Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası məhərrəm ayının başlaması ilə əlaqədar Fətva verib. Fətvada deyilir: “Möhtərəm mömin qardaş və bacılarımız! Hicri-qəməri təqvimi ilə 1434-cü il başa çatır. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası nəzərinizə çatdırır ki, yeni 1435-cü ilin başlanğıcı - Məhərrəm ayının 1-i miladi təqvimi ilə 2013-cü il noyabr ayının 5-nə təsadüf edir. Məhərrəm ayı hicri-qəməri ilinin ayları arasında müqəddəs aylardan biridir.
Təhsil naziri Mikayıl Cabbarov Gürcüstanın, Belçika Krallığının və Koreya Respublikasının ölkəmizdəki səfirləri ilə ikitərəfli görüşlər keçirib. Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze, Belçika Krallığının Azərbaycandakı səfiri Karen Petit, Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-İn ilə keçirilmiş ikitərəfli görüşlər zamanı ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb. Həmçinin, tələbə mübadiləsi, ikitərəfli əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib.
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov Dövlət Komitəsinin dəstəyi, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin iştirakı və “Müasir inkişaf” ictimai birliyinin təkilatçılığı ilə həyata keçirilən “Milli Mənəvi dəyərlər və Milli Kimlik layihəsi” çərçivəsində nəşr olunması planlaşdırılan eyniadlı kitabında məqalə ilə çıxış edəcək alim və tədqiqatçılarla görüş keçirib.
Prezident İlham Əliyevin tapşırığı ilə bütün məscidlərin və digər dini məbədlərin istilik sisteminə təbii qaz təmənnasız veriləcək. ARDNŞ xəbər verir ki, əsasən ölkə ərazisində fəaliyyət göstərən bütün məscidlərin və digər konfessiyalara mənsub dini məbədlərin istilik sisteminə təbii qazın təmənnasız verilməsi qərara alınıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 16-da Belçikaya yola düşüb. Səfər Krans Montana Forumunun Brüsseldə keçirilən XV illik sessiyasına dəvət əsasında həyata keçirilir. Oktyabrın 16-da açılışı olacaq sessiya oktyabrın19-dək davam edəcək. Sessiyanın işi müxtəlif mövzulara həsr olunmuş plenar iclaslar şəklində təşkil edilmişdir. Plenar iclasların nüzakirəsinə çıxarılan mövzular arasında YUNESKO və İSESKO ilə əlaqədə «Daha humanist dünya: stabilliyin və inkişafın yolu» problemi yer almışdır.
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Qurban bayramı münasibəti ilə Fətva verdi. Fətvada deyilir: Allah-Təalanın müsəlmanlara bəxş etdiyi müqəddəs Qurban Bayramı münasibətilə Qafqaz Müsəlmanları İdarəsi və onun rəhbərliyi Azərbaycan xalqını və bütün müsəlmanları təbrik edir, bu əziz gündə Uca Yaradandan hamıya mərhəmət və məğfirət diləyir. Bu müqəddəs günlərdə Vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifah və səadəti, işğal altında olan torpaqlarımızın azad olunması üçün dualar edir, xüsusilə Qurban bayramının layiqli şəkildə keçirilməsinə imkan və şərait yaradan dövlətimizə dərin minnətdarlığımızı və xeyir-dualarımızı çatdırırıq.