Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Kirill ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdi
07.05.10 23:03

Azərbaycanda rəsmi səfərdə olan Moskva və Bütün Rusiyanın patriarxı Kirill Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etdi, məzarı önünə əklil qoydu.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olundu, məzarı üstünə gül dəstələri düzüldü.

Prezident patriarx Kirilli qəbul etdi
Prezident İlham Əliyev Moskva və Bütün Rusiyanın patriarxı Kirilli qəbul etdi. Azərbaycan dövlət başçısı patriarx Kirilli qarşıladı.
Prezident İlham Əliyev qonağın Azərbaycana ikinci səfərini çox yüksək qiymətləndirdi. “Bu, sizin ölkəmizə xeyirxah münasibətinizin əyani göstəricisidir. Biz sizi Azərbaycanın böyük dostu, ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına layiqli töhfə verən insan kimi tanıyırıq. Sizin Rusiyanın rifahı naminə, xalqlar arasında qlobal miqyasda əməkdaşlıq naminə fəaliyyətinizi izləyirik. Əlbəttə, ölkəmizə sizin növbəti səfəriniz geniş spektrli məsələlər barəsində fikir mübadiləsi aparmaq üçün növbəti imkandır. Rusiya ilə Azərbaycan arasında münasibətlər çox uğurla, dinamik inkişaf edir. Hər iki tərəf bu münasibətləri strateji tərəfdaşlıq münasibətləri kimi səciyyələndirir və bu ifadə bütün çoxşaxəli müştərək fəaliyyət sahəsini əhatə edir. Əlbəttə, bu münasibətlərdə xüsusən xalqlarımızın yanaşı yaşamasının, müştərək fəaliyyətinin, rus və Azərbaycan xalqları arasında ənənəvi dostluq münasibətlərinin çoxəsrlik tarixini nəzərə alsaq, xalqlar arasında münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Biz çox şadıq ki, ciddi bu ənənələr möhkəmlənir, davam edir və Sizin bu işə böyük töhfənizi bir daha qeyd etmək istərdim. Azərbaycan dövləti bunları, eləcə də dünyada bütün konfessiyalar arasında dialoqun inkişafı işində böyük xidmətlərinizi nəzərə alaraq sizi yüksək dövlət ordeni – “Şərəf” ordeni ilə təltif etmişdir. İndi mən böyük məmnunluqla bu ordeni sizə təqdim etmək istərdim”,- deyən prezident İlham Əliyev patriarx Kirillə “Şərəf” ordenini təqdim etdi.
Rus Pravoslav kilsəsinin başçısı bu ordenə Azərbaycan və Rusiya arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə layiq görüldü.
Moskvanın və Bütün Rusiyanın patriarxı Kirill Azərbaycan dövlətinin başçısına təşəkkürünü bildirdi: “Zati-aliləri, çox hörmətli cənab Prezident!
Mənə Azərbaycanın dövlət ordenini təqdim etməklə məni layiq gördüyünüz bu yüksək şərəfə, həmişə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə ürəkdən təşəkkür etmək istərdim. Lakin ən başlıcası, Azərbaycan xalqının və MDB xalqlarının rifahı naminə əməyinizə görə Sizə təşəkkür etmək istərdim.
