Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Dini liderlərin Baki sammiti
07.05.10 23:03

Sammitə dünyanın 33 ölkəsindən 200-dən çox yüksək səviyyəli nümayəndə, 14 nüfuzlu beynəlxalq təşkila, eləcə də Rusiyanın 11 subyektinin dini rəhbərləri və nümayəndələri qatılmışdır.

Aprelin 26-da “Gülüstan” sarayında dünya dini liderlərinin ikigünlük Bakı sammiti işə başladı. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sammitin açılış mərasimində iştirak etdilər.Sammiti açan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bu tarixi tədbirdə hamını səmimi qəlbdən salamladı.
Bütün Qafqazın Şeyxi bildirdi ki, dinlərarası dialoqa dair mühüm əhəmiyyətli tədbirin Bakıda baş tutması Azərbaycanın müstəqillik tarixində olduqca dəyərli və unudulmaz bir hadisədir. Onun sözlərinə görə, belə bir mühüm tədbirin Bakıda keçirilməsi Azərbaycan xalqına və dövlət başçısına beynəlxalq aləmdə hörmət və etimadın ifadəsidir. A.Paşazadə əlavə etdi ki, belə bir möhtəşəm tədbirin Azərbaycanda keçirilməsi ideyasına vaxtilə ilk xeyir-dua verən məhz ulu öndərimiz Heydər Əliyev olub.
Azərbaycan -dinlərarası dialoqun mərkəzi

Sammitdə çıxış edən prezident İlham Əliyev dünya dini liderlərinin Bakı sammitinin çox böyük əhəmiyyətə malik bir hadisə adlandırdı. “Təsadüfi deyil ki, bu görüş məhz Bakıda keçirilir. Bakıda dünya dini liderlərinin görüşləri artıq ənənəvi xarakter almışdır. Əsrlər boyu Azərbaycanda müxtəlif millətlər, müxtəlif dinlərin nümayəndələri dostluq, qardaşlıq şəraitində, bir ailə kimi yaşamışlar. Azərbaycanda dini və milli dözümlülüyün çox böyük və şərəfli bir tarixi vardır. Biz çox şadıq ki, son vaxtlar Bakıda sivilizasiyalararası dialoqun gücləndirilməsi işinə böyük töhfə verən mötəbər beynəlxalq tədbirlər keçirilir. Biz keçən ilin noyabr ayında dini dialoqun gücləndirilməsi üçün böyük tədbir keçirmişdik. Azərbaycanın böyük dostu, zati-müqəddəsləri, Moskva və Bütün Rusiyanın patriarxı Kirill bu gün olduğu kimi, o tədbirdə də iştirak etmişdir. Bu, çox böyük və gözəl göstəricidir. Bu gün bütün dinlərin nümayəndələrinin, rəhbərlərinin Azərbaycana gəlməsi, dünən, bu gün və sabah birlikdə keçirilən və keçiriləcək müzakirələrdə iştirak etmələri böyük əhəmiyyətə malik olan bir hadisədir”,-deyə prezident vurğuladı.
Görüşün çox gözəl nəticələri olacağını, dinlər, millətlər və ölkələr arasında daha da yaxşı anlaşmanın əldə edilməsinə xidmət göstərəcəyini diqqətə çatdıran dövlət başçısı buna böyük ehtiyac olduğunu ifadə etdi. Bakının, Azərbaycanın dinlərarası dialoqun bir növ mərkəzinə çevrilməsinə çox böyük ümidlərlə baxdıqlarını diqqətə çatdıran prezident İlham Əliyev bunu Azərbaycanda dini və milli zəmində vəziyyətin çox yaxşı olmasının təzahürü kimi qiymətləndirdi: “Bu, bizim üçün böyük şərəfdir. Digər tərəfdən, dinlərarası dialoqun praktiki nöqteyi-nəzərdən gücləndirilməsi işinə Azərbaycan öz töhfəsini verə bilər, verir və verməyə davam edəcəkdir.
