Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    HƏCC
    İslamın vacib əməllərindən biri də Həccdir (yəni imkanlı şəxslərin Məkkəyə getməsidir). Həddi-buluğa çatan insanların namazı tərk etməsi, oruc tutmaması böyük günah olduğu kimi imkanı olan şəxslərin Həcci tərk etməsi, yəni Allah-Təalanın çağırışına, dəvətinə getməməsi də böyük günahlardandır. 
    Allah-Təala Qurani-Kərimdə buyurur: "...(Yemək, azuqə, sağlamlıq, minik baxımından) yoluna qüvvəsi çatan hər bir kəsin həccə gedib o evi (Kəbəni) ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə (özünə zülm etmiş olar). Əlbəttə, Allah aləmlərə (heç kəsə) möhtac deyil." ("Ali-İmran" surəsi, ayə 97)
    Həcc bir neçə şərtlərlə insana vacib olar:


    1) Həddi buluğa çatmaq. 
    İmam Sadiq (ə) bu barədə buyurub: "Əgər bir uşaq (istər oğlan olsun, istərsə də qız) səğir (kiçik yaş həddi) olduğu zaman on dəfə həccə getsə də, həddi buluğa çatandan sonra istitaəti (qüdrəti) olsa, həcc ona vacib olar". (Biharul-ənvar, c.96, səh.115)
    2) Aqil olmaq. 
    3) "Mustəte olmaq" - yəni Məkkəyə gedib-gəlməyin xərcindən əlavə ailəsinin xərclərini ödəməyə imkanı olsun. 
    4) Sağlamlıq. 
    5) Əmin-əmanlıq. 

    Həcci qəbul olunmayan şəxslər
    Bəzi insanlar həcc əməllərini yerinə yetirsələr də, onların həcci qəbul olmaz. Onlardan biri kafirlərdir. Yəni islam dininə iman gətirməyən şəxslər, istər xristian olsun, istər atəşpərəst, istərsə də, yəhudi, belə kimsələr həcc əməllərini yerinə yetirmək istəsələr də, islam dinini qəbul etməyənə (müsəlman olmayana qədər) qədər həccləri qəbul olmaz. Hətta belə şəxslərin müsəlman olmayana qədər Hərəmə (Məkkə şəhərinə) daxil olmaqları caiz deyil. 
    Hər hansı bir kişi islam şəriətinin bəzi mühüm qanunlarını tərk etsə həcci qəbul olmaz. O qanunlardan biri də kişilərin sünnət olunmasıdır. Yəni bir kişi cahiliyyət mühitində yaşadığı üçün və ya valideynləri bu məsələni qəbul etmədiyinə görə sünnət olunmasa, belə bir şəxsin həcci qəbul olmaz. 
    Həccin növləri
     Həcc üç növdür.
    1. Həcci-qiran
    2. Həcci-ifrad
    3. Həcci-təməttö
    Birinci və ikinci növ Məkkənin yaxınlığında yaşayanların vəzifəsidir. Yəni bu əməllər 48 km Məkkənin ətrafında yaşayanlara aiddir.
    Üçüncü növ (yəni Həcci-təməttö) Məkkədən uzaqda yaşayanların (yəni Ərəbistanın başqa şəhərlərində, həmçinin digər ölkələrdə yaşayanların vəzifəsidir).
    Həcci-təməttönün müxtəlif əməlləri var.
    Lakin bu əməllərin hamısı Həccin birinci əməli olan Ehram paltarlarını geyməyə (yəni muhrim olmağa) bağlıdır.
    Bütün hacılar yuxarıda qeyd etdiyimiz Həcci-təməttönün əməllərini yerinə yetirmək üçün halal pul ilə alınmış Ehram paltarını geyinməlidirlər. 
    Qeyd: Əlbəttə ehram paltar deyil ki, geyinsinlər, lakin şərti olaraq belə deyilir. Əslində isə iki parçadan ibarət olan ehramı bağlayırlar. (Ehram bağlamaq).
    Bu paltarı əyinlərinə geyinəndən sonra adi vaxtda halal olan əməllərin bəzisi onlara haram olar. Bu əməllər aşağıdakılardan ibarətdir:
    1. Kişilərin başlarını örtməsi: (papaq qoymaq, şərf salmaq və s.)
    2. Qadınların üzünü örtməsi: (üzə niqab salması, yəni naməhrəm baxışlardan və yaxud gün şüasının istisindən qorunmaq üçün)
    3. Ehram halında yol getdikdə kölgədən istifadə etməsi: (çətir və ya üstü örtülü maşınla yol getməsi). 
    Qeyd: Əhli-sünnə məzhəblərində caizdir.
    4. İstər qadın, istərsə də kişinin bəyənilməyən iylərdən burnunu tutması.
    5. Şikar (yəni ov) etmək və ya şikar olunan heyvanın ətindən yemək.
    6. Ehram halında qadın və kişinin öz məhrəmi ilə cinsi yaxınlıq etməsi və yaxud onu öpməsi və ya şəhvət ilə biri-birinə baxmaları.
    7. Kəbin oxumaq və ya başqa adamlara kəbin oxunmasının şahidi olmaq.
    8. Kişilərin tikili paltar geyinməsi.
    9. İstimna etmək. (Yəni cinsi - şəhvani fikir etməklə və ya başqa əməllərlə insanın özündən məni -  sperma xaric etməsi).
    10. Ətirlərdən istifadə etmək.
    11. Gözə sürmə çəkmək.
    12. Ayna - güzgüyə baxmaq.
    13. Kişilərin ayaqqabı və ona oxşar şeylər (ayağın arxa tərəfini örtmüş ayaqqabı) geyməsi.
    14. Bəyənilməyən şəkildə mübahisə etmək.
    15. Yalan danışmaq, söyüş söymək və ücb etmək (Yəni özünü başqalarından üstün tutmaq).
    16. Heyvanları öldürmək. (Yəni ehram halında olan şəxs qoyun, toyuq və s. heyvanları öldürə bilməz. Qurban bayramında kəsilən heyvanlar istisnadır).
    17. Şəriətdə müstəhəbb sayılan üzüklərdən başqa zinət məqsədilə üzük taxmaq.
    18. Qadınların istər öz məhrəmləri, istərsə də digərləri üçün bəzənməsi.
    19. Bədən və ya başın tükləri üçün işlənən yağ, maz, krem və s. istifadə edilməsi.
    20. Bədəndən tük qopartmaq. (Yəni bilə-bilə insanın bədənindən zorla tük qoparması) 
    21. Dırnaq tutmaq və ya diş çəkdirmək.
    22. Ehram halında silah gəzdirmək. (Hətta özünü və ya başqasını qorumaq üçün olsa belə)
    23. Məkkənin özü və ya ətrafında olan ağacları, kolları, otları və s. qopartmaq.
    24. Bədəndən qan almaq, qan çıxarmaq və ya qaşımaq səbəbi ilə bədəni qanatmaq.
     Ehram bağlamağın hökmləri
    Həcc əməllərini yerinə yetirmək üçün "muhrim" olmağın, yəni ehram paltarını əyninə geyinməyin bir neçə şərti var: 
    1) Niyyət.
    2) Ehram paltarını əyinə geymək. 
    3) Təlbiyə (ləbbeyk demək). 
    Bu şərtlər ehram bağlamağın mühüm şərtlərindən sayılır. 
    Təlbiyənin əhkamı