Mən Moskvadan gəlmişəm və buna görə əlbəttə, Rusiya-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsinin vacibliyini xüsusi vurğulamaq istərdim. Bu sahədə Sizin töhfəniz olduqca qiymətlidir. Siz rəhmətlik valideyninizin, Rusiyanın böyük dostunun yeritdiyi xətti davam etdirirsiniz və biz bu münasibətlərin necə sürətlə inkişaf etdiyini görürük. Bu münasibətlərdə yeni dinamizm Sizin adınızla bağlıdır və mənim fikrimcə, xalqlarımız arasında tərəfdaşlıq, dostluq münasibətləri həm Qafqaz regionunda, həm də bütün dünyada sülhün qorunub saxlanması üçün çox böyük əhəmiyyət kəsb edir. Mən dinlərarası münasibətlərdə Sizin rolunuzu xüsusi vurğulamaq istərdim. Azərbaycan dövlətində insanların əksəriyyəti islam dininə etiqad edir. Lakin burada pravoslav və yəhudi icmaları da ənənəvi olaraq mövcuddur və Azərbaycanda heç vaxt dinlərarası münaqişələr olmamışdır. Müasir terminologiyadan istifadə etsək, bu gün tolerantlığın yüksək səviyyədə olduğunu deyərdik. Əvvəllər insanlar bu cür qəliz sözlər işlətmir, daha sadə danışırdılar. Biz birgə yaşayırıq, bayramlarımızı birgə qeyd edirik, bir-birimizin sevincini və kədərini bölüşürük. Mən Azərbaycanın pravoslav icması adından Sizin xalqınızın həyatına xas olan bu sülhsevərlik ruhuna görə, həm Azərbaycanın daxili həyatı üçün, həm də Azərbaycanın onu əhatə edən ölkələrlə, zənnimcə dünyanın bütün ölkələri ilə münasibətlərinin qurulması üçün çox böyük əhəmiyyət kəsb edən mehriban dinlərarası münasibətlərə görə Sizə ürəkdən təşəkkür etmək istərdim. Mən həm də Sizə Rus Pravoslav kilsəsi tərəfindən dərin təşəkkürümü və minnətdarlığımı bildirmək və teleqramı oxumaq istərdim. Xeyirxah əməl sahibi olan hər kəsə eşq olsun”.
Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev Azərbaycan Respublikasında dinlərarası sülhün və həmrəyliyin möhkəmlənməsinə sanballı töhfə verdiyinə görə Rus Pravoslav kilsəsinin “I dərəcəli Şöhrət və Şərəf” ordeni ilə təltif edilir”. Mən ordeni Sizə təqdim edirəm. Moskvanın və Bütün Rusiyanın patriarxı Kirill ordeni Prezident İlham Əliyevə təqdim etdi.
Prezident İlham Əliyev ordenə görə təşəkkür etdi. Dövlət başçısı əlavə etdi ki, Sizi, Azərbaycanın bütün vətəndaşlarını, ölkəmizdə yaşayan bütün millətlərin və xalqların nümayəndələrini, bütün dinlərin nümayəndələrini əmin edə bilərəm ki, mən bundan sonra da öz fəaliyyətimdə ölkəmizdə millətlərarası, konfessiyalararası dialoq işinə töhfə verməyə çalışacağam.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Moskvanın və Bütün Rusiyanın patriarxı Kirilli salamladı.
Rus Pravoslav kilsəsinin başçısı Mehriban xanımı görməyə şad olduğunu dedi. O, Azərbaycanın birinci xanımına gül dəstəsi və hədiyyə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyevin adından Moskvanın və Bütün Rusiyanın patriarxı Kirillin şərəfinə şam yeməyi verildi.