Azərbaycan Avropa ilə Asiya arasında təbii bir körpüdür. Əsrlər boyu bu diyarda müxtəlif dinlərin, millətlərin nümayəndələri bir ailə kimi yaşamışlar. Bu gün Azərbaycanın müasir həyatında da bu iki vacib amil özünü göstərir. İyirmi ilə yaxındır ki, Azərbaycan İslam Konfransı Təşkilatının üzvüdür. On ilə yaxındır ki, Azərbaycan Avropa Şurasının üzvüdür. İslam bizim müqəddəs dinimizdir. Biz öz dini və milli ənənələrimizə çox sadiqik. Çalışırıq ki, gənc nəsil də vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə alsın. Eyni zamanda, Azərbaycan bütün dünyaya açıq olan, bütün ölkələrlə əməkdaşlığa meyilli ölkədir”.
Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkə olduğunu qeyd edən dövlət başçısı milli dəyərlərimizə çox sadiq olduğumuzu, ümumbəşəri dəyərləri bölüşdüyümüzü, eyni zamanda, əlbəttə ki, ölkədə gedən ümumi meyillər ölkənin müasirləşməsinə, modernləşməsinə xidmət göstərəcəyini vurğuladı.
Prezident qeyd etdi ki, bu gün Azərbaycanda işləmək və yaşamaq üçün bütün şərait mövcuddur: sabit ictimai-siyasi vəziyyət, artan iqtisadi imkanlar, bütün azadlıqların mövcudluğu, vətəndaş cəmiyyətinin formalaşması.
“Azərbaycan xalqı böyük tarixə malik olan bir xalqdır. Ancaq müstəqillik dövrümüz o qədər də uzun deyildir. Baxmayaraq ki, əvvəlki dövrlərdə Azərbaycan müstəqil ölkə kimi yaşamırdı, biz öz milli dəyərlərimizi, ənənələrimizi qoruya bilmişik. Elə etməliyik ki, qloballaşmaya qarşı bəzi dairələrdə olan şübhələr ərisin, bu şübhələr aradan götürülsün. Bunu etmək üçün, əlbəttə, bütün dünya birliyi bu məsələ ilə bağlı yəqin ki, öz fikrini bildirməlidir. Bu anlayışa müəyyən düzəlişlər edilməlidir.
Biz öz milli və dini dəyərlərimizə sadiqik. Biz gənc nəsli vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə etmək istəyirik və bunu edirik. Eyni zamanda, biz müasirliyə doğru uğurla addımlayırıq. Təhsil sahəsində böyük islahatlar aparılır. Əminəm, bu gözəl fürsət hər bir iştirakçıya imkan verəcək ki, öz fikirlərini səmimi, açıq şəkildə bildirsin. Bu fikir mübadiləsi bizi zənginləşdirəcəkdir. Eyni zamanda, əminəm ki, açıq və səmimi fikir mübadiləsi mövcud olan problemlərin də müəyyən dərəcədə aradan qaldırılması üçün gözəl bir fürsət olacaqdır.
Mən bir daha bütün görüş iştirakçılarını səmimiyyətlə salamlayıram. Bir daha Azərbaycana “Xoş gəlmisiniz!” deyirəm. Sammitin işinə uğurlar arzulamaq istəyirəm. Ümid etmək istəyirəm ki, gələcəkdə də Bakıda, Azərbaycanda belə mötəbər, tədbirlər keçiriləcək və Bakı haqlı olaraq dünya dinlərinin dialoqu, inkişafı üçün dünya mərkəzlərindən birinə çevriləcək”,-deyə prezident vurğuladı.
Rusiyanın Bakıdakı səfiri Vladimir Doroxin Prezident Dmitri Medvedevin sammit iştirakçılarına təbrik məktubunu oxudu.
