Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Hacı Niyaz Niftiyev » Azərbaycan arxeologiyası
07.05.10 23:03

Əsədulla Cəfərovun elmi redaktorluğu ilə Azərbaycanının ən qədim tarixinə aid dəyərli əsər ərsəyə gəlib
Tarix elmləri doktoru Əsədulla Cəfərovu tələbəlik illərimdən tanıyıram. Onun hələ 10-15 il bundan əvvəl qələmə aldığı “Quruçay dərəsi” kitabını çox həvəslə oxuyur, imtahanlara hazırlaşırdıq.
AMEA-da Arxeologiya və Etnoqrafiya İnstitutunun aspiranturasında təhsil aldığım illərdə bu böyük alimlə tanış olmaq, söhbətləşmək fürsətini əldə etdim. Daha doğrusu bu fürsəti Ə.Cəfərovun özü bütün gənc elmi işçilər kimi mənə də yaratdı. Etiraf edim ki, Əsədulla müəllimlə görüşüm çox gərgin keçdi. Görüşdən əvvəl düşünürdüm ki, bu gözəl alimlə dünyanın düzənindən danışacağıq. Amma heç də belə olmadı. Yanında olduğum 2 saatdan az bir müddətdə Ə.Cəfərov ancaq elmdən danışdı. Üzərində işlədiyim dissertasiya işinin incəliklərini mənə anlatdı, özünün və daha çox da digər alim dostlarının yeni çıxan kitablarının fəlsəfəsini anlatdı.
Bəli, həmin zamanlar Akademiyanın çox bərbad vaxtları idi. Elm adamlarının böyük əksəriyyəti elmdən daha çox başqa şeyləri düşünürdülər. Ə.Cəfərov isə hər zaman olduğu işin başında idi.
Ə.Cəfərovu həm də konkretliyi ilə səciyyələndirmək olar. Düşünürəm ki, bu insanlarda ən dəyərli keyfiyyətdir. Ə.Cəfərov istər üzbəüz, istərsə də telefon söhbətlərində konkret müzakirə olunan mövzu ətrafında söz deməklə kifayətlənən alimlərdəndir.    Ötən il Əsədulla müəllimin elmi redaktorluğu ilə çoxcildlik Azərbaycan arxeologiyası kitabı işıq üzü gördü. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli Sərancamı əsasında çap olunmuş Azərbaycan arxeologiyasının 1-ci cildi  ölkəmizin ərazisində aparlımış kompleks elmi tədqiqatlar zamanı tapılmış qədim insan düşərgələri və onların maddi mədəniyyət qalıqlarının elmi tədqiqinə həsr olunmuşdur. 30 çap vərəqi həcmində olan əsərdə respublikamızın ərazisində yaşamış ilk sakinlərin uzaq keçmişindən, əmək alətləri hazırlamasından, ovçuluq, yığıcılıq təsərrüfatından, ibtidai yaşayış tikililəri qurması, odu kəşf etməsi, öz istək və arzularını qayalar üzərinə həkk etməsindən və Qarabağın ən qədim daş dövrü tarixindən başlanmış müasir dövrə qədərki insanlığın keçdiyi tarixi inkişaf mərhələləri arxeologiya eliminin son nailiyyətləri əsasında tətqiq edilmişdir.
Azərbaycan ən qədim tarixə və mədəniyyətə malik olan bir ölkədir. Respublikamızın ərazisində aparılan kompleks elmi tədqiqatlar zamanı bəşər tarixinin müxtəlif dövrlərinə aid arxeoloji, paleontoloji və paleantropoloji materiallar aşkar olunmuşdur. Elmi araşdırmalar zamanı məlum olmuşdur ki, Azərbaycanın ən qədim sakinlərinin əmək alətlərini hazırlaması və onların sonrakı inkişafı üçün minilliklər lazım olmuşdur. Aparılan arxeoloji tədqiqatlar göstərir ki, ibtidai insanlar daş dövründə əsasən təbii karst mağaralarında, qayaaltı sığınacaqlarda, çay kənarlarındakı terraslarda və yaşamaq üçün əlverişli olan yerlərdə məskən salıb yaşamışlar.
