Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Silinməyən iz
    “Böyük insanlar böyüklüyünü, özündən kiçiklərə qarşı diqqətləriylə göstərir”  (DEMOSTENES).

    Elə insanlar var ki, onların həyatda qoyduğu iz, açdığı cığır, keçdiyi şərəfli ömür yolu gələcək nəsillər üçün bir örnək olur. Adətən belələri ümumi məqsəd üçün çalışan, özləri isə getdikcə daha alicənab olan adamlardı. Azərbaycan xalqı xoşbəxt xalqlardandır ki, onun tarixi belə insanlardan korluq çəkməyib, faydalıı şəxsiyyətlər yetirib. Cəmiyyətimiz üçün bu kimi faydalı insanlardan biri də tanınmış filoloq, akademik Bəkir Nəbiyevdir.

    Bəkir müəllim 1930-cu il avqustun 21-də Ağdaş rayonu Üçqovaq kəndində ziyalı ailəsində doğulub. 1947-ci ildə Ağdaş rayonunda 1 saylı orta məktəbi bitirib. Gələcək akademik əmək fəaliyyətinə müharibə illərində başlayıb. 1945-47-ci illərdə Ağdaş radio şəbəkəsinin diktoru işləyib. 1947-1949-ci illərdə Ağdaş şəhərində və Yeniarx kəndində müəllimlik edib. 1949-54-cü illərdə isə Azərbaycan Dövlət Universitetinin (ADU) filologiya fakültəsində təhsil alıb. Ardıcıl olaraq ADU-nun aspiranturasına daxil olan B.Nəbiyev 1960-cı ildə "F.Köçərlinin həyat və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası müdafıə edib.
    Tələbəlik illərində ilk tənqidi qeydləri "Lenin tərbiyəsi uğrunda" qəzetində dərc olunub. Ədəbi fəaliyyətə "Ədəbiyyat qəzeti"nin 4 noyabr 1951-ci il tarixli sayında çap edilən "Dama-dama göl olar" rəyi ilə başlayıb. B.Nəbiyev universiteti bitirdikdən sonra 1954-57-ci illərdə "Azərbaycan gəncləri", "İnşaatçı" qəzetlərində məsul katib müavini, ədəbi işçi vəzifələrində işləyib.
    Bəkir müəllimin pedoqoji fəaliyyəti çox erkən yaşlarına təsadüf edir. O, 17 yaşından yeddiillik və orta məktəblərdə dərs deyib. Sonralar bu sahədə fəaliyyəti ali məktəb auditoriyalarına keçmiş, Pedaqoji İnstitutda, 3 nömrəli Tibb Texnikumunda, Müəllimləri Təkmilləşdirmə İnstitutunda, ADU-da ədəbiyyat tariximizdən, tənqid tarixindən, müasir ədəbi prosesdən dərs demişdir.
    Bəkir müəllim o xoşbəxt insanlardandır ki, ictimai və həyat fəaliyyəti olduqca zəngindir. Pedoqoji fəaliyyət, elmi fəaliyyət və bunlarla yanaşı ictimai fəaliyyət. B.Nəbiyev müxtəlif vaxtlarda paralel olaraq “Kommunist”, “Azərbaycan gəncləri”, “Ədəbiyyat və incəsənət”, “İnşaatçı” qəzetlərində ədəbi işçi, şöbə müdiri, Redaksiya Heyətinin üzvü, tərcüməçi olub. 25 aprel 1951-ci ildən mətbuatda çıxış edən B.Nəbiyev Nizami adına Ədəbiyyat və Dil İnstitutunda kiçik elmi işçi kimi fəaliyyətə başlamış, elmi katib, baş elmi işçi, şöbə müdiri vəzifələrində çalışmışdır. 1971-1987-ci illər arasında Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, 1987 - 1990-cı illərdə Azərbaycan Mədəniyyət Fondunun sədri olmuşdur. 1987-ci ildən AMEA-nın Ədəbiyyat, Dil və İncəsənət bölməsinin akademik katibidir. 1983-cü ildə AMEA-nın müxbir üzvü, 1989-cu ildə həqiqi üzvü seçilmişdir. 1978-ci ildə “Böyük Vətən müharibəsi və Azərbaycan ədəbiyyatı” monoqrafiyasına görə Dövlət mükafatına layiq görülmüş, 1990-cı ildə Əməkdar elm xadimi adı almışdır. Yazıçılar və Jurnalistlər birliklərinin üzvü olan B.Nəbiyev həm də “Qızıl qələm” mükafatı laureatıdır. O, “Xalqlar dostluğu” ordeni (1986) və neçə-neçə fəxri fərmanlarla təltif edilmişdir.