    İnsan muhrim olmaq üçün niyyət edib ehram paltarı geyindiyi zaman gərək təlbiyə desin, təlbiyə bundan ibarətdir: Ləbbəyk. Allahummə ləbbəyk, ləbbəykə la şərikə ləkə ləbbəyk. İnnəl həmdə vənnemətə ləkə vəl mulk la şərikə ləkə ləbbəyk. Təlbiyəni muhrim olanda bir dəfə demək vacibdir. Lakin müstəhəbdir ki, (bəyənilir) hər nə qədər imkanı olsa, onu təkrar etsin. Həmçinin namazları qurtaranda, yatanda və yaxud yuxudan duranda təlbiyəni təkrar etsin. Kişilər təlbiyəni uca səslə deməsi bəyənilən əməllərdəndir. Ehram halında haram olan iyirmi dörd şey təlbiyə deyilməyənə qədər niyyət edib ehram paltarını geyinməklə haram sayılmaz. Lakin təlbiyəni deyəndən sonra qeyd etdiyimiz haram olan şeylərin hamısından çəkinmək lazımdır. Ümreyi-təməttöyə muhrim olanlar Məkkəyə yaxınlaşıb, o şəhərin binalarını görüb müşahidə etdikdə, gərək təlbiyə deməkdən əl çəksinlər. Lakin həcc əməllərini yerinə yetirməyə Məkkədə muhrim olanlar Ərəfə günü (Zilhiccə ayının doqquzuncu günü) günorta vaxtına qədər təlbiyə deyə bilərlər, amma günorta azanının vaxtı çatanda gərək  təlbiyə deməsinlər.
     