Son illərdə aparılmış kompleks arxeoloji tədqiqatlar nəticəsində Azərbaycan ərazisində ibtidai insanların 2,5 milyon il bundan əvvəllərdən yaşamağa başlamaları elmi faktlarla sübuta yetirilmişdir. Halbuki 1953-cü ilə qədər respublikamızın ərazisində qədim insan düşərgələrinin olmadığı və burada ibtidai insanların yaşamadıqları qeyd olunurdu. Lakin Azərbaycan alimlərinin apardıqları arxeoloji tədqiqatlar bu fikrin yanlış və əsassız olduğunu göstərdi, ölkəmizin ərazisinin ibtidai insanın yarandığı və formalaşdığı ərazilərdən biri olduğu elmi tapıntılarla sübuta yetirilmişdir. Eyni zamanda Azərbaycanda qədim sivilizasiyanın özünəməxsus cəhətləri olduğu və bunun əsasında ölkəmizdə və Yaxın Şərq ərazisində ən qədim arxeoloji mədəniyyətin müəyyən olunmasına şərait yaranmış və bu mədəniyyət Azıx paleolit düşərgəsinin VII-X təbəqələrinin maddi mədəniyyət qalıqları əsasında müəyyən olunmuş və tarixə Quruçay arxeoloji mədəniyyəti adı altında daxil olmuşdur.
Hazırda Azərbaycan Respublikası ərazisində aşkar olunmuş Azıx, Tağlar, Daşsalahlı, Qazma, Buzeyir, Şuşa, Zuvandçay və Qobustan ən qədim tarixi abidələr hesab olunur.
Çoxcildlik Azərbaycan arxelogiyasının yazılmasında əsas məqsəd son 100 ildə və xüsusən XX əsrdə Azərbaycan dövləti ikinci dəfə müstəqillik əldə etdikdən sonar respublikamızın ərazisində aparılmış arxeoloji tədqiqat və kəşfiyyat işləri nəticəsində tapılmış maddi-mədəniyyət qalıqlarının arxeologiya elminin müasir nailiyyətləri səviyyəsində tədqiq edib, uğurları beynəlxalq və ölkəmizin geniş ictimaiyyətinə çatdırmaqdan ibarətdir.
Əsədulla Cəfərovun elmi redaktorluğu altında çap olunmuş Azərbaycan arxeologiyasının daş dövrü cildinin giriş, I, III, IV, VI-X fəsillərini, nəticə və rus dilində olan xülasəni Ə.Q.Cəfərov, II, V fəsilləri M.M.Hüseynov və Ə.Q. Cəfərov, XI fəsli M.M.Mənsurov, XII-XIV fəsillərini isə C.N.Rüstəmov və F.M.Muradova yazmışlar.
Əsərdə Azərbaycan Respublikası ərazisində qeydə alınmış dünya söhrətli Azıx və Tağlar çoxtəbəqəli paleloit düşərgələrindən aşkar olunmuş daş məmulatı və fauna qalıqları ətraflı tədqiq olunmuşdur. Respublikamızın ərazisində müəyyən edilmiş quruçay, aşel, mustye, üst paleloit, mezolit və neolit arxeloji mədəniyyətlərinin inkişaf xüsüsiyyətləri və əmək alətlərinin texniki-tipoloji cəhətləri şərh olunmuşdur. Əsərdə eyni zamanda Qobustan ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı qeydə alınmış 7 mindən artıq qayaüstü rəsmlərin xarakterik xüsusiyyətləri araşdırılmışdır.
Son illərdə Azərbaycan Respublikasında olan paleolit düşərgələrindən tapılmış maddi-mədəniyyət qalıqlarının elmi tədqiqi beynəlxalq xarakter almışdır. Çünki paleolit düşərgələrindən tapılmış arxeoloji, paleontoloji və paleoantropoloji materiallar bəşər sivilizassiyasının tarixi inkişafını öyrənmək üçün mühüm elmi əhəmiyyətə malikdir. Ona görə də 2001-2005-ci illərdə Azərbaycan, Rusiya, Fransa, İtaliya, İspaniya və Gürcüstan alimləri beynəlxalq İNTAS-2000 adlı proqram hazırlamış və onun elmi tədqiqini başa çatdırmışlar. Daş dövrü cildində həmin proqram üzrə aparılmış elmi tədqiqatların nəticələri də geniş şərh olunmuşdur.
Niyaz NİFTİYEV
URL / WWW
http://kelam.az/article/a-1199.html