Tolerantlığın Azərbaycanda dərin tarixi və mədəni kökləri var


Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə çıxışında bildirdi ki, bu gün öz tarixinin silinməz möhtəşəm səhifələrindən birini yazan müstəqil Azərbaycan hər zaman müxtəlif xalqların, millətlərin və dinlərin birgə yaşadığı, mədəniyyətlərin qovuşduğu müqəddəs məkan olmuşdur. Biz sizlərə, müxtəlif dinlərin rəhbərlərinə və təmsilçilərinə əldə etdiyimiz böyük nailiyyətləri – tolerantlığımızı, dünyaya açıqlığımızı, din-dövlət münasibətlərində qazanılmış dəyərləri və qlobal problemlərin həlli yollarında birgə əməkdaşlığımızı nümayiş etdirmək üçün Bakı sammitinə toplaşmışıq. Bu gün burada bir araya gəlməyimiz, şübhəsiz ki, dünya miqyasında dinlərarası dialoq və əməkdaşlıq sahəsində yeni mərhələ, irəliyə atılmış böyük addımdır. Ümidvaram ki, bəşəriyyətin ümumi maraqları və qlobal problemlərin – terrorizmin, dini fanatizmin, ekstremizmin və separatizmin aradan qaldırılması naminə dinlərarası və mədəniyyətlərarası münasibətlərin inkişafına yeni təkan verən bu tədbir tarixi əhəmiyyətli bir hadisəyə çevriləcək.
Bildiyiniz kimi, çoxmillətli və çoxkonfessiyalı Azərbaycan Respublikasının böyük bir tarixi mərhələsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər ictimai-siyasi həyatın bütün sahələrində, o cümlədən dövlət-din münasibətlərinin tənzimlənməsində, dini etiqad azadlığının təminatında, dini-mənəvi dəyərlərin qorunmasında müstəsna xidmətlər göstərmiş və bu sahədə özündən sonra böyük siyasi və dövlətçilik təcrübəsi miras qoymuşdur. Heydər Əliyev siyasi xəttini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev bu gün Azərbaycanın iqtisadi qüdrətinin, mədəni intibahının və beynəlxalq aləmdə nüfuzunun daha da möhkəmlənməsi üçün böyük işlər görür. Eyni zamanda, tarixi mədəniyyət abidələrinin, məscid və ziyarətgahların, xristian, yəhudi və digər dinlərə məxsus məbədlərin bərpası və təmiri, dilindən və dinindən asılı olmayaraq, ölkənin bütün vətəndaşlarının etiqad azadlığının qorunması və dini ehtiyaclarının təmin olunması – bütün bunlar Azərbaycanın dini-mənəvi mühitini əks etdirən real göstəriciləridir.
Bütün Qafqazın Şeyxi bildirdi ki, tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri var. Bu gün mötəbər iştirakı ilə bizi şərəfləndirən əziz qardaşım, zati-müqəddəsləri, Moskva və Bütün Rusiyanın patriarxı möhtərəm Kirill həzrətlərini, bütün ermənilərin patriarxı katolikos II Qaregin həzrətlərini, məclisimizə təşrif gətirmiş pravoslav kilsəsinin görkəmli nümayəndələrini aramızda görməkdən böyük məmnunluq duyuruq. Roma Papası, zati-aliləri Benediktin və zati-müqəddəsləri Varfolomeyin şəxsi təmsilçilərinin Bakı sammitində iştirakı bizim son dövrlərdə möhkəmlənən əlaqələrimizin göstəricisidir.
Müsəlman dünyasının tanınmış dini liderlərinin, mənim əziz din qardaşlarımın, İslam Konfransı Təşkilatı nümayəndələrinin, İSESKO-nun baş direktoru hörmətli Əbdüləziz Tüveycri cənablarının, o cümlədən Yaxın və Uzaq Şərqin, Mərkəzi Asiyanın, Qafqazların nüfuzlu din xadimlərinin, başqa dini cərəyan nümayəndələrinin dəvətimizi qəbul edərək Bakı sammitinə təşrif gətirmələri Azərbaycanın dialoq aparmaq mədəniyyətindən, müxtəlif əqidəli insanları bir araya toplamaq istəyindən xəbər verir, ayrı-ayrı millətlər və dinlərin nümayəndələri arasındakı münasibətlərdən yaranan qürur və hörmət hissini artırır.