    Ehram bağlanan məkan

    Həcc səfərinə gedənlərə vacibdir ki, Məkkəyə çatmazdan öncə müəyyən bir yerdə ehram paltarını əyinlərinə geyərək Məkkəyə getsinlər. O yerlər aşağıda adını çəkəcəyimiz məkanlardan ibarətdir: 
    Birinci: Zul-Huleyfədə yerləşən Məscidi-Şəcərə (Mədinə əhli və oradan Məkkəyə gedənlər üçündür);
    İkinci: Əl-Əqiq (Nəcd və İraq əhli və o yoldan Məkkəyə gedənlər üçündür); 
    Üçüncü: Əl-Cöhfə (Şam, Misir və Məğrib əhli və o yoldan Məkkəyə gedənlər üçündür); 
    Dördüncü: Yələmləm (Yəmən əhli və oradan Məkkəyə gedənlər üçündür); 
    Beşinci: Qərnul-mənazil (Taif əhli və oradan Məkkəyə gedənlər üçündür);
    Yuxarıda adlarını çəkdiyimiz miqatlardan yolu düşməyib muhrim ola bilməyən hacılar isə bu miqatlardan Məkkəyə qədər qalan məsafədə muhrim olmalıdırlar. Məsələn, o hacılar ki, təyyarə və gəmi vasitəsilə Məkkəyə gedirlər və yuxarıda adlarını çəkdiyimiz miqatlarda düşüb ehram bağlaya bilmirlər, xəritə və s. vasitələrlə bu miqatların yerini öyrənib onların bərabərində muhrim olmalıdırlar. 
    Məkkə şəhəri Həcci-təməttönün ehramının bağlanması üçün miqat sayılır. Yəni hacılar Məkkəyə çatıb Ümreyi-təməttönü yerinə yetirəndən sonra Həcci-təməttönün əməllərini yerinə yetirmək üçün Ərəfata gedəndə gərək Məkkədə muhrim olsunlar. İstər evdə olsun, istərsə hoteldə, istərsə də Məscidül-həramın özündə. Lakin yaxşı olar ki, Məscidül-Həramda ehram bağlasın. 
    Qeyd: Əməli risalələrdə olan iki məsələni nəzərinizə çatdırırıq. 
    1. Əgər bir şəxs nəzr edə ki, miqatdan qabaq ehram bağlasın; Məsələn, Bakı şəhərindən təyyarə ilə gələn şəxslər. O zaman belə niyyət edir: "Həccətül-islamın ümrəyi-təməttöündə nəzr ehramı bağlayıram qürbətən iləllah". Bu adam ehram libasını geyib təlbiyəni dedikdən sonra muhrimdür (yəni artıq ehrama girmişdir). 
    2. Coğrafi xəritəni nəzərə alsaq Cöhfə miqatı Ciddənin cənub-şərqində yerləşir. Buna əsasən də Ciddə hava limanında nəzr niyyəti ilə ehram bağlamaq olar. Ona görə ki, Ciddə şəhəri miqatdan qabaqdır. Bu məsələdə Ayətullah Mərəşi və Ayətullah Sistani xüsusi olaraq öz risalələrində  fətva vermişlər. 

    Ümreyi-təməttöün vacib əməlləri

    Ümreyi-təməttö beş əməldən ibarətdir ki, Zilhiccə ayının 8-ci gününə qədər yerinə yetirilməlidir. O əməllər bunlardan ibarətdir:
    1. Ehram - adi paltarları dəyişərək ehram paltarını geyinmək; kişilər üçün.
    2. Təvaf - yeddi dəfə Kəbənin dövrəsinə dolanmaq;
    3. Təvaf namazı - təvaf etdikdən sonra İbrahim (ə) məqamının arxasında qılınan iki rükət namazdan ibarətdir;
    4. Səy  - Səfa və Mərva dağının arasında yeddi dəfə gedib-gəlmək;
    5. Təqsir - Səfa və Mərva dağının arasında yeddi dəfə gedib-gələndən sonra dırnaq və başın tükünü azaltmaq;

    Həcci-təməttöün vacib əməlləri

    Həcci-təməttöün əməlləri isə zilhəccə ayının 9-cu günündən başlanır və bunlar on üç əməldən ibarətdir:
    1. Ehram
    2. Vuquf - Zilhəccə ayının 9-cu günü Ərəfatda dayanmaq. Ərəfat səhrasında günorta azanından axşam azanına qədər niyyət edərək dayanmaqdır.
    3. Məşərdə vuquf etmək. Zilhəccə ayının 10-cu günü sübh azanından gün çıxana kimi Müzdəlifədə niyyət edərək dayanmaq.
    4. Rəmy - Əqəbə adlanan yerdə şeytana daş atmaq.
    5. Qurban kəsmək.
    6. Həlq və ya təqsir etmək - başın tükünü azaltmaq yaxud qırxmaq.
    7. Kəbəni təvaf etmək.
    8. İbrahim məqamının arxasında iki rəkət təvaf namazı qılmaq.
    9. Səy - Səfa və Mərvə dağının arasında yeddi dəfə gedib gəlmək.
    10. Nisa təvafı  
    Qeyd: Əhli-sünnə məzhəblərində bu məsələ təvaf-ifazə ilə əvəz olunmuşdur.
    11. İki rəkət "Nisa" təvafının namazını qılmaq.
    12. Mina dağında gecə səhərə qədər qalmaq.
    13. Sonradan izah ediləcək birinci, ikinci, üçüncü yerdə şeytanı daşlamaq.

