Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Hacı Niyaz Niftiyev » Sərhəd: Ümidin qırıldığı yer
07.05.10 23:03

Türkiyənin tanınmış jurnalistlərindən biri, Kanal D TV-nin Xəbər Departamentinin rəhbəri Mehmet Ali Birandın aprelin ikinci ongunluyündə işıq üzü görən “Türkiye çırpınıyor Azeriler ise hiç oralı değiller” başlıqlı yazısını oxudum. Əslində, Birandın Azərbaycanı qınayaraq və ittiham edərək yazdıqlarını mən bir gün əvvəl “Özümüzü bu qədər kiçiltməyək” başlıqlı yazımda (www.modern.az) tamam fərqli müstəvidə vurğulamışdım. Bu yazını da elə məhz həmin yazının üzərində qurmuşam: təbii ki, bəzi dəyişikliklərlə…M.A.Birand öz yazısında Türkiyənin haqqını savunduğu kimi, mən də Azərbaycanımın haqqını, layiq olduğu yeri savunmuşdum. Əslində M.A.Birandın yazısını oxuduqdan sonra bir daha əmin oldum ki, mən bizim bəzi boşboğaz politoloqlardan fərqli olaraq verdiyim proqnozlarda yanılmıram. Bəli, bir xeyli əvvəl demişdim ki, insanın həm bu millətə, həm də o millətə yazığı gəlir. Əslində yazığımız bir millətə gəlir, amma dövlətləri ayrı olduğu üçün sərhədlərini böldüyümüz kimi millətini də parçalamaq zorundayıq. Belə getsə, parçalanmış millətin iki ayrı dövləti kimi, iki ayrı milləti olaraq tarixin yaddaşında yeni səhifələr açacağıq. Müsəlman olmağımız da bizim bir millət olaraq bütünlüyümüzə öz töhfəsini verə bilmir. Çünki, eyni dinə xidmət etsək də fərqli məzhəblərə qulluq edirik. Bu və ya digər səbəblər bizim heç vaxt “bir millət, iki dövlət” ali prinsipinə sədaqətimizin göstəricisi ola bilməz.
Bəli, M.A.Birand da bir çox hallarda haqlı olaraq Türkiyənin öz çıxarları üçün mücadilə yapmasını istəyir. Bu onların doğal haqqıdır. Biz azərilər bunu belə də bilirik. Onu da bilirik ki, nə zamansa qardaşlarımız son 10-15 ildə bizə etdiklərini (?) başımıza qaxacaqlar. Necə ki, M.A.Birand artıq dövlətin elədiklərini (?) fərd oalaraq dilə gətirir. Bir neçə dəfə də Kanal D ekranlarından bunu açıq-aydın bəyan etsə, bütün Türkiyə bizlərdən xərac istəyəcək. 
Başqa yolumuz yoxdur. M.A.Birandın da sətiraltı etiraf etdiyi kimi, biz ancaq Türkiyə ilə ən yaxşı halda nümunəvi müttəfiq, qonşu ola bilərik. Qardaşlıq, millətçilik anlayışı isə bizlərdə və elə onlarda da hələ formalaşmayıb… Bu barədə dəfələrlə yazmışam. Məsələn, İran kimi. Azərbaycanla İranı tarixi bir keçmiş bağlayır. Amma o keçmişdə idi... Bu gün İranın öz, Azərbaycanın da özgə maraqları var…
Türkiyə ilə də belə olmalıyıq, Orta Asiya Türk dövlətləri ilə olduğu kimi... Türkiyə ilə də bu cür münasibətlərin qurulmasının tərəfdarıyam. Bir-birimizi zora düşürmiyəlim, arkadaş! Lap indiki kimi... Çünki Türkiyə sərhədləri açmaq, ermənilərin dilini, tarixini öyrənmək istəyir. Biz isə “qardaşıq”,-deyə haray-həşir salırıq.
Biz ən yaxşı halda güzəşti bir-birimizə borc kimi verərik. Necə ki, M.A.Birand  yazısının sonunda haqlarını tələb edir. Belə də isə mən düşünmürəm ki,  bizim Türkiyəyə borcumuz var.
M.A.Birand yazısında Azərbaycanda bir zamanlar Türk bayraqlarının endirilməsini narahatlıqla vurğulayır. Ama unudur ki, biz o bayraqları dirəklərdə deyil, qəlbimizdə yaşadırıq… Tarixçi Anar İsgəndərov yazır: "1919-cu ilin sentyabrında indiki Şəhidlər Xiyabanında türk şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün möhtəşəm bir abidənin özülü qoyuldu. Təəssüf ki, 1920-ci ilin bolşevik çevrilişi bütün şəhidlərə ümumxalq məhəbbətinin və minnətdarlığının simvoluna çevrilməli olan bu abidənin tikintisinin başa çatmasına imkan vermədi. Həmin abidənin tikintisi, nəinki dayandırıldı, hətta türk və türkçülük sözü rəsmi yasağa çevrildi. Yalnız 90-cı illərin əvvəllərində Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra Qafqaz İslam Ordusunun xilaskarlıq yürüşləri ilə bağlı mətbuatda yazılar görünməyə başladı. Qafqaz İslam Ordusunun tarixi xidmətləri nəzərə alınaraq 1999-cu ildə onun şərəfinə Şəhidlər Xiyabanında möhtəşəm bir abidə ucaldıldı. Bu gün hər bir azərbaycanlı Şəhidlər Xiyabanını ziyarət edərkən Azərbaycanın istiqlalı yolunda şəhid olan türk və azərbaycanlı əsgər və zabitlərinin ruhuna dualar oxuyur və deyir: "Qəbriniz nurla dolsun. Allah sizə rəhmət eləsin"!