Patriarx Kirill Təzəpir məscid kompleksi ilə tanış oldu

Moskva və Bütün Rusiyanın patriarxı Kirill Təzəpir məscid kompleksində oldu. Hörmətli qonağı Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə qarşıladı.
Moskva və Bütün Rusiyanın patriarxı Kirill Təzəpir məscid kompleksi ilə tanış oldu. Ona məlumat verildi ki, Prezident İlham Əliyevin göstərişi əsasında 2005-ci ildə məscidin bərpası və ətraf ərazilərin yenidən qurulması layihəsi hazırlanıb. Layihəyə əsasən bərpa və yenidənqurma işləri zamanı Təzəpir məscidi ilkin görkəminə qaytarılıb, kompleksə əzəli memarlığa xələl gətirməyən elementlər əlavə edilib. Məscidin bərpasında Azərbaycan və Şərq nəqqaşlıq məktəblərinin nadir elementlərindən də istifadə olunub.
Kompleksdə Bakı İslam Universitetinin tədris korpusu yerləşir. Korpusun hər mərtəbəsində 10 sinif otağı olmaqla 250 tələbənin təhsil alması üçün müasir şərait yaradılıb.
Rus Pravoslav kilsəsinin başçısı Kirill və Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Bakı İslam Universitetinin tələbələri qarşısında çıxış ediblər.
Azərbaycanın həmişə tolerantlığın, qardaşlığın, dostluğun məkanı olduğunu vurğulayan Şeyxülislam vurğuladı ki, aprelin 26-da Bakıda dünya dini liderlərinin ikigünlük sammiti keçiriləcək. Sammitdə 30-dan artıq ölkənin, 18-dən çox beynəlxalq təşkilatın nümayəndələri iştirak edəcək. Şeyx əlavə etdi ki, bu, Azərbaycan dövlətinin mənəviyyat və din sahəsində həyata keçirdiyi siyasətə verilən qiymətin bariz nümunəsidir.
Patriarx Kirill isə çıxışında  Bakıda keçrilən tədbirlərdə dünyanın bugünkü vəziyyətini yaxından müzakirə etmək imkanı qazanacaqlarını söylədi.
Azərbaycanın düzgün qanunlarla idarə olunduğunu deyən Moskva və Bütün Rusiyanın patriarxı ölkəmizdə dövlətin dinə, habelə müxtəlif dinlərə etiqad edən insanlara xoş münasibətindən məmnunluğunu ifadə etdi. O əlavə etdi ki, Azərbaycanda hər kəs öz dini hisslərini ifadə etməkdə azaddır.
Patriarx dini dəyərlərin qorunmasına və möhkəmlənməsinə göstərdiyi qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. O vurğuladı ki, mən çox şadam ki, Prezident İlham Əliyev dinlərarası məsələlərə çox böyük diqqət ayırır. “Dünən Azərbaycan dövlətinin başçısı ilə görüşdə bu gözəl ölkədə dinlərarası münasibətlərə belə yüksək diqqət ayırdığı üçün Prezident İlham Əliyevə təşəkkür etdim”,-deyə 
Moskva və Bütün Rusiyanın patriarxı Kirill kompleksdə Qafqaz Müsəlmanları İdarəsinin 6 min ədəbiyyatın mühafizə edildiyi kitabxanası ilə də tanış oldu, buradakı qədim kitablara, Təzəpir məscidi haqqında CD-lərə baxdı, xatirə kitabına ürək sözlərini yazdı.
 


