|
Səhifələr : # 1 2 3 4 5 6 #
SAM-ın elmi işçisi MDB-nin "14-cü Neft və Qaz İxracı Konfransı"nda iştirak edəcək
|
30 oktyabr - 1 noyabr 2012-ci il tarixlərində İstanbulda (Türkiyə) "MDB-nin 14-cü Neft və Qaz İxracı Konfransı" keçiriləcək. Konfrans Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə “Energy Ex” tərəfindən təşkil olunacaq. Öz 14-cü ilində MDB-nin Neft və Qaz İxracı Konfransının Avropa və eləcə də Asiyanın istehlak bazarında ən effektiv, sərfəli və siyasi baxımdan həyat qabiliyyətli marşrutların (məsələn, Nabucco, TANAP, TAP, Cənub Cərəyanı və Nord Cərəyanı) təyin edilməsində MNŞ və BNŞ, istehlakçı və tranzit ölkələr üçün ən vacib sənaye görüşməsi olacağı gözlənilir. Strateji Araşdırmalar Mərkəzindən “KƏLAMİNFO”ya verilən məlumata görə, konfransda Azərbaycanın mövqeyini SAM-ın aparıcı elmi işçisi Gülmira Rzayeva təmsil edəcək. O, “Azərbaycanın Cənub Dəhlizinə baxışı: milli prioritetlər və beynəlxalq öhdəliklər” mövzusunda məruzə ilə çıxış edəcək.
Konfransda Rusiya və MDB və digər ölkələrdən olan 120 şirkətdən 180 nümayəndənin iştirakı nəzərdə tutulub.
|
29.10.12 Məqaləni oxumaq
|
|
|
Azərbaycanın Zəngilan rayonu 19 ildir ermənilərin işğalındadır
|
Bu gün Azərbaycanın Zəngilan rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 19 il ötür. “KƏLAMİNFO” xəbər verir ki, 1993-cü il oktyabrın 29-da erməni hərbi birləşmələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafında sonuncu rayonu – Zəngilanın işğalını başa çatdırıblar.
Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşən və mühüm strateji əhəmiyyətə malik Zəngilan rayonunun ərazisi 700 kvadrat km, əhalisi isə 35 mindən çox olub. İşğaldan sonra Bakı-Mincivan-Qafan dəmiryolu xəttinin keçdiyi Mincivan stansiyası tamamilə dağılıb. İşğal olunmazdan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu fəaliyyət göstərib. Ümumilikdə I Qarabağ müharibəsində Zəngilan rayonu 188 şəhid verib.
|
29.10.12 Məqaləni oxumaq
|
|
|
Suriyada döyüşlər davam edir
|
Suriyada Qurban bayramına görə 4 günlük atəşkəs elan edilsə də, döyüşlər davam edir. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, hökumət qüvvələri Dəməşq ətrafını artilleriya atəşinə tutub. Həmçinin Hələb və ölkənin digər şəhərlərində döyüşlər getdiyi xəbər verilir. Təkcə şənbə və bazar günləri ölkədə 200-dən çox adam öldürülüb.
|
29.10.12 Məqaləni oxumaq
|
|
|
Sabirabad RİH: “Rayon rəhbərliyi barədə məlumatlar kiminsə qeyri-sağlam fantaziyasının məhsuludur”
|
Bəzi kütləvi informasiya vasitələrində Sabirabad rayon rəhbərliyi barədə məlumatlar yer alıb. Bildirilir ki, naməlum şəxs tərəfindən rayon rəhbərliyinə qarşı hörmətsizliyə yol verilib. “KƏLAMİNFO” adıçəkilən rayonun icra hakimiyyəti ilə əlaqə saxlayaraq məsələyə aydınlıq gətirib. İH-in mətbuat xidmətindən bildirilib ki, məqaləni dərc edən qəzet heç bir fakta əsaslanmadan, qarşı tərəfin fikrini öyrənmədən qanunvericiliyi kobud şəkildə pozaraq vəzifəli şəxsə qara yaxmağa çalışıb: “Həmin məqalənin müəllifi əslən rayonun Xəlfəli kəndindən olsa da, kənd əhalisi arasında heç bir nüfuzu olmayan birisidir. Hətta vaxtilə törətdiyi bəd əməlinə görə məhkum da olunub.
Bu gün Sabirabad ölkə rəhbərinin diqqət və qayğısı ilə yenidən qurulur. Özünü həqiqətən sabirabadlı hesab edən hər bir kəs bu inkişafa sevinməli və aparılan işlərə dəstək olmalıdır. Bir daha bildiririk ki, məqalədə göstərilən gülünc doğuran məlumat yalan və böhtan xarakterli olması ilə yanaşı, kiminsə qeyri-sağlam fantaziyasının məhsuludur”.
|
29.10.12 Məqaləni oxumaq
|
|
|
Zahid Oruc: “Onlar Putinə bağlı xüsusi xidmət orqanlarının yetirmələridir…”
|
“Bu gün Rusiya siyasi elitasında kəşfiyyat əsilli insanlar hakimdir və dövlətin daxili, xarici siyasətində də bu tendensiya hakimdir”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Azərbaycan Milli Məclisinin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib.