    Hörmətli alimin əmək və iş əlaqələri də çox zəngindir. Qeyd etdiyimiz işlərlə yanaşı, Təhsil Nazirliyi nəzdində ədəbiyyat elmi-metodiki Şurasının sədri, Azərbaycan Ensiklopediyasının məsləhətçisi, Azərbaycan-Pakistan Dostluq Cəmiyyətinin sədr müavini, Terminologiya Komitəsi sədrinin müavini, “Azərbaycanfilm” kinostudiyasında bədii Şuranın, Qafqaz Müsəlmanları İdarəsi nəzdində Elmi-Dini Şuranın üzvü kimi geniş sahələrdə fəaliyyət göstərmiş və bunların bir çoxunda fəaliyyətini bu gün də davam etdirməkdədir.
    Elm aləminə ilk kitabını 1963-cü ildə təqdim edən Bəkir müəllim artıq 40-a qədər kitabın müəllifidir. Bunların əksəriyyəti Azərbaycan ədəbiyyatının müxtəlif problemlərinə həsr olunmuş monoqrafiyalardan ibarətdir. Rus və ingilis dillərində kitabları, bir sıra tərtibləri, məqalə topluları, orta məktəbin 5, 6 və 11-ci sinifləri üçün dərslikləri Bəkir müəllimin istedad və zəhməti necə ustalıqla birləşdirə bildiyini sübut edir. Mərkəzi qəzet və jurnallarda dərc etdirdiyi məqalə və resenziyalarının ümumi sayı 550-yə qədərdir. 60-a qədər kitabın redaktoru olmuşdur. N.A.Nekrasovdan, C.Londondan tərcümələri vardır. Əsərləri, elmi-pedaqoji və ictimai fəaliyyəti haqqında 150-dən artıq məqalə yazılmışdır. 20-dən artıq elmlər doktoru və elmlər namizədi yetirmiş, bundan daha artıq namizəd və doktorun opponenti olmuşdur.
    B.Nəbiyev 2003-cü ildən AMEA Rəyasət Heyətinin üzvü və Nizami adına Ədəbiyyat İnstitutunun direktorudur. "Çoxmillətli sovet ədəbiyyatı tarixi", ikicildlik "Azərbaycan sovet ədəbiyyatı tarixi"nin müəlliflərindən və redaktorlarından biri, çoxcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin Baş redaktorudur. Ali məktəblərdə mühazirələr oxumuşdur. 2002-ci ildə Təfəkkür Universitetində filologiya kafedrasının müdiri olub. 30 cildlik "Türk dünyası ədəbiyyatı" ensiklopediyasının respublika üzrə məsul əlaqələndiricisidir. 1987-2001-ci illərdə Azərbaycan EA Ədəbiyyat, Dil və İncəsənət bölməsinin rəhbəri olub. 1978-1979-cu illərdə Azərbaycan EA partiya komitəsinin katibi, Azərbaycan KP Bakı şəhər komitəsinin plenum üzvü, 1978-1981-ci illərdə 26 Bakı komissarı rayon komitəsinin büro üzvü seçilib. 1965-1985-ci illərdə Yazıçılar İttifaqı nəzdində tənqid və ədəbiyyatşünaslıq Şurasının, SSRİ EA nəzdində humanitar elmlərə dair tədqiqatları əlaqələndirmə Şurasının, Azərbaycan EA Rəyasət Heyətinin üzvü, "Xəbərlər" (Ədəbiyyat, Dil və İncəsənət seriyası) jurnalının baş redaktoru, 1987-1990-cı illərdə Azərbaycan Mədəniyyət Fondunun sədri, 1993-cü ildən ədəbiyyat üzrə ixtisaslaşdırılmış Müdafiə Şurasının sədri, "Ədəbiyyat və incəsənət" qəzeti redaksiya heyətinin, Dövlətnəşrkomun metodiki Şurasının, C.Cabbarlı adına "Azərbaycanfılm" studiyasının bədii Şurasının, Azərbaycan Yazıçılar İttifaqının, "Vətən" cəmiyyəti İdarə Heyətinin, respublika "Bilik" cəmiyyəti plenumunun üzvü, Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasının məsləhətçisi, Sovet-Pakistan Dostluq Cəmiyyəti Azərbaycan şöbəsinin sədr müavini kimi fəaliyyət göstərib.