    Vida təvafı

    Minadakı ibadətləri başa vurduqdan sonra zəvvar Məkkəyə qayıdır və Kəbə ilə vidalaşmaq üçün Məscidül-Hərama gedib vida təvafı edir. Vida təvafı müstəhəbdir və başqa təvaflar kimi yeddi dövrədən ibarətdir.  
    Qurani-Kərimdə buyurulur: "Həcc mərasimini tamamlayıb qurtardıqda ata-babalarınızı (keçmişdə, Cahiliyyət dövründə fəxarətlə) yada saldığınız kimi, ondan da artıq Allahı yad edin! İnsanların bəzisi: "Ey Rəbbimiz, bizə nə verəcəksənsə, elə bu dünyada ver!-  deyirlər. Belə şəxslərin axirətdə heç bir payı yoxdur." ("Bəqərə" surəsi, ayə 200)
    Hacı Məkkədə olan zaman çalışmalıdır ki, mümkün qədər çox təvaf etsin. Xüsusilə yaxın qohumları və dostlarının yerinə təvaf etmək savabdır. Belə təvafa "niyabət təvafı" deyilir. 
    Beləliklə, Hacı həccətül-İslamın bütün ibadətlərini başa vurmuş və Allah qarşısında öz borcuna əməl etmiş olur. Bu böyük arzudur. Allah cəmi mömin müsəlmanları arzularına çatdırsın. Amin!  

