“Xristian dini icmalarının Azərbaycanda fəaliyyəti üçün həm qanunvericilik, həm də dini mühit baxımından normal şərait mövcuddur”. Bunu APA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov “Open doors” (Açıq qapılar) təşkilatının Azərbaycanda xristian icmalarının fəaliyyətinin məhdudlaşdırılması və onların dövlət qeydiyyatına alınmaması ilə bağlı yaydığı məlumata münasibət bildirərkən deyib. E. İskəndərov qeyd edib ki, bu məlumatlar həqiqətə uyğun deyil və qərəzlidir: “Belə ki, təşkilat Azərbaycanla bağlı hazırladığı məlumatda iddia edir ki, 2010-cu ildə bütün kilsə və dini qurumlardan yenidən qeydiyyatdan keçmək tələb olunduğundan guya protestant məzhəbləri hələ də qeyri-leqal statusdadırlar. Halbuki 2010-cu ildən sonra ondan çox xristian dini icması, o cümlədən pravoslav, katolik, malakan, eləcə də Lüteran, “Yeni həyat”, “Həyat sözü” protestant dini qurumları Dövlət Komitəsində yenidən qeydiyyata alınıb. Ona görə də “Open doors” bu faktlara gözlərini açsa, öz adına daha uyğun olar”.
|