    Bakıda bədii ədəbiyyatda realizm, romantizm məsələlərinə, Moskvada, Kiyevdə, Tbilisidə, Alma-Atada, Düşənbədə qarşılıqlı ədəbi əlaqələr problemlərinə həsr edilmiş simpoziumlarda məruzəçi olub. Birinci Millətlərarası Azərbaycan Konqresində "Azərbaycan ədəbiyyatı tarixinin yazılması prinsipləri", Azərbaycan Mühacirət Ədəbiyyatı simpoziumunda "Azərbaycan ədəbiyyatında qürbət lirikası", Üçüncü Uluslararası Türk Kültürü Konqresində "Əhməd Cavadın yaradıcılığında türkçülük idealları", Beynəlxalq Nizami Konqresində "Nizami və Gəncə", Beynəlxalq Füzuli konqreslərində "Həqirətüs-süəda"nın fikri-bədii vüsəti", "Aşiqanə sözün bənzərsiz ustadı", Dördüncü Uluslararası Türk Kültürü Konqresində "Azərbaycan dilinin terminoloji lüğətləri" mövzularında məruzələr edib. Çexiya, Slovakiya, Yuqoslaviya, Yunanıstan, Danimarka, İran, İraq, Səudiyyə Ərəbistanı, ABŞ, Çin və Yaponiyada beynəlxalq ədəbi-elmi və siyasi məclislərdə məruzə ilə çıxış edib. Alim ədəbiyyatşünaslıq elmi və ədəbi fikrin inkişafındakı xidmətlərinə görə "Hacı Zeynalabdin Tağıyev", "Məmməd Araz" mükafatlarına , "Ustad" Ali mükafatına , Beynəlxalq TİKA mükafatına , "Xalqlar dostluğu"  və "Şöhrət" ordenlərinə layiq görülüb.
    Əlbəttə, bütün bunlar son dərəcə böyük zəhmətin, xüsusi ilham və istedadın məhsuludur. Yuxarıda qeyd etdiyimiz kimi heç çübhəsiz gələcək nəsil üçün “Bəkir Nəbiyev” imzası mədəniyyət tariximizə əbədi həkk olunmuş ən qiymətli sərvətdir.
    Bəkir müəllimin, “Görkəmli tənqidçi və ədəbiyyatşünas”, “Müasirlik və sənətkarlıq uğrunda”, “Süngüyə çevrilmiş qələm”, “Ədəbi düşüncələr”, “Tənqid və ədəbi proses”, “Böyük Vətən müharibəsi və Azərbaycan ədəbiyyatı”, “Təzə izlər sorağında”, “Kamalın təntənəsi”, “Müasirlərimiz bədii ədəbiyyatda”, “Ədəbiyyat (V sinif üçün dərslik)”, “Söz ürəkdən gələndə”, “Mənalı ömürdən səhifələr”, “Firidun bəy Köçərli”, “Roman və müasir qəhrəman”, “Özümüzdən başlayaq”, “Əhməd Cavad”, “Almaz ildırım”, “Ölümsüzlüyün sirri” və s. əsərləri ictimaiyyətdə daim müraciət olunan mənbələrdir.
    XX əsr Azərbaycan ədəbi tənqidinin ən müxtəlif problemlərinin ardıcıl və sistemli tədqiqində xüsusi fəallıq və professionallıq göstərən Şamil Salmanov nəzəri-estetik fikrin ümumi qanunauyğunluqlarını onun ayrı-ayrı görkəmli nümayəndələrinin elmi fəaliyyəti ilə vəhdətdə araşdıran və öyrənən bir tədqiqatçıdır. Onun Bəkir müəllimin elmi yaradıcılığına həsr olunmuş "Tənqidçi və ədəbi proses" kitabı bu baxımdan çox diqqətçəkəndir.