A.Paşazadə vurğuladı ki, bu gün “qloballaşma” məfhumu altında həyatımıza daxil olan bir sıra problemlər əslində bizdən – dövlət, din və elm xadimlərindən vahid ideya ətrafında birləşməyi tələb edir. Biz, din xadimləri bu problemlərin yaranma səbəblərini dünyanın ilahi qanunauyğunluqlarının pozulması ilə əlaqələndiririk və hesab edirik ki, cəmiyyətlər Uca Yaradanın mənəvi dəyərlərindən uzaqlaşdıqca, bəşəri fəlakətlərə yaxınlaşır.
Şeyxin sözlərinə görə, bu gün bütün problemlərin fövqündə duran sülh probleminin həm qlobal, həm də lokal miqyasda həllində dövlətlərin, hökumətlərin, ictimai və dini qurumların birgə əməkdaşlığı səmərəli nəticə verə bilər. Burada əyləşənlərin əksəriyyəti Qafqaz regionunun həllini tapmayan problemlərindən, o cümlədən Azərbaycanın Qarabağ mücadiləsindən xəbərdardır. İyirmi ildən artıqdır ki, Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır və biz Ermənistan dövləti ilə hərbi münaqişəni sülh yolu ilə aradan qaldırmaq üçün səy göstəririk. Bu illər ərzində Eçmiədzinlə bizim görüşlərimizin vasitəçisi və təşkilatçısı əsasən Rus Pravoslav Kilsəsi, daha sonra Gürcü Pravoslav Patriarxiyası və Dünya Kilsələr Şurası olub. Bu görüşlərimiz müəyyən konstruktiv nəticələr versə də, bu gün yenə bu istiqamətdə yeni fəaliyyətlərə, yeni danışıqlara ehtiyac var. Mən bu gün bəzi çətinliklərə baxmayaraq, dəvətimizi qəbul edən zati-müqəddəsləri, erməni patriarxı katolikos II Qareginin sammitimizdə iştirakını sülh yolunda atılan önəmli əməl kimi dəyərləndirirəm və katolikos həzrətlərini bu istiqamətdə daha fəal münasibətə, həm birbaşa, həm də vasitəçilik yolu ilə qarşılıqlı ünsiyyətin bərpasına dəvət edirəm. Hesab edirəm ki, bu gün Qarabağın, eləcə də Qafqazın bütün münaqişə bölgələrinin problemləri ədalətli sülh yolu ilə, beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq ərazi bütövlüyü və qarşılıqlı anlaşma çərçivəsində həll oluna bilər.
 

Prezident İlham Əliyevə təşəkkür edirəm

Moskva və Bütün Rusiyanın patriarxı Kirill çıxışında sammiti hər cəhətdən dəstəklədiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. O, MDB Dinlərarası Şuranın, ilk növbədə, qonaqpərvər ev sahibi, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin sammitin təşkilində rolunu diqqətə çatdırdı.
Sammitin mövzusunun “Qloballaşma, din, ənənəvi dəyərlər” olduğunu vurğulayan Kirill indiki dövrdə dini icmaların bir sıra çox ciddi təhdidlərlə üzləşdiklərini söylədi: “Onların arasında dindarlığı ictimai sahədən uzaqlaşdırmaq, eyni zamanda, dindarların hisslərindən qərəzli, hətta bəzən cinayətkar məqsədlərlə istifadə etmək cəhdləri də var.
