Dil millətin varlığının əsas şərtlərindən, göstəricilərindən biridir. Azərbaycan xalqının varlığını yaşadan Azərbaycan dili neçə yüz illərdir ki, onun milli, mənəvi varlığını, mövcudluğunu qoruyub saxlayır. Ona görə də ana dili hər bir xalqın qürur mənbəyidir. Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir. Tarix boyu başı min cür bəlalar çəkmiş Azərbaycan xalqı zaman-zaman repressiyalara məruz qalsa da öz ana dilini qoruyub saxlaya bildi. Müxtəlif illərdə Azərbaycan xalqı bütün istilalara, təzyiqlərə baxmayaraq, reallığının, ruhunun, həyatının təzahürü olan bu müqəddəs sərvətimizi qoruyub yaşadaraq, inkişaf etdirərək ən təkmil, mükəmməl dil səviyyəsinə qaldıra bildi.
|