    Tədqiqat predmetinə sevgi və qayğı ilə ciddi elmi münasibətin vəhdətindən yaranmış bu kitabda Bəkir Nəbiyevin mənalı həyat yolu onun yaradıcılıq bioqrafiyası ilə dialektik əlaqədə öyrənilir. Həmkarının ictimai mənşəyini, ocaq-yurd yerini, xüsusilə repressiya dövründə atası və əmisinin başına gətirilən müsibətlərlə əlaqədar uşaqlıq, yeniyetməlik və gənclik illərində rastlaşdığı ağrı-acıları xatırlatmaqla müəllif eyni zamanda iki ciddi elmi məqsədə nail olur; o, bir tərəfdən vaxtilə Qəbələdən köçüb Ağdaşın Üçqovaq kəndində məskunlaşmış Nəbiocağlının - Nəbiyevlər soyunun tarixini, gələcəkdə bu soyun şərəfini qoruya-qoruya Azərbaycan ziyalısının təmsilçilərindən biri olacaq Bəkir müəllimin ömrünün üzüntülü, iztirablı məqamlarını açıb göstərir, ikinci tərəfdən adı və imzası bu gün təkcə Azərbaycanda deyil, onun hüdudlarından uzaqlarda da tanınan və böyük ehtiramla çəkilən tənqidçini zirvəyə gətirən yolun başlanğıc yerini, mənbə məkanını nişan verir. Monoqrafiyada Bəkir Nəbiyevin mətbuatda çap olunmuş ilk məqalələrindən tutmuş XXI əsrin başlanğıcına qədər, düz yarım əsr ərzində yazdığı ən sanballı əsərlərini təhlil edən Ş.Salmanov bu yolla onun ədəbi-tarixi prosesdəki mövqeyini müəyyənləşdirir. Əlbəttə, tənqidçi haqqında yazmaq, tənqidi əsəri təhlil etmək bədii əsəri qiymətləndirməkdən qat-qat çətindir. Bu iş tədqiqatçıdan spesifik təhlil üsulu və elmi təcrübə ilə yanaşı, həm də xüsusi duyum, həssaslıq tələb edir. Məhz belə keyfiyyətlərə malik olması Ş.Salmanova Bəkir Nəbiyevin tənqidçilik istedadı, onun elmi təhlil, şərh mədəniyyəti haqqında əhatəli söhbət açmağa və həmin mədəniyyətin maddi görüntüləri kimi meydana çıxan əsərlərini yüksək elmi meyarlarla qiymətləndirməyə imkan verir. Belə yanaşma və qiymətləndirmədə Bəkir Nəbiyevi müasirlərindən, xüsusilə yaşıdlarından ayıran özünəməxsus fərdi xüsusiyyətləri aydın görünür.