MDB Dinlərarası Şurası toplandı

Bakıda MDB Dinlərarası Şurasının iclası keçirildi  (25 aprel).
İlk dəfə Azərbaycan paytaxtında, Təzəpir məscidinin böyük konfrans zalında keçirilən iclas mühüm beynəlxalq forum – dünya dini liderlərinin Bakı sammiti ərəfəsində təşkil olunmuşdu.
İclas həm də MDB Dinlərarası Şurasının həmsədrlərindən biri, Patriarx II Aleksinin vəfatından sonra ilk dəfə keçirilirdi.
Tədbirdə MDB ölkələrindən 17 dini lider, habelə xarici qonaqlar iştirak edirdi.
MDB Dinlərarası Şurasının həmsədri, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə iclasda əsas məruzə ilə çıxış etdi.
A.Paşazadə MDB Dinlərarası Şurasının çoxillik fəaliyyətinə yekun vuraraq bildirdi ki, Şura Birlik ölkələri arasında ənənəvi mədəni-dini əlaqələrin nəinki inkişaf etdirilməsinə, həm də keyfiyyətcə yeni səviyyəyə qalxmasına nail ola bilib. Şeyxülislam dini zəmində qarşıdurmaların, dini radikalizmin, ksenofobiyanın, dindən siyasi məqsədlərlə istifadə olunmasının, ekstremistlərin və terrorçuların milli və dini dözümsüzlüyün qızışdırılması üçün dini şüarlardan istifadə etməsinin, habelə postsovet məkanında dini ekspansiyanın qarşısının alınması istiqamətində Şuranın uğurlu fəaliyyətini vurğuladı. O qeyd etdi ki, xalqlarımızı tolerantlığa istiqamətləndirməklə biz birgə səylərimiz sayəsində çoxkonfessiyalı MDB məkanında millətlərarası həmrəyliyi, mədəniyyətlərarası dialoqu dərinləşdirə, bununla da cəmiyyətin birliyini qoruyub saxlaya bilmişik.
Dinlərarası Şuranın əldə etdiyi nailiyyətlərdən danışan həmsədr 2004-cü ildə Dinlərarası Sülhyaratma Forumu, 2006-cı ildə dünya dini liderlərinin Moskva sammitinin keçirilməsini diqqətə çatdırdı. A.Paşazadə bu yüksək beynəlxalq forumları Birlik ölkələri dini liderlərinin müasir dünyanın problemlərinə konstruktiv yanaşma nümunəsi kimi qiymətləndirdi. Qafqaz Müsəlmanları İdarəsinin sədri əmin olduğunu bildirdi ki, MDB Dinlərarası Şurasının himayəsi ilə keçirilən dünya dini liderlərinin Bakı sammiti Şuranın dünya səviyyəsində nüfuzunun artmasına kömək edəcək.
İclas iştirakçıları MDB Dinlərarası Şurasının sabiq həmsədri, MDB məkanında hörmətli din xadimlərindən biri olmuş, dinlərarası dialoqun və konfessiyalararası əməkdaşlığın möhkəmləndirilməsi işinə böyük töhfələr vermiş mərhum Patriarx II Aleksinin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
İclasda təşkilatı məsələlərə də baxıldı. Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə MDB Dinlərarası Şurasının Nizamnaməsini rəhbər tutaraq şuranın yeni həmsədrini – Moskva və Bütün Rusiyanın Patriarxı Kirilli təqdim etdi.
Şeyxülislam xüsusi vurğuladı ki, zati-müqəddəsləri Patriarx Kirill sülhün bərqərar olması, həm MDB çərçivəsində, həm də dünya səviyyəsində milliyyətindən və dinindən asılı olmayaraq, bütün insanların qardaşlığı üçün böyük səy göstərir.
A.Paşazadə Azərbaycan Prezidenti tərəfindən dövlətimizin ali mükafatı – “Şərəf” ordeninə layiq görülməsi münasibətilə Patriarx Kirilli təbrik etdi, əmin olduğunu bildiri ki, dövlət başçısı tərəfindən Patriarxın fəaliyyətinə verilən bu yüksək qiymət dövlətlərimiz və xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcək.
Sonra Şuranın yeni həmsədri, Rus Pravoslav kilsəsinin başçısı Kirill çıxış etdi.
İclasda Birlik ölkələri dini liderləri də çıxış etdilər. Onlar MDB məkanında konfessiyalararası qarşılıqlı fəaliyyətin və əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi yollarını konstruktiv dialoq ruhunda müzakirə etdilər. İclas iştirakçıları xüsusi vurğuladılar ki, din qarşılıqlı anlaşma və etimad üçün möhkəm zəmin olmalıdır. MDB ölkələrinin dindarları əsrlər boyu yanaşı yaşamış, Birlik məkanında konfessiyalararası və millətlərarası sülhün və anlaşmanın möhkəm təməlinə çevrilmiş qardaşlıq və əməkdaşlıq ruhunu qoruyub saxlayırlar.
İclas iştirakçıları MDB din xadimlərinin əsas məsələlərdə həmrəy olduqlarından razılıqlarını ifadə etdilər. Birlik ölkələri din xadimləri öz həmvətənlərinin ağlına və qəlbinə təsir göstərməklə, bundan sonra da onları xalqlarının rifahı naminə dinc yanaşı yaşamağa çağırmağı öz borcları hesab etdilər.
Moskva Patriarxlığının kilsə və cəmiyyətin qarşılıqlı fəaliyyəti şöbəsinin sədri Vsevolod Çaplin MDB Dinlərarası Şurasının İcraiyyə Komitəsinin sədri, keşiş Georgi Roşşin MDB DŞ-nin İcraiyyə Komitəsinin əlaqələndirici katibi seçildilər.
MDB Dinlərarası Şurasının yeni üzvləri təqdim olundu.
Sonda iclas iştirakçıları MDB Dinlərarası Şurasının iclasının yüksək səviyyədə keçirilməsi üçün yaradılan şəraitə görə Azərbaycan dövlətinə və hökumətinə minnətdarlıqlarını bildirdilər.