Müasir dünyada, xüsusilə Avropada insanın Allaha üz tutmasına tərəqqiyə və inkişafa mane olan təzahür kimi baxılır, ümumi rifah naminə onu tezliklə geridə qoymağı üstün tuturlar. Dindarlıqla bərabər, ənənəvi əxlaq normaları, kişi ilə qadın arasında ittifaq sayılan nikah, insan həyatının toxunulmazlığı haqqında təsəvvürlər də inkar edilir. Din və əxlaq bu halda şəxsi həyatda xoşa gəlməyən, lakin ictimai sahədən uzaqlaşdırılmalı fenomenlər hesab edilir. Bəzən bəhanə kimi müasir cəmiyyətin polietnik və polidini xarakterindən istifadə olunur. Bir sıra Avropa ölkələrində tez-tez belə bir komik vəziyyət yaranır ki, bəzi dairələr, məsələn, işlək dildən Milad sözünü silməyi, küçələrdən isə Milad bayramı bəzəklərini yığışdırmağı tələb edirlər. Onlar bunu “müsəlmanların xatirinə dəyməmək üçün” etdiklərini deyirlər, müsəlmanlar isə bu zaman həmin tədbirlərə qarşı çıxırlar.
Dinsiz gələcək, Allahın adı unudulduğu gələcək layihəsini həyata keçirmək mümkündürmü?”
Moskva və Bütün Rusiyanın patriarxı Kirill zamanın çağırışlarına və qlobal problemlərə layiqincə cavab vermək üçün din xadimlərinin də üzərinə böyük vəzifələr düşdüyünü vurğuladı, onları daha fəal və konkret mövqe tutmağa çağırdı. O, bu baxımdan dinlərarası dialoqu gücləndirməyin vacibliyini bildirdi. Kirill YUNESKO ilə də dini qurumların əlaqələrinin genişləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini dedi. O, BMT yanında Dini Məşvərət Şurasının yaradılması və YUNESKO yanında dinlərarası dialoq üzrə yüksək səviyyəli təşəbbüs qrupunun fəaliyyətə başlamasının da bu yöndə əsaslı tədbirlərdən olduğunu bildirdi. Moskva və Bütün Rusiyanın patriarxı Kirill ümumi amallar naminə tədbir iştirakçılarına uğurlar arzuladı və Bakı sammitinin dinlərarası dialoqa əsaslı töhfələr verəcəyinə inamını ifadə etdi.
İndi dünyanın sülhə ehtiyacı var

Türkiyənin Diyanət İşləri başqanı Əli Bardakoğlu dünya dini liderlərinin Bakı sammitinin əhəmiyyətindən danışdı. O, bu sammitin təşkilinə verdiyi dəstəyə görə prezident İlham Əliyevə təşəkkür etdi və müasir Azərbaycanın gözəl mənzərəsi ilə bağlı minnətdarlığını çatdırdı.
Əli Bardakoğlu dedi ki, indi dünyanın sülhə ehtiyacı vardır. İndi həm də dinlə bağlı dolğun məlumatların insanlara çatdırılması da vacibdir. Bu baxımdan din adamları insanların qəlbində sevgi və sayğı yaratmalıdırlar. Əli Bardakoğlu dinlərarası dialoqun genişləndirilməsinin zəruriliyindən danışaraq bildirdi ki, dinə münasibət hər bir ölkənin gələcəyidir. Onun sözlərinə görə, din azadlığı, onun doğru təlimi gələcəyin təməl prinsipi olmalıdır. Yalnız bu, birgə yaşayışın vasitəsi ola bilər.
Etnik münaqişələr  dini dəyərləri təhlükə altına salır

Ermənilərin baş patriarxı katolikos II Qaregin sammitin təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür etdi. O, etnik münaqişələrin mövcudluğunun bir çox dini dəyərləri də təhlükə altına saldığını dedi.
Dinlərarası dialoqun bəşər mədəniyyətinin xilasına xidmət etdiyini deyən erməni katolikosu azad və dinc həyata doğru getməyin vacib olduğunu diqqətə çatdırdı. II Qaregin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün Ulu Tanrıya dua etdiklərini söylədi və bildirdi ki, bu yolda səylər davam etdiriləcək.
Siz sülh yaradan şəxslərsiniz

YUNESKO-nun nümayəndəsi Bendev Badarç bildirdi ki, Bakıda keçirilən sammit dünyada bu baxımdan yeni platformaların əsasını qoyacaq. Yeni istiqamətlərin yaranmasında isə dünyanın dini liderlərinin böyük rolu var.