    Həmin xüsusiyyətlərdən biri, bəlkə də birincisi onun ictimai fəallığı, dövrün, tarixi şəraitin ruhunu həssaslıqla duyması və yeni yaranan sənət əsərlərini bu tələblər işığında dəyərləndirə bilməsidir. Bəkir Nəbiyev hələ ilk məqalələrindən ədəbiyyatda ideyasızlığa, bəsitliyə və bədii sönüklüyə qarşı barışmaz mövqedə durur, ədəbiyyatı yüksək estetik meyarlarla dəyərləndirirdi. Onun "Yaradıcılığa tələbkar olmalı", "Şerimizi günün tələbləri səviyyəsinə qaldıraq", "R.Rzanın ikicildliyi", "Ümid verən şair" məqalələrində təhlilə cəlb edilən əsərlərin ideya məzmunu ilə barəbər onların necə yazılması da izah olunur, həm yazıçının (müəllifin), həm də oxucunun diqqətinə çatdırılırdı. Kitabda B.Nəbiyev tənqidinin bu cəhətinə xüsusi diqqət yetirən Ş.Salmanov öz mülahizələrini adları çəkilən məqalələrin, habelə "Müasirlik və sənətkarlıq uğrunda", "Ədəbi düşüncələr" kitablarında dərc olunmuş icmal və oçerklərin tezislərinə istinadən əsaslandırır. B.Nəbiyev müasir ədəbi prosesi, milli bədii düşüncənin inkişaf meyllərini və istiqamətlərini ardıcıl, diqqətlə izləyən, ona bütöv bir tam kimi baxan tənqidçidir. O, lirikadan da, epos və dramaturgiyadan da yüksək professionallıqla söhbət aça bilir. Lakin ədəbiyyatın uğur və kəsirlərini çox vaxt konkret ədəbi növlərin, yaxud janrların timsalında qiymətləndirir. Hətta ədəbiyyatın müəyyən növlərindən, məsələn, lirikadan yazanda belə o, konkret nümunələrin təhlilinə üstünlük verir və bu yolla poeziya haqqında nəzəri qənaətlər söyləməyə nail olur. Alimin bu keyfiyyətini də elmi obyektivliklə səciyyələndirən Ş.Salmanov onun 1970-1980-ci illərdə yazıb çap etdirdiyi "Lirika - 1971", "Poeziya-1975", "Epik janr və zaman", "Roman və müasir qəhrəman", "Özümüzdən başlayaq", "Sözün də su kimi lətafəti var" kimi icmallarının təfsir və şərhinə xüsusi səhifələr ayırır.
    XX əsrin 90-cı illərini əhatə edən bir mərhələdə görkəmli tənqidçi, əvvəlki illərdə olduğu kimi, yenə cari ədəbi prosesi diqqətlə izləyir, yeni yaranan əsərlərlə bərabər artıq mədəni mühitdə yaxşı tanınan bədii nümunələri də təzə baxış bucağından dəyərləndirir. Ədibin bu dövr yaradıcılığında Azərbaycan ədəbiyyatı həm tarixi-xronoloji, həm də coğrafi baxımdan daha bütöv öyrənilir. Əvvəlki əsərlərində başlıca olaraq sovet Azərbaycanının bədii mədəniyyətini araşdıran B.Nəbiyev 90-cı illərdə müasir ədəbiyyatla yanaşı klassikanı, onun şimal qolu ilə yanaşı cənub qolunu, vətəndə ölənlərlə qürbətdə qalanları da tədqiqata cəlb edir. O, bir tərəfdən Rəsul Rza və Məmməd Arazdan, ikinci tərəfdən Şəhriyar və Həbib Sahirdən, bir tərəfdən Səməd Vurğun və Əliağa Vahiddən, digər tərəfdən M.Ə.Rəsulzadə və Almaz İldırımdan, nəhayət, bir tərəfdən B.Vahabzadə, X.R.Ulutürk, Anar, Elçin və başqa müasirlərindən, ikinci tərəfdən Şeyx Nizami, Yunis İmrə, Məhəmməd Füzuli kimi klassiklərdən söhbət açır. Bütün bunları B.Nəbiyev tənqidinin "yeni xüsusiyyətlərindən" hesab edən Ş.Salmanov həmkarının "Ölümsüzlüyün sirri" və "Çətin yollarda" kitablarındakı ən yaxşı ədəbi tənqid nümunələrini elmi-nəzəri təhlildən keçirərək yazır: "B.Nəbiyev klassiklərdən, keçmiş ədəbi hadisələrdən ədəbiyyatşünasdan  daha çox tənqidçi kimi söz açır, tənqidçi mövqeyindən klassikə müraciət edir və belə müraciət sayəsində klassik irsin müasir geniş miqyaslı dərkini verməyə çalışır". "Tənqidçi və əbədi proses" kitabında Bəkir Nəbiyevin iri həcmli monoqrafiyalarının tədqiq və təhlili mühüm yer alır.