    Qurban bayramı

    Sosial-mənəvi həyatımızın tərkib hissəsinə çevrilmiş bayramlardan biri Qurban bayramıdır. Qurbanlıq heyvanın kəsildiyi bu bayrama ərəbcə "Eydul-əzha" və ya "Eydul-kəbir" deyilir. Qurani-Şərifdə "eyd" ifadəsi yalnız bircə dəfə işlədilmişdir və "təkrar olunan sevinc", "bayram" mənası daşıyır. Bu məna "mübarək" "möminlərin qəlbinə sevinc" olan Qurban bayramı, Orucluq bayramı günlərinə də aid edilir.
    "Hədy" (qurban) sözü ərəb dilində, Həccdə və Beytullahil-Həramda kəsilən qurbanlığa deyilir. Amma, başqa qurbanlığa ərəbcə "təzhiyə" deyilir. Belə adlanmanın səbəbi, qurbanlığın Kəbəyə olan ehtiramı və kəramətinə görədir. "Hədy" sözü hidayət və lütf mənasındadır. Yaxud qurbanlığın Kəbə və Hərəmə xatir kəsilməsidir. Məsələn deyilir: "Hədəl-ərus ila bəliha." Gəlini ərinin evinə tərəf apardılar. Quranda oxuyuruq: "Qurbanlığı öz yerinə çatdırmayınca başlarınızı qırxdırmayın!"("Bəqərə" surəsi, ayə 196)
    "Hədiyyə"yə, lüğət kitabı "Müfrədat"a əsasən, o səbəbdən Hədiyyə deyirlər ki, bu bəzilərindən digərlərinə olunan lütf və mərhəmətdir. Səba Məleykəsinin Süleyman peyğəmbərə (ə) hədiyyə göndərməsi barəsində Quranda oxuyuruq: "Mən onlara hədiyyə göndərəcəyəm. Görüm göndərdiklərim nə ilə qayıdacaqlar." ("Nəml" surəsi, ayə 35)
    "Hədy" (qurbanlıq) sözü Quranda yeddi dəfə gəlmişdir. Hamısı da Həcc və Ümrədə kəsilmiş qurbanlıq mənasınadır. 
    Qurban bayramı müsəlman hicri-qəməri (hicri-ay) təqvimi ilə 12-ci ayda zülhiccə ayının 10-da başlanır və 3-4 gün davam edir. Müsəlmanlar bu təqvimə Muhəmməd Peyğəmbərin (s) və onun tərəfdarlarının - mühacirlərin 622-ci ilin sentyabrında Məkkədən Mədinəyə köçməsindən sonra keçmiş və təqvimi Məhərrəm ayı ilə başlamışlar. Orucluq və Qurban bayramları Ay-Qəməri təqviminə əsasən keçirildiyindən hər il təqribən on gün geri çəkilir və beləliklə bütün fəsilləri, ayları dolaşır. Zülhiccə, adından da göründüyü kimi, həcc ayıdır. Qurban kəsmə isə həccin ibadətlərinə daxil edilmişdir. 
    Mənbələrdən aydın olur ki, qurbankəsmə mərasimi bəşər tarixinin çox erkən çağlarına gedib çıxır. Demək olar ki, nəinki əksər, hətta bütün dünya xalqlarında qurbankəsmə adəti vardır: müxtəlif ruhlara, allahlara, müqəddəslərə, tanrının bəşəriyyətə bəxş etdiyi əsas maddi nemətlərə qurban verərdilər. 
    Tarixi mənbələr göstərir ki, müxtəlif millətlər və ümmətlər arasında qurban kəsmə adəti olmuşdur. Qurani-Kərimdə isə bu mövzunun kökü Həzrət Adəmin (ə) yaranışı və övladlarının zamanında olduğu bəyan olunur.  Müqəddəs kitabın "Maidə" surəsinin 27-ci ayəsində buyurulur: "Ya Muhəmməd! Onlara Adəmin iki oğlunun əhvalatını olduğu kimi söylə! Onlar qurban gətirdikləri zaman birinin qurbanı qəbul edilmiş, digərininki isə qəbul olunmamışdır. Qurbanı qəbul olunmayan Qabil qardaşı Habilə demişdir: "Səni mütləq öldürəcəyəm!" Habil ona belə cavab vermişdir: "Allah yalnız təqvalılardan qurban qəbul edər!"
    Bu ayədən məlum olur ki, Allah-Təalanın rəhmətinə yaxın olmaq yollarından biri də qurbanlıqdır. Adəmin övladları özlərinin hansının Allaha daha yaxın olmaq meyarını qurban kəsməklə götürürlər.
    İbrahim peyğəmbər (ə) Allaha yaxın olmağı sədəqə verməkdə bilirdi. Necə ki, "Tövrat" kitabından məlum olur ki, Allah ona heyvanları qurbanlıq etməyi əmr edir.  İbrahim peyğəmbərin (ə) övladları da həmin yolla özlərini Allahın rəhmətinə yaxın edirlər.
    "Risalətil-Hüquq" kitabının müəllifi bu mətləbi "Hikmətüt-təşriy və fəlsəfə" kitabından, Əl-Əzhər alimlərindən ustad Əhməd Curcaninin dilindən nəql edir.
    Qədim türklər yerləri yaman, bədxah ruhlardan qorumaq, ilahi varlıqlarla yaxınlıq əldə etmək məqsədilə qurbanlar kəsərdilər. Ən böyük qurban isə at olmuşdur. Atın qurban verilməsi adəti dünyanın bir sıra xalqlarında da geniş yayılmışdır. Digər heyvanlardan da qurbanlıq kimi erkək heyvanlar üstün sayılmış, dişi heyvanlar isə qurban kəsilməmişdir. "Kitabi Dədə Qorqud" eposunda  atdan ayğır, qoyundan qoç, dəvə, buğa qurbanlığı göstərilir. 
    "Avestaya" görə, atəşpərəstlər su mənbələrini, çayları ilahiləşdirib, onların şərəfinə qurbanlıq vermişlər. ×ox yerlərdə qurbankəsmə ayini xüsusi qurbangahlarda keçirilərdi. 