“Siz sülh yaradan şəxslərsiniz” deyən YUNESKO-nun nümayəndəsi təmsil etdiyi qurumun baş direktoru İrina Bokovanın təbrik məktubunu sammit iştirakçılarının diqqətinə çatdırdı.
Dünyanın sülhə daha çox ehtiyacı var

Papa Şurasının dinlərarası dialoq üzrə nümayəndəsi, kardinal Jan Lui Taran isə sammitin yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinin başçısına təşəkkür etdi. O, Poma papası XVI Benediktin salamlarını din xadimlərinə çatdırdı və bildirdi ki, papa da dini liderlərin bu təşəbbüsünü dəstəkləyir və sammitin işinə uğurlar arzulayır.
Jan Lui Taran dünyada dini icmalar arasında əlaqələrin sıxlaşdırılmasının vacibliyini diqqətə çatdırdı. O qeyd etdi ki, indi dünyanın sülhə daha çox ehtiyacı vardır. Sülhün əhəmiyyəti gənc nəslə də öyrədilməlidir.
Ayətullah Məhəmməd Əli Təsxiri İslamın dinlərarası dialoqu və bu çərçivədə din xadimləri arasında dialoqu dəstəklədiyini söylədi. O, dini liderlərin münaqişə regionlarında sülhün bərqərar olunmasına çalışmalarının vacib olduğunu diqqətə çatdırdı.
Mitropolit Nikitas Avropa ilə Asiya, Qərb ilə Şərq arasında körpü rolunu oynayan Azərbaycanda müxtəlif dinlərin və mədəniyyətlərin sülh şəraitində yaşadığını vurğuladı. Bildirdi ki, indi dinlərarası münasibətlərdə dialoqun əhəmiyyətinin daha çox artdığı bir vaxtda bu sahədə çalışan insanların sayının daha çox olmasına ehtiyac var.
İslam Konfransı Təşkilatının nümayəndəsi, səfir Sadəddin Tasib vurğuladı ki, dünya dini liderlərinin sammitinin Bakıda keçirilməsi tarixi hadisədir və bu, məsul şəxslərin bir araya gəlməsinə və qarşılıqlı dəstəyin əldə olunmasına xidmət edir.
Çexiya və Slovakiya patriarxı Xristofor dinə və ənənəvi dəyərlərə qloballaşmanın təsirlərinin müzakirə olunması baxımından Bakı sammitinin əhəmiyyətini vurğuladı. O dedi ki, bu sahədə inkişafa müxtəlif millətlərin və xalqların bir-birilərinə xoş münasibətilə nail olmaq mümkündür.
Avropa Ravvinləri Konfransının nümayəndəsi Pinxas Qoldşmidt Prezident İlham Əliyevin dəstəyi ilə keçirilən bu sammitin mühüm nəticələrlə yadda qalacağına əmin olduğunu söylədi.
Mitropolit Gerasim Bakı sammitinin önəmli mövzuların müzakirəsi baxımından mühüm əhəmiyyət daşıdığını söylədi və bildirdi ki, bu görüş qloballaşan dünyada mövcud olan mənfi təsirlərin aradan qaldırılması baxımından əhəmiyyətli olacaq.
Rusiya bütpərəstləri adından çıxış edən Sanjeylama Rimpoçet də tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür etdi. O, dini liderlərin dünyada sülhün əldə edilməsi baxımından mühüm səylər göstərməsinin vacib olduğunu diqqətə çatdırdı.
İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycri dini dözümlülüyü ilə diqqət çəkən Azərbaycanda belə bir mötəbər tədbirin keçirilməsinə görə təşəkkür etdi. O dedi ki, qloballaşma dövründə din və ənənəvi dəyərlər arasında münasibətlər pozulub. Həmin əlaqələrin yenidən bərpa olunmasına dini liderlər böyük töhfə verə bilərlər.
Fasilədən sonra dünya dini liderlərinin Bakı sammiti işini davam etdirdi.
