Baş Prokurorluq Milli Məclisin deputatı Aydın Mirzəzadənin sürücüsünün törətdiyi yol qəzası ilə bağlı məlumat yayıb. Bildirilir ki, yanvarın 23-də saat 06:50-də Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisində Qocayev Faiq Əşrəf oğlu idarə etdiyi, “Aztelekom” İstehsalat Birliyinə məxsus “Honda-Accord” markalı, 10 PD 199 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada, 1955-ci il təvəllüdlü Cavadova Mariya Hidayətovnanı vurub, nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibbi ekspertizası təyin edilib və digər prosessual hərəkətlər yerinə yetirilib. Fakta görə Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.
|