    Bir çox etnoqrafik tədqiqatlarda qurbanın meydana gəlməsi ölüləri ac qoymamaq, ruhların rəğbətini qazanmaq, onları rəhmə gətirmək adəti və s. ilə əlaqələndirilir. 
    Azərbaycanda da qurbankəsmə ayini qədimdən olmuşdur. Arxeoloji qazıntılar zamanı aşkar edilmiş bəzi maddi mədəniyyət abidələri burada hələ eramızdan çox-çox əvvəl qurbankəsmə adətinin icra edildiyini göstərir. Qobustanda qurban kəsilən müqəddəs qurbangahlar aşkar olunmuşdur. 
    Antik mənbələrə əsaslanan tədqiqatçılar islamaqədərki Azərbaycan ərazisində hələ çox qədim dövrlərdə qurbankəsmə ənənələrinin mövcudluğunu qeyd edirlər. Eramızdan əvvəl 5-ci əsrdə yaşamış yunan tarixçisi Heredota görə qurbanlar uca yerlərdə Göy, Günəş, Ay, Od, Su və Külək tanrılarına kəsilirdi. Heredotun bu mövzuda məlumatlarını təkrar edən coğrafiyaşünas Strabon (1-ci əsr) yerli əhalinin qurbanı təmiz və pak yerdə kəsdiyini, heyvanın ətinin dindarlara paylandığını, tanrıya isə qurbanlığın ruhunun gərək olduğunu bildirir. 
    Qədim Azərbaycanda insanın qurban verilməsi pis adəti haqda Strabonda məlumat vardır. Bu məlumata əsasən bir il müddətində xüsusi olaraq bəslənilən "müqəddəs qul" (hierodul) albanların müqəddəs Ay məbədindəki qurbangaha gətirilir; bədəninə ətirli yağlar sürtülür və digər qurbanlıq heyvanlarla birlikdə qurban verilirdi. 
    Allaha qurban verməyə hazırlaşma barədə Qurani-Kərimin "əs-Saffat" surəsinin 104, 107-ci ayələrində buyurulur: Bu vaxt Allah-Təaladan nida gəlmişdi: "Biz ona belə xitab etdik: Ya İbrahim! Artıq sən röyanın düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin. (Sənə yuxuda nə əmr olunmuşdusa, onu yerinə yetirdin. Allah sənə lütf edərək oğlunun yerinə bir qoç kəsməyi buyurur). Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Şübhəsiz ki, bu, açıq-aydın bir imtahan idi. Biz ona böyük qurbanlıq (Habilin qurbanlıq qoçunu) əvəz etdik."
    Yuxarıda qeyd edildiyi kimi İslamdan əvvəl də qurbankəsmə mərasimi olmuşdur. Tarixi mənbələrdən məlum olur ki, İslam Peyğəmbərinin babası Şeybə - Əbdül Müttəlib Allahla əhd bağlamışdı ki, 10 oğlu olarsa, birini Allah yolunda qurban verəcək. Onuncu oğlan uşağı dünyaya gələndən sonra ərəb adət-ənənəsinə sadiq qalan Əbdül Mütəllib oğlanlarını başına yığıb onları öz əhdindən xəbərdar etmişdi. Belə razılığa gəlmişdilər ki, püşk atılsın. Püşk Abdullaha düşmüşdü. Abdullahı qurbangaha aparanda qüreyşilər ona mane olmaq istədilər, məsələni başqa yolla həll etməyi məsləhət gördülər. Belə qərara gəldilər ki, qurbanlıq ərəb adəti ilə qanbahası kimi nəzərdə tutulmuş miqdarda dəvə ilə əvəz edilsin. Şərt belə idi ki, qurbanlıqla 10 dəvə üstündə püşk atılsın, püşk dəvələrə düşənə qədər püşkatma davam etsin və hər dəfə dəvələrin sayı on-on artırılsın. Dəvələrin sayı 100-ə çatanda, yəni onuncu püşkdə Abdulla xilas oldu. Bütün Məkkə şadlığa qərq oldu. Amma vəziyyətdən nigaran qalan Əbdül Mütəllib püşkatmanı üç dəfə təkrar etdi və hər dəfədə də dəvələrə düşdü. (Əl-Bəkri, Əbdül-Həsən Əhməd bin Abdulla əl-Bəkri. Əl-Ənvar və misbanəs-surur vəl-əfkar və zikr nur Muhəmməd əl-Mustafa əl-Muxtar. Qahirə. səh. 48-49. Nəşr ili yoxdur)  
    O vaxtdan bəri hər bir insanın qanbahası 100 dəvə qiymətində təyin olundu. Bu, Qurani-Kərimdə də öz əksini tapmışdır. 
    Cahiliyyə dövrü (İslamaqədərki) ərəbləri Minada qurban kəsib cəmərata daş atdıqdan sonra ehramdan çıxırdılar. Əksər zəvvarlar üçün Mina vadisi həccin son məntəqəsi olurdu. 
    İslamda Qurban bayramı İbrahim peyğəmbərin (ə) adı ilə bağlıdır. Qurani-Kərimdən məlum olur ki, o, Allaha olan sədaqətini sübut etmək üçün oğlu İsmayılı qurban vermək istəyir; bu zaman Allah Cəbrayıl vasitəsilə bir qoç göndərərək, oğlunun yerinə qoçu kəsməyi İbrahimə əmr edir. Məhz buna görə bu qurbana "İsmayıl qurbanı" və ya "İsmayıl bayramı"  deyilir. 
    İslam dininin bu tarixi ayinə mütərəqqi xidməti ondan ibarət olmuşdur ki, onu ümumxalq müsəlman bayramı səviyyəsinə qaldırmışdır. Lakin Qurban kəsərkən əsas qayə qan tökmək və ya ət yemək deyildir. Əsas məqsəd Qurban kəsərkən həcc ibadəti sayəsində müsəlmanın şeytana və öz nəfsinə qalib gələrək onları öldürməsi və cəhənnəm əzabından xilas olmasıdır. Qurbanın kəsilməsi İbrahim peyğəmbərdən (ə) qalmış Allaha xilaskarlıq ibadətinə əməl edilməsi deməkdir. 
