Parisdə AŞ PA-nın büro və komitə iclasları keçirilir
Bu gündən martın 17-dək Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ölkəmizin AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Aydın Abbasov qrumun büro və komitə iclaslarında iştirak etmək üçün Parisdə səfərdə olacaqlar. Bu barədə məlumatı KƏLAMİNFO-ya parlamentdən veriblər.
AŞPA-nın bürosunda Dağlıq Qarabağ münaqişəsinə dair 1416 saylı qətnamənin yerinə yetirilməsi üzrə Xüsusi Komitənin yenidən formalaşması məsələsinə baxılacaq.
Qrumun Daimi Komitəsinin iclasında Avropada milli azlıqların müdafiəsi, uşaqlara qarşı məişət zorakılığı məsələləri, Ukraynada prezident seçkilərinin nəticələri nəzərdən keçiriləcək.
AŞPA-nın Monitorinq Komitəsində isə Azərbaycan tərəfindən öhdəliklərin yerinə yetirilməsi üzrə məruzə layihəsi, Gürcüstanda, Ermənistanda, Moldovada vəziyyət, Çernoqoriya tərəfindən öhdəliklərin yerinə yetirilməsi və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.
Səfər martın 18-də başa çatacaq.