O qeyd edir ki, xarici siyasətdə Rusiyanın postsovet ölkələrindəki maraqlarını qabardan prezident Vladimir Putin bu elitanı ətrafında daha sıx birləşdirərək ciddi planlar qurur: “Hətta ölkənin maraqlarını əhatə edən ölkələrdə birbaşa danışıqlara çıxan şəxslər də Putinə bağlı xüsusi xidmət orqanlarının yetirmələridir. Onların bütün proseslərə nəzarət etdiyi barədə formalaşmış mif heç də əsasız deyil, çünki burada qeyd etdiyim kimi, Putinin planları əsas rol oynayır”.
|
29.10.12 Məqaləni oxumaq
|
|
|
Cinayət Məcəlləsinə məhkumların ictimai işlərə cəlb edilməsi ilə bağlı dəyişikliklər edilir
|
Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin İnsan haqları komitəsi ilə birgə iclası keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, iclasda əvvəlcə Cinayət Məcəlləsinə dəyişikliklərlə bağlı sənəd müzakirəyə çıxarılıb.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin rəhbəri Əli Hüseynlinin sədrliyi ilə keçirilən iclasda sənəd barədə komitə üzvü Rafael Cəbrayılov məlumat verib. O qeyd edib ki, Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklərdə məhkumların ictimai işlərə cəlb edilməsi ilə bağlı dəyişikliklər öz əksini tapıb. Onun sözlərinə görə, Məcəllədə olan müddəalar kifayət qədər köhnəlib. Dəyişiklərə əsasən ictimai işlər 80 saatdan 320 saatadək müddətdə müəyyən edilir və gün ərzində 4 saatdan çox ola bilməz. Bu cəzaya məhkum olunmuş şəxs həmin işləri yerinə yetirməkdən qərəzli boyun qaçırsa, məhkəmə ictimai işlərin çəkilməmiş hissəsini müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edə bilər.
|
24.10.12 Məqaləni oxumaq
|
|
|
TQDK-da xarici dillər üzrə qəbul imtahanı ilə əlaqədar elmi-metodiki seminar keçirilib
|
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında 2013–2014-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə xarici dillər (ingilis, alman, fransız, rus, ərəb və fars dilləri) üzrə qəbul imtahanı ilə əlaqədar elmi-metodiki seminarın növbəti iclası keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, seminarda müxtəlif ali təhsil müəssisələrini təmsil edən mütəxəssislər iştirak edirdilər.
Seminar iclasında növbəti tədris ili üçün xarici dillər üzrə magistraturaya qəbul imtahanı üçün proqramlar müzakirə olunub. Seminar iştirakçılarından R.İsayeva, S.Nuriyeva, L.Xanbutayeva və başqaları proqramlarla bağlı fikir və təkliflərini bildiriblər. Proqramlara müəyyən əlavələrin edilməsi təklif edilib.
Seminarın növbəti iclasında proqramların müzakirəsinin davam etdirilməsi qərara alınıb.
|
23.10.12 Məqaləni oxumaq
|
|
|
Rəbiyyət Aslanova: “Cərimələrin artırılması ilə bağlı təklif insan hüquqlarının qorunmasına xidmət edir”
|
“Tək indi yox, “Sərbəst toplaşmaq haqqında” qanunda qəbul olunandan sonra qanunda bir çox dəyişiklik olunub ki, onlar da insan hüquqlarının qorunmasına xidmət edir. Hazırkı cərimələrin artırılması ilə bağlı olunan təklif də bu silsilədəndir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Milli Məclisin İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib.
O qeyd edib ki, cəmiyyətdə gedən demokratikləşmə prosesi bu qanunlara dəyişikliklərin edilməsini şərtləndirir. Onun sözlərinə görə, Azərbaycan vətəndaşı qanunun aliliyini rəhbər tutarsa, heç bir cərimələrdən söhbət gedə bilməz.
|
23.10.12 Məqaləni oxumaq
|
|
|
Azərbaycanlı deputat QDİƏT PA-nın komitə iclasına dəvət olunub
|
Bu gün Milli Məclisin deputatı Jalə Əliyeva Rumıniyanın Buxarest şəhərinə gedir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər.
Deputat Qara Dəniz hövzəsi qeyri-hökumət təşkilatlarının forumuna Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının Mədəniyyət, təhsil, sosial məsələlər komitəsinin sədri kimi dəvət olunub. Tədbirdə uşaq hüquqlarının qorunması və onların gələcəyinin təmin edilməsi mövzusunda müzakirələr aparılacaq. Səfər oktyabrın 26-da başa çatacaq.
|
23.10.12 Məqaləni oxumaq
|
|
|
Əli Hüseynli: “Deputatların sayının artırılması gündəmdə deyil”
|
Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin Əli Hüseynli son günlər parlamentdə deputatların sayının artırılması ilə bağlı edilən təkliflərə münasibət bildirib. “KƏLAMİNFO” xəbər verir ki, Ə.Hüseynli belə bir dəyişikliyə ehtiyac olmadığını bildirib. O qeyd edib ki, hazırda komitənin gündəliyində bununla bağlı heç bir məsələ yoxdur: “Deputatların sayının artırılması kimi məsələ bizim hüquq ictimaiyyətində, Konstitusiya qanunvericiliyilə məşğul olan təşkilatlar arasında gündəmdə deyil, müzakirə olunmur”.
Qeyd edək ki, Azərbaycan millət vəkillərindən bir qismi Milli Məclisdə deputatların sayının 150-yə çatdırılması ilə bağlı təkliflər ediblər.
|
23.10.12 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 1 2 3 4 5 6 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|