    Təməttö Həccində iştirak edənlərə vacib olan ikinci əməl "Mina"da qurban kəsməkdir. Bu əmələ, ibadət və Allaha yaxın olmaqdan ötrü olduğuna görə "Qurbanlıq" deyilir. "Məcməul-Bəhreyn" kitabında yazılır: "Allahın rəhmətinə yaxın olmaqdan ötrü görülmüş hər bir xeyir işə "qurbanlıq" deyilir."
    Qurani-Kərimdə buyurulur: "Allahdan ötrü Həcc və ümrə (kiçik Həcc) əməllərini yerinə yetirin, əgər arada sizə  maneçilik olarsa, (sizə) müyəssər olan bir qurbanlıq göndərin, qurbanlıq öz yerinə (Minaya) çatıncaya qədər başınızı qırxdırmayın. Əgər (ehramda ikən, ziyarət zamanı) sizdən xəstələnən və yaxud baş ağrısına tutulub əziyyət çəkən olarsa, belə şəxs (başını qırxdırmağın əvəzinə) fidyə olaraq (üç gün) oruc tutmalı və ya sədəqə verməli, yaxud da bir qurban kəsməlidir. Əmin olduqda isə Həcc vaxtına qədər ümrə ziyarətindən istifadə edən şəxs müyəssər etdiyi bir heyvan kəsməlidir." ("Bəqərə" surəsi, ayə 196)
    Qurbankəsmə Həcc zamanı Minanın ikinci vacib ibadətidir. Onun vacibləri bunlardır: 
    - niyyət etmək; niyyət edərkən deyilir: "İslamın təməttö həcci üçün bu qurbanı kəsirəm, qürbətən iləllah";
    - qurban qurbangahda kəsilməlidir;
    - qurban cəmərəyə daş atdıqdan sonra kəsilməlidir;
    - qurbanı zəvvar özü kəsməlidir: əgər başqası kəssə: gərək niyabət etsin və niyabətin mühüm şərti odur ki, zəvvar öz əlini heyvanın üstünə qoysun;
    - qurban ətini Minadan kənara çıxarmamaq və orada sərf etmək;
    - əgər qurban əti bir kəsə hədiyyə, yaxud füqəra payı kimi verilsə, onu Minadan kənara çıxarmaq olar və s.
    Qurban kəsərkən bu duanı oxumaq lazımdır: "Vəccəhtu vəchiyə lilləzi fətərəssəmavati vəl-ərzə hənifən müslimən vəma ənə minəl müşrikin. İnnə səlati və nüsüki və məhyayə və məmati lillahi rəbbil aləmin. La şərikə ləhu və bizalikə ümirtü və ənə minəl müslimin. Allahummə minkə və ləkə bismillahi və billahi vəllahu əkbər. Allahummə təqəbbəl mini." (mənası)  "Mən Tovhidi iqrar edən hənif bir müsəlman kimi üzümü göyləri və yeri yoxdan vücuda gətirənə tuturam və mən müşriklərdən deyiləm. Həqiqətən namazlarım da, ibadətlərim də, diriliyim də, ölümüm də aləmlərin Rəbi Allahındır. Onun şəriki yoxdur. Bu, mənə əmr edilib və mən özümü Allaha təslim edənlərdənəm. Ya Allah, Bu Səndəndir və Sənədir. Allahın adıyla və Allah böyükdür. İlahi məndən bu qurbanı qəbul eylə."
    Zəvvar qurban kəsərkən bilməlidir ki, bu qurbanlıq onun həcc ibadəti sayəsində şeytana və öz nəfsinə qalib gələrək onları öldürdüyünə və Cəhənnəm əzabından xilas olduğuna işarədir. O bilməlidir ki, hər cür günah əməllərdən tövbə etmişdir və tövbəsində səy etməlidir. Mötəbər  hədisdə Peyğəmbər (s) buyurmuşdur ki, hər kəs həcc ibadətini tamam etdikdən sonra özünü günahkar bilsə, küfr etmiş olar. (M.M.Seyidzadə, İslami söhbətlər, 2-ci hissə, Bakı - 2002, səh -158) 
    Hacı üzrlü səbəbə görə qurbanını bayram günü kəsə bilməzsə, təşriq günlərində kəsməlidir. O da mümkün olmazsa, zülhiccənin qalan günlərində onu etməlidir. Əgər bilə-bilə onu təxirə salsa, yenə həmin hökmü yerinə yetirməlidir. 
    Qurban kəsilmiş heyvan üç yerə bölünür: bir qismi hədiyyə, bir qismi sədəqə verilməli, bir qismi də zəvvarın özünün yeməyinə sərf olunmalıdır. Sədəqə möminlərə paylanır. Qurbanı kəsən mömin olmalıdır, həmçinin kəffarəlik qurbanı kəsən şəxs də. Əgər qurbanlığı qeyri-mömin kəsərsə, düzgün sayılmaz və yenidən qurban kəsilməlidir. 
    Əgər hacının maddi cəhətdən qurban kəsməyə imkanı olmasa, 3 gün həcc mövsümündə və 7 gün vətənə qayıtdıqdan sonra oruc tutmalıdır. Həcc mövsümündəki 3 günü təşriq günlərinə (11, 12, 13- cü günlər) salmaq olmaz - bu günlər Minada oruc tutmaq haramdır. Hacının Məkkədə 3 gün qalmağa imkanı yoxdursa, orucunu yolda da tuta bilər. 
    Bu müqəddəs bayram hazırda Azərbaycanda da ümumxalq bayramı kimi qeyd olunur və bayram günü qeyri-iş günü elan edilmişdir. Qurban bayramı günü imkanı olan hər bir müsəlman qurban kəsməlidir. Qurani-Kərimin "əl-Həcc" surəsinin 36-cı ayəsində buyurulur: "...Biz qurbanlıq heyvanları Allahın nişanələrindən etdik. Sizin üçün bu qurbanlarda xeyir vardır..."