Günün ikinci yarısında iştirakçılar dünya üçün vacib məsələlərin müzakirə olunduğu dini liderlərin Bakı sammitinin əhəmiyyətindən danışdılar. Bildirildi ki, Azərbaycan bu sammiti keçirməklə dünyada dinlərarası və mədəniyyətlərarası dialoqun qurulmasına öz töhfəsini verir. Din xadimləri indi dünyada baş verən mühüm çağırışlara etinasız qalmamağın və qloballaşan dünyada baş verən problemlərin həllində yaxından iştirak etməyin vacibliyini də diqqətə çatdırdılar. Onlar ənənəvi dinlər arasında mehriban münasibətlərin bərqərar olmasının dünya birliyi üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirdilər. Sammit iştirakçıları Azərbaycanda tolerantlığın yüksək səviyyədə olmasına bir daha diqqət çəkdilər. Uzun illərdir bu ölkədə müxtəlif dinlərə məxsus insanların mehriban şəraitdə yaşadıqlarını, öz dini dəyərlərini yüksək səviyyədə qoruduqlarını bildirdilər.
Yekun Bəyannamə qəbul olundu

Bakıda keçirilən dini liderlərin ümumdünya sammitinin ikinci günü yekun Bəyannamə qəbul olundu. Bəyannamədə dini liderlərin ümumdünya sammiti iştirakçıları – 32 ölkədən olan xristian, müsəlman, yəhudi, buddist və induist dinlərinin rəhbərləri və təmsilçilərinin dövrümüzün aktual mövzularını, o cümlədən qloballaşmanın dinə və ənənəvi dəyərlərə təsiri məsələsini müzakirə etmək üçün Bakıya toplaşdıqları bildirilir.
Bəyannamədə qeyd olunur: “İqtisadiyyat, siyasət, hüquq və mədəniyyətin qloballaşması birmənalı proses deyil. Bu, istehsalın, ticarətin, elmin, təhsilin inkişafına, təhlükəsizlik və ətraf mühitin mühafizəsi sahələrində ümumi çağırışlara cavabların verilməsində az praktiki səmərə verməyib. Beynəlxalq əlaqələr inanclı insanlara müasir çoxmillətli və çoxdinli cəmiyyətlərdə öz hüquqlarını qorumağa imkan verir. Lakin qlobal proseslərin din sahəsinə təsiri bir çoxları tərəfindən tənqidlə qarşılanır”.
Bəyannamədə deyilir ki, insanın hətta dünya elitalarının xoşuna gəlməsə belə, öz dünyagörüşünü sərbəst şəkildə formalaşdırması, xalqlara isə kimsə “kifayət qədər tərəqqipərvər” hesab etməsə belə öz həyat tərzini qoruyub saxlamaq üçün imkan yaratmaq lazımdır.
Sənədi imzalayan dini liderlər hesab edir ki, əvvəllər ayrı-ayrı regionları təhdid edən terrorizm artıq beynəlxalq xarakter almaqdadır və onunla mübarizə nəzərəçarpacaq dərəcədə çətinləşib: “Dini liderlərin dünyanı yalnız öz gücləri hesabına düzəldə biləcəyini düşünmək düzgün deyil. Onların çağırışları yalnız inanclı insanlara təsir edir. Buna görə də bir çox ölkələrdə nasist ideyaları qadağan olunduğu kimi, dinc insanlara qarşı zorakılığa haqq qazandıran dini-siyasi doktrinalar da qadağan edilməlidir”.
Yekun Bəyannamədə işğalçılıq probleminə də yer verilib. “Hər bir ölkənin ərazi bütövlüyü qorumalı, eyni zamanda hər bir xalq azad şəkildə inkişaf etməli, öz taleyi ilə bağlı bütün beynəlxalq qərarların qəbulunda iştirak etməlidir. Meydana çıxan münaqişələr ədalətli, bu münaqişəyə cəlb olunan bütün tərəflərin maraqları nəzərə alınmaqla, beynəlxalq birlik tərəfindən qəbul olunan norma və prinsiplər əsasında həllini tapmalıdır”.
URL / WWW
http://kelam.az/article/a-1198.html