Sammit iştirakçılarının şərəfinə şam yeməyi verildi

MDB Dinlərarası Şurası iclası və dünya dini liderləri Bakı sammitinin iştirakçılarına Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin iqamətgahında şam yeməyi verildi.
Jurnalistlərə qısa müsahibəsində Moskva və Bütün Rusiyanın patriarxı Kirill Azərbaycanda dinlərarası münasibətlərin yüksək səviyyədə olduğunu söylədi. O vurğuladı ki, Azərbaycanın müstəqillik illərində tolerantlıq həmişə yüksək səviyyədə olub. Bu, ilk növbədə dövlət başçısının apardığı müdrik siyasətin nəticəsidir.
Bakıda işə başlayacaq dünya dini liderlərinin ikigünlük sammitinin əhəmiyyətindən danışan patriarx Kirill, bu forumun dinlərarası əməkdaşlığa yeni töhfələr verəcəyinə əminliyini bildirdi. O əlavə etdi ki, dövlətlərimiz müstəqilliklərini bərpa etdikdən sonra çoxları düşünürdü ki, dinlərarası dialoqa son qoyulub. Amma biz bu gün qardaşlıq münasibətlərini qoruyub saxlamaqla ölkələrimizin rastlaşdığı probemlərin qarşısında eyni mövqedən çıxış edərək bir “dildə” danışa bilirik.
Müxtəlif dinlərdən olan insanları bir araya toplayan sammitin daim dinlərarası dialoqa və əməkdaşlığa can atan Azərbaycanda keçirilməsi isə çox əlamətdar hadisədir.

Patriarx Bakıdakı Jen-mironosis kafedral kilsəsində Liturgiya keçirdi

Azərbaycanda rəsmi səfərdə olan Moskva və Bütün Rusiyanın patriarxı Kirill Bakıdakı Jen-mironosis kafedral kilsəsində liturgiya keçirdi.
Liturgiyada Bakı və Xəzəryanı Yeparxiyasının yepiskopu Aleksandr, Rus Pravoslav kilsəsinin başçısını müşayiət edən keşişlər, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və ölkəmizdəki pravoslav icmasının üzvləri iştirak edirlər.
Moskva və Bütün Rusiyanın patriarxı Kirill dini ayinləri icra edib.
Liturgiya başa çatdıqdan sonra Bakı və Xəzəryanı Yeparxiyasının yepiskopu Aleksandr Rus Pravoslav kilsəsinin başçısına Azərbaycana səfər etdiyinə, bütün pravoslav icmasına olduğu kimi, Bakı və Xəzəryanı Yeparxiyasına, ölkəmizdəki pravoslav vətəndaşlara göstərdiyi diqqətə görə minnətdarlığını bildirib.
Yeparxiya adından qonağa xatirə hədiyyəsi təqdim olunub.
Moskva və Bütün Rusiyanın patriarxı Kirill Azərbaycanda olmasından məmnunluğunu bildirib, Bakıya Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin dəvəti ilə, dinlərarası dialoq və dünyada mövcud olan problemlərin aradan qaldırılmasında din xadimlərinin rolu barədə müzakirələrdə iştirak etmək üçün gəldiyini söyləyib.
Patriarx Kirill Azərbaycanda pravoslav xristianlara göstərilən xoş münasibətə və tolerant mühitə görə minnətdarlıq edərək deyib: “Mən Prezident İlham Əliyevə, müsəlman qardaş və bacılarımıza Azərbaycan dövlətinin, Azərbaycan xalqının pravoslav icmasına göstərdiyi xoş münasibətə görə minnətdarlığımı bildirmək istəyirəm. Biz burada sayca azıq. Lakin bizi Azərbaycan dövlətinin qanunları, ölkə rəhbərliyinin xoş məramı, müsəlman qardaş və bacılarımızın dost münasibəti qoruyur”.
Pravoslav icmasını bütün dinlərin nümayəndələri ilə sülh və dostluq şəraitində yaşamağa çağıran patriarx Kirill müasir dünyada yaranan problemlərin, münaqişələrin, çətinliklərin öhdəsindən gəlmək üçün Ulu Tanrıya edilən duaların, İlahi həqiqətin əhəmiyyətini vurğulayıb.
Patriarx Kirill Bakı və Xəzəryanı Yeparxiyasının yepiskopu Aleksandra əsa, Yeparxiyaya isə müqəddəs Məryəmin təsviri əks olunmuş ikonanı hədiyyə edib, hamıya xoş arzularını çatdırıb.
URL / WWW
http://kelam.az/article/a-1188.html