    Şəriətə görə, qurbanlıq qoyun, keçi, öküz, dana və dəvədən kəsilməlidir. Dəvə beşillik, öküz, dana və keçi ikiillik, qoyun isə birillik olmalıdır. Həmin ili həcc mərasimində olmayan - daha doğrusu başqa şəhərdə yaşayanlar kənarda dəvə və ya dananı bir neçə nəfər birləşib qurban kəsə bilərlər.
    Tədqiqatçılar yuxarıda sadalanan əlamətləri insanların Qurani-Kərimin müvafiq ayəsinə istinadən qurbanlıq heyvanlara qabaqcadan nişan vurulmasını lazım bilirlər. Belə ki, "əl-Maidə" surəsinin 2-ci ayəsində buyurulur: "Ey iman gətirənlər! Allahın müəyyən etdiyi mərasimə, haram aya, qurbanlara, boyunlarına nişan taxılmış qurbanlıq heyvanlara, həmçinin Rəbbinin lütfünü və razılığını diləyərək Beytül-hərama üz tutub gələnlərə hörmətsizlik etməyin!"
    Maraqlıdır ki, heç kəs, hətta oğrular belə bu cür heyvana toxunmazdılar, onu oğurlamazdılar. İnama görə, əks halda onlar Allahın qəzəbinə düçar olacaqlarına inanırdılar. 
    Adətə görə, Qurban bayramında nişanlı qızların adına oğlan evindən alınan, ayaqlarına xına (həna) qoyulmuş, boynuna qırmızı parça bağlanmış, zınqırov asılmış qurbanlıq qoyun gedər, sevinc payı yola salınar. Digər bayramlarda olduğu kimi, bu bayramda da oğlan evindən qız evinə hədiyyələr, bəzəkli xonçalar göndərilər. 
    Qurban adətlərinə görə, kəsiləcək heyvan sağlam və əzaları təndürüst olmalıdır. Kor, şikəst, xəstə, eybi olan (axtalanmış, buynuzu sınıq, quyruğu kəsik, dişi yox, həddindən artıq arıq) heyvanı qurban kəsmək olmaz. Xalq arasında qara qoyunun əti daha yüksək qiymətləndirildiyindən, çox vaxt qurbanlıq üçün kəsiləcək erkəyin qara və səkil (ayaqlarında və başında ağ ləkələri) olmasında xüsusi diqqət verilir. 
    Qurbanın kəsilməsi zamanı müəyyən qaydalara əməl olunur. 
    Qurban kəsərkən  belə niyyət olunur:  "qurban kəsirəm, qürbətən illəllah", yəni bu qurbanı Allaha yaxınlıq və Allahın buyurduqlarına əməl etmək üçün kəsirəm. Üzü qibləyə və Allahın adını zikr etməklə qurban dəmir bıçaqla kəsilməlidir. Qurbanlıq ətini yemək və paylamaq xüsusində Qurani-Kərimdə belə buyurulur: "...ətindən özünüz də yeyin, (yanınızda olub utandığından) əl açmayana (lakin verilənə etiraz etməyənə) və dilənçiyə də yedirdin. Onları (qurbanlıq heyvanları) sizə belə ram etdik ki, şükr edəsiniz bəlkə, (nemətimizə)"şükr edəsiniz (əl-Həcc surəsi, 36-cı ayə).
    Həzrət Peyğəmbərdən (s) belə bir rəvayət var: "İldə bir neçə gecə rahat yatıram. Onlardan biri də Qurban bayramıdır. Bilirəm ki, ümmətimdən elə bir adam tapılmaz ki, həmin gün qurbanlıq ətindən faydalanmasın..."
    Qurban bayramının keçirilməsi haqqında 1623-24-cü illərdə Azərbaycanda olmuş rus taciri F.Kotovun müşahidələri böyük maraq doğurur. Həmin bayramın iştirakçısı olan tacir yazır: "Qurban ediləcək  dəvəni bəzəyib bir neçə gün küçə və bazarlarda gəzdirir, şəhər meydanına gətirirlər. Dəvəni qurbangaha gətirdikdə şah da müşayiətçiləri ilə meydana gəlir və qurbana yaxınlaşır. Darğa bəzədilmiş nizəni şaha verir. Şah nizəni dəvənin döşünə sancıb geri çəkilir. Sonra qəssablar  dəvənin başını kəsib ətini parça-parça edib camaata paylayırlar. (Şəriət qanunlarına görə dəvənin başını kəsməzlər, onu ayaq üstə üzü qibləyə saxlayıb iti və uzun bir alətlə - xəncər və ya nizə ilə döş nahiyəsinin çuxurundan içəri sancıb yerə yıxırlar. Buna nəhr deyilir. M.S.) Hər tərəf bəzədilir, çıraqban edilir. Həmin gün camaat şənliklər keçirir şadlanırlar...".
    Qurban bayramı gününü xeyir və bərəkət günü, səadət, dinclik, sevinc və şadlıq bayramı kimi qeyd edirlər. Bayram günləri evlər təmizlənir, bəzədilir, dadlı-ləzzətli yeməklər bişirilir, ən gözəl paltarlar geyilir. Dostlar, qohum-əqrəba bir-birinin evinə qonaq gedirlər. Bu müqəddəs bayram günlərində bir-birini təbrik edirlər, alqışlara üz tuturlar: "Bayramınız mübarək! Allah qurbanınızı qəbul etsin! Və s..." - deyirlər. Bayram mərasiminə xüsusi ibadət, əzizlərin məzarlarının ziyarət edilməsi və digər el adətləri də daxildir.


    Qazi Hacı 
    Mirəziz Seyidzadə
    ilahiyyat üzrə fəlsəfə doktoru


         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 787
    +  -  Çap 

    08.05.14
    Təcnislər
    08.05.14
    Müstəzadlar
    08.05.14
    Saqinamə
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30