimlə 11-ci ilin Ramazan ayının üçündə, Peyğəmbərin (s.ə.s.) vəfatından altı ay sonra dünyasını dəyişmişdir. 1, 2, 8 ay sonra vəfat etdiyinə dair təzadlı məlumatlar da vardır. Bu zaman onun müxtəlif mənbələrdə 24, 25, 29, 30, 35 yaşında olduğu barədə fərqli xəbərlər mövcuddur. Cənnət xanımlarının seyyidəsi atasını (s.ə.s.) vəfatına yaxın dövrdə ziyarət edərkən Rəsulullah (s.ə.s.) özünün tezliklə vəfat edəcəyini və Əhli-Beytdən ona ilk qovuşanın Fatimənin (r.a.) olacağını xəbər vermişdir. Davranışı, dürüstlüyü, namazlarını heç vaxt qəzaya buraxmaması, hətta yerişilə atasına bənzəyən Allah Elçisinin (s.ə.s.) vəfatından sonra üzü gülməyən Fatimeyi-Zəhranı (r.a.)  şəhadətindən sonra Həzrət Əli (ə.s.) yuyub namazını qılmışdır.  Həzrət Fatimənin (r.a.) qəbrinin dəqiq yeri məlum deyil. Bu barədə bir neçə fərziyyə vardır. Bir rəvayətə görə, onun qəbri Peyğəmbərin (s.ə.s.) əmisi oğlu Abdullah ibn Abbasın (r.a.) türbəsindədir. Rəsulullahın (s.ə.s.) qızının qəbrinin   Peyğəmbərin (s.ə.s.) dəfn edildiyi otağın şimalında yerləşdiyi də ehtimallardan biridir. 
Həyatın çoxsaylı maddi-mənəvi çətinliklərinə baxmayaraq, ömrü boyu mənəvi dəyərləri qurban verməyən Həzrət Fatimə (r.a.) əməlisaleh insanlar üçün daim qürur və müsbət örnək mənbəyidir. Əqidəsiz, mövqesiz, imanı zəiflərə isə Peyğəmbər (s.ə.s.) övladının şərəfli həyat hekayəsi seyyidətünnisanın (r.a.) alişan şəxsiyyəti və paklığı qarşısında özlərinin utancverici simasını daha qabarıq hiss etmələrinə səbəb olan “gözdağı”dır.
                                     

Xalidə İslamzadə
İlahiyyat elmləri namizədi
URL / WWW
http://kelam.az/article/a-1200.html