Onlar nə edir? Ermənistan prezidentinin gözünə girməsin deyə, Azərbaycan bayrağını çöp qutularına atırlar. Azərbaycan hökumətini bayraq məsələsinə görə ittiham etmək qərəzdən başqa bir şey deyil. AKP iqtidarını mədh edənlərə isə sadəcə bildirmək istərdik ki, Türkiyə-Ermənistan futbol oyunu zamanı zibilliyə atılan Azərbaycan bayrağı ilə bağlı kadrlara diqqətlə baxsınlar. Azərbaycan xalqı hər zaman qanı bir, canı bir türk xalqı ilə həmrəy olub. Sadə bir misal. Türkiyənin futbol üzrə dünya çempionatında əldə etdiyi qələbələrin Azərbaycanda necə bayram və sevinclə qarşılanmalarını yada salsalar yaxşı olar.
M.A.Birand öz yazısında həmçinin Azərbaycanı soyqırım məsələsində heç bir addım atmadığını iddia edir. Əlbəttə ki, yanılır, bu məsələdə Azərbaycan prezidenti, parlamenti, xaricdəki diasporu, mətbuatı və sadə vətəndaşları belə öz etiraz səslərini daim ucaldıblar. Bu məsələdə hər zaman Türkiyəyə ən böyük dəstəyi onların özlərindən çox biz vermişik.   
Prezident İlham Əliyev bütün çıxışlarında qondarma soyqırımı iddialarını rədd edən fikirlər səsləndirib. Ölkə parlamentində çıxış edən Azərbaycanın millət vəkilləri aza qala ABŞ Konqresinin Nümayəndələr Palatasını topa tutsunlar. Azərbaycanın xaricdəki diaspor təşkilatları həm türklərlə birgə, həm də ayrı-ayrılıqda aksiyalar keçirir, küçələrdən yığışmırlar.
M.A.Birandın iddiasından fərqli olaraq, Türkiyə–Ermənistan sınırının açılmasında əngəl olaraq Qarabağ sorunu birinci deyil, sonuncudur. Türkiyə hakimiyyəti əvvəla qətlə yetirilmiş diplomatları, dinc sakinlərinin ruhları qarşısında hesabat verməlidir. Sonra isə ərazi bütövlüyünün Ermənistan tərəfindən hələ də tanınmamasının səbəblərini çözməlidir.
Artistlik etməyə dəyməz, nə edirsiniz, edin. İran edib nə olub ki? Türkiyə və İranla bizi TÜRKlükdən daha müqəddəs amal birləşdirir: müsəlman həmrəyliyi. Amma nə olsun, buna məhəl qoyan varmı?
Bu yalvarış və xatırlamalar bizə lazımdırmı? Niyə dövlət və millət olaraq özümüzü bu qədər kiçildirik. Azərbaycanın müstəqil siyasəti, qədim dövlətçilik tarixi var.
Bəli, mən də qəbul edirəm ki, Türkiyə hər zaman Azərbaycanın yanında olub, amma səbr edib sona kimi dura biləcəyini gözləyirik. 
Paşaların (Nuru, Ənvər, Xəlil, Mürsəl) Azərbaycana dəstəyini məmləkətimizdə böyükdən-kiçiyə bilməyən yoxdur. Hələ o zaman Azərbaycan hökumətinin başçısı Fətəli xan Xoyski Bakının azad edilməsi münasibətilə Nuru paşaya yazırdı: "Cəsur türk əsgərlərinin Azərbaycanın baş kəndi olan Bakının düşməndən təmizlənməsi münasibətilə millətimin adından dünyanın ən cəsur və soylu əsgəri olan türkün oğullarına minnətdar olduğumuzu ərz etməklə iftixar edirəm. Millət sizə minnətdardır".
Bu fakt ələbəttə ki, sevindiricidir. Amma onu da qəbul edək ki, Azərbaycan da Türkiyəyə heç zaman arxa çevirməyib. Çanakkalədə minlərə azərbaycanlı özünü fəda edib, şəhid olub. Bu tarixi necə, bilirikmi? Bilmirik, indi-indi öyrənməyə çalışırıq… 
Dünyanın imperalist gücləri sərhədlərin açılmasında maraqlıdır. Sərhədlərin açılması hesabına isə ABŞ, Avropa və Rusiya Cənubi Qafqazda geosiyasi problemlərini həll etmək istəyirlər.
Azərbaycandan baxanda Türkiyə böyük görünə bilər, dünyadan baxanda isə Siz sandığınız kimi o qədər də böyük deyilsiniz.
Etiraf edin ki, sərhədlər açıq olmasa da, Türkiyə Ermənistan əlaqələri de fakto mövcuddur.
Rəngli kostyumlar geyib, kravatlar taxıb KANAL D ekranlarında poz verməklə olmaz bu iş... Okeanın o tayından mesaj var: koş sınıra arkadaş, hadi koş…

N.NİFTİYEV
URL / WWW
http://kelam.az/article/a-1197.html