    Bəkir müəllimin ədəbi, elmi yaradıcılığına, pedaqoji və ictimai fəaliyyətinə son dərəcə həssaslıq və məhəbbətlə yanaşan tərtibçilər - ədəbiyyat, dil və incəsənət bölməsinin elmi katibi Gülarə Rəsulova və Aygün Hüseynzadə biblioqrafik materialdan sonrakı hissəni beş bölməyə ayırmış, müəllimlərinin, ədəbiyyatı yaradanların, əməl və məslək dostlarının, məsafəcə uzaq, qəlbən yaxın həmkarlarının, tələbələrinin Bəkir müəllim haqqında ürək sözlərini vermişlər. Biz burada ilk növbədə C.Xəndan, Ə.Dəmirçizadə, F.Qasımzadə, A.Zamanov, M.İbrahimov, M.A.Dadaşzadə, Mir Cəlal, H.Araslı, M.C.Cəfərov, Ə.Şərif, P.Xəlilov kimi böyük alim və yazıçıların bir ədəbiyyatşünas alim və tənqidçi kimi ədəbiyyatımızda Bəkir Nəbiyevin mövqeyi barədə qiymətli fikirləri ilə tanış oluruq. Hələ 1960-cı ildə, namizədlik müdafiəsi zamanı gənc alimin hazırlıq səviyyəsindən qürur duyan Ə.Dəmirçizadə bunları deyib: “Biz dissertantın qabiliyyətini, onun hazırlıq səviyyəsini də nəzərə almalıyıq. Bəkir Nəbiyev öz tədqiqatı sahəsində özünü “suda balıq kimi” hiss edir” Doktorluq dissertasiyasına rəyində xalq yazıçısı M.İbrahimov Bəkir Nəbiyevi “ciddi ədəbiyyat tənqidçisi və tədqiqatçısı” kimi tanıdığını qeyd edir. M.C.Cəfərov onu “yüksək tənqidçilər nəslinin əsl varisi, davamçısı” kimi qiymətləndirir. Belə bir intellekt sahibinin, elm aləmində elmi katiblikdən akademik-katibliyə qədər şərəfli bir yol keçmiş bir alimin həyat yolu haqqında yazıçı Cəmil Əlibəyovun aşağıdakı sözləri diqqətimizi çəkir: “Bəkirin şəxsində tənqidçi olum-qalım qarşıdurmasının nə qədər şahidi olmuşuq! Ancaq onu ədəbiyyatın adil hakimliyi yolundan döndərmək olmayıb. Doğrudur, çöhrəsi turşuyub, gözlərinə qüssə çöküb, lap beli də bükülən vaxt olub, ancaq ədəbi qaməti əyilməyib”.
    Bəkir Nəbiyev yaradıcılığı indi də ictimaiyyət tərəfindən diqqətdə saxlanılır. Buna müxtəlif mükafatlar və akademikin fəaliyyətinə verilən qiymətlər misaldır. Bu yaxınlarda Dövlət Televiziyasının “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində “Tərcümeyi-hal: akademik Bəkir Nəbiyev” sənədli televiziya filminin istehsalı da başa çatıb.
    Film bu il 80 yaşını qeyd edəcək görkəmli alimin həyat və elmi fəaliyyətinə həsr olunub. Çəkilişlər Bakıda və qocaman filoloqun doğulduğu, uşaqlıq və gənclik illərini keçirdiyi Ağdaşda aparılıb. Eyni zamanda hörmətli akademik bir sıra səviyyəli şuraların və komissiyalarla yanaşı həmçinin Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının üzvüdür.
    Əlbəttə Bəkir Nəbiyev haqqında, onun yaradıcılıq silsiləsi haqqında çox danışmaq olar. Biz sadəcə onun haqqında deyilənləri təkrarlamaqla alimin böyklüyünü bir daha xatırlatdıq. Təbii ki, Bəkir müəllim haqqında yazılanların hamısını təfərrüatı ilə təkrarlamaq fikrində deyilik. Burada deyilənləri təsdiqləyən konkret faktlar çoxdur və zənnimizcə, bunları sübut etməyə heç ehtiyac da yoxdur. Sadəcə, Bəkir müəllimlə görüşmək, onunla ünsiyyətdə olmaq, xeyirxahlıq yağan gözlərini görmək kifayətdir. Bu alimin keçdiyi peşə yolu növbəti nəsillər üçün özü bir izdir. Bunu hörmətli akademikin fəaliyyətində gənclərə ayırdığı diqqətində də açıq-aydın görmək olur.


    Mirəziz MİRƏSGƏROĞLU

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 988
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30