Amerika Birləşmiş Ştatları tərəfindən Suriya ərazisində hərbi əməliyyatlara başlanılacağı barədə xəbərlər bütün dünya ictimaiyyətini, o cümlədən, Qafqaz Müsəlmanları İdarəsini narahat edir və diqqət mərkəzindədir. Belə ki, bu hadisələrin gedişatı ümumən bəşəriyyətin taleyinə təsir edə bilər. Suriya torpağı tarixən müxtəlif dinlərin nümayəndələrinin yaşadığı və zəngin mənəvi irs yaratdığı məkan olmuşdur. Hazırda bu torpaqlarda müqəddəs məkanların, o cümlədən, İslam ziyarətgahlarının dağıdılması və insanların kütləvi məhvi bizim qəlbimizi sarsıdır və hədsiz hiddətləndirir. Heç bir vəchlə bu hadisələrə haqq qazandırmadan, əsl günahkarların ciddi şəkildə müəyyən edilib, beynəlxalq mühakiməyə verilərək cəzalandırılmasının tərəfdarıyıq. İnsanlıq əleyhinə cinayət törətmişlərin məhvi adı ilə günahsız insanların cəzalandırılmasını isə heç bir halda qəbul edə bilmərik.
|